İqtisadiyyatın şaxələndirilməsi ölkəmizin qüdrətini artırır

 

Keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikasında böyük maliyyə resursları yaradılmışdır. Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası, qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkənin maliyyə imkanları ilbəil genişlənir. Azərbaycanın sürətlə artmaqda olan valyuta ehtiyatları isə öz növbəsində bütün lazımi infrastruktur layihələrini vaxtında və müvəffəqiyyətlə reallaşdırmağa imkan verir.

 

Hazırda ölkəmizdə uğurlu investisiya siyasəti həyata keçirilir. Azərbaycandakı əlverişli biznes mühiti bu prosesi bir qədər də sürətləndirir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin səkkiz ayı ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 218,1 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 11,3 faiz çoxdur. Kapital qoyuluşunun strukturunda tikinti-quraşdırma işləri daha üstün çəkiyə malik olmuşdur. Belə ki, cari ilin səkkiz ayında tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi inşaat işləri üçün xərclənmiş məbləğin 66 faizi və ya 3 milyard 441,8 milyon manat təşkil etmişdir.

Son illər ölkənin maliyyə imkanlarının xeyli artması dövlətin mülkiyyətində olan müəssisə və təşkilatların inşaat işlərinə daha çox vəsait xərcləməsinə imkan yaradır. Təkcə onu demək kifayətdir ki, cari ilin səkkiz ayında dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 3 milyard 75,5 milyon manat vəsait sərf etmişlər. Hesabat dövründə əsas kapitala yönəldilmiş daxili investisiyaların tərkibində dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların xərclədikləri vəsaitin xüsusi çəkisi 71,8 faiz olmuşdur. Bütövlükdə isə 2010-cu ilin səkkiz ayında əsas kapitala 4 milyard 115 milyon manat daxili investisiya yönəldilmişdir. Ümumi investisiyaların 1 milyard 103,1 milyon dolları isə xarici mənbələrdən yönəldilmiş vəsaitlərin payına düşmüşdür. 2010-cu ilin yanvar-avqust aylarında qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr tərəfindən əsas kapitala 2 milyard 142,6 milyon manat investisiya yönəldilmişdir. Bu da ondan irəli gəlir ki, hazırda Azərbaycanda özəl sektorda fəaliyyət göstərən şirkətlərə dövlət dəstəyinin gücləndirilməsi, güzəştli kreditlərin verilməsi, onların maliyyə imkanlarının ilbəil artmasına imkan yaradır.

Yeri gəlmişkən, bu il büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işlərinin həyata keçirilməsinə bütövlükdə 3 milyard 549 milyon manat vəsait ayrılmışdır. İlin səkkiz ayında həmin vəsaitin 1 milyard 656,4 milyon manatı xərclənmişdir. Yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 milyard 698,2 milyon manat, büdcə vəsaitləri 1 milyard 770,8 milyon manat təşkil etmişdir. Qalan məbləğ isə bank kreditlərinin (270,7 milyon manat), büdcədənkənar fondların vəsaitlərinin (294,1 milyon manat), əhalinin şəxsi vəsaitlərinin (168,8 milyon manat) və digər vəsaitlərin (14,5 milyon manat) payına düşmüşdür.

Son illər Azərbaycanda uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Elə cari ilin səkkiz ayı ərzində əsas kapitala yönəldilmiş bütün vəsaitin 42,5 faizinin (2 milyard 217 milyon manat) sənaye sahələrinin inkişafına sərf edilməsi də bunu təsdiqləyir. Yeri gəlmişkən, hesabat dövründə ümumi investisiyanın 1 milyard 600,5 milyon manatı sənayenin mədənçıxarma, 253,6 milyon manatı isə emal bölmələrinə yönəldilmişdir. Bundan əlavə, yanvar-avqust aylarında sənayenin digər sahələri olan elektrik enerjisi, qaz-buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsinə 191,5 milyon manat, su təchizatı bölməsinə isə 171,4 milyon manat vəsait xərclənmişdir. Bütövlükdə isə bu ilin səkkiz ayında ölkənin sənaye bölməsinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz çox vəsait yönəldilmişdir.

Hesabat dövründə iqtisadiyyatın digər mühüm sahəsi sayılan kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa 261,7 milyon manat vəsait sərf olunmuşdur. Bu isə 2009-cu ilin səkkiz ayındakından 42,7 faiz çoxdur. Yanvar-avqust aylarında nəqliyyat və anbar təsərrüfatına 1 milyard 384,8 milyon manat, topdan və pərakəndə ticarətə 155,3 milyon manat, tikintiyə 72,7 milyon manat, informasiya və rabitəyə 58 milyon manat, yaşayışın təşkili və ictimai iaşə fəaliyyətinə 129,1 milyon manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlara 424,7 milyon manat, maliyyə və sığorta fəaliyyətinə 4,1 milyon manat, dövlət idarəetməsi və müdafiəyə 155,3 milyon manat, səhiyyə və sosial xidmətlərə 74,7 milyon manat, təhsilə 63,5 milyon manat, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə 144,3 milyon manat vəsait yönəldilmişdir.

2010-cu ilin ötən səkkiz ayı ərzində Azərbaycanın neft sektoruna 1 milyard 591,5 milyon manat investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Onu da deyək ki, neft sektoruna sərf olunmuş investisiyanın həcmi əsas kapitala yönəldilmiş vəsaitin 30,5 faizini təşkil etmişdir.

Məlum olduğu kimi, hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı, bunun hesabına ölkədə yeni yerlərinin yaradılması prioritet istiqamətlərdəndir. Bu məqsədlə ölkənin qeyri-neft sahələrinin inkişafına yönəldilən investisiyaların həcmi ildən-ilə artırılır. Təkcə onu demək kifayətdir ki, cari ilin səkkiz ayında Azərbaycanın qeyri-neft sektoruna 3 milyard 626,6 milyon manat vəsait sərf olunmuşdur ki, bu da 2009-cu ilin eyni dövründəkindən 5,5 faiz artıqdır.

Cari ilin yanvar-avqust ayları ölkənin ayrı-ayrı şəhər və rayonlarında yeni-yeni obyektlərin açılması ilə əlamətdar olmuşdur. Ötən dövrdə Bakı şəhərində qranit-mərmər zavodu, "Dalğa Plaza" , "Park Bulvar" ticarət, istirahət və sərgi mərkəzləri istifadəyə verilmişdir. Sevindirici haldır ki, ilin buraxılış obyektlərinin əksəriyyəti regionların payına düşmüşdür. Bu baxımdan Naxçıvan şəhərində ildə 5 min ədəd minik avtomobili istehsal etmək gücünə malik avtomobil zavodu, Lənkəranda konserv zavodu, çaydondurma fabrikləri, Zaqatala rayonunda südtütün emalı zavodları, Abşeron rayonunda duz zavodu, Cəlilabadda şərab istehsalı sexi, su ambarı, müalicə-diaqnostika mərkəzi və şahmat məktəbi, Salyan rayonunda soyuducu anbar kompleksi, Qəbələ rayonunda "Gilan" piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün 5 min tonluq soyuducu anbar, avtovağzal binası, Biləsuvarda konserv zavodu, Ağstafa rayonunda yemalkan zavodunda mineral su istehsalı sexis. obyektlər diqqəti cəlb edir. Bununla yanaşı, yanvar-avqust aylarında ölkənin ayrı-ayrı şəhər və rayonlarında müxtəlif turizm və əyləncə obyektləri, 91,8 min nömrəlik avtomat-telefon stansiyaları, 151,4 kilometr uzunluğunda fiber-optik magistral kabel xətti, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 906,5 min kvadratmetr olan yaşayış evləri, 155 çarpayılıq xəstəxana, növbədə 140 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 410 şagird yerlik ümumtəhsil və 250 yerlik məktəbəqədər uşaq müəssisələri, 140 yerlik klub, Ağdam, Balakən və Göyçay rayonlarında olimpiya-idman kompleksləri tikilib istifadəyə verilmişdir.

Göründüyü kimi, Azərbaycan 2010-cu ilin ötən dövründə investisiyaların cəlb olunması sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Əvvəlki illərdə olduğu kimi, Azərbaycana xarici investisiyaların axınının davam etməsi isə, heç şübhəsiz, ölkəmizdə hökm sürən əlverişli biznes mühiti ilə bağlıdır. Bu baxımdan cari ilin səkkiz ayında xarici mənbələrdən əsas kapitala 1 milyard 103,1 milyon manat investisiyanın yönəldilməsi diqqəti cəlb edir. Onu da deyək ki, xarici investisiyalar 2009-cu ilin səkkiz ayı ilə müqayisədə 31,5 faiz çox olmuşdur. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 24,7 milyon manatı Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Cənubi KoreyaFransadan olan investorların payına düşmüşdür. Bundan əlavə, Çexiya, Səudiyyə Ərəbistanı, Rusiya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumları da ölkəmizə investisiya qoyuluşunda fəallıq göstərmişlər.

Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində konkret işlər görülür. Neft amilindən məharətlə istifadə olunaraq iqtisadiyyatın bütün sahələri inkişaf etdirilir, ölkəmizin gələcək tərəqqisinə, xalqın firavan yaşayışına xidmət göstərən vacib investisiya layihələri həyata keçirilir. Bütün bunlar isə son nəticədə əsas kapitala yönəldilən vəsaitlərin həcminin getdikcə artmasına səbəb olur.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 9 oktyabr.- S. 1.