Fəxrəddin Dadaşov-60

 

Ürəkləri titrədən kaman

 

İlk orta əsrlərdə Əbdülqadir Marağayinin əsərlərində Azərbaycana məxsus musiqi alətləri sırasında ud, rübab və qopuzla adı yanaşı çəkilən kamançanın şanlı tarixi vardır. İllər boyu ali məclislərdə, dəbdəbəli ziyafətlərdə aparıcı rolu, layiqli yeri olub. Digər mənbələrdə də mənşəyi, ecazkar səsi barədə yetərincə məlumat verilmiş, bədii ədəbiyyatda hətta təşbehə, mübaliğə vasitəsinə çevrilmişdir. Dahi Səməd Vurğun məlahətli səsin uca məqamını onun kamana bənzəməsində görür:

 

Oxu gözəl! Oxu, gözəl! Qoy səsin,

Ürəyimdə kaman kimi titrəsin...

 

Təkrarsız söz ustası Bəxtiyar Vahabzadə isə kamanın simlər üstdə gəzişməsini təbiət və cəmiyyətin ən kövrək yaşantıları ilə əlaqələndirir:

 

O enən, o qalxan səslər, avazlar

Yazbaşı dağların selidir bəlkə?

Kamanın bağrında ağaran tozlar

Yanan arzuların külüdür bəlkə?..

 

Musiqi alətini düzəldiyi material, ona vurulan bər-bəzək uzun müddət yaşada bilər, qiymətinin öhdəsindən üstündəki daş-qaşlar, haqqında söylənilən xoş sözlər gələ bilər. Ömrü, hörməti-izzəti yalnız onu dilləndirən ifaçının məharətində, ustalığındadır. Kamançanı da sevdirən, məclislər yaraşığına çevirən Azərbaycan musiqi mədəniyyəti tarixinə düşmüş sənətkarlardır. Qaraçı Hacı bəy, Qulu Əliyev, Mirzə Rasim Şirinov, Böyükkişi Əliyev, Habil Əliyev, Şəfiqə Eyvazova...

Respublikanın xalq artisti, Prezident təqaüdçüsü Fəxrəddin Dadaşov da həmin dəyərli ifaçılardandır. Təkcə layiq görüldüyü titullar deyil, onun sənətinə olan ümumi sevgi, hər çıxışının hərarətlə qarşılanması belə deməyə əsas verir. Kamança qüdrətinin təsdiqi üçün misal gətirdiyimiz Bəxtiyar Vahabzadə şerinin qəhrəmanı, sənət zirvəsinin fatehi Habil Əliyev müsahibəsində çağdaş ifaçılardan məhz onu bəyəndiyini bildirir... Fəxrəddin Əlisahib oğlu Dadaşov 1950-ci il sentyabrın 26-da Bakıda musiqiçi ailəsində dünyaya göz açmışdır. Ayağı yer, dili söz tutar-tutmaz zərb alətlərində çalmağa başlayır. Övladının evdəki mənəvi ab-havaya, nəslin peşə yönümünə sadiq qaldığını görən atası onu səkkiz yaşında ikən 2 saylı Uşaq Musiqi Məktəbinə aparır. Orada Tahirə Əliyevanın kamança sinfini əla göstəricilərlə bitirir. Sonra Fəxrəddin Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olur və yenə də fəallığına, sənəti yaxşı mənimsəməsinə görə şagirdlərin, yoldaşlarının rəğbətini qazanır, müəllimlərin sevimlisinə çevrilir. Aldığı bilik onun istedadını cilalayır, ifaçılıq qabiliyyətinə zənginlik gətirir. Sənətə ciddi münasibəti orta təhsilini başa vurduqdan çox keçməmiş, gənc Fəxrəddini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır. 1972-1977-ci illərdə təhsilini daha da artıraraq, bəstəkar Ramiz Mirişli kimi ustad müəllimlərin məsləhətini, tövsiyələrini dinləyir. Bu günlərdə Fəxrəddin Dadaşovun altmış yaşı qeyd edilir. Bu illərin dörddə üçü işlə, konkret fəaliyyətlə bağlıdır. Özü də məhz bir yerdə, bir ünvanda... Hələ məktəbli olarkən, yeniyetmə çağında tarzən Həbib Bayramov tərəfindən Azərbaycan Dövlət Radio və Televiziyasının Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblına dəvət edilmiş, dəfələrlə daha sərfəli işlərə təklif almasına baxmayaraq, keçən qırx dörd ildə fasiləsiz olaraq ona doğma olan kollektivdə çalışmışdır. Hazırda ansambılın konsertmeysteridir. Eyni zamanda, 1989-cu ildən tarzən Möhlət Müslümovla yaratdığı Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünə rəhbərlik edir.

Fəxrəddin Dadaşov bu iki kollektivin tərkibində uzun bir sənət yolu keçmişdir. Müşayiətçilik fəaliyyəti Azərbaycan muğam sənətinin son yarıməsrlik tarixini göz önündə canlandırır. Klassik xanəndələrdən başlamış, hazırda səsi efiri bəzəyən görkəmli sənətkarlara qədər, ayrı-ayrı nəsillərin nümayəndələri ilə saysız-hesabsız çıxışları olub: Xan Şuşinski, Yaqub Məmmədov, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Hacıbaba Hüseynov, Tükəzban İsmayılova, Şövkət Ələkbərova... Üzü bəri adladıqca Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Ruzə İbişova, Səkinə İsmayılova, Zabit Nəbizadə, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Aygün Bayramova, Nəzakət Teymurova...

Fəxrəddin Dadaşov musiqimizə namuslu xidmətini beləcə davam etdirir, yeni-yeni adlarla artıb böyüyür. Böyüdükcə də dünyanın faniliyinə meydan oxuyur, həyatın qanunu ilə qocaman sənətkarlar dünyadan getdikcə, üçlüyü ikiləşmir, təzə gələn səslər-nəfəslər ona ağrılarını unutdurur, kamançasını kökdən düşməyə qoymur. O yenilməz musiqi alətini ki, dünyanın dörd qitəsində, əllidən çox ölkəsində, ən mötəbər səhnələrdə, ən geniş salonlarda Azərbaycan muğamlarının bənzərsiz melodiyasını müxtəlif millətlərdən olan on minlərlə dinləyiciyə yetirib, bizi tanımağa şans yaradıb, bizi alqışlamağa vadar edib. Avstriya, Fransa, İsveçrə, Almaniya, Polşa, Rusiya, Ukrayna, Mərakeş, Belçika, Hollandiya kimi yerlərdə Fəxrəddin Dadaşovun solo və müşayiət çıxışları insanlara böyük zövq vermiş, konsertlərin, festivalların yaraşığına, milli zənginliyimizin sübutuna çevrilmişdir. Onun ifasında yazılaraq, həmin ölkələrin radio fonduna daxil edilmiş Azərbaycan musiqi nümunələri təkrar-təkrar səslənəcək, mənəvi ucalığımızın nişanəsitək uzaq-uzaq diyarlarda yaşayacaqdır...

Fəxrəddin Dadaşovu respublikamızda tanımayan yoxdur. Səbəbi isə təkcə illər boyu efirdə görünməsi deyil. Sehirkar kamançası ilə yurdumuzu qarış-qarış gəzib. Hərbi hissələrdə əsgərlər bölgələrdə sadə insanlar qarşısında çoxsaylı çıxışları olub. Dövlət tədbirlərinə, el şənliklərinə həmişə həvəslə gedib, milli musiqilərimizi ürəklə ifa edib. Bunun da uğurlu nəticəsi göz qabağındadır: onun sənətini hər yerdə sevirlər, gəlmək xəbərini eşidəndə, səbirsizliklə gözləyirlər, məclislərdə ehtiramla, alqışlarla qarşılayıb yola salırlar...

Fəxrəddin Dadaşov gərgin ifaçılığı ilə yanaşı, həm pedaqoq kimi Azərbaycan musiqi mədəniyyətinə xidmət göstərir. 13 saylı Uşaq Musiqi Məktəbindən başlanğıc götürən müəllimliyi neçə-neçə təhsil ocağına şaxələnib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Asəf Zeynallı adına Musiqi Kollecində, Bakı Musiqi Akademiyasında, Milli Musiqi Konservatoriyasında neçə-neçə tələbəyə kamançanın dərinliklərini öyrədib. 2010-cu ildə Milli Musiqi Konservatoriyasının professoru fəxri adına layiq görülüb. Yetirmələri İsmayıl Həmidov, Rauf İslamov, Mehri Əsədullayeva başqaları gözəl ifaları ilə ustadın ürəyindən xəbər verir,etimadını doğruldurlar. Yaxşı sənət ahəngrüba kimidir, dəmiri yox, insanların diqqətini özünə çəkir səmimiyyətlə qoşalaşanda, cəzbetmə qabiliyyəti birə-beş artır. Tanrı Fəxrəddin Dadaşovun xasiyyətindən bu keyfiyyətlə yanaşı, mehribanlığı da əsirgəməyib. Ona görə sənət dostları xətrini dünyalar qədər istəyir, barəsində xoş sözlər söyləyirlər. Respublikanın xalq artisti, Baba Salahov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəri, tarzən Ağasəlim Abdullayev:

-Müşayiət zamanı tarla kamançanın həmahəngliyinə təkcə bacarıq bəs eləməz. Gərək ürəklərin döyüntüsü üst-üstə düşsün. Sənət aləmində xeyli kamançaçı ilə bir yerdə müşayiətlərim olub. Onların ən yaxşılarından biri Fəxrəddin Dadaşovdur. Bir insan kimi çox həssasdır bu cəhəti sənətindən yan keçmir.

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin muğam sənəti kafedrasının müəllimi, xanəndə Ruzə İbişova:

-Xanəndə o zaman rahat oxuyur ki, səsi ilə onu müşaiyət edən tar kamançanın melodiyası arasında vəhdət yaransın. Musiqi alətlərinin səsi elə qaynayıb qarışmalıdır ki, ayrı-ayrı simlərdən qopduqları bilinməsin. Müşayiəti bu səviyyədə qurmaq yalnız mahir sənətçilərin işidir. Fəxrəddin müəllim məhz belələrindəndir. Xalqımız milli musiqimiz qarşısındakı xidmətləri sayəsində Fəxrəddin Dadaşov dövlətdən əsl sənətkara verilə biləcək bütün qiymətləri alıb. Ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin sərəncamları ilə ona 2000-ci ildə əməkdar artist, 2005-ci ildə xalq artisti fəxri adları verilib. 2009-cu ildən Prezident təqaüdçüsüdür. Tanrı da bu mahir ifaçını bir insan, bir həyat bağbanı kimi yetərincə sevindirib: Respublikanın xalq artisti Fəxrəddin Dadaşov gözəl ailə başçısıdır. Yeddi övladı, altı nəvəsi var... Biz - onun ifasının vurğunu olanlar, 60 illik yubileyini səmimi qəlbdən təbrik edirik. Arzulayırıq ki, kamançasının səsi dinləyici, dərsləri Milli konservatoriya auditoriyalarından heç vaxt əksilməsin.

 

 

Ayıq SƏMƏDOV

 

Xalq qəzeti.- 2010.- 10 oktyabr.- S. 8.