Saatlı: təhsilin
inkişafı yeni nailiyyətlər mərhələsində
Artıq bir neçə həftədir
ki, respublikamızın hər yerində yeni dərs ilinin
başlandığını bildirən zənglər
çalındı, yüz minlərlə yeniyetmələr və
uşaqlar onlar üçün uğurlu gələcəyin
yollarını düzgün müəyyənləşdirməkdə
ən böyük yardımçıları olan məktəb
qapısından içəri daxil olaraq siniflərdə
öz yerlərini tutdular. Bir sözlə, üç aylıq
sükutdan sonra sevimli təhsil ocaqları yenidən səsli-küylü
günlərinə qovuşdu. Hər təzə dərs ili
yeni-yeni arzuların başlanğıcıdır. Məktəb
isə gələcəklə bağlı müxtəlif
arzuları ürəyində yaşadan yüz minlərlə
insanı- şagirdləri və onların ən səbrli
yolgöstərənləri olan müəllimləri
özündə cəmləşdirən müqəddəs
bir məkandır. Bu məkana ehtiramla yanaşmaq, onun
yaşaması üçün bacardığını etmək,
sözsüz ki, hər kəsin vətəndaşlıq
borcudur.
Ötən tədris ilinin yekunlarına və qazanılmış nailiyyətlərə nəzər salanda aşkar görünür ki, Saatlı rayon təhsil şöbəsində də bu məsələyə, doğrudan, məhz vətəndaşlıq yanğısı ilə yanaşılmışdır. Necə deyərlər, yekunlar barədə danışmağa fakt da var, ortaya çıxardılası uğurlu nəticələr də.
Təhsil şöbəsinin müdiri Şamil Nurəliyevin məlumatına əsasən 2009-2010-cu tədris ilində rayonda 28-i orta, 16 -sı əsas, 5-i ibtidai məktəb olmaqla 49 ümumtəhsil məktəbi, 6 məktəbdənkənar tərbiyə müəssisəsi, 19 uşaq bağcası - körpələr evi fəaliyyət göstərmişdir. Bu təhsil müəssisələrində müəyyən tikinti-abadlıq işləri görülsə də, məlum su daşqınları ilə əlaqədar Nərimankənd, Dəllər və Novruzlu kəndləri tamamilə su altında qaldığından məktəblərə xeyli ziyan dəymişdir. Buna görə də Nərimankənd orta məktəbinin əsaslı təmiri, Dəllər kəndində və Yeni Novruzlu kəndinin köçürülməsi ilə əlaqədar Novruzlu kənd əsas məktəbi ücün yeni məktəb binasının tikilməsi planlaşdırılmışdır. Artıq Novruzlu kəndində məktəbin və yeni körpələr evi - uşaq bağçasının tikintisinə başlanılmışdır. Eyni zamanda, rayonun 15 məktəbində- Nəsimikənd, Məmmədabad kənd, Mustafabəyli kənd, Gomuşçu kənd, Məzrəli kənd, Nərimankənd, Dədə-Qorqud kənd orta, Şəhər 4 saylı, Əlisoltanlı fin evi, Qara-Nuru , Əliabad, Genişkənd, Qırağlı, Potubəyli və Mollavəzli əsas məktəblərində müasir səviyyəli təmir işləri aparılmışdır.
Yay aylarında Kamallı kəndində 180 yerlik yeni məktəb binasının tikintisinə başlanılmışdır. Hazırda tamamlanma işləri görülür. Yeni məktəbin binası yeni dərs ilində istifadəyə verilməklə kənd sakinlərinin çoxdankı arzuları gerçəkləşəcəkdir.
Rayonun 10 ümumtəhsil məktəbində yeni tipli qızdırıcı sisteminin quraşdırılması qış vaxtlarında soyuqdan əziyyət çəkən məktəblilər üçün təzə dərs ilindən tamamilə rahatlıq gətirəcək və onların dərsə davamiyyətini, eyni zamanda, təhsilin keyfiyyətini xeyli artıracaqdır. Məktəblərin fənn olimpiadasının rayon turunda birinci yeri tutan 15 şagirdin respublika turunda iştirak etmək hüququ qazanması, Varxankənd orta məktəbinin X sinif şagirdləri Fəridə Əliyevanın ədəbiyyat fənni üzrə respublika turunda qalib gələrək Təhsil Nazirliyi tərəfindən mükafatlandırılması, Əminə Talıbovanın ümumilli lider Heydər Əliyevin anadan olmasının 87-çi ildönümü ilə əlaqədar Təhsil Nazirliyinin "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda keçirdiyi inşa müsabiqəsində iştirak edərək qalib kimi mükafatlandırılması 2010-cu ildə Saatlı rayonunda təhsilin inkişafı istiqamətində düzgün addımların atıldığından xəbər verir.
Həmçinin V.Əsgərov adına şəhər 4 saylı orta məktəbin IX sinif şagirdi İlahə Əliyevanın "erməni genosidi" mövzusunda keçirilən respublika rəsm müsabiqəsində II yeri tutması və Təhsil Nazirliyinin mükafatına layiq görülməsi,Təhsil Nazirliyinin "Təbiət bizim sərvətimizdir" mövzusunda keçirdiyi respublika foto müsabiqəsində III yeri tutması uğurlu nəticələr kimi sevindirici olmuşdur.
Qeyd etmək yerinə düşər ki, rayonun ümumtəhsil məktəblərinin XI siniflərində bu il iyunun 11-də Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada buraxılış test imtahanı keçirilmişdir. 2009 - 2010-cu tədris ilinin əvvəlində XI siniflərə 932 şagird cəlb edilmiş, 890 nəfər buraxılış imtahanına buraxılmışdır. Onlardan 846 nəfəri imtahanda iştirak etmişdir. Səkkiz fənn üzrə mərkəzləşdirilmiş qaydada aparılmış imtahanda 642 nəfər bütün fənlərdən müsbət qiymət almışdır. Bu isə imtahanda iştirak edənlərin 76 faizini təşkil edir. Gələn il daha yüksək nəticələr əldə olunması məqsədi ilə geniş müzakirə və təhlillər aparılmışdır. Yeri gəlmişkən, Qıraqlı və Çəfərxan kənd orta məktəblərinin şagirdlərinin yüz faiz nəticə əldə edərək fərqlənmələrini də xüsusi vurğulamağa dəyər.
Su daşqınlarına məruz qalmış Novruzlu kənd orta məktəbinin 29 nəfər XI sinif, 37 nəfər IX sinif, Dəllər kənd əsas məktəbinin 38 nəfər, Novruzlu kənd əsas məktəbinin 13 nəfər IX sinif şagirdinin Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən imtahanlardan azad edilməsini, onlara əsas və orta təhsil kursu üzrə şəhadətnamə və attestat verilməsini ölkə rəhbərinin regionlara diqqət və qayğısının nəticəsi olaraq qiymətləndirən şöbə müdirinin fikrincə bu, insanlarda təhsilə marağı daha da artırmışdır.
Məhz bunun nəticəsidir ki, ali məktəblərə qəbul ücün sənəd vermiş məzunlardan 93 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Həm də bu zaman onların ötən ilə nisbətən daha yüksək nəticə göstərmələri ikiqat sevindiricidir.
Bu il məktəbi bitirən məzunlardan üçü 600-dən artıq bal toplamışdır. S.Vurğun adına şəhər 1 saylı orta məktəbin şagirdi Xəqani Təhməzli (665 bal), Xanlarkənd orta məktəbinin məzunu Cəlil Əhmədov (650 bal), Hamlet Qənbərov (620 bal) bu üçlüyü tamamlayır. Eyni zamanda 13 məzun 500-dən yuxarı bal toplamışdır. Əlbəttə, yeni tədris ilində daha böyük nəticələr gözlənilir. Yeni dərs ilinə başlanılması ilə əlaqədar rayonun bütün ümumtəhsil məktəblərində ciddi hazırlıq işləri aparılmış, yüksək səviyədə təmizlik işləri görülmüş, səliqə-səhman yaradılmışdır.
Söhbət zamanı bir məqama da toxunan təhsil şöbəsinin müdiri bunu xüsusi vurğuladı ki, Rayon İcra Hakimiyyəti başçısının hər il yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlarla görüşməsi və onları qiymətli hədiyyələrlə mükafatlandırması da şübhəsiz ki, öz müsbət təsirini göstərir. Rayon rəhbərliyinin məktəblərin tikilməsinə və müasir səviyyədə təmir olunmasına xüsusi tələbkarlıqla yanaşması təhsil üçün normal şərait yaratmaqla bərabər ab-havanın da sağlamlaşmasına gətirib çıxarmışdır. Təsadüfi deyildir ki, saatlılılar rayonda təhsilin inkişafına stimul yaradan amilləri asanlıqla ayırd edə bilir və bu xeyirxah missiyanın daşıyıcılarına, xüsusilə də "Yeniləşən Azərbaycana yeni məktəb" devizini uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya xüsusi ehtiramlarını və minnətdarlıqlarını məmnuniyyətlə ifadə edirlər.
Yeni dərs ilində dərsliklərin gətirilməsi və bütün ümumtəhsil məktəblərinə pulsuz paylanması məktəblilərlə yanaşı onların valideynlərini də sevindirmişdir.
Pedaqoji kadrlarla təminat məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, rayon üzrə bu sahəyə olan ehtiyac demək olar ki, ödənilmişdir. Bu gün də təyinatla yeni gəlmiş müəllimlərə hərtərəfli köməklik göstərilir.
Respublika Prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamına əsasən 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı təsdiq edilmiş və bununla əlaqədar rayon məktəblərinin internetə çıxışı təmin edilmişdir. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün məqsədyönlü olaraq ayrı-ayrı vaxtlarda təlim kursları keçirilmişdir. Bu məsələ ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən yüksək səviyyədə treninqlər və təlim kursları təşkil olunur və mütəmadi olaraq kursların təşkili ilə əlaqədar hər cür şərait yaradılır.
Bu gün Saatlıda təhsilin inkişafı doğrudan da, açıq-aydın hiss olunur. Düzdür, illərlə yığılıb qalmış problemləri bir-iki ilin içində yoluna qoymaq, qaydaya salmaq çox müşkül məsələdir. Ancaq ən əsası budur ki, dönüşə nail olunub, daha böyük uğurlar, nailiyyətlər vəd edən dönüşə...
Səməd HÜSEYNOĞLU,
"Xalq qəzeti"nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 10 oktyabr.- S. 5.