Lətif Səfərov-90
Kino onun həyatı
idi
Tədbirin təşkilatçısı
Dövlət Film Fondu idi. Aparıcı kinoşünas, əməkdar
incəsənət xadimi Aydın Kazımov görkəmli kino
xadimi, rejissor Lətif Səfərovun həyat və
yaradıcılığından ətraflı söhbət
açdı. O qeyd etdi ki, Lətif Səfərov əslən
Şuşalı idi. O, 1920-ci il sentyabrın 30-da doğulub. 7 yaşında ikən
rejissor Leo Murun "Gilan Qızı"
("Tunc ay") filmində
çəkilib. Sonra yaradıcı
heyətlə Bakıya
gələn balaca Lətif studiyada ştata da qəbul
olunub. 1928-1931-ci illərdə
"Sevil", "Lətif",
"Şərqə yol",
"Qızıl kol"
filmlərində uşaq
rollarında çəkilib.
Ancaq sonradan xəstələnən
Lətif Bərdəyə
gəlib. Nəhayət, 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və
qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində,
sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.
Lətif Səfərov 1940-cı ildə
Moskvadakı Ümumittifaq
Dövlət Kinematoqrafiya
İnstitutuna daxil oldu. Məşhur rus kinorejissoru
Qriqori Kozintsevdən sənətin sirlərini öyrəndi. Müharibənin başlaması ona təhsilini davam etdirmək imkanı vermədi, Bərdəyə
qayıtdı və
1941-1946-cı illərdə burada müəllimliklə
məşğul oldu.
1946-cı ildə Moskvaya qayıdan gənc Lətif təhsilini davam etdirdi. 1950-ci ildə təhsilini başa vurub professional sənətkar kimi Bakıya döndü, kinostudiyada fəaliyyətə
başladı. O vaxta
kimi bizim filmlərə Rusiyanın,
Gürcüstanın rejissorları
quruluş verirdilər.
Lətif
Səfərov Azərbaycan
kinosuna peşəkar kinorejissor kimi gəldi və bir çox qiymətli filmlər yaratdı.
Natiq bildirdi ki, cürətli insan idi Lətif
Səfərov. 1952-ci ildə
kino işçilərinin
Moskvada keçirilən
Ümumittifaq müşavirəsində
əsl mənada qəhrəmanlıq göstərdi.
Müşavirədəki çıxışından bəzi məqamları diqqətinizə çatdırmaq
istərdik. "...Biz tələbə skamyası
arxasında yanaşı
oturmamışıqmı? Niyə bir parasının başdan-binadan hər şeyi var, o birisinin yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm
əzabıdır. Biz
pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində
epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız
üçün təkrarolunmaz
hadisələri çəkirik,
bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə
aldığımız adamlara
necə izah edək? Onların gözünün içinə
necə baxaq? Bizim nəhayət, soruşmağa haqqımız
varmı, hamı üçün eyni cür şərait nə vaxt olacaq,
nə vaxt?" Bu çıxış, bəlkə
də, Lətifin gələcək taleyinə
ilk zərbə idi. Ancaq o, qorxmadan danışdı, sözünü
dedi və əyalət adından danışan bu gənc kinematoqrafçı
öz üzərinə
ciddi məsuliyyət götürdü.
Böyük sənətə doğru
inamla irəliləyən
gənc rejissor müəyyən maneələrlə
rastlaşsa da, 50-ci illərin əvvəllərində
bir neçə sənədli filmə quruluş verdi. 1955-ci ildə ona "Bəxtiyar" filmini çəkmək həvalə
olundu. Bu lentlə o, böyük kinoda ilk filmini yaratdı. Azərbaycanı, onun incəsənətini çox
sevirdi Lətif. Ssenarini ruslar yazmışdı (Boris Laskin
və Nikolay Rojkov). Amma ssenari
nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı. O, baş
rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb
edirdi. Rəşid Behbudovun "Arşın
mal alan" filmindəki
uğuru onun özünü də kinoya bağlamışdı.
Beləliklə, Rəşid
Behbudov bu filmilə özünün
yeni bir ekran triumfunu etmiş oldu. "Bəxtiyar" filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsi oldu. Tofiq Quliyevin
ürək oxşayan
musiqisi bizim kinomuzda bir növ
yeni ovqat yaratdı. Filmdəki
"Zibeydə", "Qızıl
Üzük", "Bakı"
mahnıları dillər
əzbəri oldu. Rejissor bu filmdə
həm də çox maraqlı bir aktyor ansamblı
yarada bilmişdi. Rəşid Behbudovla yanaşı milli aktyor sənətimizin nəhəng simalarından
olan Ağasadıq Gəraybəyli, Ağahüseyn
Cavadov, Münəvvər
Kələntərli və
digərlərinin oyunu
filmin ümumi ahənginə xüsusi təsir göstərmişdi.
"Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs
gətirən Lətif
Səfərov ekranın
estetik funksiyası ilə bağlı nəzəri görüşlərini
müəyyən qədər
də olsa reallaşdıra bildi.
Kinematoqrafçılar İttifaqının
sədri nələri
istəyirdi? Əslində
çox şeylər
barədə düşünürdü.
1958-ci ildə ona etimad göstərib Respublika Kinematoqrafçılar
İttifaqının sədri
seçdilər. O, kinonu
inkişaf etdirmək istəyirdi. Tələbləri
də qəti və dönməz idi: "Yaradıcı adam indi ya
kinematoqrafiyadan getməli,
ya da nəyi
isə partlatmalıdır.
Kinematoqrafçı kinodan
uzaqlaşa bilməz.
Kino onun həyatıdır".
Bu sözləri rejissor
1961-ci ildə söyləmişdi.
Həmin il Kinematoqrafçılar İttifaqının
müşavirəsində daha
kəskin nitq söylədi. Açıq-aşkar
deyirdi: "Adamlarla həqiqət dilində danışmaq lazımdır.
Yalan cana doyurub, o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət yalan danışıblar".
"Koroğlu" filmi üzərində böyük
əziyyətlə işlədi.
Çünki studiyanın
imkanları çox məhdud idi. Texnika sarıdan çətinliklər vardı.
Elə müşavirələrdən
birində də deyirdi ki, "Bakı kinostudiyasında heç nə yoxdur". Amma Lətif Səfərov, bu çətinliklərə
baxmayaraq işləyirdi.
Axı, bütün canı, qanı ilə ömrünü kinematoqrafa bağlamışdı.
Kino haqqında danışanda
böyük yanğı
ilə deyirdi: "Axı bu da
yaradıcılıqdır, kollektiv - ağacdan, dəmirdən, atdan, dəvədən, nəhayət,
havadan asılı yaradıcılıqdır. Quruluşçu
rejissoru divara dirəmək lazım deyil ki, o da
axırda gücdən
düşsün, əlini
yelləsin". Beləcə,
bütün yaradıcı
ömrünü kinonun
inkişafı uğrunda
mübarizəyə həsr
etdi. Çoxlarını
da özündən narazı salırdı. Çünki ətrafındakılara
bu cür tələbkarlıq lazım
deyildi.
Bu böyük sənətkarın
tale ağrıları haqqında
çox yazılsa da, onun intiharının
səbəbləri hələ
də sirr olaraq qalır. Əlbəttə, gümanlar,
şübhələr çoxdur.
Amma o gecənin təfsilatları barədə
müəyyən məqamlara
aydınlıq gətirilməmişdir.
Jurnalist Nəriman Əbdürrəhmanlı "Şimşəklər
kimi" məqaləsində
bu müdhiş hadisəyə münasibət
bildirmişdir: "Dekabrın
9-u saat 2 radələriydi...Güllə səsiylə
hər şey bitdi. ...Səhəri qonşulardan kimsə güllə səsini şimşək çaxmasına
oxşatdığını demişdi. Deyəsən, yanılmamışdı...Lətif
Səfərov kinoya şimşək kimi çaxıb gəlmişdi,
şimşək kimi çaxıb getdi".
Həmin
il o, Kinematoqrafçılar
İttifaqının katibliyindən
çıxarılmışdı. Son narazılıqlar da Kinematoqrafçılar İttifaqının
1963-cü ilin yanvarında
keçirilən qurultayından
başlamışdı.
Rejissor öz sənət dostlarını bir olmağa çağırırdı:
"Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi
üçün, kinematoqrafiyamız
üçün yaxşı
işlər görə
bilərik". Əfsus
ki, Lətif Səfərov çox arzularını ürəyində
apardı. Bizə isə onun gözəl
filmləri yadigar qaldı.
Sonra xalq artisti Rafiq
Əzimov, əməkdar
incəsənət xadimi,
kinorejissor Ələkbər
Muradov, Film Fondunun direktoru, əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev Lətif Səfərov haqqında, onun filmləri barədə söhbət
açdılar.
Tədbirdə kinorejissorun çəkildiyi
və çəkdiyi
"Gilan qızı",
"Lətif", "Bəxtiyar",
"Qızmar günəş
altında", "Leyli
və Məcnun" filmlərindən fraqmentlər
göstərildi.
Rejissorun
həyat və yaradıcılığına həsr
olunmuş fotosərgi
də tamaşaçılar
tərəfindən maraqla
qarşılandı.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 10 oktyabr.- S. 8.