Xəzər hövzəsi və Qafqaz regionundakı proseslər ABŞ-Azərbaycan əməkdaşlığının daha da gücləndirilməsini tələb edir

 

Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanması Vaşinqtonun ciddi maraq dairəsindədir

 

2010-cu ilin sentyabrında baş tutmuş Barak Obama - İlham Əliyev görüşü müasir dünya siyasətinin əlamətdar hadisələrindən biri kimi, "böyük səkkizlər" başda olmaqla dünyanın bütün ölkələrinin maraq dairəsində idi. Nəyə görə bu görüş barədə söz açarkən öncə "böyük səkkizlər"i yada salırıq? Çünki dünyanın əsas neft istehlakçıları məhz onlar - ABŞ, Yaponiya və Qərbi Avropa dövlətləri sayılır. Yəni, həmin ölkələrin hamısı Obama-Əliyev danışıqlarının nəinki detallarını, hətta, ab-havasını belə maraqla gözləyir, nə isə öyrənməyə çalışırdılar. Çünki hamı yaxşı bilir ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas ünvanlardan birinə çevrilir. Avropa ölkələrinin əsas tərəfdaşlarından biri və bəlkə də birincisi olan ABŞ-ın isə Azərbaycana olan maraqları bilavasitə ölkəmizin enerji ehtiyatlarının zənginliyinə və rəsmi Bakının siyasi kursunda demokratik dəyərlərə sədaqətin əsas yer tutmasına görə durmadan artır.

 

Ekspertlər qətiyyətlə israr edirlər ki, əgər 90-cı illərin əvvəllərində Azərbaycanda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan-ABŞ münasibətləri tamamilə başqa məcraya yönəlmiş olacaqdı. Çünki Vaşinqton hansısa ölkə ilə əməkdaşlıq prinsipləri üzərində işləyəndə sırf iqtisadi maraqları nəzərdə tutmur, eləcə də bir çox siyasi məqamları nəzərə alır. Cəmiyyətin demokratikləşdirilməsi üçün atılan addımlar, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində göstərilən səylər, ədalətli seçkilər, insan hüquqlarının qorunması, söz azadlığı, insanların sərbəst toplaşmasına yaradılan şərait və bir çox başqa məqamlar da diqqət mərkəzində saxlanılır. Yəni bu bir həqiqətdir ki, Azərbaycanın nefti və qazı nə qədər çox olsa da, sadaladığımız həmin amillərin yoxluğu şəraitində Vaşinqton Bakı ilə münasibətləri indiki səviyyədə qura bilməzdi və qurmazdı. Bu səviyyəni Heydər Əliyev siyasi dühasının yaratdığı danılmaz bir tarixi faktdır. Yeri gəlmişkən, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Amerika Yəhudi Konqresinin prezidenti Cek Rozen Azərbaycanda müxtəlif dinlərin və millətlərin dostluq şəraitində, birgə yaşamasını beynəlxalq dəyərlər baxımından nümunə kimi qiymətləndirdi.

Təsadüfi deyil ki, ABŞ Prezidenti Barak Obama həm Azərbaycan Prezidentinə göndərdiyi məktublarda, həm də sentyabrın 24-dəki görüşdə Azərbaycanın iqtisadi potensialı ilə yanaşı ölkəmizin siyasi iradəsini də yüksək qiymətləndirir. Dünyanın aparıcı dövlətlərindən birinin prezidenti etiraf edir ki, bu gün Azərbaycan regionun ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrindən birinə çevrilib. Üstəlik cənab Obama bildirir ki, gənc müstəqil Azərbaycanın bu uğurlara nail olmasının səbəbi Prezident İlham Əliyevin liderlik keyfiyyətidir. Yəni Azərbaycanı indiki inkişaf səviyyəsinə təkcə neft, qaz və ya ölkənin geosiyasi əhəmiyyəti deyil, həm də dövlət başçısının liderlik məharəti çatdırmışdır. Nəzərə alaq ki, SSRİ dağılandan sonra yaranmış gənc müstəqil dövlətlərin hamısı kimi Azərbaycanın da bərbad vəziyyətə düşmüş iqtisadiyyata, cəmiyyətdə xaos və anarxiyanın hökm sürdüyünü ABŞ-da yaxşı bilirdilər. Məhz həmin məlumatların nəticəsidir ki, bu gün bizim hərtərəfli inkişafımız ABŞ rəsmiləri tərəfindən ən ali səviyyədə etiraf edilir.

Prezidentlər görüşdülər və bu görüşdə ölkələrimiz arasında uzun illər davam edən energetika əməkdaşlığının əhəmiyyətindən, bundan sonra da həmin əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən danışdılar. Yeri gəlmişkən, Azərbaycan-ABŞ energetika əməkdaşlığının banisi ulu öndər Heydər Əliyev olsa da, gənc müstəqil dövlətimizin həmin siyasətinin - yeni neft strategiyasının əsas icraçısı məhz bugünkü dövlət başçımız İlham Əliyev olmuşdur. Çünki ulu öndərin 1993-cü ilin payızından "Əsrin müqaviləsi"nin imzalanmasınadək işləyib hazırladığı neft strategiyasının icrasında onun ən yaxın silahdaşı məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev idi. Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənilməsi üçün xarici şirkətlərlə müvafiq sənədin imzalanması, daha doğrusu belə bir sazişin hazırlanması çox mürəkkəb və uzun müddət tələb edən məsələ idi. Həmin dövrdə Birləşmiş Ştatların neft şirkətləri ilə danışıqları bu məqsədlə ABŞ-a səfərlər etmiş İlham Əliyev aparmışdı.

Neft strategiyası öz uğurlu addımlarını atdıqca ABŞ-ın maraqları da nəzərə alınırdı. "Əsrin müqaviləsi"ndə dost ölkənin şirkəti təmsil olundu, hasil olunmuş neft və qazın dünya bazarına çıxarılması üçün əsas ixrac neft və qaz kəmərlərinin marşrutunun müəyyənləşdirilməsi zamanı Vaşinqtonun maraqlarına cavab verən variantlar seçildi. Nəticədə Azərbaycan ABŞ-ın energetika sahəsində əməkdaşlıq etdiyi əsas ölkələrdən birinə çevrildi. Bütün bunlar Vaşinqtonda heç kəsin yadından çıxmayıb və yəqin ki, çıxmayacaq.

Məhz həmin arqumentləri əsas götürən rəsmi Vaşinqton Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etməyə çalışır. Elə sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Prezident Barak Obama Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizama salınmasının vacibliyini vurğulayıb və əldə ediləcək sülhün region üçün xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Son zamanlar ABŞ rəsmiləri Qafqazda sülhün yaranmasına böyük ehtiyac olduğunu tez-tez yada salırlar. Hətta, bir çox ABŞ siyasətçiləri daha da irəli gedərək Qafqazda yaranacaq sülhə Qafqaz ölkələri ilə yanaşı Vaşinqtonun da böyük ehtiyacı olduğunu söyləyirlər. Nə üçün?

Əvvəla, ABŞ rəsmiləri və həmin ölkənin bir neçə il sonralar üçün proqnoz verməyi bacaran siyasətçiləri ermənilərin getdikcə daha da həyasızlaşmasını bilavasitə öz ölkələrindəki azsaylı ermənilərin timsalında görürlər. Bilir və inanırlar ki, XXI əsrdə XVII əsr təfəkkürü ilə işləmək istəyən ermənilərin tutduğu yol regionu fəlakətlərə aparır. Üstəlik, torpaqlarının 20 faizi işğal edilmiş, 1 milyondan çox qaçqın və köçkünün problemləri ilə üz-üzə qalmış Azərbaycan dövlətinin səbr kasasının dolduğu da ABŞ-da yaxşı məlumdur.

Bu gün ölkəyə rəhbərlik edən Prezident İlham Əliyevin qətiyyəti arxasında 9 milyonluq əhalinin iradəsi vardır. Əgər ermənilərin həyasızlığı davam edərsə və danışıqlar nəticəsiz olarsa, onda Azərbaycan dövlət başçısının qətiyyəti və xalqın iradəsi ilə hərb yolunu seçər. O zaman isə Vaşinqtonun son 20 ildə Qafqazda qurduğu bütün əməkdaşlıq telləri təhlükə altına düşə bilər. ABŞ şirkətlərinin regiona yatırdığı milyardlar, ABŞ-ın Avropadakı partnyorlarının enerji təhlükəsizliyinin təmin edilməsi və başqa iqtisadi imkanlar təhlükəyə məruz qalar və hətta ABŞ böyük iqtisadi itkilərlə üzləşər. Üstəlik, ABŞ vətəndaşlarının Ağ evin xarici siyasətinə olan inam və etimadı sıfıra enər. Ona görə də Qafqazda yaranacaq sülhə və sabitliyə region ölkələri ilə yanaşı, ABŞ-ın da böyük ehtiyacı var. Prezidentlərin görüşündə cənab Obamanın dilə gətirdiyi əsas məqamlardan biri də bu idi.

İkinci, bu gün dünya ölkələri və müxtəlif güc mərkəzləri Xəzər hövzəsi və Qafqaz regionunda mövcud olmaq üçün həm görünən, həm də görünməyən variantlarla mübarizə aparırlar. Bu mübarizə bir neçə istiqamətli ictimai-siyasi proseslərdə müşahidə edilir. Həmin proseslərdən öz ölkəsinin maraq və mənafeləri üçün istifadə etmək istəyən ABŞ rəsmiləri Vaşinqton-Bakı əməkdaşlığının daha da güclənməsinə çalışırlar. Məhz bunun nəticəsidir ki, Ağ ev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həlli üçün fəallığını artırır. Fakt ondan ibarətdir ki, dünyanın aparıcı dövlətləri artıq Azərbaycanın mövqeyi ilə razılaşır, rəsmi Bakının dəstəklənməsini üstün tuturlar. Bu isə Prezident İlham Əliyevin Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına çıxarmaq üçün həyata keçirdiyi tədbirlərin nəticəsidir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 10 oktyabr.- S. 1.