Adı
"Qızıl kitab"a
düşən şuşalı yeniyetmə
Fitri istedad hər kəsə verilmir. Xoşbəxt
insan odur ki, Tanrının ona bəxş etdiyi istedaddan düzgün bəhrələnsin,
eləcə də fəaliyyəti ilə xalqına, bəşəriyyətə
xidmət edə bilsin. İstedadlı gənc vokalçı İsmayıl Yunusovun on beş yaşı
olsa da, bənzərsiz səsi sayəsində indiyədək
dəfələrlə yerli
və beynəlxalq mahnı müsabiqələrində
uğurla çıxış
edib, laureat adını qazanıb.
Ancaq bu il cənab
Prezident İlham Əliyevin sərəncamı
ilə İsmayılın
adının Azərbaycan
gənclərinin "Qızıl
kitab"ına yazılması
və xüsusi aylıq təqaüdə
layiq görülməsi
tək vokalçının
deyil, onun ailəsinin, səsinin vurğunlarının və
müəllimi Anar Şuşalının hədsiz
sevincinə səbəb
olub. "Bu xəbər
həm İsmayıl,
həm də ailəmiz üçün
sürpriz oldu"-deyən İsmayılın
anası uşaqlıqdan
oğlunun musiqiyə həvəsi olduğunu söylədi və bu sərəncamın dövlətin gənclərə
diqqət və qayğısının göstəricisi
olduğunu bildirdi.
Onun yaşıdlarından fərqləndiyini
və istedadını
duyan valideynləri İsmayılı altı
yaşında Nizami rayonu Yeniyetmə və Gənclər Yaradıcılıq Birliyinə
gətirib. Burada balaca İsmayıl iki il oxuyub.
Hazırda İsmayıl
Yunusov 229 nömrəli
orta məktəbin onuncu sinif şagirdidir.
Eyni zamanda o, Rauf Hacıyev adına musiqi məktəbində fortepiano və
vokal üzrə təhsil alır. Onun vokalçı kimi çıxış etməyə başlaması
isə müəllimlərinin
təkidindən sonra olub. Əslən Şuşadan olan istedadlı gənc 1995-ci ildə gözlərini Bakıda dünyaya açsa da, səsi, istedadı ilə onu dinləyənlərə
istər-istəməz Azərbaycanın
"Musiqi konservatoriyası"
hesab edilən Şuşanı xatırladır.
Axı bir vaxtlar Qarabağda, Şuşada Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinski, Xan Şuşinski, Bülbül
kimi tanınmış
xanəndə və musiqiçilər yetişib.
O, Şuşanı görməsə
də, səsi, ifası ilə dinləyicilərə yüksək
musiqi zövqü bəxş etməklə yanaşı, həm də Şuşa musiqi ənənələrini
yaşadır. İsmayıl
Yunusov hazırda tanınmış sənətçi,
əməkdar artist Anar
Şuşalıdan dərs
alır. Onun peşəkar musiqiçi
kimi yetişməsində
müəlliminin rolu və əziyyəti böyükdür.
Gənc
vokalçı 2009-cu ildə
"Azərbaycan dünyam
mənim!" adlı
müsabiqənin qalibi
olub. Bu il isə onun uğurlarına
daha biri əlavə olunub. O, gənc ifaçıların
Nazim Əliverdibəyov
adına 5-ci ümumşəhər
müsabiqəsinin laureatı
adını alıb.
İndiyə qədər M. Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
Teymur Göyçayevin
Dövlət Gənclər
Simfonik Orkestrinin solisti kimi müxtəlif
ölkələrdə çıxış
edərək Azərbaycanı
təmsil edib. Bunlar arasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Fransanın
Paris və Strasburq şəhərlərində, eləcə
də Belçikada təşkil olunan "Azərbaycanın xoşməramlı
mələkləri" konserti
xüsusi yer tutur. Vokalçı həm də musiqi əsərləri bəstələyir, ən
böyük arzularından
biri Konservatoriyaya daxil olub, musiqinin
sirlərinə daha dərindən yiyələnmək,
bundan sonra da Azərbaycanı beynəlxalq nüfuzlu festivallarda təmsil etməkdir.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 17 oktyabr.- S. 8.