MÜBARİZ

 

(povest)

 

Milli Qəhrəmanın bədii obrazı

 

Tanınmış yazıçı-publisist Mustafa Çəmənli Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov haqqında bədii povest yazmışdır. Bu yaxınlarda kitab halında nəşr olunmuş və təqdimat mərasimi qəhrəmanın doğulduğu evdə keçirilmiş povestdən bir parçanı oxucularımıza təqdim edirik.

 

Ata oğlu ilə xudahafizləşib Əliabada - doğma kəndinə qayıdanda yol boyu Mübarizi düşünürdü. O, Mübarizin hərəkətlərindən, söz-söhbətlərindən hiss edirdi ki, əsl vətəndaş yetirib... Ağakərim görürdü ki, övladlarına Vətən məhəbbəti aşılaya bilib. Əlbəttə, hərdən Mübarizin atmacaya bənzər sözlərindən üşənirdi. Qəlbini bir şübhə, nigarançılıq sıxırdı, amma bu hal tez də ötüb keçirdi.

Ağakərim fikir verirdi ki, Mübarizin damarlarında təkcə onun yox, imam övladını qorumaq üçün doğma oğluna "Geyin, gəl!" - deyib onu qurban verən, Muğan düzündə ömür sürüb gün keçirən o ulu babasının da qanı axır. Yoxsa bu yaşda, bu təmkində, bu comərdlikdə, bu saflıqda olmaq təkcə tərbiyənin, mühitin nəticəsi, bəhrəsi ola bilməzdi. Burada ancaq və ancaq QANDI özünü göstərən.

Ağakərim fikirdən onda ayıldı ki, kənddədi. Şamama xanım Mübariznən bağlı onu sorğu-suala tutmuşdu. Qısaca dedi ki, gördüyün Mübarizdi. Xidmətindən razıdı...

 

***

 

Mübariz 2007-ci ildə əsgəri xidmətini başa vurdu. Nümunəvi əsgər kimi onu vaxtından da bir neçə gün əvvəl buraxmışdılar. Əsgər yoldaşlarının, komandirlərinin hörmətini qazanmışdı. Komandiri hətta ona demişdi ki, Mübariz, iş tapa bilməsən, gələrsən yanıma, sənə kömək eləyərəm. Mübariz komandirə "sağ olun" - deyib ayrılmışdı...

Bir neçə gündən sonra Ağakərim Mübarizdən soruşdu:

- Fikrin nədi, nə işlə məşğul olmaq istəyirsən?

- Mal-qaraya baxacam, kənddə başqa nə iş var.

Ağakərim onun boy-buxununa, hətta paltarın altından belə hiss olunan qolunun qabarıq əzələlərinə baxıb:

- Heyif deyilsən, bu cavan ömrünü mal-qaraya sərf eləyəcəksən, - dedi.

- Başqa yol varmı?

- Get Bakıya, sənin kimi oğlana iş tapılar.

- Mənim kimi oğlandan Bakıda çoxdu. İşləyəni də var, bekarı da.

Bununla söhbət bitdi. Mübariz bir müddət mal-qaraya baxdı. Gördü atası düz deyir, bu iş onluq deyil. Noyabrda Bakıya, iş üçün ona söz verən komandirin yanına getdi. Komandiri onu xoş üzlə qarşıladı. Bir neçə sınaqdan sonra qaravula işə düzəldi. Yeddi-səkkiz ay işlədi. Amma burda da darıxdı. Elə bil özünü, yerini axtarırdı, amma tapa bilmirdi. İçində aşıb-daşan enerji ilə üst-üstə düşmürdü işi. İş yeri ilə xudahafizləşdi. Ona iş tapdığı üçün keçmiş komandirinə, yenə "sağ olun" - deyib kəndə qayıtdı. - Qaravul çəkmək mənlik deyil, ay ata, - dedi.

Onsuz da astadan danışan Ağakərim səsinin tonunu bir az da aşağı salıb:

- İndi neyləmək istəyirsən? - soruşdu.

- Milli Orduda xidmət eləmək istəyirəm.

- Ay oğul, sən ki, borcunu verib gəlmisən. Təzədən Milli Orduya nəyə gedirsən, səni ikinci dəfə əsgər apararlarmı?!

- Gizirliyi oxuyub gedəcəm...

Ağakərim ilk dəfə oğluna: - Yox, - dedi, - əsgəri borcunu yerinə yetirmisən, təzədən orduda nə var?

- Mən döyüşməyə - döyüş bölgəsinə gedirəm.

- Bala, müharibə olsa, hamımız gedəcəyik. İndi ki, müharibə yoxdu.

- Müharibə bitməyib, ata. Bitsəydi, əsgərlərimiz şəhid olmazdı.

- Bəzən elə əsgərlərin səhlənkarlığı üzündən bu faciələr baş verir.

- Biz Ermənistana güllə atmırıq, amma erməni əsgəri işğal olunmuş kəndlərimizdən, həsrət qaldığımız dağlardan, təpələrin arxasından, suyu qurumuş xəndəklərdən bizi snayperlə nişan alırlar. Torpağımıza od vurub yandırırlar, ay ata! Torpaq fəryad eləyir ey!!! Qışqırır! Haraylayır! Azan səsinə həsrət qalıb ey o yerlər!

Mübarizin gözlərindən od yağırdı. Ağakərim ürəyində etiraz etmirdi oğluna, amma getməyinə də icazə verəmmirdi. Yenə ürəyinə daş bağlayıb: yox! - dedi - yox! Get idmana. Axı sən boksçusan. İdman da elə döyüşdü. Get məşq elə, gücün-qüvvətin artsın, çempion ol, atan-anan sevinsin. Xalqımız səninlə fəxr eləsin.

Atasının üzünə olmadı Mübariz. Yenə Bakıya üz tutdu.

Mübariz məşqçi yanına gedib boksla məşğul oldu. Məşqçi deyirdi ki, səndən yaxşı boksçu olacaq. Səni dünya çempionu edəcəm...Atası da ona ayda iki yüz manat göndərirdi ki, ehtiyac hiss etməsin. Birdən ehtiyacı olar, qüruruna sığışdırıb pul istəməz. Ağakərim yaxşı bilirdi ki, Mübariz ağlayıb-sıtqıyan deyil.

Mübariz atasına yük olmaq istəmədi. Qardaşı Rəşad Bibi-Heybət məscidində işləyirdi. Atasına dedi ki, idman öz yerində, məscidin arxasında bağ var, orada işləyəcəm. Bu dəfə Ağakərim etiraz etmədi. Bir müddət keçdi, Mübarizin yığma komandaya düşmək şansı vardı. Amma bir gün bağdan diki çıxarkən ayağı sürüşdü, qolunun biri zədələndi. Yenə kəndə dönüb atasına dedi:

- İdmanla qurtardıq! O qədər qəti dedi ki, Ağakərim oğluna etiraz etməyə söz tapmadı. - Mən gedirəm hərbiyə, gedib gizirlik oxuyacam, - gülümsədi. - Sizə demişəm axı, mən Azərbaycanın bayrağını qaldıracam.

Ata-oğulun söhbətinə bu dəfə Şamama xanım da qarışdı:

- Ağakərim, uşağın qəlbinə dəymə, qoy ürəyi istəyən kimi eləsin.

Mübariz dedi:

- Ata, mən özümü rahat hiss eləmirəm. Özümdən asılı deyil, məni döyüş bölgəsi, əsir dağlarımız özünə çəkir.

Ağakərim daha sözü çevirmədi. Razılaşdı. Mübariz elə səhəri gün sənədlərini aparıb rayon hərbi komissarlığına verdi. Bir müddətdən sonra Bakıya gizir məktəbinə oxumağa göndərildi. Altı ay oxuyandan sonra evə gəldi. Atası ondan soruşdu:

- Mübariz, peşman deyilsən ki?

Mübariz cavab əvəzinə qolundakı şevronda tikilmiş milli bayrağın əksini öpdü.

Mübariz atasına deyirdi ki, münasib vaxtda Türkiyəyə gedib zabitlik oxuyacam.

- İnşallah, gün gələr oxuyarsan, - dedi atası.

Ürəkli, cəsarətli adamları çox sevirdi Mübariz. Qorxaqları, vətənə beşulduzlu mehmanxana gözü ilə baxanları görəndə üzülürəm, ay ata, - deyirdi. Elə ağrıynan, elə yanğıynan deyirdi bunları...

Oğlu hərbi hissəyə qayıdırdı, günlər keçirdi, amma Mübarizin o ağrılı, kədərli səsi uzun müddət Ağakərimin qulağından getmirdi. Onun dedikləri yaddaşına həkk olunmuşdu: "Ata, mən zalımların düşməni, məzlumların dostuyam. Fəxr elə ki, sənin manqal ürəkli oğlun var".

"Mən səninlə həmişə fəxr eləyirəm, oğlum" - deyə xəyalında Mübarizlə danışırdı Ağakərim. Yaxşı ki, bir ata kimi oğlunun hər kəsə bənzəmədiyini, fərqli bir cavan olduğunu başa düşürdü...

 

***

 

Mübariz yenə kəndə gəlmişdi. Yenə süfrə başındaydılar. Mübariz danışırdı, ata qulaq asırdı, ata danışanda oğul susurdu. Ata oğlu sarıdan nigarandı, oğul atanın sabahkı halını düşünürdü. Bir an sonra yenə o, xəyalın qanadlarında işğal altında olan yerlərə qayıdırdı. Elə bil o yerlərin küləyi vururdu onu. Bilirdi ki, öz doğma kəndində, doğma evlərində bir daha gecələmək ona qismət olmayacaq. O, bu qisməti, bu taleyi bilərəkdən, şüurlu surətdə seçmişdi. İyirmi iki il idi ki, bu seçimə doğru yol gəlirdi. Düşmənin zaman-zaman tutduğu əməllər, dünya dövlətlərinin ikibaşlı oyunları, bütün bu haqsızlıqlardan, ədalətsizliklərdən, qansızlıqlardan dolayı içində günbəgün, saatbasaat ətə-qana dolub böyüyən intiqam hissi artıq onu bir an da olsun tərk eləmirdi. Acı-acı düşünürdü: "Vətən bizə Allahın əmanətidi. Amma biz onu qoruya bilməmişik. Biz Vətənimizi yağılardan geri ala bilməsək Allah dərgahına üzüqara gedəcəyik. Yox, mən Tanrının hüzuruna üzüqara getməyəcəm!"

Belə düşünəndə ona elə gəlirdi ki, minlərlə şəhid torpaqdan qalxaraq qanlı kəfənləriylə ona doğru gəlir: "Biz də sənin kimi düşünmüşdük. Sinəmizi düşmən güllələri qabağında sipər eləmişdik. Amma arxalı köpək qurd basar, dünya qahmar çıxdı bu qəhbəşivəni qoparan haylara. Şəhid ruhuna, qəbirə də hörmət qoymayan düşməndən nə gözləyəsən. Al qanımızı, qardaş. Şəhidliyi qəbul et!"

- "Ya şəhid olaram, ya qazi! Yox, yox, əvvəl qazi olub, intiqam alıb sonra şəhid olaram!" - düşündü...

 

***

 

Yenə hərbi hissədə, düşmənlə üzbəüz səngərdəydi. Faciə onda idi ki, əjdaha suyun mənbəyində oturduğu kimi düşmən də gəlib torpaqlarımızda səngər qurmuşdu. Onların ucbatından xanimanlar viran qalmışdı. Yüz minlərlə insan yurd-yuvasından didərgin düşmüşdü. O yerlərin quşları, heyvanları da perikmişdilər. Torağaylar, kəkliklər, qaratoyuqlar oxumurdu daha. Ağaclar çiçəkləyib bar vermirdi. Qanqallar, qaratikanlar bitirdi orda. İlan-çayan əlindən düşmən gecələr də yata bilmirdi. Qorxudan od vururdular kol-kosluğa. Di gəl, atəşkəsi pozmaqdan, yaxınlıqdakı kəndlərə güllə yağdırmaqdan usanmırdılar...

Mübariz gündüzlər birtəhər dözürdü bu hala. Dostlarıyla, əsgərləriylə başı qarışırdı. Amma gecə düşəndə, illah da səngərdə olanda dünya başına fırlanırdı. Üzünü işğal olunmuş kəndlərə, şəhərlərə, sakit-sakit baxan dağlara tutub saatlarla durbinlə seyr edəndə qəlbi odsuz-ocaqsız yanırdı. Ona elə gəlirdi ki, Xocalı hadisəsi elə indicə baş verir. Vay-şüvən səsləri gəlirdi qulağına...

Bir parça kağız tapıb yazmağa başladı:

"Canım atam və anam. Məndən ötrü darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xətir bunu etməliyəm. Ən azı ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun! Oğlunuz Mübariz. Haqqınızı halal edin".

İnanılmaz cəldliklə səngərə atıldı. İyirmi iki ilin qəzəbi, nifrəti qollarına toplanmışdı. Səs olmasın deyə silahı işə salmadı. İlk qarşısına çıxanların altı nəfərini məhv edib, dördünü yaraladı. Daha tərəddüdə yer yox idi. Lənət şeytana, deyib geriyə də qayıda bilərdi. Yox, geriyə yol yox idi, ancaq irəli. Əlinə keçən silahları da götürüb səngərdən çıxdı. Azərbaycan bayrağını torpağa sancdı: "Can Vətən!" - deyib qalxdı...

Addımlarını yeyinlətdi. İyirmi min şəhid ardınca gəlirdi: Şirin Mirzəyev, Fred Asif, Allahverdi Bağırov, Canpolad, Ramiz Qənbərov, Əlif Hacıyev... onunlaydı. Heç nəyə baxmadan gedirdilər...

Nəhayət, avtomatını düşmənə tərəf çevirdi. Atəş səsləri gecənin sükutunu pozdu. Qulağına Fred Asifin səsi gəldi: "Ya Allah, mənim atdığım güllə nə qadına, nə uşağa dəyməsin".

Dayanmadan atəş açırdı. Yerini tez-tez dəyişirdi. Düşmən çaş-baş qalmışdı. Gecənin bir aləmində qəfil peyda olan bəlanın haradan gəldiyini hələ də kəsdirə bilmirdilər. Düşmən əsgərlərindən də özünü ələ alanlar oldu. Döyüş get-gedə şiddətlənirdi. Bu bərabər olmayan qüvvələr arasında döyüş beş saat çəkdi. Düşmən elə bilirdi ki, böyük bir dəstə üstünə gəlib. Karıxmışdılar, təntimişdilər, çaşmışdılar, ona görə də bir-birinə atəş açırdılar.

Saat beşdə Mübariz geri çəkildi. Hələ hava tam işıqlaşmamışdı. Dağlardan gələn sərin meh tərli bədəninə elə bil sığal çəkirdi. Düşmən onu tələyə salmaq istəyirdi. O isə tələsirdi. Allahdan çox yox, bir-iki dəqiqə möhlət istəyirdi. Artıq Yuxarı Çaylı kəndinin yoluna çıxmışdı. Tələsirdi, canını qurtarmağa yox, namaza durmağa. Yoldan çıxıb üzünü qibləyə tutdu. Avtomatı çiyninə aşırıb üzünü göyə tutub əllərini Allahın dərgahına açdı: "Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi rəbbil aləmin ər-rəhmanin-rəhim... Ey böyük Allah, bu günə şükür, arzumu ürəyimdə qoymadın. Günahım varsa bağışla, Tanrım! Allahım, şəhidliyimi qəbul et! Vətən sağ olsun!"

Diri tutulmaqdan ehtiyatlanıb avtomatı əlinə aldı. Elə bu anda düşmənin atdığı güllə onun sol böyründən və başından dəydi. Arxası üstə çevrildi. Üç güllə dəymişdi ona. Güclə: "Vətən sağ olsun!" deyə bildi. Dağlar əks-səda verdi: "Vətən sağ olsun!"

İyirmi min şəhid Mübarizin bədənini tərk eləyən qəhrəman ruhunu götürüb göylərə çəkildilər.

 

 

Mustafa ÇƏMƏNLİ,

yazıçı-publisist

 

Xalq qəzeti.- 2010.- 3 oktyabr.- S. 8.