Azərbaycanın
xalça sənəti və tarixi-mədəni
abidələri italiyalı alimi heyran etdi
Xalça sənəti üzrə
tanınmış mütəxəssis, İCOC-un (Şərq
Xalçaları üzrə Beynəlxalq Konfrans) Akademik Komitəsinin
sədri, italiyalı Alberto Boralevi Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin dəvəti ilə sentyabrın 5-dən 12-dək Azərbaycanda
olmuşdur.
Dəvətin
əsas məqsədi Boralevinin muzeyin fəxri üzvü və
tanınmış bir mütəxəssis kimi, yeni inşa
olunan Xalça Muzeyinin təntənəli
açılış mərasimi tədbirlər
proqramının hazırlanması işində iştirak etməsidir.
O, keçirilməsi nəzərdə tutulan Azərbaycan
xalçası üzrə Beşinci Simpoziumun İCOC-un
iştirakı ilə beynəlxalq səviyyədə təşkili,
həmçinin simpozium iştirakçıları
üçün "Xalça turu"nun
hazırlanmasında da iştirak edəcəkdir. Bu məqsədlə
cənab Boralevi Bakı, Quba və Naxçıvanın qədim
tarix, mədəniyyət abidələri ilə,
xalçaçılıq sənətinin inkişaf səviyyəsi
ilə tanış olmuşdur.
Məlumat
üçün bildirək ki, İCOC dünyada tanınan,
nüfuzlu bir təşkilatdır. Bu təşkilatda müxtəlif
ölkələr, o cümlədən Azərbaycan da təmsil
olunur. İCOC-un fəaliyyəti Şərq xalçası və
toxuculuq sənətinin dünyada təbliğinə istiqamətlənmişdir.
Şərq Xalçaları üzrə Birinci Beynəlxalq
Konfrans 1976-cı ildə Londonda keçirilmişdir.
Boralevi
muzeyin yeni binasının layihəsi və tikinti işləri
ilə tanış olmuşdur.O bildirmişdir ki, burada
aparılan işlər barədə məşhur
"Hali" jurnalında məlumat dərc etdirəcəkdir.
Dəfələrlə Azərbaycan xalçası haqqında
bu jurnalda yazılar dərc olunub. Bütün dünya tərəfindən
tanınan belə nüfuzlu bir jurnalda xalçalarımız
haqqında obyektiv məlumatların yer alması bizim
üçün uğurlu bir addımdır.
Onu da qeyd edək ki, İCOC 1983-cü ildə Bakıda yüksək səviyyədə keçirilmiş Birinci Şərq Xalçaları Beynəlxalq Simpoziumunun təşkilində iştirak etmiş və çoxsaylı tanınmış əcnəbi alimləri, o cümlədən cənab Boralevini tədbirə cəlb etmişdir . Muzey onların əksəriyyəti ilə bu günə qədər əlaqə saxlayır. Cənab Boralevi, həmçinin, 2007-ci ildə YUNESKO-nun Parisdəki Mənzil-Qərargahında keçirilmiş Azərbaycan Xalçası üzrə Dördüncü Beynəlxalq Simpoziuma da dəvət edilmişdir.
Bakıya səfərinin ilk günündə Boralevi Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Azərbaycan xalçaçıları" İctimai Birliyinin nümayəndələri ilə görüşü keçirilmişdir.
Görüşdə xalq rəssamı Eldar Mikayılzadə, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva, "Azərxalça" İB - nin sədri Əlisəfa Nuriyev, rəssamlar Aydın Rəcəbov, Məmmədhüseyn Hüseynov və başqaları iştirak etmişlər.
Qonağa bildirilmişdir ki,2008- ci ildə xalça sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı problemləri araşdırmaq, mövcud vəziyyətdən çıxış yolları tapmaq üçün "Azərbaycan xalça sənəti və müasir dövrün tələbləri: mühafizə məsələləri" mövzusunda seminar keçirilmişdir. Məhz bu seminarda "Azərbaycan xalçaçıları" İB yaradılması qərara alınmışdır. 2009- cu ildə təsis edilmiş "Azərbaycan xalçaçıları" İB 2010-cu ildən fəaliyyətə başlamışdır. Birliyin məqsədi Azərbaycan milli xalçaçılıq sənətinin qorunması, inkişafı və dünyada təbliğinə kömək etməkdən ibarətdir. Xalçaçılıq sahəsində fəaliyyət göstərən peşəkar qurum kimi, Azərbaycan xalçaçılarına yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların yaradıcılıq ustalığının artırılmasına kömək etmək bu təşkilatın əsas istiqamətlərindən biridir. Bu məqsədlə birlik müxtəlif kurslar, seminarlar, dəyirmi masa və digər mədəni-kütləvi tədbirlərin təşkilini nəzərdə tutur.
2009 - cu ilin avqustunda Bakıda, "Azərbaycan xalçaçıları" İB Azərbaycanda xovsuz xalçaların istehsal problemlərinə, unudulmaqda olan texnologiyaların bərpasına həsr edilmiş dəyirmi masa təşkil etmişdir.Qeyd olunmuşdur ki, "Azərbaycan xalçaçıları" İB öz işlərini müxtəlif sərgilərdə nümayiş etdirir. Belə ki, 2009-cu ildə ölkənin müxtəlif zonalarında xalçaçıların Respublika yarış festivalı keçirilmiş, həmçinin toxucuların işləri Bazeldə Azərbaycan mədəniyyəti günlərində nümayiş etdirilmişdir.
"Azərbaycan xalçaçıları" İB Azərbaycan xalçasının müxtəlifliyinin qorunması sahəsində beynəlxalq əməkdaşlığı, məqsədlərini, prinsiplərini, çərçivə strategiyasını və əsas istiqamətlərini müəyyən etmək üçün bu görüş əhəmiyyətli olmuşdur.
Cənab Boralevi Bakı Dövlət Universitetində də olmuş, muzey təhsili haqqında professor, pedaqogika kafedrasının müdiri Nübar Muxtarova ilə müzakirələr aparmışlar.
Daha sonra qonaq Miniatür Kitab Muzeyində olmuş, muzeyin direktoru Zərifə Salahova ilə görüşmüşdür. O, muzeyə öz heyranlığını bildirmiş, rəy kitabına ürək sözlərini yazmışdır.
Qonaq Muğam Mərkəzində Azərbaycan musiqisini dinləmiş, rəssam Eldar Mikayılzadənin emalatxanasında olmuşdur. Emalatxana ilə tanışlıqdan sonra qonaq demişdir ki,"bu əsl rəssamdır".
Sonra qonaq Quba şəhərinə və Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Qubada "Köhnə Quba", "Aygün" xalça emalatxanaları, Quba Tarix diyarşünaslıq muzeyi, Sinaqoq və Cümə məscidi ilə tanış olmuşdur. Qonaq bu abidələr barədə ətraflı məlumatlandırılmışdır.
İtaliyalı qonağın Naxçıvan Muxtar Respubliasına səfəri isə daha maraqlı keçmişdir. O, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilə tanış olmuşdur. Naxçıvanın Xalça Muzeyindəki görüşləri qonağı məmnun etmişdir. Naxçıvan Xan sarayı, Yusif İbn Küseyr, Möminə Xatun türbələrində olan Alberto Boralevidə Azərbaycanın qədim mədəniyyət ölkəsi olduğuna bir daha inam yaratmışdır.
Sonra qonaq Naxçıvandakı Açıq Səma Altında Muzeydə, Əsab-i Kəhf ziyarətgahında da olmuşdur.
İnanırıq ki, Alberto Boralevinin bu səfəri Azərbaycan mədəniyyətinin, xalça sənətimizin beynəlxalq aləmdə təbliğinə müsbət təsir göstərəcək.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 15 oktyabr.- S. 8.