Xalqın etimadını doğruldan rəhbər

 

Demokratikləşmə sahəsində böyük uğurlar qazanmış qabaqcıl Qərb ölkələrinin təcrübəsi göstərir ki, sabit vətəndaş cəmiyyətinin yaradılması, dövlətin iqtisadi cəhətdən inkişaf etdirilməsi, ilk növbədə, xalqın iradəsini ifadə edən demokratik seçkilərdən keçir. Tarixən formalaşmış siyasi nəzəriyyələrdə də təsbit olunduğu kimi, seçkilər demokratik idarəetmənin mərkəzi institutu, vətəndaşların yaşadığı cəmiyyətin ictimai həyatında, dövlət işlərində iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə demokratik seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Seçkilərin bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin, hüquq düşüncəsi və mədəniyyətinin formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır.

 

Xalqın seçimi

 

Bu gerçəkliklər fonunda əminliklə söyləmək olar ki, 2003-cü ilin 15 oktyabrında azad, ədalətli, şəffaf və sivil rəqabət şəraitində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın demokratikləşməsi prosesində mühüm mərhələnin əsasını qoymuş, liberal dəyərlərə, demokratik norma və prinsiplərə sadiqliyini nümayiş etdirmişdir. Keçid mərhələsində olan respublikamız demokratik inkişaf yolunun dönməzliyini və əbədiliyini özü üçün yəqinləşdirmiş, xalqın, dövlətin perspektiv inkişaf strategiyasında bu mütərəqqi dəyərlərin rolunu və əhəmiyyətini bir daha önə çəkmişdir.

Ümummilli lider Heydər Əliyevin 2003-cü ilin 1 oktyabrında "Mən ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək, xalqa layiqli siyasi varisi kimi təqdim etdiyi cənab İlham Əliyev ölkə vətəndaşlarının birmənalı rəyi əsasında prezident seçkilərində layiqli qələbə qazandıqdan sonra Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları təmin etmiş, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. 2003-2010- cu illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.

Azərbaycan xalqının 2008-ci il 15 oktyabr tarixli növbəti müdrik və uzaqgörən seçimi də məhz bu reallıqla şərtlənmiş, ölkə vətəndaşları ötən beş ildə hər vədini əməli işi ilə doğruldan, əzmkar fəaliyyəti ilə ölkə həyatının ən müxtəlif sahələrində inkişaf və tərəqqini təmin edən, bütün məsələlərdə insan və şəxsiyyət amilini uca tutan layiqli siyasi liderə səs vermişlər. Ölkədəki islahatların davamlılığı, ardıcıllığı, uğurla başa çatdırılması zərurəti Heydər Əliyev siyasi kursunun demokratik seçkilər yolu ilə davam etdirilməsini, hakimiyyət estafetinin bu xətti uğurla aparmağa qadir liderə - cənab İlham Əliyevə ötürülməsini diktə etmişdir. Məhz, bu baxımdan da Azərbaycan ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxaraq etimad qazanmış həmin siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə ciddi siyasi iradə nümayiş etdirmişdir. Xalqına və dövlətinə bağlı lider olan cənab İlham Əliyevin ikinci müddətə Azərbaycan Prezidenti seçilməsi dünyanın tərəqqipərvər, sabitlik, demokratiya, sülh, rifahinteqrasiya şəraitində yaşamağa üstünlük verən bütün mütərəqqi qüvvələri tərəfindən həm Azərbaycanda, həm də regiondakı ictimai-siyasi proseslərin məntiqindən doğan labüdqanunauyğun hadisə kimi qarşılanmışdır.

2008-ci il oktyabrın 24-də növbəti dəfə Vətənə, xalqa və dövlətə sədaqət andı içərək ikinci müddətə prezidentlik səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı İlham Əliyev təntənəli mərasimdəki çıxışında növbəti beş ildə də Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinə səylə çalışacağını vurğulamışdır: "Beş il bundan əvvəl andiçmə mərasimində Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycanın bugünü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır. Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağambu yoldan dönməyəcəyəm".

 

Sabitlik milli həmrəylik kursunun təminatçısı

 

Son 7 ildə həyata keçirdiyi çevik məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideya proqramlarla insanların inam etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmişdir. Dövlət başçısı siyasi lider olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətləri sayəsində də idarəçilikdə yüksək uğurlara imza atmış, cəmiyyətin əsas və həlledici hissəsini arxasınca apara bilmişdir.

Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq Prezident İlham Əliyevin istənilən ekstremal situasiyada çevikoptimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. 2003-cü ilin postseçki mərhələsi radikal siyasiləşmə ilə müşayiət olunsa da, cənab İlham Əliyev qətiyyət göstərərək müəyyən anarxist və zorakı qüvvələrin ölkəni yenidən xaosa sürükləmək cəhdlərinin qarşısını almış, ölkədə siyasi sabitlikqanunçuluq qorunub saxlanılmışdır. 2005-ci ilin parlament seçkiləri ərəfəsində və sonra respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş xaricidaxili həmlələrin neytrallaşdırılması da dövlət başçısının xalqın dəstəyinə güvənən, dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir.

Siyasətşünaslıq elmi liderin uğur qazanmasında inteqrativ funksiyanı xüsusi olaraq önə çəkir. Əsl liderlik, şübhəsiz, kütlələri öz ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu missiya cəmiyyətin bütövlüyününsabitliyinin qorunmasına, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsinə istiqamətlənir. Azərbaycan Prezidenti İlham Əliyevin də şəxsiyyət və lider kimi böyüklüyü onun ideyalarının birləşdirici mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüşdür.

Siyasi qüvvələr arasında əvvəllər mövcud olmuş xoşagəlməz münasibətlərin, psixoloji barışmazlığın, habelə keçmişlə yaşamağın əleyhinə olduğunu birmənalı bəyan edən cənab İlham Əliyev həm də bölücülük meyillərinə qarşı çıxmışdır. Bu məqam dövlət başçısının idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq xətt təşkil etdiyini bir daha təsdiqləyir. Azərbaycan Prezidenti bu addımlarının mahiyyətini ölkə ictimaiyyətinə çox düzgün, dürüst şəkildə izah edir. "Mənim üçün hər bir vətəndaş əzizdir. Mən keçmişlə bugünün arasında görünməyən bir xətti görürəm. Keçmişdə çox səhvlər olub, Azərbaycan vətəndaş müharibəsi həddində olub. Mən cinayət törətmiş şəxsləri də azad etmişəm. Ona görə yox ki, hesab edirəm onlar siyasi məhbusdur. Mən Azərbaycanda qarşıdurma əhval-ruhiyyəsinin aradan götürülməsini istəyirəm. Bizim qarşımızda yeni vəzifələr durur, ölkəmizi inkişaf etdirməliyik, insanlarımızı səfərbər etməliyik. Biz milli barışığa nail olmuşuq və gərək bunu gücləndirək. Keçmiş ədavət və ziddiyyətlər tarixdə qalsın. Bu, mənim niyyətimdir" - deyən dövlət başçısı ölkənin milli sərvətinə çevrilmiş ictimai-siyasi sabitliyin qorunması, iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi, təcavüzkar düşmənə qarşı mübarizənin təşkili baxımından ölkədə gərginlik və qarşıdurma ovqatını tamamilə yolverilməz sayır.

Ötən 7 ildə ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardır. Ötən 7 ildə 13 əfv fərmanının imzalanması, dövlətə qarşı ağır cinayətlərdə iştirak etməsinə baxmayaraq, adları qərəzli şəkildə qondarma "siyasi məhbus" siyahılarına salınan məhbusların əfv olunması böyük qəlbin və humanizmin nişanəsi, cəmiyyətdə iqtidar əleyhinə qeyri-sivil mübarizəni dövlətçilik əleyhinə məkrli fəaliyyətə çevirən dayaz insanlara milli barış mesajı olmuşdur. Millətə və dövlətə təmənnasız xidmət məramına əsaslanan bu fəaliyyətin əsasında həm də yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlər dayanır.

2008-ci il oktyabrın 24-də Vətənə, dövlətə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev son seçkilər fonunda ölkədə yeni siyasi münasibətlər sisteminin formalaşdığını da razılıqla qeyd etmişdir: "Bu seçkilərdə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Mən ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız və yalnız sivil yollarla aparılacaqdır. Bu fürsətdən istifadə edərək, məni qələbə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə, onların göndərdikləri təbriklərə görə öz təşəkkürümü bildirirəm".

 

Demokratikhüquqi dövlət quruculuğunun təkamül yolu

 

Azərbaycanın son 7 ildə siyasi, sosial-iqtisadi, mədəni-humanitar, elmi-intellektual sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. İctimai-siyasi sabitlik amili eyni zamanda, mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla inkişaf edən, beynəlxalq hüquq normalarına, prinsiplərinə hörmətlə yanaşan ölkə imicini daha da möhkəmləndirmişdir.

Dövlət başçısı İlham Əliyevin idarəçilikdə qazandığı böyük uğurların əsasında da məhz onun ulu öndərin prioritet elan etdiyi demokratikləşmə xəttinə sadiqliyi durur. Ötən illərdə bir sıra MDB dövlətlərində xarici qüvvələrin qeyri-qanuni müdaxiləsi yolu ilə həyata keçirilən "məxməri inqilab" ssenariləri təsdiqləmişdir ki, yeni müstəqil dövlətlərdə demokratik proseslərin inqilabi yolla sürətləndirilməsi, demokratik dəyərlərin kor-koranə transferi qətiyyən mümkün deyildir. Cənab İlham Əliyev də məhz bu qənaətdədir ki, hər bir ölkənin daxilində demokratik proseslərin getməsinə mütləq real zəmin yaradılmalı, tətbiq olunan yeniliklər ictimai şüurda mənimsənilməlidir.

Demokratikləşmə yolunu prioritet elan etmiş respublikamız həssas bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə özünəməxsus inkişaf modeli formalaşmışdır. Bir sıra postsovet dövlətlərində analoji tranzit lməxməri inqilab" ssenarilərinə əsaslandığı halda, Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Bu model yeni müstəqil dövlətlərə öz prinsiplərini zorla qəbul etdirməyə çalışan, milli məxsusluğa arxa çevirib dünyaya konyunktur nizam vermək istəyən ayrı-ayrı siyasi güc mərkəzlərinə də son dərəcə tutarlı cavabdır. Hər bir nəzəriyyə kimi, demokratikləşmə də zehinlərdə dərin kök salmış köhnə stereotiplərin bütünlüklə aradan qaldırılması, habelə başqa davranış normaları və standartlarının formalaşması üçün vaxt tələb edir.

Ötən 7 ilin təhlili göstərir ki, Azərbaycanda demokratik proseslərin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynayır. "Güclü iqtisadiyyat - müstəqil və liberal dövlət" prinsipini uğurla reallaşdıran respublikamızda hansısa "məxməri ssenari"nin gerçəkləşdirilməsi nəinki mümkünsüzdür, ümumiyyətlə, siyasi müzakirə predmeti belə deyildir. Bir sıra MDB respublikalarından fərqli olaraq, Azərbaycanda siyasi hakimiyyət sistemi sabituğurlu şəkildə idarə edilir. Azərbaycanda hakimiyyətin icraqanunverici orqanları arasında konstruktiv əməkdaşlıq mövcuddur. Bütün bunlar güclü və səmərəli dövlətin əsas göstəriciləri olmaqla, ölkədə vahid dövlət siyasətinin həyata keçirilməsinin mühüm amili kimi qiymətləndirilir.

Respublikada demokratikləşmə proseslərinin dərinləşməsinə müsbət təsir göstərən mühüm amillərdən biriqanunçuluğun bütün səviyyələrdə təminatına xidmət edən hüquqi islahatların uğurla davam etdirilməsidir. Əminliklə demək olar ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi çoxşaxəli siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsini təmin edən mühüm amillərdən birison 7 ildə ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmini, ədalət mühakiməsinin çevik və səmərəli təşkili məqsədilə atılan addımlar olmuşdur. Məhkəmə, ədliyyə, polisprokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə qəbul edilən qanunların, imzalanan fərman və sərəncamların da əsasında bir məqsəd dayanır - hər bir vətəndaşın qanuni mənafeyini, konstitusion hüquq və azadlıqlarını yüksək səviyyədə qorumaq!

Keyfiyyətcə yeni mərhələdə hüquq sistemini liberal iqtisadi islahatlara uyğunlaşdırmaq, habelə inkişafın sürətli tempi ilə əlaqədar vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini yüksəltmək, bir sözlə, hüquqi dövlət quruculuğu istiqamətində görülən tədbirlər isə ardıcıl və davamlı xarakter daşıyır.

 

İnkişafın dəyişməz formulu: demokratikləşmə, iqtisadi inkişaf, sosial rifah!

 

Hər bir dövlətdə demokratikləşmə prosesinin həyata keçirilməsi üçün ilk növbədə insanın azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri də fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formalarının genişlənməsi, orta təbəqənin mövqelərinin möhkəmlənməsidir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev haqlı olaraq bildirir ki, yalnız davamlı iqtisadi sistem labüd olaraq ictimai şüurun demokratikləşməsinə aparır: "...Hamıya məlumdur ki, məhz iqtisadi rifah milli demokratik tranzitin mahiyyətini və uğurunu irəlicədən müəyyənləşdirir... Məhz bu səbəblərə görə Prezident İlham Əliyev belə bir məntiqi əsas götürür ki, demokratiyanı möhkəmlətməyin ən yaxşı üsulu sərbəst bazar münasibətlərinin təşviq edilməsidir. Yalnız sərbəst bazar fəaliyyət qabiliyyətli demokratik rejim, ictimai inkişafın bəhsləşməyə və alternativliyə əsaslanmasını şərtləndirən açıq vətəndaş cəmiyyəti və ənənələr formalaşdırmağa imkan verə bilər".

Dövlət başçısı İlham Əliyevin idarəçilik keyfiyyətləri sırasında diqqəti çəkən ən mühüm məqamlardan biriictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir. "Əsl siyasət konkret real görməkdir" devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır.

2008-ci ilin 15 oktyabrında mövcud siyasi kursun ictimaiyyət tərəfindən birmənalı dəstəklənməsini təmin edən ən başlıca amillərdən biri müstəqil Azərbaycanın ötən illərdə əldə etdiyi inanılmaz sosial-iqtisadi nailiyyətləridir. Ümumilikdə, ötən 7 ildə ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır. Respublikanın əldə etdiyi uğurlar dünyanın ən nəhəng reytinq təşkilatları və maliyyə institutlarının hesabatlarında da əksini tapmışdır. Azərbaycanın adı son illərdə maliyyə təşkilatlarının qiymətləndirmələrində islahatçı və pozitiv dəyişikliklərə nail olan dövlətlər sırasında çəkilir.

Bu gün regionda ikinci elə bir dövlət tapmaq çətindir ki, son 7 ildə ümumi daxili məhsulun artım tempinə görə, dünyada lider mövqelərini qoruyub saxlasın, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 10 dəfədən çox artırsın. Ötən dövrdə dövlət büdcəsinin 1,5 milyard ABŞ dollarından 15 milyard dollara yüksəlməsi, yalnız hərbi xərclərin - dövlət başçısının müəyyənləşdirdiyi vəzifə kimi - təcavüzkar Ermənistanın bütövlükdə dövlət büdcəsinə çatması həyata keçirilən siyasətin uğurları barədə dolğun təsəvvür yaradır.

Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq, 2010-cu ilin yanvar-avqust aylarında da ölkədə dinamik inkişaf müşahidə edilmişdir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,8 sənaye istehsalı 3,8 faiz, əhalinin banklardakı əmanətləri isə 35,8 faiz artmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı dərin məzmunlu nitqində ölkənin valyuta ehtiyatlarının yüksək templə artımını haqlı olaraq ciddi uğur kimi dəyərləndirmişdir: "Ölkədə böyük maliyyə resursları yaradılmışdır. Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bax, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarmışdır".

Azərbaycan bunlarla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra etmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni yerlərinin açılması naminə sistemli addımlar atılmışdır. Bölgələrin tarazlı və davamlı inkişafının təmini, yeni yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də İlham Əliyevin son 7 il ərzində prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkir. 2003-2010-cu illərdə Azərbaycanın demək olar ki, bütün rayonlarına səfərlər edən, eləcə də Bakıətrafı kənd və qəsəbələrdə olan İlham Əliyevin insan amilinə necə yüksək dəyər verdiyini görməmək mümkün deyildir.

Milli dövlət quruculuğu prosesi sürətləndikcə, ictimai, hüquqi, psixoloji mühit dəyişdikcə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə, sosial-iqtisadi inkişaf prioritetləri də mahiyyət etibarilə dəyişir. Bu kimi incə məqamları nəzərə alan cənab İlham Əliyevin əsas məqsədi kəmiyyət dəyişikliklərindən tədricən keyfiyyət dəyişikliklərinə keçidi təmin etməkdən, hər bir Azərbaycan vətəndaşı üçün bu iqtisadi uğurlardan bəhrələnmək imkanını yaratmaqdan ibarətdir.

Bütün bunlar bir daha təsdiqləyir ki, 2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm" - deyən dövlət başçısı İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiqdir. Azərbaycan Prezidentinin verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir. İnanırıq ki, elmi əsaslara söykənən bu siyasətin qarşıdakı illərdə də uğurla davam etdirilməsi vətəndaşları qayğılandıran bütün problemlərin aradan qalxmasına, xalqın yaşayış səviyyəsinin daha da yüksəlməsinə real imkanlar yaradacaqdır.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2010.- 7 oktyabr.- S. 5.