Gələn ilin dövlət büdcəsi sosial-iqtisadi
siyasətimizin uğurla həyata
keçirilməsinə etibarlı maliyyə təminatı
yaradır
Son illər Azərbaycan
sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə
etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı
inkişafına nail olunmuşdur. Birinci və ikinci regional
inkişaf proqramlarının, habelə digər mühüm sənədlərdə
nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə
reallaşdırılması nəticəsində yeni iş
yerlərinin və müəssisələrin
yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin
yüksəldilməsi, sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılması, iqtisadiyyata investisiya
qoyuluşlarının artırılması, yoxsulluğun
azaldılması və s. məsələlər öz
müsbət həllini tapmışdır.
Azərbaycan
iqtisadiyyatının dinamik inkişafı büdcənin
artımında da özünü göstərir. Xatırladaq
ki, iqtisadiyyatın aynası, davamlı inkişafın barometri
sayılan büdcənin real göstəriciləri və
artım səviyyəsi ölkəmizdə təkcə vətəndaşların
yaşayış səviyyəsini deyil, ümumən hökumətin
fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalıını
dəyərləndirməyə imkan verir. Etiraf edək ki, fəaliyyətində
sosial məsuliyyət prinsipini, məqsədyönlülüyü
rəhbər tutan Azərbaycan hökuməti bir qayda olaraq
dövlət büdcəsinin mədaxil və məxaric hissəsini
vətəndaşların mənafeyi baxımından
qurmağa və yüksək sosial rifaha nail olmağa
çalışır. Büdcə dövlətin hərtərəfli
inkişafı baxımından zəruri olan sosial-infrastruktur
layihələrinin həyata keçirilməsi,
iqtisadiyyatın şaxələndiriliməsi üçün
əsas maliyyə mənbəyi rolunu oynayır. Bu maliyyə sənədində
həmçinin, dövlətin perspektiv inkişafına
hesablanan mühüm dövlət proqramlarının, fərman
və sərəncamların realizəsi üçün zəruri
maliyyə vəsaitləri əksini tapır.
"Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsi
haqqında" qanun layihəsində yuxarıda sözügedən
məsələlər öz aydın ifadəsini
tapmışdır. Xatırladaq ki, 2011-ci il üçün
dövlət büdcəsinin layihəsi "Büdcə
sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun hazırlanmışdır. Növbəti il
üçün dövlət büdcəsi layihəsi ölkəmizin
iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq
Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə
əhalinin maddi rifah halının
yaxşılaşdırılması, iqtisadiyyatda əldə
olunan nailiyyətlərin və ölkənin sosial-iqtisadi
kursunun ardıcıl davam etdirilməsi, həmçinin
dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən
meyillər nəzərə alınmaqla tərtib edilib.
Qarşıdakı
ilin əsas maliyyə sənədi layihəsi ölkənin əsas
makroiqtisadi göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti
və ortamüddətli inkişafına təsir göstərən
daxili və xarici amillər, o cümlədən 2010-cu ilin 8
ayı ərzində Azərbaycan iqtisadiyyatının
inkişafının əsas meyilləri və nəticələri
qiymətləndirilməklə tərtib edilmişdir.
Növbəti
ildə əsas məqsədlər sırasına
iqtisadiyyatın neft sektorundan asılılığının
azaldılması, regionların iqtisadi və xammal
potensiallarından səmərəli istifadə olunması,
dövlət büdcəsindən maliyyələşən
sosial xidmətlərin səmərəliliyinin
artırılması, maliyyə yardımlarının
ünvanlılığının
reallaşdırılması kimi vəzifələr daxil
edilmişdir. 2011-ci ilin dövlət büdcəsi layihəsi
tərtib olunarkən İqtisadi İnkişaf Nazirliyinin
hazırladığı 2011-2014-cü illər üzrə Azərbaycan
Respublikasının makroiqtisadi proqnoz göstəriciləri, o
cümlədən ümumi daxili məhsulun 3,8 faizlik, qeyri-neft
ümumi daxili məhsulun isə 7,2 faizlik artım sürəti
əsas götürülmüşdür.
Dünyada hələ də mövcud olan təzadlı iqtisadi durum şəraitində 2011-ci il dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə ehtiyatla yanaşılmış, dövlət büdcəsi gəlirlərinin hesablanmasında bir barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində götürülmüşdür. 2011-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 30 faizi həcmində, mütləq ifadədə isə 12 milyard 61 milyon manat və yaxud 2010-cu ilin proqnozuna nisbətən 4,8 faiz (556 milyon manat) çox nəzərdə tutulur. Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 2011-ci ildə 4 milyard 420 milyon manat daxilolmalar proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsi üzrə isə dövlət büdcəsinə 1 milyard 120 milyon manat gəlir proqnozu nəzərdə tutulur. Bu, 2010-cu illə müqayisədə 20 milyon manat çoxdur. Digər mənbələrdən dövlət büdcəsinə 6 milyard 521 milyon manat vəsait daxil olacaqdır. Bunun 6 milyard 480 milyon manatı Dövlət Neft Fondunun, 41 milyon manatı sair daxilolmaların payına düşür.
2011-ci ilin dövlət büdcəsinin xərcləri kəsirin maliyyələşmə mənbələri də nəzərə alınmaqla 12 milyard 748 milyon manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 3,9 faiz (473 milyon manat) çoxdur. Dövlət büdcəsi xərclərinin 55 faizi və ya 7 milyard 43 milyon manatı cari xərclərə, 42 faizi və ya 5 milyard 358 milyon manatı əsaslı xərclərə, 2,7 faizi və 347 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Müvafiq olaraq 2010-cu illə müqayisədə 2011-ci il dövlət büdcəsi xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 1,6 faiz azalmış, əsaslı xərclərin xüsusi çəkisi 1,3 faiz artmışdır.
Yeri gəlmişkən, xatırladaq ki, 2011-ci ilin dövlət büdcəsindən məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin 42,3 faizi həcmində və yaxud 5 milyard 390 milyon manat vəsait ayrılacaqdır.
Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 33,3 faiz və yaxud 4 milyard 234 milyon manat olmaqla cari ilə nisbətən 8,8 faiz artımla (342 milyon manat) proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 518 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu da cari illə müqayisədə 7,5 faiz (246,7 milyon manat) çoxdur.
Dövlətin milli təhlükəsizlik strategiyasının tərkib hissəsi olan Azərbaycan Respublikasının hərbi doktrinası nəzərə alınmaqla ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xərclər, həmçinin xüsusi müdafiə təyinatlı layihələrin, tədbirlərin maliyyə təminatı ilə bağlı nəzərdə tutulmuş vəsait də nəzərə alınmaqla 2011-ci il dövlət büdcəsi xərclərinin tərkibində müdafiə xərclərinin xüsusi çəkisi 18,9 faizə çatdırılmaqla iki dəfəyədək artırılır. Növbəti il üçün dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 31,7 faizi həcmində nəzərdə tutulur.
Milli Məclisdə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirilmişdir ki, 2011-ci il dövlət büdcəsinin kəsiri 687 milyon manat və ya ümumi daxili məhsulun 1,7 faizi həcmində nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 0,3 faiz azdır.
Müzakirə zamanı 2011-ci ilin icmal büdcəsinin göstəriciləri barədə də ətraflı danışılmışdır. Göstərilmişdir ki, Azərbaycan Respublikasının 2011-ci il icmal büdcəsinin gəlirləri 15 milyard 558 milyon manat olmaqla 2010-cu ilə nisbətən 0,7 faiz (110,2 milyon manat), xərcləri isə 15 milyard 129 milyon manat olmaqla cari ilə nisbətən 5,9 faiz çox (848,8 milyon manat) nəzərdə tutulmuşdur. İcmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olaraq 293,2 milyon manat proqnozlaşdırılmışdır. Bu, 2010-cu ildən 7,9 faiz və ya 21,5 milyon manat çoxdur. İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 2010-cu ilə nisbətən 12,1 faiz artımla proqnozlaşdırılaraq 1 milyard 971 milyon manat təşkil edəcəkdir. Dövlət Neft Fondu büdcəsinin xərcləri isə 6 milyard 829 milyon manat olmaqla 2010-cu ilə nisbətən 433,7 milyon manat və ya 6,8 faiz çoxdur.
Müzakirə zamanı yekdil qənaət bu olmuşdur ki, gələn ilin dövlət büdcəsi qarşıya qoyulan məqsədlərə çatmağa, dövlətin iqtisadi sahədə siyasətinin uğurla həyata keçirilməsinə etibarlı maliyyə təminatı yaradır. 2011-ci ilin dövlət büdcəsi son illərdə tərtib olunan dövlət büdcələrinin məntiqi davamıdır və respublikamızın iqtisadi inkişafına adekvatdır. Eyni zamanda, gələn ilin dövlət büdəsi layihəsində sosialyönümlülük və investisiyatutumluluqla yanaşı, prioritetlilik həm də hərbi xərclərə yönəldilib.
Dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Dövlət Neft Fondunun fəaliyyətinə də toxunulmuşdur. Qeyd edilmişdir ki, yarandığı gündən indiyədək DNF-na 40 milyard dollar vəsait daxil olub. Bunun 20 milyard dolları istifadə edilib. İstifadə edilən vəsaitin bir qismi dövlət büdcəsinə köçürülüb, bir qismi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə və digər bu kimi layihələrdə Azərbaycan dövlətinin payının, bir qismi qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihə və proqramların maliyyələşməsinə yönəldilib.
Müzakirə zamanı o da bildirilmişdir ki, DNF-in qarşısında dayanan əsas vəzifələrdən biri dünya bazarlarında neftin qiymətinin dəyişməsinin Azərbaycanın dövlət büdcəsinə təsirinin qarşısını almaqdır. Ona görə də dünya bazarlarında neftin qiymətindən və valyuta məzənnəsindən asılı olmayaraq DNF-dən dövlət büdcəsinə 2011-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulduğu qədər, yəni 6 milyard 480 milyon manat köçürüləcək.
Nəhayət, onu da təkrar xatırladaq ki, gələn ilin dövlət büdcəsi layihəsi sosialyönümlüdür. Cari illə müqayisədə gələn il səhiyyə xərclərinin 10,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinin 11 faiz, əməyin ödənişi üçün nəzərdə tutulan xərclərin isə 14,5 faiz çox nəzərdə tutulması dövlət büdcəsinin sosialyönümlü olmasının əyani təsdiqidir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 16 oktyabr.- S. 4.