Elm və təhsildə mütərəqqi islahatların təminatçısı

 

Prezident İlham Əliyevin ötən 7 ildə həyata keçirdiyi siyasət ölkədə güclü insan kapitalının formalaşmasına yönəlmişdir

 

Tarixən hansısa siyasi qüvvənin seçkilərdə uğur qazanaraq hakimiyyət olimpinə yüksəlməsi onun konkret zaman intervalında həyata keçirdiyi siyasətin mahiyyətindən asılı olmuşdur. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasət hər zaman ictimai etimad qazanmış, dəstəklənmişdir. 1993-cü ildən Azərbaycanın yeganə nicat ünvanına çevrilmiş Heydər Əliyev siyasi kursunun 2003 və 2008-ci ilin 15 oktyabr prezident seçkilərində ümumxalq dəstəyi ilə müşayiət olunması da məhz bu reallıqla şərtlənmişdir. Bu siyasətin ən layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən 7 ildə qazanılmış uğurlar da xalqın tarixi seçimində yanılmadığını göstərir.

 

Cənab İlham Əliyevin elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində dinamizmi, məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır. Cəmiyyət həyatındakı sürətli dəyişikliklər ötən 7 ildə elm və təhsil konsepsiyasının da müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirmişdir. Son illərdə milli təhsil sisteminin inkişafı məsələsi məzmununu dəyişərək artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı güclənmişdir.

2003-cü ildən dövlət büdcəsi vəsaitlərinin ilbəil artımı təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən yığılıb qalmış bir sıra problemlərin hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, təhsilə dövlət investisiyalarının həcmcə artımını təmin etmişdir. Elm və təhsil xərclərinin davamlı şəkildə artırılması "qara qızılı" insan kapitalına çevirmək yönümündə tədbirlərin mahiyyətindən irəli gəlir. Bunun nəticəsidir ki, büdcədən təhsilə ayrılan vəsait 2003-cü illə müqayisədə 6 dəfəyədək artaraq 2008-ci ildə 1,1 milyard manat, 2009-2010-cu illərdə 1,3 milyard manat təşkil etmişdir. 2011-ci ilin dövlət büdcəsi layihəsində də təhsil xərcləri əhəmiyyətli yer tutur - 1,3 milyard manat təşkil edir.

Təhsil işçilərinin orta aylıq əmək haqqı da davamlı şəkildə artmış, 2008-ci ildəki 220 manatdan 2009-cu ildə 268,5 manata yüksəlmişdir. Son 7 ildə təhsil işçilərinin əməkhaqqı 5, tələbə təqaüdləri 11 dəfə artmışdır. Prezident İlham Əliyevin 2010-2011-ci dərs ili qarşısında imzaladığı sərəncamlar dövlətin sosialyönümlü siyasətinin daha bir nümunəsi olmaqla, təhsil işçilərinin rifah halının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, dövlət başçısının 6 sentyabr 2010-cu il tarixli sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil və elm müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Eyni tarixdə imzalanmış daha bir sərəncamla doktorantların, ali, orta ixtisas, peşə məktəblərinin, peşə liseylərinin tələbələrinin və şagirdlərinin təqaüdləri də əhəmiyyətli dərəcədə artırılmışdır.

Ümumiyyətlə, son illərdə imzalanmış fərman və sərəncamlarda ümumən üç strateji məqsəd önə çəkilir. Bunlardan birincisi təhsilin, elmin problemlərinin həlli, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasıdır. Regional inkişaf prosesi çərçivəsində yeni məktəblərin tikintisi və onların kompyuterləşdirilməsi, ali təhsil sisteminə qayğının gücləndirilməsi, müəllimlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi, elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılması, Avropa təhsil məkanına inteqrasiyanın təmini, "Təhsil haqqında" yeni, mükəmməl qanunun qəbulu bu tədbirlərin əsas tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyevin 30 may 2005-ci il tarixli "Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Xüsusi Komissiyanın yaradılması haqqında", 4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında", 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 21 oktyabr 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" sərəncamları da bu sahədə qarşıda duran konseptual vəzifələrin həllinə yönəlmişdir.

Elm və təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin ikinci əsas istiqaməti Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi, "Bolonya prosesi"nə keçidin təmini, ən başlıcası, azərbaycanlı gənclərin dövlət hesabına dünyanın nüfuzlu universitetlərində təhsilinə şəraitin yaradılmasıdır. Gənclərin xaricdə təhsil almağa göndərilməsi ilə bağlı hələ keçən əsrin 70-ci illərində mövcud olmuş mütərəqqi ənənənin bərpası dövlət idarəçiliyi üçün müasir təfəkkürlü, bilikli və yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi daşıyır. Dövlət başçısının 31 yanvar 2008-ci il tarixli "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında", habelə 16 aprel 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında" sərəncamları da məhz bu məqsədə xidmət etmişdir. Ümumilikdə, proqram əsasında 5000 tələbənin xaricdə təhsil almağa göndərilməsi Azərbaycan dövlətinin gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin təkmil elm və təhsil strategiyasında "nou-xau" texnologiyalarının dərindən mənimsənilməsi üçüncü mühüm istiqamət kimi diqqəti çəkir. Müasir dünyanın inkişaf perspektivlərini düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə keçirilən ümumdünya sammitində bəyan etmişdi ki, Azərbaycanda neftdən sonra prioritet sahə informasiya və kommunikasiya texnologiyalarının inkişafı olacaqdır. Dövlət başçısının 2004-cü il 21 avqust tarixli "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında", habelə 2008-ci il 10 iyun tarixli "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamları Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, xaricdə yüksək texnologiyalar əsasında təhsil alan gənclər gələcəkdə yüksək ixtisaslı kadr kimi respublikamıza qayıtdıqdan sonra burada normal iş şəraitinə malik olmalıdırlar. "Nou-xau" tipli texnologiyaların respublikamızda geniş tətbiqi, bu sahəyə investisiyaların qoyuluşu həm də xaricdə təhsil alaraq respublikaya dönəcək 5000-dək gəncin elmi-intellektual potensialından daha səmərəli və məqsədyönlü istifadəyə imkan yaradacaqdır.

Dövlət başçısının 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi ilə əsaslandırılır.

Azərbaycan Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur. Artıq AMEA-da müvafiq müsabiqə komissiyası tərəfindən xarici ölkələrdə (Almaniya, Fransa, Belçika, Avstriya, İspaniyas.) doktoranturada təhsil almaq üçün göndəriləcək 10 namizəd müəyyənləşdirilmişdir. Onlar elmin ayrı-ayrı sahələrində prioritet istiqamətlər üzrə təhsillərini davam etdirəcəklər.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, insan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq məhz ali təhsil sisteminin üzərinə düşür. Ali təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indeksinin mühüm amillərindən biri olmaqla, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Müstəqil Azərbaycanda bütün idarəetmə səviyyələrində, o cümlədən dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələsi mühüm aktuallıq kəsb edir. Ali təhsil sisteminə və kadr hazırlığına xüsusi diqqətlə yanaşılması da respublikamızda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir.

Azərbaycan 2005-ci ildə "Bolonya prosesi"nə qoşulmuşbununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların əsas konturları müəyyənləşdirilmişdir. Bolonya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən müvafiq tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq, "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu" təsdiq edilmiş, buna müvafiq istiqamətlər üzrə yeni dövlət təhsil standartları hazırlanmışdır. Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış bu standartlarda fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldılmış, seçmə fənlərə ayrılan saatların miqdarı 10 faizdən 20 faizədək artırılmış və tələbələrin müstəqil işinə xeyli vaxt ayrılmışdır.

Azərbaycanın Bolonya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə kredit sisteminin tətbiqinə zərurət yaranmışdır. Bu sistemin tətbiqi ilə bağlı hüquqi normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş, "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə" hazırlanaraq təsdiq edilmişdir. Görüləcək işlərin həcminin genişliyi nəzərə alınaraq, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiq olunması qərara alınmışdır. 2006-2007-ci tədris ilində 10 ali məktəbdə başlanan eksperiment 2007-2008-ci tədris ilində artıq 21 dövlət ali məktəbini əhatə etmişdir.

"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nda qeyd edilir ki, ölkənin ali təhsil sistemində kadr hazırlığı strukturu əmək bazarının tələbatını tam ödəmir, elmi-tədqiqatların nəticələri ali təhsilə zəif inteqrasiya olunur. Dövlət Proqramının əsas məqsədi isə ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadisosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Prezident fərmanı da ali təhsil sisteminin maliyyələşdirmə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Fərmanın preamblua hissəsində göstərildiyi kimi, sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu vardır: "Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir. Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur". Bu fərman dövlət başçısının 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş məsələlərin maliyyə mexanizmlərinin müəyyənləşdirilməsi məqsədinə xidmət edir. "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmana görə, 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilməli, dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitartarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunmalıdır. Sənədə görə, mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.

Müasir dövrdə intellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Hesablamalara görə, hazırda 1 kq elmtutumlu məhsulun qiyməti 70 ton neftin qiymətinə bərabərdir. Yeni dünya nizamında elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasion yeniliklərin başlıca təminatına çevrilmişdir. Elmtutumlu informasiyanın yaradılması, əldə edilməsi, tətbiqi sosial-iqtisadi inkişafın, qlobal rəqabətin, ən başlıcası demokratikləşmə prosesinin mühüm amilləridir. Bu baxımdan son illərdə milli gəlir artdıqca, ölkə başçısı İlham Əliyevin respublikamızda elmə, təhsilə, informasiya texnologiyalarına ayırdığı vəsaitlər də artır və bu da insan amilinin və ümumən demokratik proseslərin inkişafı üçün böyük təməl yaradır.

 

 

 İlham MƏMMƏDZADƏ,

AMEA Fəlsəfə, Sosiologiya

Hüquq İnstitutunun direktoru,

fəlsəfə elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2010.- 10 oktyabr.- S. 2.