Yeni kitablar

 

"Məcnunun məcnunu"

 

Tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin muğam sənətimiz və onun istedadlı ifaçıları barədə qələmə aldığı silsilə kitablara daha bir nəşr əlavə olunmuşdur. Xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimova həsr olunmuş "Məcnunun məcnunu" adlı kitab muğam ifaçısının 50 illik yubileyi günlərində işıq üzü görmüşdür.

 

"Təhsil" nəşriyyatının nəfis şəkildə buraxdığı kitabda 20 ildən bəri opera səhnəmizin bənzərsiz Məcnunu kimi tanınmış, xalq mahnıları və muğamlarımızın özünəməxsus ifası ilə milli müsiqimizi ölkəmizdə və xaricdə geniş təbliğ etmiş Mənsum İbrahimovun səhnəyə gəlişi, uğurları, sənətdə qazandığı mövqe, pedaqoji fəaliyyəti, insani keyfiyyətləri yüksək professionallıqla açılmışdır. Digər muğam operalarında yaratdığı parlaq rollaradan əlavə, böyük Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında illərdən bəri sevə-sevə yaratdığı Məcnun obrazı ilə "Məcnunun məcnunu" adı qazanmış Mənsum İbrahimovun səhnə fəaliyyətindən bəhs edən bu kitab, bütövlükdə, professional musiqimizin son dövr mənzərəsindən bir sıra məqamları da əks etdirir.

Musiqi incəsənətimizin ötən əsrdəki görkəmli nümayəndələri barədə bədii-sənədli salnaməyə çevrilmiş "İtirilmiş səs", "Nəğməli xatirələr", "Oxu, gözəl", "Muğam dünyasının Xanı", "Səsin ruhu", "Leyli və Məcnun - 100" və s. kitablarla özünü bu sənətin bilicisi kimi tanıtmış Mustafa Çəmənli "Məcnunun məcnunu"da muğam ifaçılığına yeni üslub və çalarlar gətirmiş Mənsum İbrahimovun əhatəli bioqrafiyasını yaratmışdır. Mövzuya dərin bələdliklə, qəhrəmanının həyat və fəaliyyətini incəliklərinə qədər öyrənməklə müəllif adi oxucudan tutmuş, sənət bilicisinədək hamı üçün gərəkli bir toplu ərsəyə gətirmişdir. Əlavə materiallar və illüstrsiyalar kitabı zənginləşdirməklə yanaşı, oxucuların sənət aləminə marağını da artırır.

Mənsum İbrahimovun 50 illik yubileyi çərçivəsində "Məcnunun məcnunu" kitab-albomu "İrşad" araşdırmalar mərkəzində sənətsevərlərə təqdim olundu. Mərasimin aparıcısı tanınmış yazıçı Əli Əmirli kitabın bədii-estetik dəyərindən ətrafı söz açdı, yubilyarı və nəşrin müəllifini təbrik etdi.

Yazıçı-jurnalist, millət vəkili Aqil Abbas, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, Ukraynadan gəlmiş sənətsevər soydaşımız Bürzu Əliyev, səhnəmizdə Leyli rolunun istedadlı ifaçıları - xalq artistləri Nəzakət TeymurovaAygün Bayramova, şair Qulu Ağsəs, Qarabağ ağsaqqalı Səlim Əzimov və digər çıxış edənlər sevimli muğam ifaçısının bədii-sənədli obrazını yaratdığına görə Mustafa Çəmənliyə təşəkkürlərini bildirdilər, kitabı Mənsum İbrahimovun yubileyinə layiqli töhfə kimi qiymətləndirdilər.

Sonda Mustafa Çəmənli və Mənsum İbrahimov sənətsevərlərə xoş sözlərə görə minnətdarlıqlarını bildirdilər, hərəsi öz sahəsində bundan sonra da xalqımıza xidmətlərini ləyaqətlə davam etdirəcəklərini söylədilər.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2010.- 5 oktyabr.- S. 8.