Beynəlxalq "Təhsil və karyera" sərgisi uğurla keçdi

 

"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzində "İteca Caspian" MMC və onun tərəfdaşı "İTE. Group PLC" şirkətinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi keçirilmişdir.

 

Təhsil Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatda deyilir ki, açılış mərasimində təhsil naziri Misir Mərdanov çıxış edib. O, dördüncü ildir ki, keçirilən sərginin Azərbaycan təhsilinin inkişafı və beynəlxalq təhsil məkanına inteqrasiyası, xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən təklif olunan təhsil xidmətləri ilə tanışlıq, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğuna etibarlı zəmanət baxımından çox mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək təşkilatçılara minnətdarlığını bildirib.

Sərginin coğrafiyasının və əhatə dairəsinin ildən-ilə genişləndiyini müsbət hal kimi dəyərləndirən nazir builki sərgidə əvvəlki illərdəkindən daha çox - dünyanın 15 ölkəsindən 90-dan artıq təşkilat və şirkətin iştirak etdiyini bildirib. Builki sərgidə ilk dəfə olaraq qardaş Türkiyədən Ankara, İstanbul və İzmirin 15 təhsil müəssisəsini özündə birləşdirən Türk Milli Universitetlər Qrupunun iştirak etdiyini vurğulayan Misir Mərdanov Koreya, Böyük Britaniya universitetlərinin də tədbirdə iştirak etdiklərini diqqətə çatdırıb. Sərgidə artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Türkiyənin yaxından köməyi ilə yaradılmış və təhsil müəssisələri üçün müxtəlif avadanlıqlar, istehsal edən şirkətin öz məhsullarını nümayiş etdirdiyini bildirən təhsil naziri, eyni zamanda, ölkəmizin bu mötəbər beynəlxalq tədbirdə çox az - cəmi iki ali təhsil müəssisəsi ilə təmsil olunmasını təəssüf doğuran hal saydığını, zaman keçdikcə bu vəziyyətin dəyişəcəyinə əmin olduğunu söyləyib.

Sərginin əsas təşkilatçısı olan "İteca Caspian" MMC şirkətinin direktoru Fərid Məmmədov tədbir haqqında məlumat verib, "Təhsil və karyera" sərgisinin təşkilinə göstərdiyi fəal dəstəyə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib və təşəkkür sertifikatını təqdim edib. F.Məmmədov deyib ki, xarici ölkələrin təhsil strukturları, universitetləri və kollecləri sərgidə fəal şəkildə iştirak edir və ilbəil sərgiyə marağın artması müşahidə olunur.

Sərginin ekspozisiyasında məktəbəqədər və orta təhsil, ali təhsil müəssisələrinin proqramları, distasion maarifləndirmə sistemləri, xaricdə təhsil və tələbələrin mübadiləsi üzrə proqramlar, elmi dərəcələrin əldə edilməsi üzrə təhsil, karyeranın planlaşdırılması və inkişaf etdirilməsi üzrə konsultasiyalar, fakültativ təhsil və turizm üzrə proqramlar, dil kursları və yay məktəbləri, yeni informasiya texnologiyaları, multimedia sistemləri, video və televiziya avadanlıqları, kompyuterlər təqdim olundu.

Sərginin ekspozisiyasının genişləndirilməsi üçün yeni mərhələlərin mənimsənilməsi ənənəsi qorunub saxlanılır. Belə ki, "məktəblər üçün avadanlıqlar" və "texniki peşə məktəbləri üçün avadanlıqlar" kimi yeni bölmələr çərçivəsində sinif otaqları üçün avadanlıqlar, o cümlədən məktəbli geyimləri, kürsülər, fizika və kimya kabinetləri üçün avadanlıqlar, eləcə də Almaniyadan gətirilmiş istehsal tədrisi üzrə dəzgahlar nümayiş etdirilmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi iki ildir ki, ardıcıl olaraq sərginin karyera bölməsində gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının və birliklərinin iştirakını təşkil edir. Bu baxımdan sərgidə əlavə peşəkar bacarıqların əldə olunması imkanlarını və konsaltinq təlimlər, əmək bazarının müasir tələblərinə uyğunlaşma üzrə seminarlar təqdim edən şirkətlərin rolu xüsusilə artmaqdadır.

Sərgi zamanı təlimlər, təkmilləşdirmə kursları təşkil edilmiş və Türkiyə ali təhsil müəssisələrinin birində pulsuz təhsil almaq üçün xüsusi lotereya oynanılmışdır. Sərginin ikinci günü İsveçrədən gəlmiş şirkət tərəfindən otel idarəetməsi üzrə seminar keçirilmişdir.

Sərgi Azərbaycan təhsilinin dünyaya inteqrasiyası baxımından əhəmiyyətlidir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 12 oktyabr.- S. 7.