Hüquqi islahatlar cəmiyyətin
inkişafının təməlidir
1993-cü ildən etibarən
ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi altında gənc, müstəqil
respublikamızın dövlət suverenliyinin, iqtisadi qüdrətinin
möhkəmləndirilməsi, ölkədə vətəndaş
cəmiyyətinin qurulması və inkişaf etdirilməsi məqsədilə
genişmiqyaslı islahatlar həyata keçirilməyə
başlandı. Dövlət və cəmiyyət həyatının
müxtəlif sahələrində aparılan iqtisadi, sosial, mədəni
islahatlarla yanaşı, hüquqi islahatlar da hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğunun prioritet
prinsiplərindəndir. Artıq bu gün inamla demək olar ki,
Azərbaycan Respublikasının son 15 illik tarixində
qazandığı nailiyyətlər, ilk növbədə,
hüquqi islahatların düzgün istiqamətləndirilməsi
və səmərəli həyata keçirilməsi ilə
sıx bağlıdır.
Azərbaycan
dövləti tərəfindən islahatlar, o cümlədən,
hüquqi islahatlar bu gün də davam etdirilir. Ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında son 7 ildə aparılan məhkəmə-hüquq
islahatları, yeni təsisatların yaradılması, ədliyyə
və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi
vətəndaş cəmiyyətinin inkişafını təmin
edən tədbirlərdir. Ümumiyyətlə, vətəndaş
cəmiyyətinin daimi və mütərəqqi
inkişafını təmin etmək üçün
hüquqi islahatların (o cümlədən məhkəmə-hüquq
islahatlarının) mütəmadi davam etdirilməsi zəruridir.
Bu prosesdə dövlət siyasətinin cəmiyyətə
çatdırılması, təbliği üçün
ictimai təşkilatların məqsədyönlü iş
aparması da müsbət rol oynayır.
2009-cu il martın 28-də rəsmi dövlət qeydiyyatına alınmış Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyi (HİYM) də qısa müddət ərzində qarşıya qoyduğu məqsədlərə doğru fəaliyyətində uğur qazanan vətəndaş cəmiyyəti institutlarındandır. Mərkəzimiz fəal vətəndaşlıq və sırf peşəkarlıq mövqeyindən çıxış edərək bütövlükdə cəmiyyət həyatını əhatə edən hüquqi islahatların keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinə öz töhfəsini verir.
HİYM-in qısa müddət ərzində gördüyü işlərə nəzər saldıqda onları aşağıdakı kimi şərh etmək olar:
1. Məhkəmə-hüquq islahatları çərçivəsində: mübahisələrin məhkəmədənkənar alternativ üsullar: mediasiya, konsiliasiya, arbitraj vasitəsilə həlli üsulları sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə nail olmaq.
Bununla bağlı ilk növbədə qeyd etmək yerinə düşər ki, HİYM yaranışından az sonra, artıq 2002-ci ildən fəaliyyət göstərən "İnternational Commersial Arbitration" Cəmiyyətinin bazasında hüquq varisliyi qaydasında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzini yenidən təsis etmişdir. Bununla artıq 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi də HİYM-in nəzdində fəaliyyətini davam etdirməyə başlamışdır. Mərkəzin fəal üzvlərinin, cəlb etdiyimiz peşəkar mütəxəssislərin dəstəyi ilə BKAM-ın fəaliyyətinin daha da təkmilləşdirilməsi və səmərələşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, beynəlxalq arbitraj sahəsində institutlarla əməkdaşlığın qurulmasına nail olunmuşdur. Son illərdə HİYM-in dəstəyi ilə BKAM-ın İsveç, Almaniya, Rumıniya, İtaliya, Ukrayna, Belarus, Rusiya, Türkiyə, Malayziya, Honq Konq, Dubay, Misir və s. ölkələrin beynəlxalq arbitraj institutları ilə qarşılıqlı əməkdaşlıq münasibətləri yaradılmışdır. HİYM-in və BKAM-ın mütəxəssisləri Dubay, Misir, Ukrayna, Belarus, Almaniya, Rumıniya, Türkiyə, Hindistan, Malayziya və s. ölkələrdə keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda Azərbaycanın qeyri-hökumət sektorunu təmsil etmiş, respublikamızda aparılan hüquqi islahatlar, arbitraj institutunun inkişafı barədə məruzələrlə çıxış etmişlər.
2. Azərbaycan dövləti tərəfindən aparılan hüquqi islahatların təcrübədə tətbiqində iştirak etmək, beynəlxalq təcrübənin öyrənilməsi; qanunvericiliyə əlavə və dəyişikliklərin hazırlanması və qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti olan subyektlərə təqdim edilməsi.
Bu sahədə ilk növbədə mübahisələrin məhkəmədənkənar həlli üsullarının inkişaf etdirilməsi, təcrübədə tətbiqinin genişləndirilməsi ilə əlaqədar görülən işləri qeyd etmək yerinə düşər. Məlum olduğu kimi, "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanunu 1999-cu ildə qəbul olunmuşdur. Son illərdə beynəlxalq arbitraj institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, iqtisadi münasibətlərin hüquqi tənzimlənməsində yeniliklərin baş verməsi nəticəsində bu qanunun da məzmunca yeniləşməsinə zərurət yaranmışdı. HİYM-in ekspertləri və cəlb edilmiş mütəxəssislərin iştirakı ilə adı çəkilən qanuna əlavə və dəyişikliklər edilməsinə dair təkliflər hazırlanmış və aidiyyatı üzrə təqdim olunmuşdur. Sevindirici haldır ki, bu təkliflərin bir qismi qanunverici orqan tərəfindən qəbul olunmuşdur. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində "Mediasiya haqqında", "Münsiflər Məhkəməsi haqqında" Qanun layihələri, "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr, Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər Mərkəzimizin ekspertləri tərəfindən hazırlanmış və aidiyyatı üzrə təqdim olunmuşdur.
Ümumiyyətlə, qanunvericilik aktlarının təkmilləşdirilməsi sahəsində HİYM-in səmərəli fəaliyyət göstərməsi və müəyyən töhfəsi olduğunu qeyd etmək lazımdır. Belə ki, fəaliyyətinin ilk dövrlərindən milli qanunvericilik aktlarının beynəlxalq standartlara və dəyişən ictimai münasibətlərə uyğunlaşdırılması, təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu mənada Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin və s. normativ aktların bəzi müddəalarına əlavə və dəyişikliklər edilməsinə dair indiyədək 40-a yaxın təkliflə Azərbaycan Respublikasının Milli Məclisinə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ali Məhkəməyə, Ombudsmana və digər qurumlara müraciətlər göndərilmişdir. Aparılan araşdırmalar göstərir ki, bu təkliflərdən bir qismi aidiyyatı üzrə öyrənilmiş və davam edən hüquqi islahatlarda nəzərə alınmışdır. HİYM bundan sonra da hüquqi islahatların dəstəklənməsi və sürətləndirilməsi prosesində fəal iştirak edəcəkdir.
3. HİYM hüquqi maarifləndirmə sahəsində də fəal iş aparır. Dövri mətbuatda mütəxəssislərimizin mütəmadi çıxışları ilə yanaşı, kütləvi tiracla dərc olunan və maarfiləndirmə məqsədilə pulsuz paylanan kitabların adlarını da qeyd etmək yerinə düşərdi. 2000-ə yaxın söz və söz birləşməsini əhatə edən izahlı "Rusca-azərbaycanca hüquq lüğəti", "Vərəsəlik. Normativ aktlar, Qərarlar, Şərhlər. (1923-2000-ci illər)", "Mediasiya mübahisələrin alternativ həlli üsulu kimi", "Mübahisələrin alternativ həlli üsulları: Beynəlxalq sənədlər, şərhlər, qanunvericilik", "Soyqırım cinayəti (Beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhlər toplusu)" kitabları kütləvi tirajla nəşr olunaraq mütəxəssislərin və ictimaiyyətin ixtiyarına verilmişdir. HİYM hüquqi maarifləndirmə sahəsində tədbirlərini mütəmadi davam etdirir.
Azərbaycan dövlətinin insan və vətəndaş hüquq və əsas azadlıqlarının qorunması sahəsində də HİYM orijinal tədbirlərin həyata keçirilməsini planlaşdırır. HİYM respublika hüquqşünaslarının qüvvəsini cəmiyyətin daha da demokratikləşdirilməsi prosesinə, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, cəmiyyətin mənafeyinin mühafizəsinə, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi və genişləndirilməsinə səfərbər etmək niyyətindədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasında beynəlxalq təcrübənin öyrənilməsi, hüququ pozulmuş şəxslərin ixtisaslı və səmərəli hüquqi yardımla təmin olunması sahəsində tədbirlər, bütövlükdə hüquqi yardımın təkmilləşdirilməsinə çalışmaq mərkəzin mütəmadi fəaliyyət sahələrindən biridir. Mərkəzin fəaliyyət istiqamətlərindən biri də hüquqşünas peşəsinin nüfuzunun artırılması, hüquqşünasların peşə hazırlığının, peşə etikasının təkmilləşdirilməsi, xüsusən, vəkillərin və nümayəndəlik fəaliyyəti ilə məşğul olan praktiki hüquqşünasların müxtəlif sahələr üzrə ixtisaslaşmasına yardım göstərməkdir. Bu məqsədlə yaxın vaxtlarda xüsusi layihənin həyata keçirilməsinə başlanılacaq. Məqsədimiz respublikamızda fəaliyyət göstərən vəkillərin və praktiki hüquqşünasların ixtisaslaşma istiqamətlərini müəyyənləşdirmək, vahid informasiya bazası yaratmaq və hər bir vətəndaşın həmin bazadan sərbəst istifadə edərək səmərəli hüquqi yardım almasına şərait yaratmaqdır. Sözügedən layihənin reallaşdırılmasına dəstək verilməsi üçün bir sıra dövlət qurumlarına və elmi mərkəzlərə müraciət olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun rəhbərliyi və Ombudsman Aparatı yeni layihənin insan hüquq və əsas azadlıqlarının müdafiəsinin səmərəli təşkili üçün mühüm əhəmiyyət kəsb edəcəyinə dair rəy vermişlər.
Hazırda mərkəzin mütəxəssislər qrupu qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir beynəlxalq hüququn və beynəlxalq əlaqələrin əsas xüsusiyyətlərini, beynəlxalq hüququn və beynəlxalq təcrübənin ən yeni innovasion üsullarını araşdırır. Beynəlxalq hüquq ittifaqları və təşkilatlarla birbaşa əlaqələrin yaradılması, beynəlxalq səviyyəli ekspertlərlə qarşılıqlı əməkdaşlığın qurulması da mərkəzin önəm verdiyi məsələlərdəndir. HİYM öz missiyasına uyğun olaraq Azərbaycan dövlətinin hüquqi islahatların davam etdirilməsi istiqamətində tədbirlərini bundan sonra da dəstəkləyəcək, qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində əzmlə fəaliyyət göstərəcəkdir.
Natiq ABDULLAYEV,
Hüquqi İslahatlara Yardım
Mərkəzi
İctimai Birliyinin sədri,
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun dissertantı
Xalq qəzeti.- 2010.- 10 oktyabr.- S. 5.