Azərbaycanın
dinamik inkişaf dövrünün önəmli mərhələsi
Ümummilli lider Heydər
Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan dünya
birliyində layiqli yer
tutdu
1988-ci ildən başlayaraq Azərbaycanda hakimiyyətə gələn
qüvvələrin səriştəsizliyi və
bacarıqsızlığı nəticəsində ölkədə
cinayətkarlıq, anarxiya, xaos, hərc-mərclik baş
alıb gedirdi. Müdrik
şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə qayıdışından sonra respublikada ictimai-siyasi sabitlik
yaradıldı və bütün sahələr
üzrə sürətli inkişafın əsası qoyuldu. Ulu öndər
qarşıda duran vəzifələri
müəyyənləşdirərkən demişdir:
"Dövlət müstəqilliyini möhkəmləndirmək,
müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf
etdirmək. Azərbaycan Respublikasının ərazi
bütövlüyünü, tam suverenliyini təmin etmək,
ölkəni müharibə şəraitindən
çıxarmaq, vətəndaşların rifahını
yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq - bu vəzifələr
mənim Prezident fəaliyyətimdə əsas
istiqamətlər olacaqdır".
Ümummilli lider hakimiyyətə gəldiyi ilk vaxtlardan Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının dirçəldilməsi, müstəqil dövlətimizin beynəlxalq aləmdə geniş miqyasda tanınması istiqamətində ciddi islahatlara başladı. Xalqımızın böyük oğlu Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən danışarkən iki hala xüsusi diqqət yetirməyi vacib hesab etmişdir: dağıdılıb məhv edilmiş ölkə iqtisadiyyatını gücləndirmək, respublikanı ağır böhrandan çıxarmaq və yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etmək. Bundan ötrü respublikanın böyük sosial-iqtisadi potensialı var idi. Azərbaycanın geosiyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verirdi. Lakin 1988-93-cü illərdə hakimiyyətdə olan qüvvələr bütün bunları düzgün istiqamətləndirə bilməmişdilər. Dövlət idarəçiliyində zəngin təcrübəsi olan qüdrətli şəxsiyyət Heydər Əliyevin başladığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində həyat tədricən öz axarına düşürdü. İqtisadiyyatda yaranmış tənəzzül tədricən aradan qaldırılır və mühüm əhəmiyyət kəsb edən tədbirlərdən sonra Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyulurdu. Əldə olunan uğurlar, makroiqtisadi sabitlik, sənayedə, kənd təsərrüfatında və digər sahələrdə iqtisadi göstəricilərin getdikcə yüksəlməsi, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamla irəlilədiyini təsdiq edirdi.
1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyasını davamlı şəkildə həyata keçirərək insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına, ölkənin hərtərəfli inkişafına nail olurdu. Qüdrətli şəxsiyyət Azərbaycana iri şirkətləri cəlb etmək, həm ölkənin iqtisadi qüdrətini artırmaq, həm də beynəlxalq əlaqələri möhkəmlətmək barədə düşünürdü. Bu məqsədlə dünyanın tanınmış neft şirkətlərini Azərbaycana cəlb etməklə müstəqil dövlətimiz haqqında dünyada dolğun, geniş rəy formalaşdırmaq istəyirdi. Ona görə də iri neft şirkətləri ilə müqavilə bağlamaq vacib vəzifələrdən biri idi. 1994-cü il sentyabrın 20-də dünyanın inkişaf etmiş qüdrətli dövlətlərini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalandı. Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bu müqavilə həm ölkə daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə böyük uğurlar əldə edilməsində müstəsna rol oynadı. Bu müqavilənin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğu bu gün də özünü göstərməkdədir. Məhz bu tarixi müqavilənin imzalanmasından sonra Azərbaycanın iqtisadiyyatında artım, ölkənin hərtərəfli sürətli inkişaf yoluna qədəm qoyması özünü açıq şəkildə büruzə verdi. Həmin dövrdə ümumi daxili məhsul istehsalının artımı da bunu təsdiqləyir. Məsələn, 1996-cı ildə ümumi daxili məhsul istehsalı 1,3 faiz artmış, 1997-ci ildə həmin rəqəm 5,8 faiz, 1998-ci ildə isə 10 faiz təşkil etmişdir.
Bu illərdə dövlət quruculuğu sahəsində həyata keçirilən mühüm əhəmiyyətli tədbirlər Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi və xalqın gələcəyə olan inamını xeyli artırdı. Ulu öndərin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın dünya standartlarına uyğun ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuşdur. Həmin gün həm də müstəqil Azərbaycan parlamentinə çoxpartiyalılıq əsasında və tam demokratik şəraitdə keçirilmiş ilk seçkilər günü kimi də tarixə düşmüşdür. Konstitusiyanın qəbul olunması ilə ölkəmizdə mülki dövlət və açıq cəmiyyət quruculuğu üçün möhkəm zəmin yarandı. Azərbaycanda hakimiyyət bölgüsünün qanuni-hüquqi əsasları bəyan olundu və bu işin həyata keçirilməsinə başlanıldı.
1993-1998-ci illərdə Azərbaycanın xarici siyasəti sahəsində həyata keçirilən tədbirlər müstəqil dövlətimizin nüfuzunu artırdı. Çünki ulu öndərin yeritdiyi siyasət sülhsevər siyasət idi. Bu siyasət Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə daha geniş tanınmasına xidmət edirdi. Müdrik şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəlmişdi. Azərbaycanın beynəlxalq aləmdə informasiya blokadasına alındığı bir vaxtda diplomatik sahədə uğurlar qazanmaq, ölkəmizi sülhsevər dövlət kimi tanıtmaq böyük əhəmiyyət kəsb edirdi. Bu sahədə əsas vəzifənin dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadədən ibarət olduğunu xüsusi vurğulayan Heydər Əliyev nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri genişləndirməyi, bu təşkilatlara üzv olmağı prioritet hesab edirdi. Bu yolla Azərbaycanın sülhsevər, Ermənistanın isə işğalçı dövlət olduğunu sübut etmək mümkün idi. Əvvəlki iqtidarın bu sahədə buraxdığı səhvlər, yol verdiyi nöqsanlar ölkəmizin regionda təklənməsinə doğru aparmışdı. Ona görə də ulu öndər ilk növbədə xarici dövlətlərlə münasibətləri qaydaya salmağı, Azərbaycan həqiqətlərini, reallıqlarını olduğu kimi çatdırmağı, əlaqələri bərpa etməyi vacib hesab edirdi. Ulu öndər MDB-yə daxil olmağa böyük önəm verirdi, eyni zamanda özünün xarici siyasət kursunda bu quruma daxil olan keçmiş sovet respublikaları ilə birbaşa ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə mühüm diqqət yetirirdi.
Qısa müddət ərzində Azərbaycan beynəlxalq aləmdə müstəqil dövlət kimi tanındı. Azərbaycan Respublikası bölgədə özünə layiqli yer tutdu, inkişaf etmiş dövlətlərlə əlaqələrini genişləndirdi, nüfuzlu beynəlxalq qurumlarla sıx əlaqələr qurdu. BMT, ATƏT, NATO, İslam Konfransı Təşkilatı kimi qurumlarla yaxından əməkdaşlıq keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Ermənilərin azərbaycanlılara qarşı apardıqları siyasət artıq iflasa uğrayırdı. Azərbaycan həqiqətləri, reallıqları beynəlxalq aləmə məlum olduqca ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artırdı. Bu, ulu öndərin qətiyyətinin, uğurlu diplomatik fəaliyyətinin təntənəsi idi. 1996-cı ildə ATƏT-in Lissabon zirvə toplantısında da bunun şahidi olduq. Prezident Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində ermənilərin Avropada azərbaycanlılara qarşı apardıqları siyasət darmadağın edildi. Avropanın 52 dövlətinin, ABŞ və Kanada, habelə 10 Asiya və Afrika dövlət başçılarının iştirakı ilə keçirilən Lissabon sammitində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqların gələcək müqəddəratını müəyyən edən vacib sənəd qəbul edildi. Prezident Heydər Əliyev Azərbaycanın mənafeyinə uyğun olan üç prinsipi 53 dövlətin səsi ilə ATƏT-in yekun sənədinə saldırdı. Müstəsna əhəmiyyət kəsb edən həmin prinsiplərə görə, Lissabon sammitinin iştirakçısı olan dövlətlər ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq niyyətinin üstündən xətt çəkdilər və bəyan etdilər ki, münaqişə Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarəetmə statusunun verilməsi ilə həll olunmalıdır. Münaqişənin danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün bütün imkanlardan istifadə edən ulu öndər beynəlxalq birliyin dəstəyinə üstünlük verdiyini dəfələrlə bəyan etmişdi. Bu zaman Azərbaycanın milli maraqlarının təmin olunmasını vacib hesab edirdi. 1998-ci ildə ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin "Ümumi dövlət" prinsipi əsasında həlli təklifi Heydər Əliyev tərəfindən rədd edildi. Çünki bu prinsip Azərbaycanın milli maraqlarına zidd idi. Müdrik siyasi xadim bir daha bəyan etdi ki, Azərbaycan Dağlıq Qarabağın ondan ayrılmasını nəzərdə tutan hər hansı nizamlama variantı ilə razılaşmayacaq. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin səmərəsizliyi münaqişə tərəfləri arasında birbaşa danışıqların keçirilməsi zərurətini ortaya qoydu.
1993-1998-ci illərdə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi xüsusi tədbirlər nəticəsində Azərbaycanda Milli Ordu quruculuğu da keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Həyata keçirilən tədbirlər nəticəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu öndər bildirirdi ki, Milli Ordumuzun müdafiə qüdrətini və hərbi potensialını daim artırmalıyıq. Ümummilli liderin bu sahədə atdığı qətiyyətli addımların nəticəsidir ki, bu gün Azərbaycanın qüdrətli Milli Ordusu var. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz olunmuşdur. Heydər Əliyevin yaratdığı Milli Ordu hazırda möhkəm nizam-intizama malik, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur.
Xalq ümummilli lider Heydər Əliyevin 1993-1998-ci illərdəki prezidentlik fəaliyyətini yüksək qiymətləndirirdi. Bu dövrdə ulu öndər Azərbaycanı parçalanmadan, müstəqilliyimizin məhv olmasından, vətəndaş qarşıdurmasından, dövlət çevrilişindən xilas etdi. Azərbaycan artıq demokratik prinsiplərin inkişafına xüsusi önəm verən müstəqil dövlət kimi beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirdi. Ona görə də 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində xalq böyük ruh yüksəkliyi ilə müdrik şəxsiyyət Heydər Əliyevi yenidən prezident seçdi. Həmin tarixi gündə də ölkəmizdə inkişafın yeni mərhələsi başlandı. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən mükəmməl strategiya, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki danışıqlar prosesi Heydər Əliyev ideyalarının reallaşmasına hərtərəfli zəmin yaratmışdır. Artıq dünyanın bütün dövlətləri, habelə nüfuzlu beynəlxalq qurumları da Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Prezident İlham Əliyevin mövqeyini dəstəklədiklərini bildirirlər.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 12 oktyabr.- S. 2.