Hüseyn Seyidzadə-100
Natəvan" filmini çəkmək onun
böyük arzusu idi
1993-cü ildə
"Kino" qəzetinin kinorejissor
Hüseyn Seyidzadəyə həsr etdiyi xüsusi
buraxılışında jurnalist, kinoşünas Nəriman Əbdülrəhmanlı
onun haqqında yazdığı məqaləni
"Sənətkar taleyinin
ağrıları" adlandırmışdı. Bu böyük sənətkarın
yaradıcılıq xronikasını əks etdirən
yazıda müəllif bir daha
nəzərə çarpdırmağa
çalışmışdı ki, sənətkar
mübariz olanda, öz sənətinə hörmət bəsləyəndə
qarşılaşdığı bütün
çətinlikləri asanlıqla dəf edir,
istədiyini, qəlbində yaşatdıqlarını
xalqına verə bilir. Doğrudan
da, Hüseyn Seyidzadə
ağrılı bir tale
yaşasa da, öz xalqına çox
qiymətli əsərlər bəxş edə bildi.
Hüseyn
Seyidzadə 1910-cu il oktyabrın 19-da İrəvanda
doğulmuşdu. Atası tanınmış tacir idi. Tale minlərlə
azərbaycanlı kimi bu ailənin də başına min bir
müsibət gətirib. Ermənilərin tənələrindən
cana doymuş Seyidzadələr ailəsi əvvəl Tbilisiyə,
sonra isə Bakıya köçməli olub. Rejissorun
bacısı Zəhra Seyidova söhbətlərdə deyirdi
ki, "biz Bakıya köçəndə Hüseyn üçüncü
sinifdə oxuyurdu. Dərsi buraxırdı, kinoya
qaçırdı, pulu olmayanda, seansdan sonra stullar arasında
gizlənib, o biri seansa da baxırdı. O, elə
uşaqlıqdan kinoya bağlanmışdı. Tale də onu
kinoya gətirdi. Hətta, anam Ruqiyyə ilə məni də
kinofabrikə aparıb, "Əlsizlər" filminə
çəkdirmişdi". Zəhra xanım deyirdi ki,
Hüseynlə bağlı bütün ağrıları mən
də yaşamışam. Hüseyn başqaları kimi
xoşbəxt yaşamaq istəyirdi. Ancaq
haqsızlığı bağışlamazdı.
Bütün qəlbi, mənəviyyatı ilə, bir də
öz sənəti ilə bu xalqa bağlı idi".
Hüseyn Seyidzadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdi. Görkəmli sənət korifeylərindən- Sergey Eyzenşteyndən, Mixail Rommdan, Lev Kulicanovdan sənətin sirlərini öyrənmişdi. Sonra yenidən Bakı həyatı, yaradıcılıq ziqzaqları başlandı.
Müharibənin qızğın dövrü olsa da, Bakı kinostudiyasında filmlərin çəkilişi
davam etdirilirdi. Hüseyn Seyidzadə müharibədən əvvəl
rejissor Niyazi Bədəlovla
"Ayna" adlı filmin
çəkilişlərinə başlamışdı.
Müsahibələrindən birində Hüseyn
müəllim bu filmlə bağlı suala belə cavab vermişdi: "Yaman
yaralı yerimə toxundunuz. Bu filmin başına elə oyun açmadılar ki, bu, film olsun.
Allah mərdiməzara lənət
eləsin. Yaxşı
deyiblər ki, qonşu qonşu olsa, bağ çəpəri neyləyər?
Bundan sonra Niyazi ilə belə qərara gəldik ki, "Ayna"nın materiallarından
istifadə edib müharibə mövzusunda
yeni bir film çəkək. Ssenarini
İmran Qasımov yazdı. Baş rola Leyla Bədirbəylini
dəvət etdik.
"Ayna"da əsas
rola onu çəkməli idik. Hətta, çəkirdik də. Sonradan filmi "Sovqat" adlandırdıq və
1943-cü ildə çəkib
qurtardıq". Bu filmdə
müharibəyə sovqat
göndərən insanların
böyük vətənpərvərlik
duyğularından söhbət
açılır. Nə
qədər çətin
olsa da, rejissorlar bütün səylərini birləşdirib
film yaratmışdılar və
bu lent dəfələrlə
cəbhə bölgələrində
nümayiş etdirilmişdi.
1956-cı
ildə Bakının
kinoteatrlarında ekrana
"O olmasın, bu olsun" filmi çıxarıldı. Kinoteatrlara
ayaq basmaq olmurdu. Növbələr düzülmüşdü. Bu film böyük Üzeyirin geniş tamaşaçı
auditoriyasına təqdim
olunan ikinci böyük əsəri idi. "O olmasın, bu olsun" Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir.
Bu filmin yaranma tarixi haqqında çox yazılıb. Onu əlavə etmək olar ki, film ekranlara çıxarılanda ona qarşı müəyyən
tənqidi münasibətlər
olsa da, onun müvəffəqiyyətinə
kölgə sala bilmədi. Məsələn,
bazarda qoçuların
davası, Rüstəm
bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. nöqsan kimi göstərilirdi.
Ancaq bu film sevildi və öz rejissoruna böyük şöhrət gətirdi.
Azərbaycanda elə bir kino əsəri
yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kino
qalereyası" idi. Təxminən ekrana çıxdığı iki-üç
il ərzində artıq dünyanın
40-dan çox ölkəsində
göstərilən bu
film Azərbaycan kinosunun
şöhrətini dünyaya
yaydı.Və elə
bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır.
60-cı illərdə studiyada çox qəribə bir qalmaqal yarandı.
Mahiyyət bundan ibarət idi ki, şair Novruz
Gəncəli Alla Axundova və Hüseyn Seyidzadənin birgə yazdığı
"Yaşayın, Qızlar"
ssenarisinin ona məxsus olduğunu iddia edirdi. O, məhkəməyə müraciət
edərək, bu ssenarinin onun 1961-ci ildə "Azərbaycan"
jurnalında dərc edilmiş "Bizim sahildə" adlı əsərindən oğurlandığını
bildirir və ssenarinin çəkilişinin
saxlanılmasını tələb
edirdi.
Uzun məhkəmə çəkişmələrindən
sonra Alla Axundova Hüseyn Seyidzadənin iştirakı
ilə ssenarinin müəllifi kimi təsdiq olundu. Filmi isə rejissor Eldar Quliyev çəkdi. Bu çəkişmələr Hüseyn
Seyidzadəni xeyli sarsıtdı. Buna baxmayaraq,
o yenə də öz sənəti uğrunda mübarizəsini
davam etdirdi. Sonrakı mübarizə isə "Dəli Kür" filmi ilə bağlı oldu.
Bu filmin də taleyi Hüseyn Seyidzadənin öz taleyi kimi ağrılı
olub. 1969-cu ildə xalq yazıçısı
İsmayıl Şıxlının
eyniadlı romanı əsasında yazdığı
ssenari ekranlaşdırıldı
və 1970-ci ildə
film ekranlara çıxarıldı.Film
Moskvada senzuranın qəzəbinə tuş oldu. Aşağıda filmdən çıxarılan
epizodları diqqətə
çatdırırıq.Qubernator Cahandar ağaya deyir ki, canişin
onun torpağında ov etmək istəyir.
Ya torpağı satın, ya da bağışlayın.
O isə cavab verir ki, torpağı
nə satarlar, nə də bağışlayarlar. Cavabında
qubernator deyir: "Baxarıq!" Sonra kazaklar Cahandar ağanın üstünə
göndərilir.
Bundan başqa, digər bir epizod da
filmdən kənar edilib. Nökərlər gəlib Cahandar ağaya deyirlər ki, kazaklar mal-qaranı aparıb, özümüzü də
döydülər. Cahandar
ağa isə kazaklara deyir ki, bu sizin
ata-baba torpağınızdır?
Onlar isə: "Deyəsən, könlündən
Sibir keçir" - deyirlər. Cahandar ağa kazakların başçısını qamçı
ilə döyür. Sonra atışma başlayır. O, kazakların
beşini öldürür.
Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarırdı. Və "Ana Kür" mahnısı oxunurdu. Bütün bunlar filmdən çıxarılmışdı.
Rejissor çox səy göstərmişdisə
də, filmi tam şəkildə xilas edə bilməmişdi. Çünki imperiya öz qaniçən xislətini göstərməyə
imkan verə bilməzdi. Film uzun zaman ekranlarda bu epizodlarsız göstərildi. Lakin xalq yazıçısı
İsa Hüseynovun ciddi səyi nəticəsində 90-cı illərin
ortalarında televiziya
vasitəsilə həmin
epizodlar ekranda canlandırıldı və
filmin ilkin nüsxəsi tamaşaçılara
təqdim olundu.
Ümumiyyətlə, Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq
deməyi xoşlayırdı.
Çoxları isə
bunu sevmirdilər.
"Qatır Məmməd"
filmini ilk dəfə çəkməyə başlayanda
açıqca demişdi
ki, niyə ssenarini ruslar yazmalıdır? Sonra isə filmi yarımçıq qoymuşdu.
Bütün filmlərində
milli xüsusiyyətləri
qorumağa çalışırdı.
İstəyirdi ki, filmlərimizdə xalqın
mənəvi ruhu olsun, onun taleyinin
ağrıları əks
etdirilsin.
"Dəli Kür"dən
9 il sonra, yəni 1978-ci ildə H.Seyidzadə sonuncu filmini - ailə-məişət
mövzusunda "Qayınana"
kinokomediyasını çəkdi.
Şirin yumor, canlı komik səhnələr və hadisələrin dinamikliyi
"Qayınana" nı
baxımlı etmişdi.
Film Aşqabad şəhərində
keçirilən XII Ümumittifaq
kinofestivalında nümayiş
etdirilmiş, baş rolun ifaçısı N.Zeynalova və bəstəkar T.Quliyev mükafata layiq görülmüşdülər.
H.Seyidzadə tədricən onu
haldan salan ürək ağrılarına
baxmayaraq, yaşayıb-yaratmaq
eşqi ilə hər gün kinostudiyaya gəlib gedərdi, işləməkdən
yorulmazdı. Bununla belə, xoşagəlməz
hadisələr, ünvanına
deyilən haqsız iradlar H.Seyidzadəni hər addımda izləyir, işinə
mane olurdu.
"O olmasın, bu olsun" filmi ekranlara buraxılandan sonra başı bərk ağrısa da, çəkməyə
hazırlaşdığı "Dərviş Parisi partladır" kinokomediyası,
artıq xeyli hissəsini çəkdiyi
"Qatır Məmməd"
bədii filmi əlindən alındı,
"Var olun, qızlar!" filminin ədəbi ssenarisi ilə bağlı yenə də başağrıları oldu.
"Dəli Kür"
filminin finalının
məcburən dəyişdirilməsi
ona mənəvi zərbə vurdu. Hüseyn müəllim deyirdi ki, Hindistan
kinematoqrafçıları Bakıda olarkən onlara bir neçə
Azərbaycan filmini göstərdik. Məşhur
rejissor və aktyor Raç Kapur mənim filmlərimə baxandan sonra həmkarlarımın
yanında dedi ki, gəl gedək
mənimlə Hindistana.
Orada filmlər çəkərsən, səni
milyonçu edərəm.
Ona təşəkkür
edib bildirdim ki, qürbətdə yaşaya bilmərəm, bir sənətkar kimi xalqım üçün hələ
az iş görmüşəm.
O, çox işləyirdi, ancaq ona mane olurdular. Bəzən illərlə çəkməyə
film verilmirdi. Elə özü də hər ssenarini çəkməzdi. "Natəvan"ın
ssenarisini hazırlayırdı.
Bu filmi çəkmək
onun böyük arzusu idi. Ancaq
tale ona bu filmi çəkmək imkanı vermədi. Böyük sənətkar
1979-cu il iyunun 2-də
xəstəxanada gözlərini
əbədi olaraq yumdu. Bizə isə öz dəyərli əsərlərini
yadigar qoydu.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 8 oktyabr.- S. 3.