Vətənə,
xalqa, dövlətə sədaqət
andı
Ümummilli liderin Prezident kimi
birinci dəfə and içməsini xalq belə qiymətləndirmişdi
And
içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan
xalqına ləyaqətlə xidmət edəcəyəm,
müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri
arasında, dünya birliyində ləyaqətli yer
tutmasına çalışacağam.
Ulu öndər Heydər ƏLİYEVİN
1993-cü il oktyabrın 10-da təntənəli andiçmə
mərasimindəki nitqindən
17 il əvvəl - 1993-cü ilin
payızında akademik Budaq
Budaqovdan dövlət radiosunun
"Xəbərlər" redaksiyası üçün
aldığım müsahibədə səsləndirilmiş bir fikri sonralar
müxtəlif tədbirlərdə, qəzet-jurnal məqalələrində
və kitablarda dönə-dönə
istifadə etmişdim. Təbii ki, akademikin özünə istinadən. Budaq müəllim
o zaman demişdi:
"Əlbəttə, dünya təcrübəsində
belə bir qayda var və dövlətçilik
protokollarının tələblərinə görə yeni seçilmiş prezident müəyyən müddətdən sonra xalq
qarşısında and içməlidir.
Heydər Əliyev də seçkidən bir
həftə sonra and içdi. Amma mən tam qətiyyətlə
deyə bilərəm ki, o,
son 35-40 ildə and
içmədən də öz
xalqına, dövlətinə, vətəninə sədaqətlə
xidmət etməyin, qanunun aliliyinin
təmin edilməsinin, insanların hüquqlarının
qorunmasının, həyat şəraitinin
yaxşılaşdırılmasının
nümunəsini yaratmışdır. İnanın ki, dəfələrlə and
içmiş dövlət
başçılarının heç biri Heydər Əliyevin dediyim
müddətdə xalqa və dövlətə
göstərdiyi sədaqətin yarısını belə
göstərə bilməyiblər". Akademik
tamamilə haqlı idi. Çünki
ortada böyük bir tarixi təcrübə,
dünyanın ən üzdə olan
dövlət xadimlərindən birinin keçdiyi siyasi yol var idi.
Bu gün həmin tarixi hadisədən 17 il ötür.
Ancaq xalqımız indi haqqında söz açdığımız möhtəşəm
andiçmə mərasiminin
uğurlu nəticələrini
heç 17 ay keçməmiş
görmüşdü. Xalq Heydər Əliyevi düçar olduğu bəlalardan qurtulmaq üçün Naxçıvandan
Bakıya dəvət
etmişdi. Ölkə əhalisi
Heydər Əliyevin siyasi fəaliyyətə qayıtmasını ona görə istəyir və arzu edirdi
ki, ötən əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyi də məhv olmaq üzrə idi. Ziyalılar Heydər Əliyevi Naxçıvandan Bakıya
dəvət edəndə
o böyük dövlət
adamının siyasi hakimiyyətdə olduğu
dövrdə elmə,
təhsilə, mədəniyyətə,
ədəbiyyata ayırdığı
diqqətin və göstərdiyi qayğının
canlı şahidləri
kimi çıxış
edirdilər. 93-cü ilin
əvvəllərində ölkəyə
rəhbərlik edən
iqtidarın rəhbərləri
Heydər Əliyevin Naxçıvandan Bakıya
gəlməsi üçün
muxtar respublikaya ona görə dalbadal nümayəndə
göndərir, tez-tez
zəng edirdilər ki, ölkədə özlərinin yaratdıqları
problemləri özləri
həll edə bilmir, Heydər Əliyevin təcrübəsinə
ehtiyac hiss edirdilər.
Çünki ölkə siyasi böhran, iqtisadi tənəzzül, hərbi
anarxiya, ictimai xaos içərisində batıb gedirdi. Nazirlər baş
nazirə, deputatlar Ali
Sovet rəhbərliyinə
tabe olmaq istəmədikləri kimi
Baş nazir və Ali Sovet sədri də Prezidentin sərəncam və tapşırıqlarını
yerinə yetirməyi vacib saymırdı. Bütün bunları görən icra strukturları ölkədə sözün
həqiqi mənasında
siyasi bataqlıq yaratmışdılar. Ən
dəhşətlisi isə
o idi ki, ordunu birbaşa tabeçilikdə saxlamalı
olan Müdafiə Nazirliyi öz səlahiyyətlərini itirmiş,
hərbi hissələrin
bir neçəsi siyasi partiyaların, ayrı-ayrı imkanlı adamların və hətta, separatçıların
əlinə keçmişdi.
Bunun nəticəsi olaraq düşmən bütün
cəbhə boyu hücumları genişləndirir,
kənd, qəsəbə
və rayonların işğalını davam
etdirirdi. Heydər Əliyevin
Naxçıvandan Bakıya
gəlməsi ərəfəsində
ölkədə vəziyyət
məhz bu şəkildə idi.
Qəzetimizin ötən saylarından
birində ulu öndərin Naxçıvandan
Bakıya gəlməsini,
parlament sədri seçilməsini, ölkədə
sabitlik və əmin-amanlıq yaradılması
üçün atdığı
qətiyyətli addımları
yada salmış və həmin addımların nəticəsi
olaraq Azərbaycan Prezidenti seçildiyini qeyd etmişdik. Seçkidən 7 gün sonra - oktyabrın 10-da o zamankı Respublika Sarayında keçirilən
təntənəli andiçmə
mərasimində nitq söyləyən Heydər
Əliyev qarşısında
böyük vəzifələrin
dayandığını, həmin
vəzifələrin ardıcıllıqla
və prinsipiallıqla
həyata keçiriləcəyini
söylədi: "Bu gün
mənim üçün
tarixi, əlamətdar
bir gündür. Mənə göstərilən
bu böyük etimada görə Azərbaycan vətəndaşlarına,
Azərbaycan xalqına
bir daha dərin minnətdarlığımı,
hörmətimi, məhəbbətimi
bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət
edəcək və bütün fəaliyyətimi
Azərbaycan Respublikasının
gələcək inkişafına
sərf edəcəyəm".
Heydər Əliyev çox yaxşı bilirdi ki, həmin günlər Azərbaycan xalqını narahat edən təkcə aclıq, yoxsulluq, iqtisadi problemlər və ictimai haqsızlıqlar deyildi. Xalqı daha
çox narahat edən məsələ dövlət müstəqilliyinin
yenidən itirilməsi
təhlükəsinin olması
idi. Ölkə əhalisi görürdü
ki, Əbülfəz Elçibəy və İsa Qəmbər müstəqilliyi qoruyub saxlamaq üçün qətiyyət nümayiş
etdirə bilmədilər.
Ona görə də yenicə prezident seçilmiş Heydər Əliyevə böyük
ümidlər bəslənirdi.
Ölkənin sabahı üçün
dərin narahatlıq hissi keçirən milyonlarla insanın nəzərləri yeni dövlət başçısının
ağzından çıxan
hər bir sözə dikilmişdi.
Xalqın bu narahatlığını əsas
götürən ulu öndər andiçmədə
dedi: "And içirəm
ki, prezident vəzifəsini ali
məqsədlər, amallar
naminə yerinə yetirəcək, Azərbaycan
Respublikasının tam müstəqilliyini,
suverenliyini, ərazi bütövlüyünü təmin
etmək üçün
əlimdən gələni
əsirgəməyəcəyəm".
Dünya siyasətçiləri Heydər
Əliyevi müdrik dövlət xadimi, böyük siyasətçi,
uzaqgörən lider və iqtisadi məsələlərə dərindən
bələd olan rəhbər kimi qiymətləndirirlər. Ancaq ümummilli
liderimizin siyasi məharətini onun diplomatik ustalıqları ilə bərabər qeyd etməyi vacib sayanlar da vardır. Bu, bir həqiqətdir.
Dünyanın nüfuzlu diplomatları
Heydər Əliyevi həm görkəmli siyasətçi, həm də dünya siyasətini dərindən
bilən diplomat kimi qiymətləndirirlər. Ulu öndər həmin keyfiyyətini indi haqqında söz açdığımız andiçmə
mərasimində də
göstərdi. Belə
ki, gənc müstəqil Azərbaycan
dövlətinin bədxahları
çox olsa da dostları da az deyildi. Həmin dostlar isə
daha çox yaxın qonşular, türk dünyası və müsəlman ölkələri arasında
idi. Bu incə məqamı əsas götürən ulu öndər andiçmə
mərasimində dedi:
"Əlimi Qurani-Şərifə
basaraq and içirəm
ki, Azərbaycan xalqının milli və mənəvi ənənələrinə sadiq
olacaq və bu ənənələrin
müstəqil dövlətimizdə
bərqərar olmasını,
yaşamasını və
inkişaf etməsini təmin edəcəyəm".
Siyasi ekspertlərin fikrincə, ölkə əhalisinə
ünvanlanmış kimi
görünən bu fikir əslində beynəlxalq aləmdəki
dostlarımız üçün
verilən mesajlardan biri idi. Çünki Heydər Əliyev Prezident seçiləndə bəzi
ölkələrdəki qara
qəlbli "politoloq"
və "ekspertlər"
Sovet İttifaqının
rəhbərlərindən biri olmuş insanın rəhbərlik etdiyi Azərbaycanda allahsızlar dövrünün
yenidən başlanacağı
barədə "proqnoz"
vermişdilər. Ulu öndər həm andiçmə mərasimində
söylədiyi fikirlərlə,
həm də dövlət başçısı
seçiləndən yarım
il sonra
Məkkə və Mədinəni ziyarət etməklə həmin bədxahların "proqnozlarını"
alt-üst eləmişdi.
Ümumiyyətlə, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması,
dövlət başçısı
seçilməsi və
Azərbaycanın dövlət
müstəqilliyinin əbədiləşdirilməsi
üçün həyata
keçirdiyi titanik siyasi fəaliyyət müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Təsadüfi deyil ki, müstəqil
Azərbaycanın bu gün beynəlxalq aləmdə qazandığı
istənilən uğur
- həmin uğurlar artıq yüzlərlədir
- barədə söz
açan əcnəbilər
ilk növbədə ulu
öndər Heydər
Əliyevin adını
çəkir, bugünkü
Azərbaycanın məhz
onun əsəri olduğunu söyləyirlər.
Azərbaycan xalqının başdan-başa
bu fikirdə olması isə ulu öndərin xoşbəxtliyi, xalqın
qədirşünaslığının nümunəsidir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 10 oktyabr.- S. 2.