Həmid ABBAS-75
Nəğməkar
şair, böyük insan, sədaqətli dost
Həmid Abbas istedadlı şair idi. Onun 200-dən çox şeirinə mahnılar bəstələnmişdi.
Buna görə də
unudulmaz alimimiz, görkəmli ədəbiyyatşünas
Qulu Xəlilli onun "Ürəyə toxunma" kitabına yazdığı ön sözü "Nəğməkar
şair" adlandırmışdı.
Tənqidçi yazırdı ki,
Həmid Abbasov şeirlərində həyatımızın
ən işıqlı
tərəfləri, adamlarımızın
zərif və incə duyğuları, arzu və istəkləri,
"qurub-yaratmaq həvəsi,
övlad, ata-ana məhəbbəti qələmə
alınmışdır. Şair nəğmələrində adamlarımızın
ağlını, zəkasını,
zəhmətini, təbiətin
füsünkar gözəlliklərini
ilham və məhəbbətlə qovuşdurub
tərənnüm etmişdir.
Məsələn,
Qışda el köçəndə köçə bilmədi,
Quşlara qoşulub uça
bilmədi,
Şaxtadan ağzını aça
bilmədi,
Qaldı
dodağında sözü
bulağın
bəndində tam canlı
bir lövhə verilmişdir. Buradakı obrazlar, sözlər,
poetik avaz ustalıqla seçilmişdir.
Şair
respublikamızda qazanılan
uğurlardan bəhs edən "Nəğməli
Azərbaycan", qüdrətli
xalq şairi Səməd Vurğuna həsr edilən "Zirvədə" poemalarında
da insanların əməyini, nəcib arzularını bacarıqla
əks etdirmişdir.
Həmid Abbas böyük insan idi. Allah-Təala
əsl insana xas olan gözəl
cəhətlərin heç
birini ondan əsirgəməmişdi. Sevimli
peyğəmbərimiz Həzrəti
Məhəmməd buyurmuşdu
ki, xasiyyəti gözəl olan insanlar Allahın yaxın bəndələridir.
Həmid müəllim
evinə, qəbuluna gələnləri, tanıdığı,
rast gəldiyi bütün insanları məhəbbətlə, səmimiyyətlə
qarşılayar, onlara
böyük qayğı
və diqqət göstərərdi. Qaçqınları,
kimsəsizləri daim
axtarar, onlara köməklik edərdi. Şair Ramiz Heydər Həmid Abbasov bu cür
nəcib hərəkətinə
18 bəndlik gözəl
bir şeir həsr etmişdir:
Əziz
dost, mehriban dost,
Səndə var böyük
ürək.
Neçə şəhid evinə,
Eyləmisən sən kömək.
Ehtiyacı olana
Ürəkdən hay vermisən.
Nəyin
var tən bölmüsən,
Hamıya
pay vermisən.
Bir gör neçə yaxının,
Gör neçə dostun olub.
Nəcibliyin, mərdliyin
Dillərdə dastan olub.
Akademik İmam Mustafayev Həmid Abbasa yazırdı: "Sizin bir insan, bir
vətəndaş kimi
nəcib keyfiyyətlərinizi,
son dərəcə həssas
və qayğıkeşliyinizi,
hamını valeh edən gözəl xasiyyətinizi çox yüksək qiymətləndirir,
ağsaqqala, ağbirçəyə
olan hörmət və izzətinizi uca tutur və
böyük məmnuniyyət
hissi ilə qəbul edirik".
Təkcə şairlər, alimlər, ziyalılar deyil, həm də zəhmət adamları, bütün insanlar da onun nəcibliyini,
xeyirxahlığını, böyük ürəkli bir insan olmasını
yüksək qiymətləndirirlər.
Bir dəfə
biz şirin-şirin söhbət
edə-edə onların
evinə tərəf gedirdik. Birdən Həmid müəllim
dayandı. Onun sifəti
tutulmuşdu. Mən səbəbini
soruşanda əllərində
içi dolu zənbil olan, beli bükülmüş,
çətinliklə yeriyən
yaşlı bir nənəni göstərdi.
"O kimsəsizdir, onun
heç kəsi yoxdur" dedi. "Gedək ona
kömək edək".
Biz nənəyə köməklik göstərib
evinə apardıq.
Həmid
müəllim son dərəcə
kövrəlmiş, gözləri
dolmuş, yanaqları
yaşla islanmışdı.
O, həmin nənəni
sonralar da həmişə axtarır,
ona qayğı göstərirdi.
Həmid Abbas Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Respublika
Komitəsinin sədri
işləyəndə şair
İslam Sadıqla onun yanına getmişdik. O, bizimlə xeyli səmimi söhbət edəndən
sonra Respublika Televiziya və Radio verilişləri Komitəsinin
sədrinə zəng
vurub oğlu Ayazı işə qəbul etməsini xahiş etdi. Sədr ona söz
verdi və
dedi ki, Ayaz sənədləri götürüb komitəyə
gəlsin. Həmid müəllim sağollaşıb
dəstəyi yerə
qoyanda qapı döyüldü, içəri
cavan bir qız daxil oldu. Həmid Abbas ayağa
qalxıb gələni
mehribanlıqla qarşıladı,
"qızım, əyləş"
deyib ona yer göstərdi və gəlişinin səbəbini soruşdu.
Qız sıxıla-sıxıla
dedi ki, üç ildir universitetin jurnalistika fakültəsini bitirmişəm,
iş tapa bilmirəm. Həmid müəllim gülümsündü,
bayaq telefonla danışdığı komitə
sədrinə zəng
vurub dedi ki, yanıma bir kimsəsiz qız uşağı gəlib, xahiş edirəm Ayazın yerinə onu işə qəbul edin.
Jurnalist
qız razılıq edib sevinə-sevinə gedəndə İslam Sadıq "gözəl şeir mövzusudur" dedi və iki
gündən sonra
"Vurğunu eşitdim,
Həmidi gördüm"
şeirini mənə
oxudu:
Sazın
çanağı tək
sinəsi dolu,
Təzənəsi qələm kim idi gördüm.
Dolanıb boynuna Günəşin
qolu,
Şəfəqlər köksündə sim idi gördüm.
Göz üstə yer verdi doğruya,
düzə,
Əyrilik görəndə dayandı
üzə,
Bulud dağılmışdı başından
təzə,
Kipriyi bir azca nəm idi
gördüm.
Heç
vaxt qabağına çəkmədi közü,
Gör neçə ocağa köz oldu özü,
Günəşə qoşulub gülürdü üzü,
Gözündən boylanan qəmi də gördüm.
A Tanrı belə də insanmı olar,
Hey desən bir anda hayım olar,
Çoxunun qardaş tək
qaydına qalar,
Çoxuna dayıdı, əmidi gördüm.
Öyrətmədi məni sığala
baxtım,
Bir yol düşünmədim
ağ ola
baxtım,
Tək bu görüş üçün sağ ola baxtım,
Vurğunu eşitdim, Həmidi gördüm.
Həmid
Abbas Vətəninə,
torpağına, millətinə,
dövlətinə bağlı
qeyrətli bir vətəndaş, son dərəcə
sədaqətli bir insan idi. O, etibarlı
dost, qayğıkeş ata,
vəfalı ömür
yoldaşı idi. Həyat yoldaşı Solmaz xanım dünyasını
dəyişəndən sonra
qohumlar, dostlar, tanışlar, yaxın adamlar ona evlənməyi
təklif edəndə
gözləri dolur,
"ailə bir dəfə qurular" deyirdi. Solmaz xanımın xatirəsinə
həsr etdiyi həzin misraları həyəcansız oxumaq olmurdu. "Dirilə
biləydin bircə anlığa", "Solmazıma
vurğunam", "Qaldı",
"Süzülür kağıza
ürək sözlərim",
"Gözüm səni
axtarır", "Nağıl
deyən vaxtı nağıla döndü",
"8 Mart", "Əlimdə gül, gözümdə yaş" və onlarca başqa şeirləri ömür
yoldaşına əsl
sədaqət nümunələridir.
Həmid Abbas əsl dostluq rəmzi idi. Bütün dostları kimi
mənə də çoxlu şeirlər həsr eləmişdi.
Başım ağrıyan kimi
yastığımın yanını
kəsdirər, hər
cür kömək göstərərdi. Biz sənin
kimi ola
bilmədik, Həmid! Sən dostluq səmasında xüsusi yer tutan ən parlaq
bir ulduz idin. Bütün dostların kimi mənim də boynumda haqq-sayın çoxdur, qardaş! Haqqını halal eylə, qoy mən də yanına alnı açıq, üzü ağ gəlim,
əziz dost!
Tarıyel CAHANGİR,
yazıçı-publisist
Xalq
qəzeti.- 2010.- 10 oktyabr.- S. 7.