Azərbaycan: sabitlikdən modernləşməyə doğru

 

Azərbaycan dövlət müstəqilliyini qazandıqdan, xüsusən xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər ölkələrin onilliklər boyu qət edə bilmədikləri inkişafın elə bir səviyyəsinə çatmışdır ki, bu, dünyanın görkəmli mütəxəssisləri, siyasətçiləri, eləcə də nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən etiraf olunur, yüksək qiymətləndirilir. Sosial-iqtisadi inkişaf sahəsində Azərbaycan modelinin etibarlılığı və dayanıqlı olması son bir neçə ildə dünyanın maliyyə və iqtisadiyyatını iflic vəziyyətinə salan qlobal böhranı uğurla dəf etməsindən sonra bir daha təsdiq olundu. Təkcə bu faktı demək yetərlidir ki, dünyanı silkələyən qlobal böhranın pik nöqtəsi olan keçən il əksər ölkələrdə, o cümlədən ən qabaqcıl Qərb dövlətlərində, iqtisadiyyatın sürətlə geriləməsi, istehsalın kəskin şəkildə azalması baş vermişdisə, Azərbaycan öz inkişaf dinamikasını saxlamış, ümumi daxili məhsulun artım səviyyəsi 9,3 faiz olmuşdur. Bu faktın özü nüfuzlu beynəlxalq qurumları, görkəmli mütəxəsisləri ölkəmizin təcrübəsi ilə dərindən maraqlanmağa, "Azərbaycan fenomeni"ni təsdiqləməyə vadar edir. Həm də, etiraf olunur ki, Azərbaycanın dayanıqlı sosial-iqtisadi tərəqqisi əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu daxili və xarici siyasət kursunun, inkişaf strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və müasir dövrün tələblərinə uyğun olaraq yaradıcı surətdə davam etdirilməsinin nəticəsidir. Başqa sözlə, inkişafın hər cür gözlənilməz "sürpriz"lərə sinə gərərək belə dayanıqlı olması, ilk növbədə Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin ən xırda detallarına qədər zərgər dəqiqliyi ilə düşünülməsi və uğurla reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, onun neft-qazdan asılılığının aradan qaldırılmasının və görülən digər zəruri tədbirlərin nəticəsidir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada çıxan, təsisçisi və naşiri "Rodina" jurnalı olan "Vestnik aktualnıx proqnozov. Rossiya: tretye tisyaçeletiye" jurnalının 23-cü nömrəsində dərc edilmiş "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" məqaləsində bu məsələlər geniş və əhatəli şəkildə öz əksini tapmışdır. Akademik R. Mehdiyevin geniş əks-səda doğurmuş bu elmi-təhlili məqaləsi AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda keçirilən "dəyirmi masa"da da ətraflı müzakirə olundu. Həmin tədbirdə səslənən bəzi fikirləri oxucuların diqqətinə çatdırırıq.

 

İlham Məmmədzadə, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor:

 

- Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın modernləşməsinə yönəlmiş kursu elmi ictimaiyyətdən qloballaşma dövründə ölkənin problemlərinin dərk edilməsini, dünya iqtisadiyyatında, beynəlxalq münasibətlərdə və mədəniyyətlərdə baş vermiş dərin dəyişikliklərin səbəblərini üzə çıxarıb anlaşılmasını tələb edir. Bu dəyişikliklərin səbəblərinin üzə çıxarılması və dərk edilməsi modernləşmə proseslərinin inkişafına böyük təkan vermiş olur. Məlumdur ki, qlobal iqtisadi böhran bir çox ölkələrin, o cümlədən ABŞ, Rusiya və Avropa İttifaqı dövlətlərində modernləşmə prosesini sürətləndirdi. Aydındır ki, hər bir ölkədə modernləşmənin ortaq cəhətləri ilə yanaşı, öz xüsusiyyətləri də var. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" məqaləsində də, əslində modernləşmənin Azərbaycan modelinin nəzəriyyəsi irəli sürülmüş və eyni zamanda, bu kursun spesifikliyi, stabilləşməyə nail olmağın mərhələləri, keçid dövrünün başa çatması, milli dövlətin formalaşması və onun dünya məkanına inteqrasiyası ilə bağlı məsələlər öz əksini tapmışdır. Məqalədə müəllif dünya ölkələrində gedən modernləşmə proseslərinin ümumi cəhətlərinə xüsusi diqqət yetirməklə azərbaycançılıq ideologiyasının ayrılmaz hissəsi olan modernləşmənin nəzəriyyə və ideologiyasının daha da işlənməsinə və nəzəri biliklərin praktikada tətbiq edilməsinə ciddi zərurətin olduğunu göstərir.

Ümumiyyətlə, son illər akademik Ramiz Mehdiyevin mətbuatda dərc edilmiş silsilə məqalələri və nəşr olunmuş sanballı əsərləri hər bir filosofun, sosioloqun, hüquqşünasın, bir sözlə, ictimai elmlər sahəsində çalışan hər bir şəxsin stolüstü kitabı olmalıdır.

İstənilən ölkənin modernləşməsi alimlərdən onun problemlərinin, konflikt və risklərinin dərindən dərkini tələb edir. Müxtəlif inkişaf yoluna, siyasi sistemə, adət və ənənəyə malik ölkələr tarixin müəyyən dövründə modernləşmə kursu qəbul edirsə, o zaman alimlərə ehtiyac artır. Lakin ən yaxşı modernləşmə yolunun, modelinin axtarışında böyüməkdə olan gənc nəslin bu proseslərə cəlb edilməsi və əvvəlki inkişaf mərhələlərinin dəyərləndirilməsi işində elmin, tədqiqat metodologiyasının əhəmiyyəti qat-qat artır. Akademik Ramiz Mehdiyevin məqaləsi bu istiqamətdə alimlərimizə zəruri material verir. Haqqında söhbət gedən məqaləni müəllifin qloballaşma və modernləşmənin problemlərinə həsr edilmiş digər əsərlərinin kontekstində götürərək bir-neçə tezis üzərində dayanmaq istərdik:

1. Sabitləşmə və modernləşmə bir-biri ilə sıx bağlıdır və bu proseslərə ölkə rəhbərləri imza atırlar. Azərbaycanın müstəqillik təcrübəsi göstərir ki, modernləşmədən əvvəlki dövr ölkədə sabitliyi, ümummilli etimad iqliminin yaradılmasını tələb edir. Bu isə ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Onun həyata keçirmiş olduğu islahatlar, yaratdığı sabitlik Prezident İlham Əliyevin bugünkü kursunu şərtləndirərək ölkənin inkişafı üçün kreativ şüura malik olan elitaya, elmin inkişafına, yeni biliklərin iqtisadiyyatına, informasiya cəmiyyətinə doğru irəliləmək zərurətini ortaya qoydu. Ölkə Prezidenti İlham Əliyev hesab edir ki, modernləşmə, əslində müasirliyə qovuşmaq deməkdir. O, irimiqyaslı islahatları özündə ehtiva edərək, insan və sosial kapitalına önəm verərək, ölkəni informasiya və bilik cəmiyyətinə doğru aparır. Modernləşmə çoxmərhələli bir prosesdir. Bu, o deməkdir ki, onun sosio-mədəni mərəhələsi olacaq, bu isə ictimai şüurla, cəmiyyətin təhsilə, elmə və mədəniyyətə münasibətilə sıx bağlıdır.

2. Özündən əvvəlkilərdən fərqli olaraq, bugünkü modernləşmə qloballaşma, ölkənin dünyaya açıq olması şəraitində baş verir, buna görə də onu yarış kimi dəyərləndirmək olar. Bu tezisin məğzi ondan ibarətdir ki, açıqlıq və yarış şəraitində keçən modernləşmə prosesi bütün iştirakçıların qarşısında mürəkkəb tələblər qoyur.

Akademik R.Mehdiyevin modernləşmə nəzəriyyəsindən göründüyü kimi, modernləşmə ilk növbədə ölkənin informasiya-idarəetmə baxımından yenidən qurulmasını təmin edən ciddi iqtisadi məsələlərin həllini tələb edir. Azərbaycan iqtisadiyyatının son illərdə əldə etdiyi uğurlar, müəllifin fikrincə, məhz "modernləşmənin iqtisadi bazasını" təşkil edir.

Modernləşmə ölkə qarşısında duran məsələlərin daima mürəkkəbləşməsi deməkdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, müəyyən mərhələdə bu prosesə cəmiyyətin qoşulması onun ideologiyasının yaranmasını tələb edir və bu, nəinki siyasət və beynəlxalq münasibətlər, həmçinin təhsil, elm, mədəniyyət və gənclərin tərbiyəsi üçün də zəruridir. Belə olan halda o, dəyər nöqteyi-nəzərindən müxtəlif nəsillərin bir araya gəlməsinə və qabaqkı dövrün nailiyyətlərinin qorunub saxlanmasına imkan yaradar.

3. Hal-hazırda Azərbaycanın modernləşməsi zamanı qabaqlamaq, başqa sözlə, dövlətin, vətəndaş cəmiyyətinin və nəhayət, hər bir vətəndaşın inkişafı üçün öz imkanlarından səmərəli istifadə etmək fürsətidir. Lakin, bazar iqtisadiyyatı şəraitində çox şey insanın özündən, onun keyfiyyətli təhsil almasından və s. asılıdır.

Zənnimizcə, modernləşmə qabaqcıl ölkələrin texnoloji, elmi yeniləşmələrini mənimsəyərək dövlətin inkişafını, mədəni və milli dəyərlərini qoruyub saxlayaraq, dövlət strukturlarının, institutlarının, idarə mexanizmlərinin, ideologiyasının, təhsil sisteminin dəyişdirilməsinə hazır olmaq iradəsini nümayiş etdirmək deməkdir.

4. Qeyd etmək lazımdır ki, postsovet məkanında vətəndaş cəmiyyəti hələ formalaşmaqda olduğundan, onun dövlət qayğısına ehtiyacı qalmaqdadır. Lakin indiki şəraitdə modernləşmənin Azərbaycan modeli vətəndaş cəmiyyətinin inkişafını nəzərdə tutur. Vətəndaş cəmiyyətinin dəyərləri milli dəyər və ideyalarla ayrılmaz surətdə bağlı olmalıdır.

5. Prezidentimizin modernləşməyə yönəlmiş kursu müasir dövrdə dünyada gedən modernləşmə prosesinin ayrılmaz bir hissəsi olmaqla, mahiyyətcə ictimai şüurda kreativlik, informasiya mədəniyyəti və milli dəyərləri özündə ehtiva edən varisliyə xüsusi önəm verir. Bu, olduqca mürəkkəb bir məsələdir və ona nail olmaq üçün, digər iqtisadi və siyasi qərarlarla yanaşı, elmin inkişafı, o cümlədən ictimai elmlərin, ilk növbədə fəlsəfənin köməyi vacibdir. Ona görə ki, məhz fəlsəfə ideologiya, mədəniyyət və təhsil sahəsində problemlərin konkret həlli yollarını göstərmək iqtidarındadır.

6. Dünyada gedən modernləşmə prosesləri artıq biliklərin informasiya texnologiyalarının, elitanın və bütövlükdə cəmiyyətin intellektuallaşmasının dominantlığına üstünlük verir. Modernləşmə bütün sahələrdə qüvvələrin səfərbərliyini tələb edir. Elə Azərbaycanın müasir tarixi, geosiyasi reallıqlar və Dağlıq Qarabağ münaqişəsi ölkəmizdə modernləşmə cəhdlərinin mürəkkəbliyindən xəbər verir. Dünya təcrübəsindən çıxış edərək demək olar ki, hələ bir çox mübarizələr, ideoloji toqquşmalar, qeyri-müəyyənliklər və çətinliklər də olacaqdır. Şübhəsiz ki, bu cəhdlərin əsasında rasionallıq, elm və vətənpərvərliklə birgə dəqiq hesablamalar durmalıdır. Eyni zamanda, bu cür mövqe beynəlxalq münasibətlərdə, strateji partnyorlarımızla əlaqələrdə də özünü göstərməlidir.

Məqalənin əsas tezisləri üzərində düşünərkən, onu da qeyd etməliyik ki, bugünkü modernləşmənin açarı, zənnimizcə, bir-birinə əks olan məqamların bir araya gətirilməsidir, məsələn, dominantlıq və dialoq, ideal və real olan, siyasət və əxlaq, tərəfdaşlıq və rəqabət, ənənəvilik və rasionallıq və s.

7. Gənclərimizin yeni şəraitə uyğunlaşması, onların intellektual və vətənpərvər ruhda böyüməsi üçün Azərbaycan elmi və təhsili fəal surətdə müasirləşməli, dünya miqyasında qabaqcıl mövqe tutmalı, ölkənin modernləşməsində aparıcı rol oynamalıdır. Hesab edirik ki, akademik Ramiz Mehdiyev bu proseslərdə fəlsəfənin rolunu qabartmaqda tamamilə haqlıdır. Onun bu fikri artıq bütöv bir nəzəri sistem təşkil edən digər əsərlərində də özünə yer tapmışdır. Müəllifin irəli sürdüyü müddəaları Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun alimləri dəstəkləyərək öhdələrinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışırlar.

Elmi modernləşmədə biz iki xətt görürük: Birincisi, elmimizin nüfuzlu dünya jurnallarında və nəşrlərində fəal təmsil olunması, alimlərimizin beynəlxalq konfranslarda və forumlarda iştirakı və yazdıqları hər bir yazı üçün məsuliyyət hissinin yüksək olması;

İkincisi, nəzəri işləmələrin praktikaya tətbiqi. Burada dövlət qurumları, nazirliklər, dövlət komitələri, vətəndaş cəmiyyəti təşkilatları, ictimai fondlarla əməkdaşlıq nəzərdə tutulur.

Sonda qeyd etmək istərdik ki, Azərbaycanın modernləşməsi Prezident İlham Əliyevin ölkədə ciddi dəyişiklikləri nəzərdə tutan, öz modeli olan və mərhələli şəkildə həyata keçirilməsini tələb edən bir kursdur. Buna görə də ölkədə elmin, xüsusən də, ictimai elmlərin inkişafına böyük tələbat var. Çünki bu inkişaf olmadan müasirliyə, yüksək texnologiyalar, minimal riskli cəmiyyətə qovuşmaq çətin olacaqdır.

Ümumilli liderimiz Heydər Əliyevin vaxtilə qarşıya qoyduğu və bu gün də öz aktuallığı ilə böyük əhəmiyyət kəsb edən vəzifələri uğurla həyata keçirmək üçün biz dünyanın tanınmış elmi mərkəzləri ilə, böyük dövlətlərlə, xüsusən Rusiya ilə əlaqələrimizi gündən-günə genişləndirməliyik.

Prezident Administrasiyasının rəhbəri, akademik R.Mehdiyevin bütün kitab və məqalələri, o cümlədən, Rusiya jurnalında dərc edilmiş son məqaləsi dünyada və Azərbaycanda baş verən proseslərin öyrənilməsində və təhlilində metodoloji baza kimi olduqca əhəmiyyətlidir.

Mirağa Cəfərquliyev, baş elmi işçi, hüquq elmləri doktoru:

- Akademik Ramiz Mehdiyev əvvəlki əsərlərində olduğu kimi, "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" məqaləsində də dövlətimizin milli maraqları ilə birbaşa bağlı olan geosiyasi problemlərə xüsusi diqqət yetirir.

Azərbaycanın demokratik dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri ümummilli lider Heydər Əliyevin apardığı demokratik islahatların nəticəsi hesab edən müəllif ölkəmizin siyasi və ictimai həyatında baş vermiş müsbət dəyişikliklərin Avropaya inteqrasiya siyasətinin tərkib hissəsi olduğunu vurğulayır. Onun fikrincə, Azərbaycanda aparılan demokratik islahatlar müasir dövlət quruculuğu prosesinin ən vacib şərtidir.

Heydər Əliyevin siyasi kursunun milli dövlətçiliyimizin inkişaf strategiyası olduğunu dönə-dönə qeyd edən akademik Ramiz Mehdiyev bu siyasi kursun davam etdirilməsini tarixi reallığın diktəsi ilə ön plana çıxan zərurət olduğunu bildirir.

Məqalədə çox düzgün olaraq qeyd edilir ki, hər bir dövlətin sosial-siyasi inkişafı və mədəni tərəqqisi demokratik ənənələrin təşəkkülündən əhəmiyyətli dərəcədə asılıdır və bu, artıq tarixin sınaqlarından dəfələrlə uğurla çıxmış qanunauyğunluq kimi özünü təsdiq etmişdir. Bu, danılmaz bir faktdır ki, Azərbaycanda demokratik prinsiplərə və insan hüquqlarına əsaslanan cəmiyyət quruculuğu artıq sabitləşmədən modernləşməyə doğru istiqamətlənmişdir.

Haqqında söhbət apardığımız məqalədə qonşu dövlətlərlə, xüsusi olaraq, Rusiya ilə münasibətlərin düzgün qurulmasına diqqət yönəldilir. Qeyd olunur ki, 1990-cı illərdə rus dili ətrafında SSRİ-nin tərkibində olan müttəfiq respublikalarda xoşagəlməz hadisələr cərəyan etməyə başladı. Bir sıra müttəfiq respublikalarda (Ermənistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və s.) öz mili dillərini dövlət dili elan edərək, rus dilindən imtina etməyə başladılar. Bütün bunlar, həmin müttəfiq respublikalarda yaşayan və dövlət qulluğunda çalışan insanların hüquqlarının kobud surətdə pozulması ilə yanaşı, onların kütləvi şəkildə vətəndaşı olduğu ölkələri tərk etməyə gətirib çıxartdı.

Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, Azərbaycan bu ağır sınaqlardan üzüağ çıxdı, rus dilini belə təqiblərdən qorudu, respublikamızda həm orta və həm də ali təhsil sahəsində fəaliyyət göstərən elm ocaqları daha da inkişaf etdirildi. Hal-hazırda da rus dilinin öyrənilməsinə ölkəmizdə böyük diqqət yetirilir.

Müzakirə etdiyimiz məqalədə Azərbaycanın keçmişi və gələcək tərəqqisi ilə bağlı çox vacib məsələlər öz şərhini tapmışdır. Onları dərindən təhlil edib fəaliyyətimizdə nəzərə almaq ziyalılarımızın, bütövlükdə cəmiyyətimizin vacib vəzifələrindən biridir.

 

Əhməd Qəşəmoğlu, aparıcı elmi işçi, fəlsəfə doktoru:

 

- Görkəmli filosof, akademik Ramiz Mehdiyevin vaxtaşırı çap etdirdiyi, dövlətçiliyimizin müxtəlif aktual məsələlərinə həsr edilmiş məqalələri, kitabları hər zaman cəmiyyətimizdə çox maraqla qarşılanır.

Ramiz müəllimin bu məqaləsində də ölkəmizin inkişafında dövlətimizin yürütdüyü modernləşmə siyasəti barəsində mühüm fikirlər vardır. Sevindirici haldır ki, ölkəmizin inkişaf strategiyasında modernləşmə siyasətinə üstünlük verilir. Son dövrlərə kimi ölkəmizdə postmodernizm siyasətinin təbliğatçıları da az deyildi. Yaxşı ki, dövlətimiz tərəfindən postmodernizm kimi bir nizamsızlıq xəttinə yox, xalqımızın tərəqqisinə daha çox kömək edə biləcək modernizm kimi ciddi bir xəttə ustünlük verilir. Modernizm xətti dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin tərəqqisi sahəsində dövlət qurumlarının məsuliyyətinin artması xəttidir. Modern cəmiyyətdə xalqin öz milli ideologiyasını formalaşdırmaq, gücləndirmək, əhalinin fiziki, mənəvi keyfiyyətini, əməyə yaradıcı münasibətini artırmaq mühüm vəzifə kimi qarşıya qoyulur. Bütün yer üzündə qloballaşma prosesinin belə surətlə getdiyi bir vaxtda müstəqilliyimizin möhkəmlənməsi, ölkəmizin tərəqqisi üçün modernləşmə siyasətinin həyata keçirilməsi olduqca ciddi strateji əhəmiyyət daşıyır. Ramiz müəllimin məqaləsi Azərbaycanın stabilləşmə prosesinə nail olaraq modernləşmə siyasətini necə həyata keçirməsinə həsr olunub. Bu sahədə artıq ölkəmizin başqa dövlətlər üçün də faydalı olan təcrübəsi, mühüm nəticələri vardır.

Məqalənin mühüm bir hissəsi də ölkəmizin Rusiya ilə münasibətlərinə həsr olunub. Doğrudur, məqalə Rusiyadakı jurnalda dərc olunduğundan, bu məsələlərə diqqət eyni zamanda məntiqlidir. Eyni zamanda, bu məqalədə Rusiya ilə münasibətlər barədə fikirlər də olduqca aktualdır. Biz bəzən Rusiyaya ancaq tarixi- siyasi mustəvidən baxmaqla kifayətlənirik. Amma eyni zamanda etiraf etmək lazımdır ki, Rusiya həm də bu yaxınlara qədər Azərbaycandakı elm, təhsil, mədəniyyət sistemlərinin formalaşmasında mühüm rol oynayan, tarixin müasir dövründə də nəhəng bir dövlətdir və bizim qonşumuzdur. Yaşlı alimlərimizin hər birinin Rusiya ilə geniş əlaqələri var. Lazımi şərait olsa, bizim hər birimiz bu əlaqələrdən ölkəmizin tərəqqisi üçün istifadə edə bilərik. Mən düşünürəm ki, bizim ləyaqətli, yüksək intellektli alimlərimizin rus alimləri ilə əlaqəsinin - kadr hazırlığı, elmi məqalələrimizin yayılması, fikir mübadiləsi, qabaqcıl təcrübənin öyrənilməsi və s. sahədə çox faydası ola bilər. Amma, indi biz rus alimləri ilə əməkdaşlıq edəndə sovet rejimindəki kimi əyalət alimi psixologiyası ilə deyil, müstəqil dövlətin alimi kimi görüşməliyik. Biz onlarla eyni zamanda tariximiz, siyasətimiz ətrafında da geniş fikir mübadiləsi edə bilərik. Ölkəmizin taleyində Rusiya əlahiddə bir rol oynayıb. İndiki xəritəmiz eyni zamanda Rusiya siyasətinin nəticəsidir. Hamımıza aydındır ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyadan çox asılıdır. Rusiyanın siyasətinin formalaşmasına qabaqcıl alimlər ciddi təsir edə bilərlər. Ona görə də biz həmin alimlərlə də sıx əlaqələr qurmalıyıq. Məsələnin həllini yalnız siyasətçilərimizdən gözləmək doğru deyildir.

Bütövlükdə, məqaləni olduqca aktual hesab edirəm və düşünürəm ki, bu əsər elmi araşdırmalarımız üçün də müəyyən istiqamətlər göstərir, imkanlar yaradır.

 

Əbülhəsən Abbasov, baş elmi işçi, fəlsəfə elmləri doktoru, professor:

 

- Tarixi təcrübə göstərir ki, cəmiyyətlərin köklü yeniləşməsi, hər bir modernləşmə cəhdi yalnız müvafiq nəzəri refleksiya ilə müşayiət olunduqda uğurla nəticələnir. Dəqiq və hərtərəfli işlənib hazırlanmış nəzəri əsasların mövcudluğu, günbəgün dəyişən ictimai vəziyyətin elmi təhlili, həyata keçirilən islahatların, bütövlükdə transformasiya proseslərinin sistemli və ardıcıl olaraq tədqiqi, öyrənilməsi - bütün bunlar müsbət yekun nəticələrin, davamlı uğurların əldə olunması üçün mühüm şərtdir. Bu mənada görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyevin sanballı elmi araşdırmalarını, çoxsaylı kitab və məqalələrini Azərbaycan elmi ictimaiyyəti, qədirbilən insanlar, haqlı olaraq yüksək qiymətləndirir və dəyərləndirir. İlham müəllimin qeyd etdiyi kimi, akademik Ramiz Mehdiyevin elmi-nəzəri əsərləri hal-hazırda ictimai və humanitar elmlər sahəsində çalışan alimlər üçün masaüstü kitabdır...

Bugünkü tədbirdə barəsində söhbət gedən "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" məqaləsi də sosial-siyasi fəlsəfənin, elmi-nəzəri refleksiyanın inkişafına dəyərli bir töhfədir. Azərbaycanın milli inkişaf strategiyasının işıqlandırılması, Azərbaycan xalqının və dövlətinin maraqlarının, geosiyasi baxışlarının sərrast ifadə olunması, perspektivdə qarşıda duran məqsəd və vəzifələrin, ciddi məqamların önə çəkilməsi, vurğulanması cəhətdən də bu məqalə olduqca aktual və əhəmiyyətlidir.

Burada mən yalnız bir neçə vacib məqama toxunmaq istərdim. Bunlardan biri demokratik konsolidasiya məsələsidir. Akademik Ramiz Mehdiyev demokratik konsolidasiyanı, haqlı olaraq, siyasi modernləşmənin mühüm yekun məqsədi, ictimai dəyişikliklərin ümumi vektorunun müəyyənedicisi kimi göstərir. Qeyd edim ki, bu mövzu vaxtilə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun sosial fəlsəfə şöbəsində beşillik elmi-tədqiqat mövzusu kimi götürülmüş və bu istiqamətdə müəyyən araşdırmalar aparılmışdır. Burada əldə olunmuş bütün nəticələr barədə danışmaq yersiz olardı. Lakin bir mühüm məsələyə diqqət çəkmək istərdim. Söhbət nəzərdə tutulan, reallaşmasına çalışdığımız idealın təmizliyinin qorunmasından, zəruri və müqəddəs bildiyimiz amala təmənnasız və sədaqətlə xidmət etməyimizdən gedir. Vaxtilə, 1974-cü ilin 14 iyul tarixində, böyük yazıçı-mütəfəkkir M. Şoloxovun "Pravda" qəzetinə verdiyi müsahibədən olduqca əhəmiyyətli bir fikri xatırlatmaq yerinə düşər. O deyir: "İdeyanın təmizliyi, ona təmənnasız və sədaqətli qulluq heç vaxt unudulmamalıdır. Təsəvvür edin ki, Tolstoy öz oğlunun əlyazmasını önə keçirmək üçün "Niva"nın redaksiyasına gəlir, yaxud da Raxmaninov Şalyapindən məşhur tamaşada onunla birgə bacısı qızına oxumaq imkanının verilməsini xahiş edir. Və yaxud, Mendeleyev institut təsis edir və oğlunu ora direktor vəzifəsinə yerləşdirir. Bu barədə düşünmək lazımdır. Və yalnız ona görə yox ki, bu gənc insanlar layiq deyillər, istedadsızdırlar. Qətiyyən yox! Lakin yaradılmış asan imkanlarla, ola bilsin ki, onlar daha güclü istedadların üzə çıxmasının qarşısını alır, inkişafını ləngidir. Görürsünüzmü, bu, hər kəsin şəxsi işi deyil, ümumxalq məsələsidir". Yəqin ki, xüsusi şərhə ehtiyac yoxdur.

Hasil olan odur ki, əhəmiyyətli idealların reallaşması haqq və ədalətin, hüquq bərəbərliyinin, milli mənafenin, fəzilətli ictimai norma və prinsiplərin istisnasız gözlənilməsindən, onlara riayət edilməsindən keçir. Bu, hər bir kəs - sıravi vətəndaş və dövlət məmuru üçün vicdan və məsuliyyətin, birgəyaşayış mədəniyyətinin tələbidir! Akademik Ramiz Mehdiyevin həmin məqalədə vacibliyini bildirdiyi digər təxirəsalınmaz məqsəd və vəzifələrin uğurlu həlli də bu tələbin ödənilməsindən asılıdır - istər innovasion xarakterli siyasi elitanın formalaşdırılması və milli inkişafda intellektual dönüş-sıçrayış məsələsi olsun, istərsə də ictimai şüurun demokratikləşməsi və fərdin sosiumda müsbətə doğru yerinin dəyişməsi problemi.

Eynilə, bu tələbin ödənilməsi cəmiyyətdə sosial mobilliyin (aşağı və yaxud yuxarı istiqamətdə) doğru-düzgün reallaşması, ümummilli "insan materialı"nın yüksək səviyyədə formalaşması, milliliyin konkret ifadə forması, məna-mahiyyət daşıyıcısı olan azərbaycançılığın, nəhayət, xalq ruhunun və demokratik milli dövlətçiliyin təntənəsi üçün mühüm şərtdir. Dünyanın indiki kövrək, olduqca ziddiyyətli durumunda, çoxşaxəli və çoxsəviyyəli qloballaşma şəraitində bu yönümdə biz xüsusən ciddi düşünməli, əməli işlər görməliyik. Hamımızın, xüsusən də elektron informasiya vasitələrinin üzərində böyük məsuliyyət var. Əfsuslar olsun ki, bizim telekanalların bəziləri milli dəyərləri və xalq ruhunu qorumaqla yox, onları aşındırmaqla, söndürməklə məşğuldurlar. Üstəlik, bunu modernləşmə əlaməti kimi təqdim etməkdədirlər. Ümummilli lider Heydər Əliyevin vaxtilə təkidlə vurğuladığı əhəmiyyətli fikirlər, dəfələrlə səsləndirdiyi tövsiyələr, müəyyən etdiyi strateji kurs sanki özəl informasiya-kommunikasiya vasitələrinə aid deyil. Efir bu dərəcədə də "kapital ideologiyası"na, cürbəcür bayağı şoulara xidmət edərmi?! Açıq görünür ki, özəl kanallar hətta Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin obyektiv və kəskin tənqidindən nəticə çıxarmayıblar. Mən onun 2009-cu ilin oktyabr ayında nəşr edilmiş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsini nəzərdə tuturam.

Prezident İlham Əliyevin çıxış və müsahibələrində tez-tez qeyd olunduğu kimi, Azərbaycan cəmiyyəti, xalqımızın bu gün intellektə və intellektuallaşmaya, "insan kapitalı"nın, mənəvi-mədəni sərvətin inkişafına daha çox ehtiyacı var. Şübhəsiz ki, biz alimlər intellektual ehtiyatların formalaşması və səmərəli istifadə olunmasında, müasir tələblər baxımından idarə edilməsində öz töhfəmizi ortaya qoymalıyıq, dövlətimizə yaxından kömək etməliyik. Bu sahədə görüləsi işlər çoxdur - həm nəzəri, həm də praktiki kontekstdə.

 

Füzuli Qurbanov, şöbə müdiri, fəlsəfə elmləri doktoru:

 

- "Azərbaycanın kursu: sabitlikdən modernləşməyə doğru" məqaləsi akademik Ramiz Mehdiyevin ölkənin modernləşməsinə həsr edilmiş öncə dərc edilmiş iki məqaləsində qaldırılan məsələlərin məntiqi davamı, daha lakonik şəkildə ifadəsidir.

Məqalədə Azərbaycanın dövlət və cəmiyyət olaraq əldə etdiyi uğurların dolğun fəlsəfi təhlili verilmişdir.

Məqalənin konseptual əsasında iki ideya dayanır. Birincisi, Azərbaycan modernləşmənin daxili imkanları hesabına aparılması modelini seçmişdir. İkincisi, Azərbaycan modernləşmə kursunu ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyası əsasında həyata keçirir. Bu kurs Azərbaycana XX əsrin 90-cı illərinin ortasında daxili siyasi sabitliyə nail olaraq və neft-qaz ehtiyatlarından səmərəli istifadə edərək sabitlikdən modernləşmə mərhələsinə keçməyə imkan vermişdir. Nəticədə ölkəmiz iqtisadi, siyasi və sosiomədəni sahələrdə modernləşmədə sıçrayış mərhələsinə qədəm qoymuşdur. Məqalədə əsaslandırılır ki, bu durum Azərbaycana fərqli tarixi və siyasi şərtlər daxilində modernləşməni həyata keçirmək şansı yaratmışdır.

Akademik Ramiz Mehdiyev bu proseslərin Azərbaycanı dörd istiqamətdə uğurlar əldə edəcəyini təsdiqləyir. Birincisi, ictimai şüurun daha çox demokratikləşməsidir. İkincisi, vətəndaş cəmiyyətinin bazisinin təşəkkülü mərhələsinin başa çatmasına yardım edəcək. Üçüncüsü, fərdin sosiumda yerinin dəyişməsinə imkan verəcək. Dördüncüsü, "azad vətəndaş-güclü dövlət" konseptinin dərk edilərək başa düşülməsi təmin olunacaqdır. Bu punktlar cəmiyyətin modernləşməsi üçün olduqca vacib sosial-mədəni parametrləri stimullaşdıracaqdır ki, Azərbaycan inkişaf etmiş demokratik dövlət kimi daim uğurlar əldə etsin. Təbii ki, bu fəlsəfi qənaətlər Azərbaycanda modernləşmə kursunun ciddi nəzəri əsaslarının olduğunu təsdiqləyir.

Məqalədə diqqəti çəkən ideyalardan biri siyasi modernləşmənin önə çəkilməsidir. Bizcə, Azərbaycan üçün bu, optimal və səmərəli bir variantdır. Müəllifin vurğuladığı kimi, bu proses zamanın tələblərinə cavab verən Milli İdeyanın formalaşması üçün əlverişli şərait yaratmaqdadır. Milli İdeya öz mənbəyini ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasından götürür. Müəllif bu bağlılıqda azərbaycançılıq ideologiyasını xüsusi qeyd edir. Bu yanaşma çərçivəsində Milli İdeyanın məzmununun zəngin tariximizə, Azərbaycan dilinə, mədəniyyət ənənələrimizə və həmçinin dini tolerantlığa əsaslandığı fikri irəli sürülür. Bu müddəaların Azərbaycanın sosial-mədəni inkişafı üçün strateji əhəmiyyət daşıdığına şübhə yoxdur. Bütün bu şərtlər daxilində Azərbaycanın qonşu dövlətlərlə milli maraqlar çərçivəsində əməkdaşlığı uğurla inkişaf etdirəcəyi tamamilə aydındır. Məqalədə nümunə kimi Rusiya ilə əlaqələrin perspektivinin məzmunlu təhlili bu baxımdan tam inandırıcıdr. Bütün bunlara görə, akademik Ramiz Mehdiyevin məqaləsindən irəli gələn vəzifələrin həyata keçiçilməsində ziyalıların təşəbbüskar və çalışqan olmasının vacibliyi aydın görünür.

 

Sakit Hüseynov, şöbə müdiri, fəlsəfə elmləri doktoru:

 

- Çıxışlardan da göründüyü kimi, akademik Ramiz Mehdiyevin bu məqaləsi çox mühüm və aktual bir problemə həsr edilmişdir. Məlumdur ki, hazırda dünyada gedən qloballaşma prosesi ilə əlaqədar inkişaf etməkdə olan dövlətlər öz ölkələrinin inkişaf istiqamətləri haqqında düşünürlər. Bu baxımdan Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni inkişafını, onun müstəqillikdən sonra keçdiyi yolu araşdıran müəllif ölkəmizin sabitlikdən modernləşməyə doğru getdiyi yolu çox düzgün təhlil etmişdir. Məqalədə respublikamızın Rusiya ilə sosial-iqtisadi və mədəni əlaqələrinə ciddi diqqət yetirilmiş, son illərdə iki dövlət arasında yaradılmış qarşılıqlı əməkdaşlıq səviyyəsi şərh edilmişdir. Burada hər iki ölkənin modernləşmə ilə bağlı fəaliyyətləri geniş təhlil edilmişdir.

Məqalədə Azərbaycanın qloballaşmadakı rolu və cəmiyyətimizin davamlı inkişafa keçməsi perspektivlərinə də toxunulmuşdur. Müəllif tərəfindən modernləşmənin şərh edilməsi onu göstərir ki, Azərbaycanda davamlı insan inkişafının prinsipləri həyata keçməkdədir. Qeyd edək ki, davamlı insan inkişafı konsepsiyası sosial tərəqqi tendensiyalarını təhlil etməklə cəmiyyətdə hər bir fərdin vəziyyətinin müxtəlif indeqatorlar vasitəsilə çoxcəhətli dəyərləndirilməsinə əsaslanır. Digər inkişaf konsepsiyalarından fərqli olaraq davamlı insan inkişafı konsepsiyası insan həyatının təkcə iqtisadi tərəflərini yox, eyni zamanda, onun sosial aspektlərini də (təhsil, səhiyyə, ekologiya, demoqrafiya, mədəniyyət, ailə və məişət və s.) əhatə edir. İnsan inkişafı ictimai həyatın bütün sahələrində fərdin inkişaf imkanlarının genişlənməsi prosesinin əsas istiqamətlərinin göstəricisidir. Bu baxımdan akademik Ramiz Mehdiyevin məqaləsində modernləşmə ilə bağlı irəli sürülən fikirlər Azərbaycan cəmiyyətinin davamlı inkişaf prinsiplərinə uyğun gəldiyini nəzəri və praktiki cəhətdən göstərir.

 

Adil Əsədov, baş elmi işçi, fəlsəfə elmləri doktoru:

 

- Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin məqalələri, bir qayda olaraq, ictimaiyyətin geniş təbəqələrinin diqqətini cəlb edir və müxtəlif səviyyələrdə müzakirə mövzusu olur. Çox yaxşı haldır ki, bu müzakirələrdə bizim instututun kollektivi də fəal iştirak edir. Ramiz müəllimin "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" adlı məqaləsinin burada geniş müzakirəsi mənim yaxşı yadımdadır. Ramiz Mehdiyev tərəfindən elita problematikasının ön plana çıxarılmasını, demokratiyanın məhz Azərbaycan siyasi elitası kontekstində mənalandırılmasını, xüsusən demokratik konsolidasiya ideyasını həm də o nöqteyi-nəzərdən alqışlamaq lazım gəlir ki, Azərbaycanda siyasi fəlsəfənin maarifçılik səviyyəsindən alimlik səviyyəsinə, asılı şüur səviyyəsindən azad təfəkkür səviyyəsinə yüksəldilməsi üçün zaman artıq gəlib yetişmişdir. Azərbaycan üçün ideal ola biləcək siyasi nəzəriyyə heç cür xarici ölkələrdən hazır şəkildə əxz oluna bilməz. "Azərbaycan yolu: sabitləşmədən modernləşməyə doğru" məqaləsi isə respublikanın tutduğu yolun uğurlu olması ilə yanaşı, həm də digər ölkələr üçün hətta bir örnək, nümunə ola bilməsi faktını ön plana çıxarır.

Dünyanın Platon, Hobbs, Kont, Spenser kimi bir çox məşhur filosofları cəmiyyəti, sözün geniş mənasında, dövləti canlı orqanizmə bənzətmişlər. Bu bənzətməni ən azı metaforik mənada qəbul etməmək mümkün deyildir. Elə həmin metaforik mənaya söykənərək belə bir fikir irəli sürülə bilər ki, əgər elm bu sosial orqanizmin beyni rolunda çıxış edirsə, hakimiyyət onun ürəyi rolunu oynayır. Hüquq fəlsəfəsinin yaradıcısı, dahi alman filosofu Hegel tərəfindən də dəstəklənən bu mövqe platformasında dayanaraq təsdiq etmək olar ki, əgər elm və onun təmsilçiləri sosial orqanizmin zəkasını təcəssüm etdirirlərsə, hakimiyyət və onun təmsilçiləri sosial orqanizmin iradəsini ifadə edirlər. Zəka və iradə arasındakı münasibətlər necədirsə, ideya və qətiyyət arasındakı münasibətlər necədirsə, elm və hakimiyyət arasındakı münasibətlər də elədir. Güclü iradə dərin zəkanı tələb edir. Əgər iradə güclüdürsə, o, daimi olaraq zəkadan qidalanmanı, idraki təminatı, gerçəkləşdirilməli olan yeni ideyaların yaradılmasını, intellektual resursların aktuallaşdırılmasını, məfkurəvi bazanın zənginləşdirilməsini tələb edir. Və əksinə, əgər zəka daimi olaraq inkişafdadırsa, güclü iradəyə ehtiyac duyulur.

Bu mülahizələri fərd müstəvisindən cəmiyyət müstəvisinə keçirsək, inamla təsdiq edə bilərik ki, əgər hakimiyyət sosial iradənin təcəssümü olaraq güclüdürsə, o, sosial zəkanın inkişafını, gerçəkləşdirilmək üçün yeni ideyaların yaradılmasını, yeni sosial məqsədlərin müəyyənləşdirilməsini və bunun əsasında da hüquqi və ideoloji bazanın daim yeniləşdirilərək möhkəmləndirilməsini tələb edir. Bu məqamın əksinin də analogiyası mövcuddur. Əgər elm, idrak məhz sosial zəkanın təcəssümü olaraq inkişaf edirsə, gerçəkləşdirilmə təyinatından qopub-ayrılmayıbsa, sosial iradənin təcəssümü olan güclü hakimiyyəti tələb edir.

Lakin hakimiyyətin müstəsna dərəcədə bir hüquq kimi, səlahiyyət kimi, imtiyaz kimi qəbul olunması onun yalnız görünən tərəfinin mütləqləşdirilməsi ilə bağlıdır. Bu anlam hakimiyyətin adi şüur səviyyəsində qavranılmasından doğulur. Adi şüur, əlbəttə ki, heç də yalanın ifadəçisi deyildir, amma tam həqiqətin də ifadəçisi deyildir, öz təbiəti etibarı ilə və gündəlik qayğıların təzyiqi altında məhduddur. Hakimiyyətin adi şüur səviyyəsində anlaşılmasının məhdudiyyətini aradan qaldırmaq üçün onun aristokratik anlamı diqqət mərkəzinə gətirilməlidir. Hakimiyyətin aristokratik anlamı isə hakimiyyətin müstəsna dərəcədə hüquq kimi deyil, digərlərinin taleyi üçün məsuliyyət hissi kimi qavranılmasına söykənir. Hakimiyyətin aristokratik anlamı nöqteyi-nəzərindən, hakimiyyət hüquq, səlahiyyət, imtiyaz olmaqdan daha çox məsuliyyətdir, borcdur, zülmə məruz qalanları zülmdən xilas etmə, ədalətsizliyə düçar olanları ədalətsizlikdən qurtarma məsuliyyəti və istəyidir. Əgər bu məsuliyyət hissi və bu istək xilaskarlıq bacarığı ilə tamamlanırsa, bu, son dərəcə böyük nemətdir. Elə bir nemətdir ki, dövlət yalnız onun sayəsində mövcud ola bilir. Dövlət o dərəcədə mövcuddur, o dərəcədə həqiqidir, o dərəcədə güclüdür və o ölçüdə müstəqildir ki, hakimiyyətin yuxarıda göstərilən aristokratik resursları o dərəcədə və o ölçüdə inkişaf etmişdir və öz təbii təyinatını gerçəkləşdirməkdədir. Hakimiyyət yalnız bu resurslara sahib olan insanlara həvalə edildikdə güclüdür. Hakimiyyətdən kənarlaşdırma yalnız bu resursların tükənməsi ilə əlaqədar olmalıdır. Bunu isə qanun maddəsindən daha çox, həyatın özü tənzimləyir. Aristokratik resursların olub-olmaması insanların təbii təyinatının göstəricilərindən biridir. Böyüklük edə bilmək üçün, rəhbər ola bilmək üçün, əgər istəyirsinizsə, hökmdar ola bilmək üçün hökmdar təyinatlı olmaq gərəkdir. Əgər cəmiyyətdə tənəzzül müşahidə olunursa, bu, hakimiyyətdə daşınan aristokratik resursların artıq tükənməsindən xəbər verir. Yox, əgər cəmiyyətdə inkişaf müşahidə olunursa, bu, hakimiyyətdə daşınan aristokratik resursların hələ də mövcud olmasından xəbər verir. Akademik Ramiz Mehdiyevin "Azərbaycan yolu: sabitləşmədən modernləşməyə doğru" məqaləsi isə Azərbaycanın hakimiyyətdə daşınan aristokratik resursların hətta qonşular üçün bir təcrübə ola biləcəyini nümayiş etdirir.

 

Əlikram Tağıyev, şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor:

 

- Akademik Ramiz Mehdiyevin müzakirə etdiyimiz elmi məqaləsi də əvvəlki əsərləri kimi cəmiyyətimizin inkişafı üçün bir növ metodologiya rolunu oynayır. Burada cəmiyyətimizin qarşısında duran sosial-iqtisadi və siyasi-ideoloji-mənəvi problemlər öz əksini tapmışdır. Məqalədə siyasi sabitlik bərqərar olandan sonra modernləşməyə gedən yolda Azərbaycan cəmiyyətinin üzləşdiyi bir sıra problemlərə toxunulur. Bunlar aşağıdakılardır:

Sosial iqtisadi inkişaf. Azərbaycan 20 ilə yaxındır ki, yeni həyat qurur, o, totalitarizmdən demokratiyaya gəlmişdir. Lakin müstəqil demokratik cəmiyyət qurmaq elə də asan başa gəlmir: O, erməni işğalı, ərazilərin itirilməsi, bir milyon insanın öz Vətənində qaçqın və köçkün vəziyyətinə düşməsi, sosial-iqtisadi çətinliklər və s. ilə müşayiət olunur. Amma bütün bunlarla bərabər, Azərbaycan əldə etdiyi siyasi sabitlikdən istifadə edərək həyata keçirdiyi bir sıra iqtisadi islahatlar nəticəsində büdcəsini hər il daha da artırır, manatın məzənnəsi stabilləşir, xarici borcların artmasının qarşısı alınır, respublikaya investisiya qoyuluşu genişlənir.

2010-cu il üçün ölkənin valyuta fondu 21 milyard ABŞ dolları təşkil etmişdir. 2008-ci ildə Dünya Bankı Azərbaycanı 1 nömrəli islahatçı ölkə kimi qeydə almışdır. Xarici borc ümumi məcmu məhsulun cəmi 8 faizini təşkil etmişdir. Halbuki, bu göstərici bir sıra dünya ölkələrində 40 faizi ötmüşdür. Ölkədə davamlı iqtisadi inkişaf təmin olunmuşdur. 2009-cu ildə Ümumdünya İqtisadi Forumu Azərbaycanın rəqabətə davamlılıq cəhətdən dünya ölkələri içərisində 51 -ci yeri tutduğunu, MDB ölkələri sırasında isə birinci sırada durduğunu elan etmişdir. Ölkənin iqtisadi gücünün artması vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun genişlənməsi istiqamətində inkişaf edir. Keçən əsrin 90-cı illərinin ortalarında əldə olunmuş iqtisadi yüksəlişə arxalanaraq respublika bu gün artıq sabitlikdən modernləşməyə keçid dövrünü başa vurmuşdur. Bu, yeni iqtisadi sistemin formalaşmasına, iqtisadi müstəqilliyə və dünyaya inteqrasiyaya səbəb olacaq, şüurlarda "güclü dövlətin azad vətəndaşı" ideyası formalaşacaqdır. Ancaq modernləşmə şəraitində konsolidar demokratiyaya keçid mümkün olacaq, innovasiya meyilli yeni siyasi elitanın formalaşmasına gətirib çıxaracaqdır.

Ölkədə milli ideyanın formalaşması üçün əlverişli şərait yaranmışdır. Milli dövlətçilik ideyası olan azərbaycançılıq hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ideya səviyyəsində mövcud olmuşdur. Sonradan ümummilli lider Heydər Əliyev tərəfindən milli dövlətçilik ideologiyası kimi irəli sürülən və inkişaf etdirilən bu ideya zəngin dilimizə, tarixi ənənələrimizə, mədəniyyətimizə və tolerantlığımıza əsaslanır. O, beynəlxalq siyasətin suveren və ayrıca müstəqil bir vahidi olan Azərbaycan dövlətçiliyinin bu gününü və gələcəyini formalaşdırır.

Milli inkişafda siyasi suverenliyin və davamlı iqtisadi rifahın yaradılması fasiləsiz intellektual səviyyənin olmasını tələb edir. Təhsilin beynəlmiləlləşməsi və qlobal rəqabət gənclərimizin intellektual səviyyəsinin yüksəldilməsini tələb edir. Ona görə də dövlətimiz öz büdcəsi hesabına 2007-2015-ci illərdə xaricdə 5000 tələbə oxutmağı nəzərdə tutur.

Xarici siyasət. Azərbaycan bütün qonşu dövlətlərlə münasibətdə qarşılıqlı əməkdaşlığa və siyasi-hüquqi bərabərliyə can atır. Xüsusilə burada böyük şimal qonşumuz Rusiya ilə münasibətlər mühüm əhəmiyyət kəsb edir. SSRİ dağılandan sonra bu münasibətlər bir qədər gərgin idi. Amma Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana gəlişi bu münasibətlərdə yeni bir mərhələ yaratdı. Prezident Heydər Əliyevin Moskvaya cavab səfəri, Xəzər dənizi məsələlərinə dair Bakı Bəyannaməsinin imzalanması iki ölkə arasında bir sıra məsələlərin çözülməsinə şərait yaratdı. 12 oktyabr 2001-ci ildə Bakıda A.S.Puşkinə, 9 iyun 2002-ci ildə isə Sankt-Peterburqda Nizami Gəncəviyə ucaldılan heykəllərin açılışı oldu. Bunlar Azərbaycan-Rusiya strateji əməkdaşlının yeni mərhələsinin başlanması demək idi.

İndiyədək bizim Rusiya ilə 110 müxtəlif səviyyəli müqavilələrimiz var. 2008-ci ildə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hər iki ölkənin Prezidentləri Dmitri Medvedyevlə İlham Əliyev tərəfindən bağlanan müqavilə xüsusi əhəmiyyətə malikdir.

Məqalədə Rusiya ilə Azərbaycan arasında humanitar sahələrdəki münasibətlərin tarixinə də nəzər salınır. Qeyd olunur ki, Azərbaycanda rus dilinə maraq artır. İndi bizdə rus dilində məktəblər, Slavyan Universiteti fəaliyyət göstərir, 16 min tələbə rus dilində oxuyur. M.V.Lomonosov adına MDU-nun Bakı filialının açılması da bu əlaqələr sistemində vacib rol oynayır. Rus klassiklərindən Puşkinin, Lermontovun, Tolstoyun, Çexovun, Dostoyevskinin, Blokun, Yeseninin və b. əsərlərinin tərcümələri 1,5 milyon nüsxə tirajla çap olunmuşdur. 2010-cu ilin yanvarında humanitar əməkdaşlıq sahəsində birinci Rusiya - Azərbaycan forumu uğurla keçirilmişdir.

Ümumiyyətlə, akademik Ramiz Mehdiyevin bu məqaləsi alimlər qarşısında cəmiyyətimizdə baş verən və verəcək siyasi proseslər haqqında müəyyən fikir və ideya irəli sürməyi təlqin edir.

 

Azər Mustafayev, şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor:

 

- "Azərbaycanın kursu: sabitlikdən modernləşməyə doğru" məqaləsi geniş oxucu kütləsi üçün, ələlxüsus intellektual auditoriya üçün nəzərdə tutulmuş, həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edən, bilavasitə Azərbaycan reallıqlarına və gerçəkliyinə söykənən sanballı bir tədqiqat araşdırmasıdır. Məqalədə diqqəti cəlb edən məqamlardan biri də ondan ibarətdir ki, müəllif burada Azərbaycan cəmiyyətinin müstəqillik illərində ictimai həyatımızın bütün sahələri üzrə əldə etdiyi uğurları elmi cəhətdən düzgün təhlil etmiş və gələcək inkişaf perspektivlərimizi faktiki materiallar əsasında müəyyənləşdirmişdir. Məqalənin ana xəttini müasir mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli, çoxşaxəli inkişafı və bundan irəli gələn perspektivlər təşkil edir. Burada xüsusi vurğulanır ki, Azərbaycan-Rusiya münasibətlərinin çoxillik və zəngin tarixi ənənələri olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanın son iki əsr ərzində Avropaya çıxışı Rusiya vasitəsilə həyata keçirilmişdir.

Akademik Ramiz Mehdiyevin məqaləsində xüsusi maraq doğuran məqamlardan biri də ondan idarədir ki, Azərbaycan-Rusiya münasibətlərinin uğurlu inkişafı fonunda respublikamızın son illər əldə etdiyi nailiyyətlər paralel olaraq oxuculara çatdırılır. Məqalədə xüsusi vurğulanır ki, cəmiyyətimizin iqtisadi inkişafında keçid dövrü artıq tamamlanaraq arxada qalmış, ictimai həyatın bütün sahələri üzrə sabitlikdən modernləşməyə doğru çətin və böyük bir yol keçilmişdir. Bu isə öz növbəsində müasir bazar iqtisadiyyatının tələblərinə cavab verən yeni iqtisadi münasibətlərin formalaşmasına, ictimai və milli mənlik şüurunun inkişafına və demokratikləşməsinə, sosiumda fərdin yerinin müəyyənləşməsinə, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin bərqərar olmasına, son nəticədə isə "azad insan - azad cəmiyyət" ideyası müstəvisində güclü Azərbaycan məfkurəsinin həyata keçirilməsinə hərtərəfli şərait yaratmışdır. Heç şübhəsiz ki, iqtisadiyyatımızın yüksək templərlə inkişafı ölkənin hərbi müdafiə potensialını gücləndirərək işğal olunmuş torpaqlarımızın azad edilməsində də öz müsbət təsirini göstərəcəkdir. Azərbaycanın sürətli inkişafı, əldə etdiyi uğurlar bütün qonşularımız kimi, hətta böyük və güclü Rusiyanı da onunla hesablaşmağa, tam və bərabərhüquqlu münasibətlər qurmağa sövq edir. Təsadüfi deyil ki, Rusiya Federasiyasının Prezidenti D.Medvedyevin Bakıya axırıncı səfəri zamanı rəsmi Rusiya nümayəndə heyətinin tərkibində Şimali Qafqaz respublikalarının bəzi rəhbərləri də iştirak edirdilər. Bu isə təkcə Azərbaycanın deyil, həm də Rusiyanın bizimlə hərtərəfli əlaqələrin qurulmasında maraqlı olmasından xəbər verir.

Beləliklə, akademik Ramiz Mehdiyevin adıçəkilən dəyərli məqaləsi həm məzmun, həm də keyfiyyət baxımından Azərbaycan cəmiyyəti və onun ziyalıları üçün layiqli bir töhfədir.

 

Rəna Mirzəzadə, şöbə müdiri, fəlsəfə elmləri doktoru:

 

- Milli dövlət, bütün dövrlərdə olduğu kimi, öz maraqlarını müdafiə etmək istiqamətində zamanın diktəsi, milli iqtisadiyyatın dünyadan təcrid edilməsi deyil, onun qlobal sistemə inteqrasiyası yolunu arayır. Öz növbəsində, qlobal rəqabətdə uğur qazanmağın başlıca şərti səmərəli dövlət strukturlarının mövcud olmasıdır. Bu baxımdan yeni beynəlxalq durum hər bir milli dövlət qarşısında çoxsaylı suallar qoyur.

Azərbaycanda bugünkü modernləşmə xətti böyük islahatlardan keçib. İslahat-dəyişikliklər bəzən çətinliklərlə qarşılaşır. Bu baxımdan əsas islahatlar ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə başlayıb, 2003-dən isə ölkə Prezidenti İlham Əliyevin uğurlu modernləşmə xətti ilə davam etdirilir. Bu məqalədə əsas qırmızı xətt iqtisadi modernləşmənin məhz siyasi modernləşmə ilə çulğalaşması müstəvisindən keçir. Akademik Ramiz Mehdiyevin düşüncə və baxışları əks olunan son illərdəki silsilə yazılarında verilən ölkənin modernləşmə xəttinin təhlili tədqiqatçılar üçün önəmli bir elmi mənbədir. Müəllifin də göstərdiyi kimi, kreativ tipli insanların şüuru bütün yeniləşməyə hazır olur. Bəs digərləri? Belə halda məhz alim sözünə, alim təfəkkürünə, güclü tədqiqatçı məntiqinə ehtiyac duyulur. Bu yanaşmadan akademik Ramiz Mehdiyevin də müasir Azərbaycanın modernləşmə-müasirləşmə xəttini açıqladığı bu məqalə bütünlükdə kütləvi ölkə vətəndaşının da maariflənməsi üçün gərəkli öyrəncdir. Müəllif iqtisadi rəqəmlərə əsaslanmaqla həm də ölkədəki ümumi sosial durumun vəziyyətini açıqlayır, digər tərəfdən isə bu statistika həm də qloballaşan dünyada respublikanın inkişaf tempinin də göstəricisidir.

Müəllif şüurun demokratikləşməsi məsələsi ilə bağlı intellektual sahədə də böyük çevrilişin olmasının vacibliyinə diqqəti yönəldir. Bu baxımdan da biliyin idarə olunması üçün modern kadrlara ehtiyac vardır. Cəmiyyətdə sosial mobillik intellektual göstəricilərə görə həyata keçirilir. Ona görə sosial mobillik üçün intellektual sahədə çalışanlar da köhnəlikdən qopub yeniləşməlidir.

Məqalədə Azərbaycanın tarixi-iqtisadi müasirləşmə modelində həm də sosiomədəni kontekst, o cümlədən dilə münasibət, azərbaycanlıların rus dilinə olan ehtiramı-marağı da çox incə ştrixlə tarixi aspektdə göstərilmişdir. Milli dövlət dilinə xüsusi sayğı, rus dilinə isə qarşılıqlı ünsiyyət vasitəsi olaraq hörmət edilməsi də zərurətdir. Məhz bu da qloballaşan dünyada qarşılıqlı əlaqələrdə dövlətlərarası münasibətlərin inkişafıdır. Təbii ki, burada bir məqam da odur ki, dövlət hakimiyyət strukturunda yüksək statusda olan akademik Ramiz Mehdiyev həm də həmkarımız, filosofdur. Zaman-zaman cəmiyyətdə gedən proseslərə də o, məhz fəlsəfi tərzdə yanaşır, ayrıca təhlillərlə fikir yürüdərək, dövrün problem istiqamətlərini geniş ictimaiyyətə təqdim edir.

Akademik bu məqaləsində azərbaycanlılıq ideologiyasını xüsusi olaraq qabardır, milli dil, mədəni təzahürlər, din, o cümlədən tolerantlıq məsələsini də önə çəkir ki, bu da respublikanın müasirləşmə-stabilləşmə tendensiyasında öz tarixi ənənələrini qorumağın vacibliyini bir daha xatırladır. Müəllif qonşuların təcrübəsi modelində iki qonşu dövlətin inkişaf yoluna nəzər yetirməklə, "Yeni qonşuluq siyasəti" proqramına da diqqət yönəldib, siyasi proseslərin mədəni əlaqələrin, beynəlxalq münasibətlərin düzgün aparılması kimi hallara da fəlsəfi prizmadan yeni fikir söyləmişdir. Hesab edirəm ki, bu tezislər ölkəmizin modernləşmə-stabilləşmə istiqamətindəki inkişafında bir yeni proqram sənədidir və qeyd etdiyimiz kimi, hər bir azərbaycanlı alim, həmçinin vətəndaş üçün zəngin maarifləndirmə mənbəyidir.

Əbülfəz Süleymanov, aparıcı elmi işçi, sosiologiya elmləri üzrə fəlsəfə doktoru:

- Əhalinin ayrı-ayrı təbəqələrinin, kateqoriyalarının, sosial institutların dövlətin müəyyənləşdirdiyi modernləşmə xəttinə həm şüur, həm də əməli fəaliyyət müstəvisində hazırlıq səviyyəsinin empirik sosial tədiqatlar əsasında təhlil olunması elm adamları qarşısında duran mühüm vəzifələrdən biridir. Belə ki, bu növ tədqiqatlar prosesin daha elmi yollarla həyata keçirilməsinə və idarə olunmasına imkan verir. Digər tərəfdən, bu yolla qarşıya çıxa biləcək problemləri əvvəlcədən proqnozlaşdırmaq və buna uyğun tədbirlər görmək imkanı meydana gəlir. Bununla birgə, bu sahədə aparılan tədqiqatların nəticələri aidiyyatlı qurumların iştirakı ilə müzakirə olunmalı və ortaya çıxarılan nöqsanların aradan qaldırılmasında elm adamları tərəfindən verilən təkliflərin həyata keçirilməsinə nail olmaq vacibdir. Bu, eyni zamanda elmi strukturlarla icra strukturları arasında yeni iş metodunun işlənib hazırlanmasını da zəruri edir.

 

Mirafərim Seyidov, aparıcı elmi işçi, hüquq üzrə fəlsəfə doktoru:

 

- Son illərdə respublikada həyata keçirilən köklü islahatlar Azərbaycanı özünü təmin edən, sabit siyasi sistemə malik olan dövlətə çevirmişdir. Təsadüfi deyil ki, Cənubi Qafqazın iqtisadi liderinə çevrilən Azərbaycan iqtisadiyyatı dünya böhranı dövründə də özünün həyat qabiliyyətliliyini sübut etmişdir. Bu illərdə Azərbaycanın ümumdaxili məhsulu sürətlə artmış, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə kapital qoyuluşu yüksəlmiş, valyuta ehtiyatları 21 milyard ABŞ dolları səviyyəsinə çatmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatı ağır keçid dövrünü başa vurmuşdur. Təsadüfi deyildir ki, Azərbaycanın sosial-iqtisadi sahələrdə həyata keçirdiyi islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. Hörmətli akademik Ramiz Mehdiyev bu məqaləsində göstərir ki, Azərbaycanın bugünkü sürətli inkişafının əsasında 90-cı illərin ortalarında əldə edilmiş siyasi sabitlik durur. Məhz bu sabitlik və neft-qaz ehtiyatlarından səmərəli istifadə edilməsi sayəsində Azərbaycan iqtisadiyyatı sabitləşmədən modernləşməyə keçid etmişdir.

Müəllif bildirir ki, son məqsədi, yüksək demokratiya olan siyasi modernləşmə ölkədə həyata keçirilən islahatların əsasını təşkil edir. Modernləşmə dövrünə qədəm qoyan Azərbaycan iqtisadi inkişaf problemlərini artıq yeni tarixi və siyasi şəraitdə həll edir. Yaradılmaqda olan yeni iqtisadi sistem iqtisadi azadlıqların daha tam və dolğun təmin olunmasına və dünya iqtisadiyyatına inteqrasiyaya istiqamətlənmişdir.

Məqalədə müəllif elm və təhsilə xüsusi diqqət ayırmışdır. O bildirir ki, siyasi suverenliyin və davamlı sabit iqtisadi rifahın təmin olunması, intellektual inkişafsız mümkün olmazdı. Gənclərin intellektual səviyyəsi Azərbaycan dövlətçiliyinin davamlı inkişafının və möhkəmliyinin əsas faktoru kimi göstərilir.

Əlikram Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri doktoru, professor:

- Bu gün müzakirəsinə toplaşdığımız Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" sərlövhəli fundamental məqaləsi, sözün həqiqi mənasında, müasir dövrdə ölkəmizin sosial-iqtisadi inkişafının mənzərəsini yaradan, daxili və xarici siyasətinin bəzi mühüm məqamlarına işıq salan sanballı bir əsəridir. Və bu məqalənin Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda müzakirəsinin keçirilməsi təqdirəlayiqdir. Onu da qeyd etməyi özümə borc bilirəm ki, sizin institutun kollektivinin son dövrdə ölkənin ictimai-siyasi həyatında gedən proseslərə fəal münasibət göstərməsi elmi ictimaiyyət tərəfindən etiraf olunur, yaxşı qarşılanır.

Akademik Ramiz Mehdiyevin bu məqaləsi müstəqillik illərində Azərbaycanın keçdiyi inkişaf yolunun yığcam şəkildə ciddi elmi qiymətini verir, qarşıdakı mərhələnin baş istiqamətlərini göstərir. Bu, istər iqtisadi, istər siyasi, istərsə də mənəvi sahənin inkişafının əsas istiqamətləridir və müəllif onu ən ümumi səciyyə kimi modernləşmə adlandırır. MDB üzvü olan ölkələrin elmi ədəbiyyatında bu termin yeni mahiyyət alır və onların inkişaf xüsusiyyətlərini dəqiq ifadə edir. Məqalədə müəllif modernləşməyə nail olmağın başlıca yollarını təqdim edərək bu sırada azad vətəndaş, güclü dövlət, konsolidə olunmuş demokratiya, milli-mənəvi yüksəliş kimi məqamları xüsusi vurğulayır. Eyni zamanda, akademik Ramiz Mehdiyev bu məqsədlərə nail olmağın əsas nüvəsini milli inkişafda intellektual sıçrayışda görür. Hesab edirəm ki, bu, çox düzgün və perspektivli bir qiymətdir.

Məqalədə, həmçinin Azərbaycan - Rusiya münasibətləri geniş xarakterizə olunmuş, iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafı, onun əsas parametrləri öz əksini tapmışdır.

Müəllif məqalədə Azərbaycanın gələcək inkişafının baş nişangahlarını müəyyən etmişdir. Ölkəmizdə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri əl-ələ verib bu vəzifələrin həlli istiqamətində səmərəli fəaliyyətə səy göstərməlidirlər.

 

***

 

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə sonda müzakirədə aktiv iştirak etdiklərinə, maraqlı təkliflər verdiklərinə görə tədbir iştirakçılarına təşəkkür etdi və əmin olduğunu bildirdi ki, elm xadimləri akademik Ramiz Mehdiyevin "Azərbaycanın kursu: sabitlikdən modernləşməyə doğru" məqaləsində irəli sürülmüş vəzifələrin həyata keçirilməsində fəallıq göstərəcəklər.

 

"Dəyirmi masa"nı qələmə aldı: Qüdrət PİRİYEV

 

 Xalq qəzeti.- 2010.- 9 oktyabr.- S. 3.