Heydər Əliyevin
müdrikliyi dövlət çevrilişinin
qarşısını qan tökülmədən
aldı
1994-cü ilin oktyabrında pozucu
qüvvələrin zor gücünə hakimiyyəti devirmək
cəhdləri iflasa uğradı
1993-cü ilin yayından
başlayaraq Azərbaycanda milli dövlət quruculuğu, demokratik
islahatlar və dövlət müstəqilliyinin möhkəmləndirilməsi
istiqamətində əsaslı addımlar atılmağa
başlandı. Xalqın təkidli tələbindən sonra
ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər
Heydər Əliyev müstəqilliyini yenicə qazanmış
Azərbaycanı parçalanmaqdan, vətəndaş
qarşıdurmasından və işğaldan xilas etmək
üçün qətiyyətli tədbirlər həyata
keçirdi və mühüm əhəmiyyətli qərarlar
qəbul etdi.
Səriştəli
və düşünülmüş daxili və xarici siyasət
xətti, dönməz, ardıcıl, davamlı milli müstəqillik
kursu, ölkənin ictimai-siyasi həyatında beynəlxalq
standartlara uyğun demokratik islahatlar aparılması Azərbaycanın
beynəlxalq aləmdə daha geniş tanınmasına, əlaqələrinin
möhkəmlənməsinə önəmli təsir göstərdi.
Eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərin
ölkəmizə inam və etimadına hüquqi baza
yaratdı.
Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti, Azərbaycan həqiqətlərini yüksək səviyyəli rəsmi görüşlərdə, nüfuzlu tribunalarda qətiyyətlə bəyan etməsi, dünya ölkələri ilə bərabərhüquqlu siyasi-iqtisadi əlaqələrin yaradılması istiqamətində yeritdiyi müdrik siyasət ölkəmizin beynəlxalq aləmdəki mövqelərini tədricən möhkəmləndirdi. AXC- Müsavat iqtidarının yeritdiyi səhv siyasətin Azərbaycana vurduğu ağır zərbələrin aradan qaldırılması istiqamətində ulu öndərin həyata keçirdiyi tədbirlər ölkədə yaranmış anarxiya, xaos və özbaşınalığın qarşısının alınmasına ciddi təsir göstərirdi. Ölkə həyatının demokratikləşməsi, hüquqi dövlət quruculuğu istiqamətində inamlı addımlar atılması müstəqillikdən öz şəxsi mənafeləri üçün yararlanan bir sıra qüvvələri və onların ətrafına toplanmış qeyri-qanuni silahlı dəstələri ciddi narahat etməyə başlamışdı. Müdrik şəxsiyyət Heydər Əliyevin hüquqi dövlət quruculuğu istiqamətində bir-birinin ardınca həyata keçirdiyi tədbirlər, ölkəmizin demokratik prinsplər əsasında inkişafı üçün qəbul edilən qərarlar, xalqımızın tarixi haqqı olan milli azadlığına, dövlət müstəqilliyinə qovuşmasına mane olmağa çalışan daxili və xarici qüvvələrin kürkünə birə salmışdı. Azərbaycan müstəqillik qazandığı ilk vaxtlardan hegemonluq edən, xalqın taleyüklü məsələlərinin həlli ilə məşğul olmaq əvəzinə öz mənafelərini güdən bəzi qüvvələrin qanunsuz hərəkətlərinin qarşısının alınması da ölkədə əsaslı dönüşün yaradılmasından xəbər verirdi.
Ümummilli lider Heydər Əliyev ölkədə davamlı ictimai-siyasi sabitlik yaradılmasını, iqtisadiyyatın dirçəldilməsi üçün xarici investisiyaların Azərbaycana cəlb edilməsini mühüm vəzifə hesab edirdi. 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" bu istiqamətdə irəliyə doğru atılmış düşünülmüş və qətiyətli addım oldu. Həmin müqavilə müstəqil dövlətimizin beynəlxalq aləmdki nüfuzunun artmasında çox böyük rol oynadı. Dünyanın ən böyük və nüfuzlu neft şirkətlərinin iştirakı ilə imzalanmış müqavilə Azərbaycanın iqtisadi qüdrətinin artmasından, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsindən xəbər verirdi. Bu, o demək idi ki, artıq Azərbaycana və onun Prezidentinə böyük inam və etimad yaranıb.
Xarici siyasət sahəsində AXC - Müsavat hakimiyyətinin yol verdiyi kobud səhvlərin aradan qaldırılması, bu sahədə əhəmiyyətli tədbirlərin həyata keçirilməsi Azərbaycanın bölgədə özünə layiqli yer tutmasına, diplomatiya sahəsində bir-birinin ardınca uğurlar qazanmasına şərait yaradırdı. Müstəqil dövlətimizin qısa müddət ərzində inkişaf etmiş dövlətlərlə diplomaik əlaqələr yaratması Azərbaycanın yüksələn xətt üzrə inkişafından xəbər verirdi. Bütün bunlar Azərbaycanın dövlət müstəqilliyinə düşmən kəsilmiş bir sıra xarici qüvvələri razı sala bilməzdi. Onlar ölkədə vətəndaş qarşıdurması yaratmaq, qeyri-demokratik və qeyri-konstitusion yolla qanuni hakimiyyəti devirmək üçün öz məkrli niyyətlərini həyata keçirməyə məqam axtarırdılar. Belə qüvvələr öz bədnam ssenarilərini həyata keçirmək üçün milli satqınlardan, hakimiyyət hərislərindən istifadə edirdilər. Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü il sentyabrın 25-dən 30-dək ABŞ-da işgüzar səfərdə olarkən onlar dövlət çevrilişinə cəhd etdilər. Ulu öndər BMT Baş Məclisinin 49-cu sessiyasının tribunasından Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq aləmdə tutduğu mövqe barədə məlumat verərkən, ölkədə dəhşətli qətl hadisəsi baş verdi. Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini, xalq deputatı Afiyəddin Cəlilov və respublika Prezidenti yanında xüsusi idarənin rəisi Şəmsi Rəhimov vəhşicəsinə qətlə yetirildilər. Bu, ölkədə ictimai-siyasi sabitliyi pozmaq, süni qarşıdurma yaratmaq, ölkəni siyasi və iqtisadi müstəqillik yolundan döndərmək üçün ən çirkin vasitələrdən biri idi. Bu hadisədən bir neçə gün sonra Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup üzvü respublika Prokurorluğunun binasını ələ keçirdi. Daxili işlər nazirinin müavini Rövşən Cavadov və onun qardaşı, rayon prokuroru Mahir Cavadovun başçılıq etdikləri qeyri-qanuni silahlı dəstə bununla kifayətlənmir, daha ağır cinayətlər törədir, dövlət çevrilişi etməyə cəhd göstərirdilər. Rövşən Cavadovun rəhbərlik etdiyi XTPD-nin üzvləri 8-ci kilometr qəsəbəsindəki bazalarda silahları, o cümlədən ağır silahları hazır vəziyyətə gətirmişdilər.
Vəziyyətin getdikcə gərginləşdiyini hiss edən Heydər Əliyev Cavadov qardaşları və onların ataları ilə dəfələrlə danışıqlar apardı, azğınlaşmış qardaşlar öz cinayətkar əməllərindən əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirdilər. Onlarla əlbir olan sabiq baş nazir Surət Hüseynov Cavadov qardaşlarının ultimatumunu dövlət başçısı Heydər Əliyevə çatdırdı: "Ali Sovetin sədri, daxili işlər naziri, baş prokuror istefaya getməlidirlər". Təbii ki, müdrik şəxsiyyət Heydər Əliyev dövlətə hədə-qorxu gələnlərin dedikləri ilə hərəkət edə bilməzdi. Onun öz yolu, siyasi baxışları, dünyagörüşü var idi. Ulu öndər siyasi partiyaların nümayəndələri, ziyalılar, tanınmış ictimai-siyasi xadimlər və ağsaqqallarla görüşüb qiyamçıları tutduqları çirkin yoldan çəkindirməyə çağırdı. Lakin xarici qüvvələrin tapşırıqlarını yerinə yetirən çevriliş müəllifləri daha da azğınlaşır, dövlət başçısının qarşısında yeni şərtlər irəli sürürdülər. Vəziyyətin getdikcə gərginləşdiyini görən müdrik şəxsiyyət Heydər Əliyev oktyabrın 4-də milli televiziya və radio ilə xalqa müraciət etdi. Ölkədə yaranmış vəziyyətlə əlaqədar xalqa ətraflı məlumat verdi və Cavadov qardaşlarının cinayətkar əməlləri, onlara havadarlıq edənlərin qeyri-konstitusion yolla hakimiyyəti ələ keçirmək istədikləri barədə xalqı ətraflı məlumatlandırdı. Ulu öndər müraciətində deyirdi: "Mən Azərbaycanın bütün siyasi partiyalarına müraciət edirəm. Dünən onların bir qrupunun nümayəndələri ilə görüşdüm, danışdım. Onlar dövlətimizlə, dövlətçiliyimizlə həmrəy olduqlarını bildirdilər. Onlar bu gün ayağa qalxaraq küçəyə çıxmalıdırlar. Mən onları Prezident Sarayının qarşısına dəvət edirəm. Bütün ictimai-siyasi təşkilatlara, cəmiyyətlərə müraciət edirəm, onların üzvlərini buraya dəvət edirəm. Bir sözlə, hamıya müraciət edirəm və bu ağır gündə hamıdan mətanət, dəyanət, cəsarət, qəhrəmanlıq, namus, qeyrət gözləyirəm. Azərbaycan xalqı qeyrətli xalqdır, mətin xalqdır. Əminəm ki, bu ağır sınaqlardan çıxacağıq. Mən sizə inanıram və siz də əmin ola bilərsiniz ki, Azərbaycanın dövlətçiliyinin keşiyində daim dayanmışam və dayanacağam".
Ulu öndərin bu müraciətindən sonra xalq Prezident Sarayının qarşısına axışdı. Qısa müddət ərzində burada insan əlindən tərpənmək mümkün deyildi. Xalq dövlətimizin başçısına öz sədaqətini, etimadını, inamını bir daha nümayiş etdirdi. Ertəsi gün isə respublikamızın hər yerindən gələn insanlar "Azadlıq" meydanına toplaşdı. Milyonlarla insanın dövlət başçısına, ulu öndər Heydər Əliyevə olan inamı qiyamçıları qorxuya saldı. Onlar təslim olmaqdan qeyri yol görmədilər. Ümummilli lider yenə də öz müdrikliyini, uzaqgörənliyini nümayiş etdirərək yolunu azmışları bağışladı. Ulu öndərin qətiyyəti, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi dövlət çevrilişinin qarşısını qan tökülmədən aldı. Bu, "Xalq-Heydər", "Heydər-Xalq" birliyinin qələbəsi, təntənəsi idi.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 5 oktyabr.- S. 4.