Prezident İlham Əliyev
respublikamızı regionun ən qüdrətli
dövlətinə çevirmişdir
Bu uğurun əsas səbəblərindən
biri Heydər Əliyev siyasətinin ardıcıllıqla davam
etdirilməsidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il
oktyabr ayının 15-dən etibarən gənc
müstəqil dövlətin rəhbəri kimi
ölkəmizi dönmədən böyük
uğurlara doğru
aparır. Qeyd edilən tarixdən bu yana elə bir il olmayıb ki,
respublikamız hansısa göstərici üzrə beynəlxalq
aləmdə özünəməxsus nümunə
yaratmasın. İqtisadi artım tempinə
görə, ümumi daxili
məhsul istehsalının artımına görə, ən
yaxşı biznes mühitinin
yaradılmasına görə, region ölkələri ilə müqayisədə
daha çox xarici investisiyanın yatırılmasına
görə, təhsilə dövlət
qayğısının genişləndirilməsinə görə,
ordu quruculuğunun
sürətləndirilməsinə görə və
ümumiyyətlə, bütün sahələrdə
özünəməxsus nümunələrimiz
formalaşdırılmışdır.
800
mindən çox yeni iş yerinin yaradılması, yoxsulluq həddinin
49 faizdən 11 faizə endirilməsi, 2 minə yaxın yeni məktəb
binasının tikilməsi və bu kimi bir çox göstəricilərimiz
dünya mətbuatının tez-tez yada saldığı məsələlərdəndir.
Ölkədə hüquq, təhsil və iqtisadi
islahatların dərinləşdirilməsi, bazar
iqtisadiyyatına keçidin sürətləndirilməsi,
demokratik dəyərlərin daha geniş tətbiq edilməsi
də həmin sırada dayanan faktlardandır.
Təbii
ki, bütün bunların hamısı bizim üçün
sevindirici və iftixargətirəndir. Ancaq son zamanlar
müşahidə etdiyim bir məsələ məni daha
çox sevindirir. Belə ki, bu gün ölkə əhalisi
dövlətimizin qüdrətlənməsinə vətəndaş
təəssübkeşliyi ilə sevinirsə, hərənin
öz sahəsinə olan uğurlar da insanları peşə təəssübkeşliyi
ilə sevindirir və ruhlandırır. Azərbaycanın
dövlət büdcəsində ordu quruculuğundan sonra ən
çox vəsait ayrılan sahə təhsil sektorudur.Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyev dövlət büdcəsindən vəsait
ayrılarkən ordu quruculuğu ilə təhsil sektorunu əvvəlinci
yerdə görürsə - bu, təsadüfi deyil. Bədxahları
çox olan, torpaqlarının 20 faizi hələ də
düşmən tapdağında inildəyən, minbir bəhanə
ilə sülh danışıqlarından yayınmağa
çalışan Ermənistana öz yerini göstərmək
məcburiyyətində qalan Azərbaycan üçün ordu
quruculuğu olduqca mühüm məsələdir. Hərbi
potensialın artırılması, Müdafiə Sənayesi
Nazirliyinin yaradılması, "Azərbaycanda istehsal
edilmişdir" qrifi ilə beynəlxalq sərgilərdə
nümayiş etdirilən silah-sursat istehsalının tənzimlənməsi
çox sevindirici faktlardır. Bütün bunlar son nəticədə
ölkəmizin ərazi bütövlüyünün bərpa
edilməsinə şərait yaradacaqdır. Ona görə də
dövlət büdcəsi formalaşdırılarkən maddi
imkanlarımızın daha çox hissəsinin məhz bu sahəyə
yönəldilməsi sadəcə müdriklik əlamətidir.
Ancaq büdcə formalaşdırılarkən ordu
quruculuğundan sonra ən çox vəsaitin təhsil
sektoruna yönəldilməsi həm də xalqın
sabahını düşünən liderin vətəndaş
məsuliyyətinin, təəssübkeşliyinin təzahürüdür.
Ulu öndər demişdi ki, gələcək nəsillər 10 ildən, 15 ildən sonra güclü iqtisadiyyat yarada bilər, quruculuq işlərinin miqyasını genişləndirə bilərlər. Ancaq həmin nəsillər öz dövrləri üçün dərhal kadr potensialı yarada bilməzlər. O kadr potensialını bu gün biz yaratmalı, yetişdirməliyik. Gələcəkdəki güclü iqtisadiyyatı, miqyasını hələ bilmədiyimiz quruculuq işlərini məhz bizim bu gün hazırladığımız kadrlar reallığa çevirəcəklər. Ümummilli liderin həmin uzaqgörənliyini əsas götürən Prezident İlham Əliyevin özünəməxsus bir strategiyası var: "Biz neft sektorundan əldə edilən kapitalı insan kapitalına, intellektual kapitala çevirəcəyik". Prezident həmin tezisi irəli sürəndə söyləmişdi ki, bu gün dünyanın ən iti sürətlə inkişaf edən ölkələrindən bəzilərinin heç bir təbii sərvəti yoxdur. Ancaq onlar yüksək intellektual səviyyəli insanların sayəsində öz ölkələrinin inkişafına nail ola biliblər. Neft, qaz və digər təbii sərvətlər 50-60 ildən və ya daha uzun müddətdən sonra tükənə bilər. Ancaq insan kapitalı heç zaman tükənməyən bir sərvətdir.
Prezident İlham Əliyev ölkədə təhsil sektorunun inkişafını sürətləndirmək üçün məktəbəqədər təhsil müəssisələri şəbəkəsindən başlayaraq ali məktəblərin magistratura və doktoranturasına qədər bütün təhsil pillələrini əhatə edən 16 Dövlət Proqramı imzalamışdır. Tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsinin sürətləndirilməsi, dərslik siyasətinin təkmilləşdirilməsi və başqa sahələri əhatə edən proqramların icrasına bilavasitə dövlət başçısının özü nəzarət edir. Ancaq ekspertlərin fikrincə, həmin 16 Dövlət Proqramının hamısı bizim üçün zəruri olsa da, onlardan ikisi daha vacib, daha aktualdır. Bunlar təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsini və xaricdə ali təhsilin səmərəliliyinin artırılmasını təmin edən proqramlardır. Çünki bu gün ən yaxşı məktəb binasında oxuyan, ən müasir dərsliklərlə təmin olunan şagirdin əli informasiya-kommunikasiya texnologiyalarına çatmırsa, orada təhsilin keyfiyyətindən danışmaq mümkün deyil. Bu sahədə ciddi işlərin görülməsi təhsil sahəsi mütəxəssislərinin hamısının ürəyincədir. Əgər 2003-cü ildə ölkədə hər 1000 şagirdə bir kompyuter düşürdüsə, indi hər 29 şagirdə bir kompyuter düşür. Çox böyük fərqdir. Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Artıq 3-4 ildir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas məktəblərinə qəbul imtahanı verən abituriyentlərin sənəd qəbulu haqqında ərizəsini də, ixtisas seçimi ərizəsini də bilavasitə internet vasitəsilə reallaşdırır. Bu isə ölkə gənclərinin informasiya-kommunikasiya vasitələri ilə işləmək qabiliyyətinin artmasına stimul yaradır.
Haqqında söz açmaq istədiyimiz ikinci Dövlət Proqramının - xaricdə təhsilin səmərəliliyinin artırılmasını təmin edəcək proqramın əhəmiyyəti barədə əhatəli danışmağa ehtiyac yoxdur. Ancaq bir faktı qeyd etmək vacibdir ki, bu tendensiyanın təməlini ulu öndər Heydər Əliyev hələ 1969-70-ci dərs ilinin yekunları zamanı qoymuşdu. Həmin dərs ilinə qədər Azərbaycandan SSRİ-nin əsas ali təhsil ocaqlarına oxumaq üçün göndərilən gənclərin sayı ildə təxminən 50-60 nəfər olurdu. onların da əksəriyyəti başqa millətlərin təmsilçiləri idi. Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində cəmi 10 ildən sonra SSRİ-nin əsas ali məktəblərində oxuyan tələbələrin sayı artıq minlərlə idi. Həmin gənclərin əksəriyyəti, azərbaycanlılar idi. Moskva, Leninqrad, Kiyev və başqa şəhərlərdə oxuyub Vətənə qayıtmış mütəxəssislər ölkəmiz dövlət müstəqilliyi əldə edəndən sonra ixtisaslı kadr ordusu kimi müstəqil Azərbaycana xidmət etməyə başladılar. Qayıtmayıb həmin şəhərlərdə qalanlar isə bu gün Rusiya, Ukrayna və digər MDB ölkələrində mütəşəkkil Azərbaycan diasporu formalaşdırıblar. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş proqramın icrası zamanı xaricdə təhsil alanlar isə Moskva və ya Leninqradda (Sankt-Peterburq) deyil, London, Paris, Nyu-York, Berlin, İstanbul və digər böyük şəhərlərin nüfuzlu ali məktəblərini bitirəcəklər. Deməli, həmin proqramın icrası zamanı Azərbaycanın daha da qüdrətli olması üçün bizə daha yüksəkixtisaslı mütəxəssislər hazırlanacaq.
2003-cü ilin payızından bəri elə bir il olmayıb ki, Prezident İlham Əliyev yeni dərs ilinin başlanması münasibətiylə təhsil ictimaiyyətinin arasına getməsin. Ancaq təkcə bu görüşlər deyil. Dövlət başçımız dövri olaraq təhsil sektoru ilə bağlı müxtəlif sərəncamlar imzalayır, hansısa məktəb binasının və ya tədris korpusunun açılışında şəxsən iştirak edir. Oktyabr ayının cəmi 10 günü geridə qalıb, bu müddətdə dövlət başçımızın təhsil sahəsi ilə bağlı iki sərəncamının və bir tədris korpusunun açılışında iştirakının şahidi olmuşuq. Prezident oktyabrın 4-də - Müəllim Günü ərəfəsində təhsil işçilərinin təltif edilməsi və onlara fəxri ad verilməsi ilə bağlı iki sərəncam imzaladı. Həmin sərəncamdan üç gün əvvəl isə dövlət başçımız Tibb Universitetinin tədris-terapevtik klinikasının açılışında iştirak etmişdi. Yəni, bu sahə dövlət başçısının az qala gündəlik iş qrafikində özünə yer tutur. Bu isə təsadüfi deyil. Yuxarıda qeyd etdiyimiz kimi, güclü dövlət yaradıcılığının yolu mükəmməl təhsil sektoru formalaşdırılmasından keçir. Dünyanın bütün ölkələrində belə düşünürlər. Ancaq təhsilə dövlət qayğısının təmin edilməsində Azərbaycan təcrübəsi əksər ölkələrdəki həmkarlarımız üçün əlçatan deyil. Biz şadıq ki, bu inkişafı özümüzün çalışdığımız Müəllimlər İnstitutunun timsalında da görürük. Rektorumuz, professor Aqiyə xanım Naxçıvanlı dövlətin təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün bizim hər birimizin üzərinə xüsusi vəzifələr qoyur.
Bəli, Prezident İlham Əliyev ölkədə hərtərəfli islahatların genişləndirilməsinə verdiyi önəmlə, xüsusən, regionların sosial-iqtisadi inkişafına nail olmaqla Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirmişdir. Uğurlarımıza sevinən beynəlxalq müşahidəçilərin və poltoloqların fikrincə, respublikamızın bu nailiyyətinin əsas səbəblərindən biri də ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsidir. Çünki qədim türk dastanı olan "Oğuznamə"də deyildiyi kimi, oğulun əməllərinin əsasında atadan aldığı tərbiyə dayanır.
Tovuz EMİNLİ,
Azərbaycan Müəllimlər İnstitutu
Zaqatala filialının direktoru
Xalq qəzeti.- 2010.- 13 oktyabr.- S. 4.