Azərbaycan xalqın mənafeyinə xidmət edən müasir və qüdrətli dövlətə çevrilmişdir

 

Bu reallıq Prezident İlham Əliyevin xalqın etimadını şərəflə doğrultduğunu bir daha təsdiq edir

 

Mən İlham Əliyevə özümə inandığım qədər inanıram.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Türk xalqlarının tarixində növbəti inkişaf mərhələsi olan son 100 ildə çoxlu sayda mütəfəkkir, siyasət xadimi, sərkərdə və dövlət qurucuları ərsəyə gəlmişdir. Ancaq siyasətdə öndərlik, dövlət quruculuğunda liderlik, ordunun formalaşdırılmasında sərkərdəlik kimi üç böyük məharəti özündə birləşdirən şəxsiyyətlərin adı çəkiləndə öncə böyük dövlət qurucuları Mustafa Kamal Atatürkün və Heydər Əliyevin adı yada düşür. Çünki bu iki şəxsiyyət sözün həqiqi mənasında xalqı və dövləti üçün can fəda etmiş, xalqın və dövlətin xilaskarına çevrilmişdir.

 

Öndərlik, liderlik, sərkərdəlik kimi şəxsi keyfiyyətlər bir şəxsiyyəti bütöv xalqın xilaskarı edir. Bəzən belə düşünənlər də tapılır ki, SSRİ dağılandan sonra yaranan gənc müstəqil dövlətlərin hamısı həyata vəsiqə ala bildi. Azərbaycan da həmçinin. Ancaq korafəhim təfəkkürlü həmin adamlar SSRİ-nin çökməsindən sonra yaranan digər ölkələrlə Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi vəziyyətini eyniləşdirəndə çox böyük səhvə yol verdiklərini anlamırlar.

Tarixçilər haqlı olaraq 1991-93-cü illərdəki Azərbaycanın siyasi, hərbi və iqtisadi böhrandan çıxarılmasını Osmanlı imperiyasının dağılmasından sonra Türkiyə Cümhuriyyətinin qorunub saxlanılmasına bənzədirlər. Çünki hər iki məqamda hər iki ölkə çoxsaylı xarici düşmənlərin, daxildəki kortəbii qüvvələrin və erməni xəyanətinin törətdiyi fəsadlarla üz-üzə idi. Hər iki ölkənin xalqı dövlət müstəqilliyini qoruyub saxlamaq üçün illərlə zillət çəkmiş, minlərlə qurban vermişdir. Nəhayət, tanrı hər iki xalq və dövlət üçün xilaskar göndərmiş, həmin xilaskarlar bir-birindən fərqli tarixdə iki qüdrətli türk dövlətini qoruyub saxlamağa nail olmuşlar. Təsadüfi deyil ki, bu gün beynəlxalq aləmdə Türkiyə Cümhuriyyəti dedikdə dərhal nəzərlərdə Atatürkün qurduğu dövlət, Azərbaycan Respublikası dedikdə isə Heydər Əliyev siyasi kursu ilə irəliləyən və inkişaf edən ölkə canlanır. Biz məmnunuq ki, xalqımızı və dövlətimizi bəlalardan, məhrumiyyətlərdən, ölkəmizi parçalanmaqdan qorumuş ümummilli liderin ideyaları yaşayır və onun siyasi kursu uğurla davam etdirilir.

Bu siyasi kursun davam etdirilməsi iki cəhətdən ulu öndərimizin dövlət quruculuğundakı dahiliyinin təsdiqi kimi qəbul edilir. Birinci ona görə ki, bu kurs elə bir şəkildə işlənib hazırlanmış və müdrikanə uzaqgörənliklə formalaşdırılmışdır ki, Azərbaycan xalqı yaşadıqca bu kurs da yaşayacaqdır. İkinci, 2003-cü ilin payızında keçirilən prezident seçkilərində xalqı düzgün istiqamətə yönəldən, "Mən İlham Əliyevə özümə inandığım qədər inanıram" - deyən ulu öndər sadəcə dövlətin gələcəyini müəyyən etmişdi. O gələcək ki, artıq biz məhz həmin günlərdə yaşayırıq və bütün dünyada qüdrətli Azərbaycan dövləti kimi qəbul edilən respublikanın mövcudluğundan iftixar hissi keçiririk. 2003-cü ilin oktyabrında İlham Əliyevə səs vermiş insanların hamısı o zaman nə qədər doğru yolda olduqlarını bu gün daha dərindən hiss edirlər. Qeyd edilən seçkidə müxalif mövqe tutanların böyük əksəriyyəti isə öz vicdanı qarşısında peşmançılıq keçirir və həmin peşmançılığı müxtəlif etiraflar vasitəsiylə ictimailəşdirirlər. Yəni bu gün təkcə ölkə daxilindəki 9 milyonluq əhalimiz deyil, dünyanın hər yerində yaşayan 50 milyonluq soydaşlarımız gənc müstəqil Azərbaycanın hərtərəfli uğurları ilə fəxr edir, Heydər Əliyev siyasi kursunu canidildən dəstəkləyirlər.

Baş nazir İlham Əliyevin 2003-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra ona bu etimadı göstərən Azərbaycan xalqı nə qazanmış oldu? Buradakı "qazanmaq" ifadəsinin sözün birinci mənasında qəbul edilməyəcəyinə əminik. Çünki istənilən siyasi kampaniyada, o cümlədən referendum və seçkilərdə iştirak edən xalq ilk növbədə öz mənafeyinin qorunmasına, maraqlarının təmin edilməsinə çalışır ki, bu da ən böyük qazanc kimi qəbul edilir. Xalqın ilk qazancı ondan ibarət oldu ki, ölkədə Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə zəmin yarandı. Əks təqdirdə xalq 10 illik inkişafdan sonra yenə də müstəqilliyin əldən getməsi, ölkənin parçalanması, iqtisadi böhranın qayıtması, işsizlikyoxsulluğun davam etməsi kimi problemlərlə üz-üzə qalacaqdı. Son 7 ildə Azərbaycanda dövlət quruculuğu məhz bu mənfi amillərin xalqın həyatına bir daha qayıtmaması istiqamətində davam etdirilmişdir.

Xalqın 2003-cü ildən sonrakı növbəti qazancı ondan ibarət oldu ki, Heydər Əliyevin hələ 1995-96-cı illərdə start verdiyi beynəlxalq aləmə inteqrasiya strategiyası Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək yeni müstəviyə qaldırıldı. İndi Azərbaycanın uğurları dünya miqyasında qiymətləndirilir. Respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas ünvanlardan birinə çevrilib. Regiondakı iqtisadi layihələrin heç biri Azərbaycanın razılığı və ya iştirakı olmadan reallaşdırıla bilmir. Mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın iqtisadi inkişafını diqqətlə izləyib, respublikamızı dünyanın ən dinamik və sürətlə inkişaf edən ölkəsi elan edirlər. Dünyanın aparıcı təhlil mərkəzləri Azərbaycan həqiqətləri barədə yazarkən qeyd edirlər ki, son bir neçə ildə bu ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə düşmüş, 800 mindən çox yeni yerləri açılmış, ərzaq və enerji təhlükəsizliyi məsələlərinin həllində əsaslı tədbirlər görülmüşdür. Ən başlıcası isə bu gün Azərbaycan beynəlxalq aləmdə ən yaxşı biznes mühiti olan ölkə kimi qəbul edilir.

Dünya siyasətçilərinin və beynəlxalq ekspertlərin ölkəmiz haqqında söylədiyi fikirlərdə belə bir məqam da öz əksini tapır ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması, cəmiyyətin daha da demokratikləşdirilməsi və əsas insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması istiqamətində kifayət qədər tədbirlər həyata keçirilmişdir. Ölkədə təşkil edilən istənilən seçki özündən əvvəlkinə nisbətən daha təkmil şəkildə hazırlanır və daha şəffaf şəkildə keçirilir. İstənilən hesabatda qeyd edilir ki, Azərbaycan müasir, demokratik dəyərlərin böyük önəm verildiyi ölkədir. Burada bütün insanlar azad, sərbəst, firavan yaşayırlar. Bütün demokratik azadlıqların mövcud olduğu bu ölkədə sabitlik, ictimai-siyasi asayiş, təhlükəsizlik həm dövlət tərəfindən, həm də xalq tərəfindən yüksək səviyyədə qorunur.

Bu gün beynəlxalq aləmdə iti sürətlə davam edən qloballaşma prosesinə bütün ölkələr özünəməxsus şəkildə qoşulurlar. Azərbaycanın da həmin beynəlxalq prosesə münasibətdə öz nümunəsi vardır. Ölkəmizdə həm dövlət səviyyəsində, həm də Heydər Əliyev Fondunun xəttiylə müxtəlif beynəlxalq tədbirlər, xüsusən, sivilizasiyalararası dialoqun genişləndirilməsinə xidmət edən ümumdünya miqyaslı konfrans, simpoziumdiskussiyalar keçirilir. Bu, Azərbaycanın sivil dövlət quruculuğu kursunu genişləndirməsinin təzahürüdür. Ancaq ölkə rəhbərliyi bu addımları atmazdan əvvəl öz milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və beynəlxalq aləmdə daha geniş şəkildə təbliğ olunması üçün xüsusi proqramlar, layihələr reallaşdırır.

Bu gün Azərbaycan postsovet məkanında yeni məktəb binalarının tikilib istifadəyə verilməsi (son 7 ildə 2 minə yaxın məktəb tikilib istifadəyə verilmişdir), yeni yol qovşaqlarının və çoxsaylı körpülərin tikilməsi, bütün regionlarda Olimpiya-İdman Komplekslərinin, müalicə-diaqnostika mərkəzlərinin, bütün şəhər və rayonlarda çoxsaylı sənaye, emal və xidmət müəssisələrinin tikintisinə görə ən öndə gedən ölkələrdən biridir. Naxçıvan, Gəncə, Lənkəran və Zaqatalada tikilən beynəlxalq aeroportların istifadəyə verilməsi, Şimal-Cənub (Rusiya sərhədindən İran sərhədinədək) və Bakı-Tbilisi avtomobil yollarının beynəlxalq standartlar səviyyəsində yenidən qurulması ölkəmizin dünya nəqliyyat sisteminə qoşulmasını təmin etmişdir.

Bütün bunlar son 7 ilin nəticələrinin yalnız bir hissələridir. Ən başlıcası isə odur ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli ordu kimi formalaşmışdır. Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Bütövlükdə Azərbaycan iqtisadiyyatı isə Ermənistan iqtisadiyyatından 7-9 dəfə böyükdür. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Ölkəmiz ədalətli sülhün ərəfəsindədir.

Fikrimizcə, Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsinin yeddinci ildönümü münasibətiylə qələmə aldığımız sətirləri elə dövlət başçımızın qətiyyətli bir ifadəsi ilə tamamlamaq daha yaxşı olardı. Çünki xalq öz liderindən məhz bu məsələnin həllini gözləyir ona inanır. Dövlət başçımızın qətiyyəti belədir: "İşğal altındakı bütün torpaqlarda Azərbaycanın suveren hüquqları bərpa olunacaqdır".

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 16 oktyabr.- S. 4.