Böyük
uğurla reallaşdırılan islahatlar Azərbaycanın
siyasi və iqtisadi qüdrətini daha da
artırmışdır
Cənab İlham Əliyevin
prezidentliyinin 7 ili və 70 ilə bərabər uğurlu
inkişaf yolu
(Əvvəli qəzetin 14 oktyabr
2010-cu il tarixli sayında)
Yuxarıda
qeyd edildiyi kimi, bütün dünyanı sarsıdan
böhrana baxmayaraq 2009-cu ildə adambaşına düşən
ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və
yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əmək
haqqı 6,8 faiz artaraq 298 manata çatmışdır. Eyni zamanda, ötən ilin başlıca müsbət
nəticələrindən biri də manatın dəyərinin
sabit saxlanılması olmuşdur. Məhz bunun nəticəsində
inflyasiya həddi cilovlanmış və cəmi 1,5 faiz təşkil etmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə
də büdcə icrasında sosialyönümlü tədbirlərə
və xərclərə üstünlük verilmiş,
müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi
tam təmin edilmişdir. Belə ki, 2009-cu ildə sosial məqsədlər
üçün dövlət büdcəsindən 2 milyard 903
milyon manat, o cümlədən onun cari xərclərinə 2
milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da
2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5
faiz çoxdur. 2008-ci illə müqayisədə 2009-cu ildə
dövlət büdcəsinin cari xərclərində
sosialyönümlü tədbirlər üzrə xərclərin
tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat
xərcləri 24,6 faiz, təhsil xərcləri
17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət,
incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri
12,9 faiz artmışdır. 2009-cu ilin ən mühüm sosial
tədbirlərindən biri də əhalinin təbii qazın
istifadəsindən yaranan 330 milyon manat məbləğində
borcunun ölkə başçısının sərəncamı
ilə silinməsi olmuşdur ki, bu da əhali tərəfindən,
xüsusilə aztəminatlı vətəndaşlar tərəfindən
böyük razılıqla qarşılanmışdır.
2009-cu ildə
aztəminatlı ailələrin sosial müdafiəsini təmin
edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq
edilən ehtiyac meyarının məbləği
artırılaraq 60 manata çatdırılmış,
ünvanlı sosial yardımların göstərilməsi məqsədi
ilə dövlət büdcəsindən 180 milyon manat vəsait
istifadə olunmuşdur. Bu da 700 min nəfər
aztəminatlı şəxsi və ya 175 min ailəni əhatə
etmişdir. Bu müddətdə əlillərin və
şəhid ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması və əlillər
üçün bərpa mərkəzlərinin
yaradılması ilə bağlı zəruri tədbirlər
həyata keçirilmiş, o cümlədən ölkənin
22 rayonunda və Bakı şəhərinin bir neçə
rayonunda əlillər üçün çoxmənzilli və
fərdi yaşayış evlərinin tikintisinə 46,2 milyon
manat vəsait yönəldilmişdir.
Hesabat ilində əhalinin daha çox qayğıya
ehtiyacı olan hissəsinin - məcburi köçkünlərin
və qaçqınların problemləri də diqqət mərkəzində
olmuşdur.
Belə ki, 2009-cu il bu insanların sosial-məişət
və məskunlaşma şəraitinin
yaxşılaşdırılması və yaşayış
qəsəbələrinin tikintisi istiqamətində də
vacib mərhələ olmuşdur. İl ərzində
Neft Fondundan həmin məqsədlərə 90 milyon manat vəsait
sərf olunmuşdur.
2009-cu il həm də ölkədə
sahibkarlığın inkişafı, o cümlədən
müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi,
biznes mühitinin daha da yaxşılaşdırılması,
bu sahəyə dövlət dəstəyi tədbirlərinin
genişləndirilməsi ilə də yadda
qalmışdır. Bu müddətdə ölkə
Prezidentinin təşəbbüsü ilə yerli
sahibkarlığın inkişaf etdirilməsi, onların
birbaşa vergi yükünün azaldılması məqsədi
ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi
22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir
vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi
sahibkarlar üçün isə 35 faizdən 20 faizə
endirilmiş, bir sıra fəaliyyət növləri
üçün xüsusi razılıq (lisenziya)
alınmasına görə dövlət
rüsumlarının məbləğinin azaldılmasına
dair müvafiq qərarlar qəbul edilmişdir. Hesabat ilində
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli
kreditlər verilmişdir ki, bu da 2008-ci illə müqayisədə
1,5 dəfə çoxdur. Kreditlərin 70 milyon
manatı dövlət büdcəsindən Sahibkarlığa
Kömək Milli Fonduna ayrılmış vəsait hesabına
təmin edilmişdir. Güzəştli kreditlər
hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52
istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir
ki, bunun da 99,2 faizi regionların payına düşür. Eyni zamanda, 2009-cu ildə qəbul edilmiş
"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan
Respublikasının Qanunu isə ölkədə yeni rəqabət
qabiliyyətli istehsal sahələrinin yaranmasına, qeyri-neft məhsullarının
ixracının artmasına müsbət təsir edərək,
ümumilikdə sahibkarlığın inkişafında
mühüm rol oynayacaqdır.
2009-cu il ərzində
qanunvericilikdə edilən bir sıra mühüm dəyişikliklər
nəticəsində sığortalanan əmanətlərin məbləği
5 dəfə artırıldı - 6 min manatdan 30 min manata
çatdırıldı, bankların xarici borclarının
qaytarılmasını təmin etmək üçün
onlara zəruri yardım göstərildi. Eyni
zamanda, qanunvericiliklə banklara və sığorta təşkilatlarına
kapitallaşdırma məqsədi ilə vergi güzəştləri
tətbiq olundu, mümkün itkilər üzrə banklardan
maliyyə ehtiyatlanması daha da artırıldı.
Bütün bunlar nəticədə il ərzində
bankların aktivlərinin 14 faiz, kreditlərin 17 faiz, əmanətlərin
23 faiz, bank kapitallarının isə 18 faiz artmasına imkan
verdi.
2009-cu il ərzində
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1
milyard 600 milyon manat olmuşdur ki, bu da 2008-ci ilə nisbətən
205 milyon manat və ya 14,7 faiz çoxdur. Sosial sığorta
haqları üzrə daxilolmalar 8,3 faiz artaraq 1 milyard 37 milyon
manata çatmışdır ki, bunun da 56 faizi qeyri-büdcə
təşkilatlarının payına düşür. 2009-cu
ilin əvvəlinə fondun hesabında olan 91 milyon manat sərbəst
qalıq, həmçinin büdcə təşkilatlarından
ilin son günlərində daxil olacaq sosial sığorta
haqlarının qarşılıqlı əvəzləşdirilməsi
hesabına dövlət büdcəsindən əlavə
ayrılan 40 milyon manat vəsait pensiyaların ödənişinə
yönəldilmişdir. O cümlədən, 2009-cu ildə
fondun xərcləri 1 milyard 675 milyon manat təşkil
etmişdir. Bu vəsaitin də 96,6 faizi və
ya 1 milyard 618 milyon manatı əhaliyə ödənişlərə
yönəldilmişdir ki, bu da 2008-ci ilə nisbətən
20,8 faiz və ya 278 milyon manat çoxdur.
Eyni zamanda, bütün xərclərin 94 faizini pensiya
ödəmələri təşkil etmişdir. Bundan əlavə, 2009-cu ildə
əhaliyə 46,4 milyon manat və ya əvvəlki
ilə nisbətən 24,6 faiz çox müavinət
verilmişdir. Əgər 2008-ci ildə əhalinin pul gəlirlərində
fondun ödəmələri 6,7 faiz olmuşdursa, 2009-cu ildə
bu göstərici inflyasiyanın cilovlanması nəticəsində
7,2 faizədək yüksəlmişdir.
Aydındır
ki, istənilən sahənin inkişaf etdirilməsi müəyyən
maliyyə təminatı tələb edir. Başqa sözlə
desək, həyata keçirilən layihələrin və tədbirlərin
maliyyə təminatı nə qədər güclü olarsa,
əldə edilən nəticə də bir o qədər
uğurlu olar. 2009-cu il ərzində iqtisadi və sosial sahələrin
inkişafı üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 9 milyard manatdan çox investisiya yönəldilmişdir
ki, bu da keçən illə müqayisədə 12,5 faiz
çoxdur. İnvestisiyaların 79,4 faizini və ya 7,3 milyard
manatını daxili investisiyalar təşkil etmişdir ki, bu
da ötən ilin müvafiq göstəricisini 23,7 faiz üstələmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə
genişmiqyaslı tikinti quruculuq işləri ilə yadda
qalmışdır. Bu il də milli iqtisadiyyatın müxtəlif
sahələrində infrastruktur sahələrin yenidən
qurulması istiqamətində geniş tədbirlər həyata
keçirilmişdir.
İl ərzində
Ağdam, Salyan, Kürdəmir, Oğuz, Sabirabad, Biləsuvar və
Qusar rayonlarında Olimpiya idman kompleksləri, Bakı şəhərində
məişət soyuducuları zavodu, pambıq emalı fabriki,
Şamaxı şəhərində məişət
soyuducuları zavodu, Bərdə rayonunda asfalt-beton, Qazax
rayonunda bentonit gili, Sabirabad rayonunda sement, Kürdəmir
rayonunda konserv, Qəbələ, Lənkəran və Biləsuvar
rayonlarında süd emalı, Saatlı rayonunda biyan emalı,
Balakən rayonunda yem istehsalı zavodları, Ağstafa
rayonunda tikiş fabriki, Şəki rayonunda kolbasa məmulatı
və pendir istehsalı sexləri, Lənkəran rayonunda
uşaq sağlamlıq mərkəzi istifadəyə
verilmiş, "Qafqaz" turist istirahət mərkəzi daha
da təkmilləşdirilmişdir.
Ölkəmizin
əldə etdiyi uğurlarda və davamlı iqtisadi
inkişafa nail olunmasında qəbul edilmiş dövlət
proqramlarının rolu xüsusi qeyd edilməlidir. Belə ki,
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı" və
digər proqramlara əsasən ölkə
iqtisadiyyatının gücləndirilməsi, tarazlı
inkişaf etdirilməsi və dünya iqtisadiyyatına səmərəli
inteqrasiyası, sürətli regional inkişafın təmin
olunması, regionlarda infrastruktur təminatının və
kommunal xidmətlərin səviyyəsinin
yaxşılaşdırılması, xalqın rifah
halının daha da yüksəldilməsi, əhalinin
etibarlı ərzaq təminatının ödənilməsi
üçün makroiqtisadi sabitliyin qorunması, investisiya
mühitinin daha da yaxşılaşdırılması,
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi,
sahibkarlığa, xüsusilə regional sahibkarlığa
dövlət dəstəyinin gücləndirilməsi,
ixracyönümlü məhsul istehsalının
artırılması və s. istiqamətlərdə ciddi
uğurlar əldə edilmişdir.
Eyni
zamanda, uğurların miqyasının daha da
artırılması məqsədilə sahibkarlığın
inkişafı və biznes mühitinin daha da
yaxşılaşdırılması, dövlət-sahibkar
münasibətlərinin tənzimlənməsi, ölkədə
sağlam rəqabətin təmin edilməsi, biznesə
başlama proseduralarının sadələşdirilməsi,
sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin
təkmilləşdirilməsi, vergi yükünün
davamlı azaldılması, maarifləndirmə və digər
istiqamətlərdə tədbirlər davam etdirilməkdədir.
Məhz bu tədbirlərin nəticəsidir ki, regionlarda sənaye,
kənd təsərrüfatı və xidmət sahələrinə
aid 70-dən çox yeni müəssisənin tikintisi başa
çatdırılmış, 173 müəssisənin
tikintisi isə davam etdirilməkdədir. Bütün bunlar gələcəkdə
regional inkişaf istiqamətində daha ciddi uğurların əldə
ediləcəyinə zəmin yaradır.
Son illərdə
ölkənin sürətlə inkişaf edən sahələrindən
biri də nəqliyyat sektoru olmuşdur. Bu sahə istər yeni
yol və yol ötürücülərinin tikilib istifadəyə
verilməsi, istər sərnişin və yük
daşımalarına dair müvafiq tədbirlərin həyata
keçirilməsi, istərsə də daşıma xidmətlərinin
keyfiyyətinin yüksəldilməsi və s. istiqamətlərdə
atılan mühüm addımlarla yadda qalmışdır.
Şəhərdaxili və şəhərlərarası sərnişin
daşımalarına yeni komfortlu və iritutumlu avtobuslar cəlb
edilmiş, bütün ölkə boyunca yollar və yol
infrastrukturları yenidən qurulmuş, yollarda hərəkətin
təşkili və təhlükəsizliyi istiqamətində
müvafiq tədbirlər görülmüşdür. Məhz
ölkə başçısının qətiyyətliliyinin,
verilən tapşırıqların icrasına birbaşa və
ciddi nəzarətinin, eləcə də regional
infrastrukturların inkişafına göstərdiyi diqqət və
qayğının nəticəsidir ki, 2003-2008-ci illər ərzində
ölkənin, həmçinin regionların inkişafında
böyük rolu olan Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərınin
inşası, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat
dəhlizlərinin yaradılması kimi möhtəşəm
layihələr başa çatdırılmış,
Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına
başlanmış və beləliklə, Azərbaycan regionun
mühüm iqtisadi güc mərkəzinə, eyni zamanda
dünyanın enerji təhlükəsizliyində
aparıcı mövqeyə malik güclü dövlətə
çevrilmişdir.
Nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə
2003-2008-ci illər ərzində regionlarda 1000 kilometrdən
çox magistral yollar çəkilmiş və ya əsaslı
təmir edilmiş, 600 kilometr respublika əhəmiyyətli və
2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri
aparılmış, 69 yeni körpü tikilmiş, 34
körpü təmir edilmiş, eləcə də
Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala
şəhərlərində müasir standartlara uyğun yeni
hava limanları tikilmişdir. Hal-hazırda da yolların
abadlaşdırılması, yenidən qurulması, Ələt
qəsəbəsində böyük terminalın
yaradılması və Lənkəranda yeni dəniz
limanının tikintisi və s. istiqamətlərdə işlər
davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində
artıq Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyində
aparıcı mövqeyə malik bir dövlətə
çevrilmişdir.
Təbii
ki, bütün bunlar milli iqtisadiyyatın digər sahələri
ilə yanaşı, turizm, nəqliyyat və s. kimi xidmət
sahələrinə də təsirsiz ötüşə bilməzdi.
Xüsusilə, dinamik artan yerli istehsal, sürətlə
genişlənən xarici əlaqələr, ölkəmizin əlverişli
coğrafi-strateji mövqeyi və s. səbəblərdən
daşıma xidmətlərınin keyfiyyətinin yüksəldilməsi,
daşımaların operativ, təhlükəsiz və
qısa zamanda təşkili artıq zərurətə
çevrilmişdir. Eyni zamanda, ölkəmizin qoşulduğu
beynəlxalq və regional layihələr Azərbaycanı zəngin
tranzit potensialına malik bir ölkəyə çevirmişdir.
Transmilli nəqliyyat proqramları və layihələri
çərçivəsində, o cümlədən TRASEKA və
Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan
seqmentində avtomobil magistrallarının tikintisi və yenidənqurulması,
regionlarda, xüsusən dağ rayonlarında yol şəbəkəsinin
bərpası və təkmilləşdirilməsi işləri
həyata keçirilmişdir. Bütün bunlar da
daşıma xidmətlərinin kəmiyyət və keyfiyyət
göstəricilərinin artmasına təsir göstərmişdir.
Əldə edilən nailiyyətlər yalnız avtomobil
daşımaları xidmətinə deyil, bütün nəqliyyat
xidmətlərinə təsir edir. Məsələn, Azərbaycanda
hasil edilmiş karbohidrogenin dünya bazarlarına nəql edilməsi
məqsədilə illik layihə gücü 50 milyon ton olan
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri,
eləcə də Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz kəməri
istismara verilmişdir ki, bu da boru kəməri
daşımalarını inkişaf etdirməklə
yanaşı, həm də ölkəmizi Avropanın enerji təhlükəsizliyində
aparıcı bir dövlətə çevirmişdir.
Bütün bunlar isə ölkəmizin dünya iqtisadi
sisteminə inteqrasiyasını şərtləndirən Heydər
Əliyevin ideyalarının reallaşmasının bariz
nümunələridir.
Prezident
İlham Əliyevin uğurla davam etdirdiyi çevik və
ardıcıl siyasət Azərbaycanı Xəzər regionunda
əsas nəqliyyat qovşağına və beynəlxalq aləmdə
əhəmiyyət kəsb edən neft və qaz tranziti ölkəsinə
çevirmişdir. Azərbaycan, Gürcüstan və
Türkiyə arasında imzalanmış
"Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti haqqında"
sazişə müvafiq olaraq, Türkiyə və
Gürcüstanın ərazilərində dəmir yolu xətlərinin
inşası və yenidənqurulması işlərinin
aparılması nəticəsində Türkiyə ilə Azərbaycan
arasında birbaşa dəmir yolu əlaqəsinin
yaradılması, eləcə də Qara dəniz və Xəzəryanı
ölkələrin Avropanın dəmir yolu şəbəkəsinə
qoşulması mümkün olacaqdır.
Ümumiyyətlə,
bütün sahələrdə gedən proseslər,
düşünülmüş daxili və xarici iqtisadi siyasət
uzlaşdırılır, hər hansı bir sahədə
baş verən iqtisadi tərəqqi digər sahənin də
inkişafında təkanverici amil rolunu oynayır. Başqa
sözlə desək, Azərbaycan Respublikasının bir
sıra beynəlxalq layihələrə qoşulması, nəqliyyat
xidmətlərinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi
istiqamətində ardıcıl addımlar atması
bütövlükdə milli iqtisadiyyatın tərəqqisini
daha da sürətləndirir. Belə ki, 2010-cu ilin ilk
yarısının statistik məlumatlarına görə Azərbaycanın
valyuta ehtiyatları 24,7 milyard ABŞ dollarına
çatmışdır ki, bu da ölkənin xarici dövlət
borcunu 6 dəfə üstələyir. Məhz
düşünülmüş siyasətin və
ardıcıl addımların nəticəsidir ki, 2004-2009-cu
illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi
ilə bağlı tədbirlərin həyata keçirilməsi
üçün büdcə vəsaitlərinin həcmi 4,8 dəfə,
ölkə üzrə orta aylıq əməkhaqqı 3 dəfə,
əhalinin gəlirləri 3,4 dəfə, onun adambaşına
düşən həcmi isə 3,2 dəfə, minimum
pensiyanın məbləği 3,8, minimum əməkhaqqı
6,3 dəfə artırılmışdır. Göstərilən
məqsədyönlü tədbirlərin həyata
keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi
son 5 ildə 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək
enmiş, son 6 ildə 840 min yeni iş yeri
yaradılmışdır. Eləcə də, 2009-cu ildə əhalinin
banklardakı əmanətləri 23 faiz, iqtisadiyyata banklar və
kredit təşkilatları tərəfindən kredit
qoyuluşunun həcmi isə 17 faiz artmışdır. 2009-cu
ildə əvvəlki illə müqayisədə 12,5 faiz
çox pullu xidmətlər göstərilmiş, 8,9 faiz
çox istehlak malları satılmışdır.
Adambaşına düşən nominal gəlirlər 2008-ci ilə
nisbətən 6,7 faiz, ölkə iqtisadiyyatında
çalışan işçilərin orta aylıq əməkhaqqı
8,6 faiz artmışdır.
Statistik
araşdırmalar göstərir ki, bütün bu uğurlar
2010-cu ildə də davam etdirilmişdir. Belə ki, 2010-cu ilin
birinci yarısında ötən ilin müvafiq dövrü ilə
müqayisədə ÜDM 3,7 faiz, yaxud müqayisəli qiymətlərlə
561,4 milyon manat artaraq 19,7 milyard manata çatmışdır.
ÜDM-in 67,5 faizi məhsul istehsalı sahələrində, o
cümlədən 57,2 faizi sənayedə, 6,9 faizi inşaat
kompleksində, 3,4 faizi kənd təsərrüfatında
yaradılmışdır. Xidmət sahələrinin əlavə
dəyərdə xüsusi çəkisi 26,2 faiz, o cümlədən
nəqliyyatda 6,3 faiz, ticarət və pullu xidmətdə 7,8
faiz, rabitədə 1,6 faiz, sosial və qeyri-formal xidmətlərdə
10,5 faiz təşkil etmişdir. ÜDM-in 6,3 faizi məhsula və
idxala xalis vergilərin payına düşmüşdür.
Keçən
ilin birinci yarısına nisbətən adambaşına
ümumi daxili məhsul istehsalı 2,5 faiz artaraq 2210,6 manat
(2751,5 ABŞ dolları) olmuşdur. Əlavə dəyər
istehsalı neft sektorunda ötən illə müqayisədə
2,4 faiz, qeyri-neft sektorunda isə 4,7 faiz artmışdır.
Milli iqtisadiyyatın inkişafında xüsusi rol oynayan və
ÜDM-in tərkibində ən böyük xüsusi çəkiyə
malik olan sənaye sahələrində fiziki şəxslərin
fəaliyyəti də nəzərə alınmaqla keçən
ilin birinci yarısı ilə müqayisədə 3,5 faiz
çox və ya 14,2 milyard manatlıq sənaye məhsulu
istehsal edilmişdir. Məhsulun 77,5 faizi mədənçıxarma
bölməsində, 17,2 faizi emal bölməsində, 4,8 faizi
elektrik enerjisi, qaz, buxar və
kondisiyalaşdırılmış hava ilə təchizat
bölməsində, 0,5 faizi su təchizatı, çirkli
suların və tullantıların təmizlənməsi
bölməsində istehsal olunmuşdur. 2009-cu ilin birinci
yarısı ilə müqayisədə məhsul istehsalı
mədənçıxarma bölməsində 2,1 faiz, emal
bölməsində 5,2 faiz, elektrik enerjisi, qaz, buxar və
kondisiyalaşdırılmış hava ilə təchizat
bölməsində 2,9 faiz, su təchizatı, çirkli
suların və tullantıların təmizlənməsi
bölməsində 3,1 faiz artmışdır.
Emal
sektorunda qida məhsulları istehsalı 2,5 faiz, içki
istehsalı 9,2 faiz, neft məhsulları istehsalı 9,7 faiz,
kimya sənayesi məhsulları istehsalı 55,2 faiz, rezin və
plastik məmulatlar istehsalı 15,5 faiz, metallurgiya sənayesi məhsulları
istehsalı 39,4 faiz, hazır metal məmulatları istehsalı
1 faiz, elektrik avadanlıqları istehsalı 36,4 faiz,
maşın və avadanlıqların istehsalı 98,1 faiz,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı
42,4 dəfə artmışdır. 2010-cu ilin altı ayı ərzində
nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı
sahəsində fəaliyyət göstərən fiziki şəxslər
tərəfindən 94,2 milyon ton, yaxud keçən ilin
müvafiq dövrünə nisbətən 2,4 faiz çox
yük, 656,6 milyon nəfər və ya 3,5 faiz çox sərnişin
daşınmışdır. Yüklərin 11,4 faizi dəmir
yolu nəqliyyatı, 50,5 faizi avtomobil nəqliyyatı, 5,8 faizi
dəniz nəqliyyatı, 32,3 faizi boru kəmərləri ilə,
sərnişinlərin 85,3 faizi avtomobil, 14,2 faizi metropolitenlə
daşınmışdır.
Yuxarıda
qeyd edilənlər cənab İlham Əliyevin 7 illik
prezidentliyi dövründə əldə edilən
uğurların kiçik bir hissəsidir. 7 ildə əldə
edilən uğurları bir məqalədə əhatə etmək
qeyri-mümkündür. Yekun olaraq bir faktı qeyd etmək
kifayətdir ki, nəinki müstəqilliyini yeni
qazanmış MDB respublikalarında, hətta dünyanın
uzun illər ərzində sürətlə inkişaf
etmiş ölkələrində ciddi tənəzzülün
baş verdiyi bir vaxtda istər 2003-2008-ci illərin, istərsə
də 2009-cu və 2010-cu illərin milli iqtisadiyyatımız
üçün nəzərəçarpacaq uğurlarla
başa çatması, ölkə iqtisadiyyatının
böhran "küləyindən" məharətlə
qorunması artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını,
aparıcı dünya universitetlərinin iqtisadçı
alimlərini təəccübləndirməkdədir. Artıq
bu alimlər və təşkilatlar Azərbaycan
Respublikasının iqtisadi inkişaf modelini öyrənmək
və digər ölkələrdə də tətbiq etmək
istiqamətində müəyyən işlər görürlər.
Təbii
ki, bütün bunlar, hörmətli akademikimiz Ramiz Mehdiyevin də
qeyd etdiyi kimi, azərbaycanlı alimlər qarşısında
da mühüm vəzifələr qoyur. Ölkəmizin iqtisadi
inkişaf modeli, bu modelin formalaşdırılması
"alqoritmi", səciyyəvi xüsusiyyətləri, gələcək
təkmilləşdirmə imkanları və s. ətraflı
şəkildə araşdırılmalı və elmi cəhətdən
əsaslandırılmalıdır.
İsa ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
direktoru, iqtisad elmləri doktoru,
professor,
Aqil ƏSƏDOV,
institutun şöbə müdiri,
iqtisad elmləri üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2010.- 15 oktyabr.- S. 5.