"Azərbaycanın turizm sektoru" hesabatının təqdimatı keçirilmişdir

 

Azərbaycan - Türkiyə İş Adamları Birliyi (ATİB) respublikamızda fəaliyyət göstərən iş adamlarının iqtisadi və sosial sahədə informasiya ilə təminatını yaxşılaşdırmaq, onlara yol göstərmək, eləcə də ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyətlərinə dəstək vermək məqsədi ilə müxtəlif mövzularda tədqiqatlar aparır və hesabatlar çap edir. 2010-cu ildə ATİB tədqiqatlar sahəsindəki fəaliyyətini daha da genişləndirmək və sistemləşdirmək üçün bir çox işlər görmüşdür. Oktyabrın 7-də bu proqram çərçivəsində "Azərbaycanın turizm sektoru" mövzusunda hazırlanmış tədqiqatın ATİB ofisində ictimai müzakirəsi təşkil edildi.

 

Müzakirə zamanı bildirildi ki, hesabatı turizm sahəsində tanınmış ekspert Eldar Aslanov hazırlamışdır. Eldar Aslanov 1993-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (hazırkı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) siyasi elmlər üzrə bakalavr, 1997-1999-cu illərdə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda dövlət idarəçiliyi üzrə magistr və 2003-2007-ci illərdə Ankara Universitetində siyasi elmlər və dövlət idarəçiliyi üzrə doktorluq təhsili almışdır. 2000-2003-ci illərdə BMT-nin İnkişaf Proqramının "Azərbaycanda Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi" Layihəsində, 2007-2008-ci illərdə "Ölkədə turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım" Layihəsində və 2009-2010-cu illərdə "Azərbaycanda turizm sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsi" üzrə layihəsində ekspert kimi çalışmışdır. 2007-ci ilin avqust ayından etibarən BMT-nin İnkişaf Proqramı və Azərbayan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turzim İnstitutunda qurduqları Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəridir.

Tədqiqat zamanı turizm sektorunun tarixi və potensial sərmayə imkanları, habelə Azərbaycanda qəbul edilmiş və göndərilmiş turistlərin say dinamikası araşdırılmışdır. Sözügedən hesabatda turizm sektorunun institusional əsaslarından və turizm sahəsindəki qanunvericilik bazasından da geniş bəhs edilmişdir. Müzakirəsi keçirilən bu hesabatda turizm sektorunun zonalar və növlər üzrə imkanları və problemləri xarakterizə olunmuşdur. Xüsusi turizm marşrut və layihələri, turizm sektorunun zonalar və sub-xidmətlər üzrə investisiya cəlbediciliyi və perspektivləri verilmişdir. Dünyada turizm gəlirlərinin vəziyyəti və Azərbaycanın iqtisadi rayonlarına görə qəbul edilmiş turistlərin sayının dinamikasına da sənəddə rast gəlmək mümkündür. Turizm sektorunun rolunun artırılması yolları barədə hesabatda geniş təhlillər aparılmış və faydalı tövsiyələr irəli sürülmüşdür.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2010.- 10 oktyabr.- S. 7.