Neftçala: təhsil sahəsində uğurların təməlində həm də məktəblərə qayğı dayanır

 

Bu Kürqırağı rayonda təhsilə, elmə hər zaman güclü meyl olub. Sönməyən elm-təhsil məşəli daim ətrafına işıq saçıb. Mənim şəxsən tanıdığım ünlü filoloq-alimlər İmamverdi Əbilov, Əjdər Ağayev, Azər Turan, çağdaş poeziyamızın "vulkan"ı olmuş şair Xəlil Rza Ulutürk, dəqiq elmlər sahəsində uğurlar qazanmış neçə-neçə ziyalı, eləcə də çoxsaylı tanınmış peşə sahibləri bu torpağın yetirməsidir. Onları şöhrətləndirən ilk növbədə aldıqları yüksək bilik, yiyələndikləri dərin elmdir.

 

Neftçalaya növbəti səfərim Beynəlxalq Müəllimlər gününə təsadüf etdiyindən qəzetimiz üçün təhsil sahəsinin uğurları barədə material hazırlamaq istəyirdim. Mərkəzi meydana çatar-çatmaz təhsil ictimaiyyətinin böyük bir qrupunun rayon rəhbərliyi ilə birlikdə ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət etməsinin şahidi oldum. Ziyarətçilərin çöhrələrində təhsilə və təhsil işçilərinə daim böyük qayğı göstərmiş ümummilli liderin ruhuna dərin ehtiram duyğularının ifadəsini görmək çətin deyildi. Onlar qürurla abidə önünə gül dəstələri qoydular, ulu öndərin xatirəsini minnətdarlıqla yad elədilər. Təhsil şöbəsində peşə bayramına həsr olunmuş müşavirədə rayon rəhbərliyinin təbrikləri tədbirin iştirakçılarına çatdırıldı. Uğurlardan danışıldı, gözlərinin nurunu çıraq edib şagirdlərinin yolunda yandıran, böyüyən nəslin təlim-tərbiyəsində saç ağardan müəllimlərə ən xoş sözlər deyildi. Eyni zamanda qarşıda duran vəzifələrdən ətraflı bəhs olundu. Rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov xüsusi vurğuladı ki, ölkə Prezidentinin daimi qayğısı hər yerdə olduğu kimi, Neftçalada da təhsilin inkişafına möhkəm zəmin yaratmış, bu sahədə nailiyyətlərin ilbəil artmasına səbəb olmuşdur. Ali məktəblərə tələbə qəbulunda, fənn olimpiadalarında, müsabiqələrdə qazanılan uğurlar çoxalmışdır. Buraxılış imtahanlarının nəticələri yüksəkdir. Bu göstərici respublika üzrə 79 faiz olduğu halda, Neftçala rayonu üzrə 84 faiz təşkil edir. 9-cu siniflər üzrə buraxılış imtahanlarında daha böyük nəticə əldə edilmişdir-88 faiz! Ötən yay ali məktəb tələbəsi adını qazanan Neftçala məzunlarının sayı 245 nəfərdir. Bu, əvvəlki ildəkindən 55 nəfər çoxdur. Əgər 2009-cu ildə test imtahanlarında 600-dən yuxarı bal toplayan yox idisə, 2010-cu ildə 6 məzun bu həddi keçə bilmişdir. Dörd il ardıcıl fizika, iki il isə ictedadlar olimpiadalarının qalibi olmuş Xıllı qəsəbə 1 saylı orta məktəbinin məzunu Hikmət Qurbanlı 662 bal, şəhər 4 saylı orta məktəbindən Müzəffər Əlizadə 660 bal, Nuray Mahmudlu 625 bal, şəhər 1 saylı orta məktəbdən Qurban Quliyev 637 bal, Kamran Əliyev 626 bal, ikinci Qaralı kənd orta məktəbindən Səyyarə Kərimova 601 bal toplamışlar. Məzunlardan 32 nəfəri 500 baldan yuxarı nəticə əldə etmişdir. Əvvəllər bu nəticəyə 8-10 məktəbin azsaylı yetirmələri nail olurdusa, bu il 28 məktəbdən 15-nin məzunu fərqlənmişdir.

Neftçalada ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə mühüm önəm verilməsi diqqətəlayiqdir. Ulu öndərin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar "Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir" mövzusunda keçirilmiş rayon inşa-yazı müsabiqəsində 35 nəfər istedadlı şagird yüksək bilik nümayiş etdirmişdir. Qaliblərdən Ayşən Məmmədli Bakıda akademik Zərifə Əliyeva adına məktəbdə keçirilən respublika müsabiqəsində 3-cü dərəcəli diploma layiq görülmüş, noutbukla və bir həftəlik istirahət üçün pulsuz yollayışla mükafatlandırılmışdır. Ayşənin inşa yazısı "Ümummilli lider Heydər Əliyev şagirdlərin gözü ilə" kitabında çap olunmuşdur. Bundan başqa, ulu öndərin ad günü ilə əlaqədar "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə şəhər 1 və 3 saylı, Bankə qəsəbə 2 saylı və Qədimkənd orta məktəblərinin fırça həvəskarları fərqlənmişlər.

Prezident sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş istedadlar olimpiadasında Neftçala şəhər 1 saylı, Xıllı qəsəbə 1 saylı, Qırmızıkənd və Mürsəqullu kənd orta məktəblərindən 8 şagird iştirak etmişdir.

İdman yarışlarında rayon uşaq-gənclər idman məktəbinin yetirmələri daim fərqlənirlər. Onlardan 10 nəfəri respublika yarışlarında uğurla çıxış edərək mükafata layiq yerləri tutmuşlar. Elnur Şərifzadə iyul ayında Bolqarıstanda keçirilən boks üzrə Avropa birinciliyində iştirak edərək gümüş medal qazanmışdır.

Rayon şahmat məktəbinin 6 nəfər istedadlı şagirdi ötən tədris ilində bütün zona və respublika yarışlarında uğur qazanaraq diplomlara layiq görülmüşdür. On yaşlılar arasında respublika çempionu olmuş Aytən Səfərova və məktəbin digər yetirməsi Sona Əzizova Avropa və dünya birinciliklərində iştirak etmək hüququ qazanmışlar. Hazırda rayonun məktəbli şahmatçıları internet vasitəsilə müxtəlif ölkələrin komandaları ilə yarışırlar.

Rayon texniki yaradıcılıq mərkəzinin 10 nəfər dərnək üzvü zona və ölkə miqyaslı yarışlarda mükafatalayiq yerlər tutmuşdur. "Çiçəklən, doğma Azərbaycan!" respublika rəsm müsabiqəsində mərkəzin iki yetirməsi 2-ci dərəcəli diplomla təltif edilmişdir.

"Cəsurlar" hərbi-idman yarışlarında Qədimkənd orta məktəbinin komandası 1-ci, Neftçala şəhər 1 saylı orta məktəbin komandası 2-ci, şəhər 3 saylı orta məktəbin təmsilçiləri isə 3-cü yeri tutmuşlar. "Şahin" hərbi-idman yarışlarının rayon turunda mükafatalayiq yerlərə müvafiq olaraq şəhər 3 saylı, Qədimkənd və Qaçaqkənd orta məktəblərinin komandaları layiq görülmüşlər. Şəhər 3 saylı orta məktəbinin təmsilçiləri zona turnirində qalib gələrək respublika final yarışlarında Neftçalanı təmsil etmişlər.

"Ekologiya ili" ilə əlaqədar olaraq Neftçala məktəblərində təbiətin dərindən öyrənilməsinə diqqət artırılmışdır. Təhsil ocaqlarının həyətyanı sahələrinə 5 mindən artıq ağac əkilmişdir. Şagirdlərdə torpağın, suyun, havanın qorunması- ekoloji təfəkkürün formalaşması yönümündə mühüm tədbirlər həyata keçirilmişdir.

Məktəblilərin intellektual səviyyəsinin yüksəldilməsi, hazırcavablığının artırılması pedaqoji kollektivlərin daim diqqət yetirdikləri amillərdəndir. Rayon gənclər təşkilatları, mədəniyyət və turizm şöbəsi ilə birlikdə keçirilən "Şən və hazırcavablar" yarışında iştirakçılar hər zaman çox olur. Ötənilki yarışda xüsusi istedad nümayiş etdirən şəhər 1 saylı orta məktəbinin komandası qalib gəlmiş, Qədimkənd orta məktəbi 2-ci, şəhər "Muğan" liseyi isə 3-cü yeri tutmuşdur. Yeni dərs ilinə hazırlıq da Neftçalada yüksək səviyyədə keçmişdir. İlk dəfə məktəbə gedən 1017 nəfər şagirdə dərs verəcək müəllimlər iyul ayında həftəlik kurrikulum kursları keçərək xüsusi sertifikatlar almışlar. Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı ilə əlaqədar olaraq rayon təhsil şöbəsinin, şəhər 1, 2, 3, 4 saylı, habelə Həsənabad qəsəbə, Bankə qəsəbə 1 və 2 saylı, Mirqurbanlı kənd tam orta, Kürkənd ümumi orta məktəblərinin sürətli internetə qoşulması üçün bütün texniki işlər görülmüşdür. Ötən il 800 nəfərdən artıq pedaqoq "Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" təlimlərində informasiya və kommunikasiya texnologiyaları üzrə hazırlığını yüksəltmişdir. Bu təlimlər yenə də davam edir. Neftçala rayon rəhbərliyi təhsilə, məktəb kollektivlərinə, uşaqların təlim-tərbiyəsi işinə gündəlik qayğı göstərir. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda bu vacib strateji sahənin inkişafına böyük önəm verir, məktəblərdə keçirilən hər bir tədbiri təşkilati, maddi və mənəvi cəhətdən dəstəkləyir. Bütün bunlardan pedaqoji kollektivlər razılıq edirlər.

...Bu yazıda işıq tutduğumuz faktlar sırasında məhz məktəb şagirdlərinin uğurlarına daha çox yer ayırmağımız təbiidir. Çünki şagirdlərin göstəriciləri müəllim zəhmətinin güzgüsüdür. Əgər şagirdlərin uğurları varsa, deməli, müəllimlər yaxşı çalışır, şərəfli vəzifələrini layiqincə yerinə yetirirlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 10 oktyabr.- S. 6.