Azərbaycanda ekoturizmin inkişafı üçün geniş imkanlar var

 

Respublikamızın ərazisi cavan Alp qırışıqlıq zonasına təsadüf etdiyindən, özünün mürəkkəb geoloji quruluşu, bu quruluşda çoxsaylı təbii irs obyektlərinin, o cümlədən nadir geoloji obyektlərin (NGO), müxtəlif iqlim şəraitinin, torpaq-bitki örtüyünün olması ilə dünyanın bir çox regionlarından fərqlənir.

 

Ölkəmizin ərazisində olan nadir geoloji obyektləri digərlərindən fərqləndirən cəhət onların daha çox estetik gözəlliyə, müalicəvi, maddi-mənəvi və tarixi əhəmiyyətə, bir sözlə insanların sağlam və gümrah yaşaması, onlardan faydalanması üçün lazım olan yararlı xüsusiyyətlərdir. Bunları nəzərə almaqla, təbiətdə olan ekoloji tarazlığı pozmamaq və bunlardan səmərəli faydalanmaq şərti ilə respublikamızın ərazisində olan nadir geoloji obyektlərin qorunması sahəsində ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirilir. Belə tədbirlərin nəticəsidir ki, respublikamızın ərazisində bir sıra dövlət təbiət qoruqları, milli parklar və nəbatət bağları yaradılmışdır.

Ekoloji problemlərin həlli ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 avqust tarixli sərancamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nadir qeoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə işlənmiş tədbirlər planı həyata keçirilir.

Planın əsas məqsədi NGO-un zəmanətli qorunması və səmərəli istifadəsini və onların gələcək nəsillərə çatdırılmasını təmin etməkdir.

Adıçəkilən tədbirlər planından irəli gələn müddəaların yerinə yetirilməsi digər təşkilatlarla yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin (MGKX) bölmələri tərəfindən də həyata keçirilir. Bu baxımdan MGKX-in Abşeron-Qobustan və Xəzəryanı Axtarış Geoloji Ekspedisiyası 2009-cu ildən başlayaraq respublikamızın qərbi Xəzəryanı hissəsində mövcud nadir geoloji obyektlərin qorunması, yeni obyektlərin aşkarlanması, turizm istiqamətində istifadəsi və mühafizəsi məqsədi ilə geoloji müayinə işlərinə başlamışdır. Geoloji müayinə işlərinə respublikamızın cənub bölgəsindən başlanılmışdır.

Respublikamızın cənub bölgəsi əvəzedilməz nadir geoloji obyektlərlə zəngindir. Bu obyektlərin yerləşmə qanunauyğunluğunu nəzərə almaqla Lənkəran -Astara, Lənkəran-Lerik və Masallı-Yardımlı istiqamətlərində turist marşrutlarını seçmək olar.

Marşrutun Yardımlı rayonu ərazisi nadir geoloji obyektlərlə daha zəngindir və mənzərəli Viləşçay dərəsi boyunca belə obyektlərin bir neçəsi ilə oxucularımızı tanış etmək istərdik.

Xanuba-Şıxlar şəlaləsi. Şəlalə Yardımlı rayonu ərazisində Masallı-Yardımlı magistral yolunun 28-ci km-də Zeynalazir dərəsində yerləşir. Şəlalə kaskad formalı olmaqla iki mərtəbədən ibarətdir.

İkinci mərtəbənin hündürlüyü 18 metrə çatır. Birinci mərtəbənin hündürlüyü isə 5 metrə qədərdir. Şəlalənin əmələ gəlməsinə səbəb ərazidə yayılmış süxurlarda baş vermiş qırılıb düşmə olmuşdur. Zəif minerallaşmış çat mənşəli suların uzun illər boyu axması nəticəsində çökmə süxurlar üzərində travertin qatı əmələ gəlmişdir.Travertin qatının qalınlığı 1 metr qədərdir. Şəlalələrin suyu 900 yaxın bucaq altında axır.Şəlalə ərazisi müxtəlif növ ağaclardan ibarət meşəlikdir və burada dincəlmək üçün hər cür şərait yaradılmışdır. Belə ki, burada 1,2,3 otaqlı evlər, yeməkxana və s. vardır. Şəlalənin ərazisi abadlaşdırılmışdır.

Deman qayalıqları. Bu obyekt Yardımlı rayonunun Deman kəndi yaxınlığında, Viləşçayın mənbəsi olan bulaqlardan 800 metr şimal-qərbdə yerləşir. Obyekt 1600 metr yüksəklikdə Nesli lay dəstəsinin tufqumdaşlarından əmələ gəlmiş sıldırım qayalıqlardan ibarətdir və bu ərazidə özünün yatımı, laylanması ilə diqqəti cəlb edir.

Tufqumdaşları laylarının əmələ gətirdiyi sıldırım qayalığın hündürlüyü 20 metrə çatır.Ayrı-ayrı layların qalınlığı 5-6 metrə qədərdir.Deman obyekti Viləşçay boyunca olan marşrutun davamıdır. Marşrut üzrə Masallı-Yardımlı yolu asfalt, Yardımlı-Deman kəndinə qədər olan yol isə torpaq və daşlıdır. Bura bir sıra sərin bulaqları və qumdaşları qayalıqları ilə maraqlıdır.

Arvana qayaları. Bu obyekt Yardımlı rayonunun cənub-qərbində Peştəsər silsiləsinin Üzibaşi dağı ( 2200 metr) yaxınlığında yerləşir. Silsilə çılpaq dağlıq struktiv relyef formasından ibarətdir və nisbi yüksəklik 50 metrə çatır.

Silsiləni əmələ gətirən süxurlar andezit, andezit-bazalt lavaları, tufbrekçiyalarından ibarətdir. Silsilənin bir sıra yerlərində sütunvari vulkanitlərə rast gəlinir. Silsilə, böyük bir əraziyə uzanır. Gözəl görkəmi və mənzərəsi ilə diqqəti cəlb edir.

Bu obyekt İran İslam Respublikasının dövlət sərhəddinə yaxın yerdə, inzibati cəhətdən Yardımlı rayonunun Arvana kəndi ərazisində yerləşir. Peştəsər silsiləsi özünün gözəl görkəmi, mənzərəsi ilə diqqəti cəlb edir.

Bu ərazidən əzəmətli Savalan dağını müşahidə etmək mümkündür.

Qız qalası. Azərbaycan respublikası ərazisində "Qız qalası" adı altında çoxlu sayda tarixi abidələr kimi nadir obyektlərə rast gəlmək mümkündür. Belə nadir obyektlərdən biri də Yardımlı rayonu ərazisində, Alar kəndi yaxınlığında, mənzərəli bir yerdə yerləşən və yerli əhali tərəfindən "Qız qalası" adlandırılan, andezit-bazalt tərkibli tuflardan əmələ gəlmiş skulptur bir relyef formasıdır. "Qız qalası" yerləşən ərazi arxitektur kompleksə oxşayır. Burada "Qız qalası"ndan başqa "Alar mağarası", "Dəvə karvanı" kimis. maraqlı təbii nadir obyektlər müşahidə olunur.

Qala digər nadir tarixi obyektlərdən fərqli olaraq təbii yolla əmələ gəlmişdir. Belə ki, daha cavan yaşlı vulkanizmdən əmələ gəlmiş esseksit tərkibli süxurların təsirindən andezit-bazalt tərkibli tuflar şaquli istiqamətdə qaldırılmış və sonradan denudasiyaya məruz qalaraq möhtəşəm bir qala şəklini almışdır.

"Qala"nın oturacaq diametri 50, hündürlüyü isə 30 metrə qədərdir. Onun zirvəsinə doğru pilləkən formalı yolun olduğu müşahidə edilir. Qalada yaşayış otaqlarına bənzər mağaralar vardır.Ərazinin mənzərəsi, suyu, iqlimi insana yüngülxoş təssürat bağışlayır.

Alar mağarası. Kompleksin ikinci maraqlı obyekti "Qız qala"sından 70 metr cənub-şərqdə yerləşir. Bu, yerli əhali arasında "Alar mağarası" kimi tanınan mağaradır.

Mağara yay kinoteatrının səhnəsinə bənzəyir və yaşayış yeri olması ehtimalı vardır. Qala ilə mağara qarşı-qarşıya durduğundan birindən o birisi aydın görünür. Mağaranın tavanı və dabanı andezit-bazalt tuflarından ibarətdir. Mağaranın üstündə 1,5 metr enində gediş-gəliş cığırını müşahidə etmək mümkündür. Cığırların yan hissələrinə yerli materialdan olan daşlar düzülmüşdür.

Digər tərəfdən qala ilə mağara arasında "mayak"a bənzər bir sıra fiqurlara (heykəltaraşlıq abidələri də ola bilər ) da rast gəlinir. Bu fiqurların məram və məqsədini, əl işi olub olmadığını aydınlaşdırmaq üçün xüsusi tədqiqat işlərinin aparmaq lazımdır. Onlardan biri konusvari şəkildə üst-üstə qoyulmuş yumru həblərə oxşayır.

Göstərilən çökəkliklər, fiqurlars. insanı düşünməyə məcbur etməklə qədim dövrlərə aparır.

Dəvə karvanı. Kompleks ərazisində diqqəti cəzb edən abidələrdən biriel arasında "Dəvə karvanı" kimi tanının qaymalar toplusudur.

İlk baxışda bu toplu karvana tam oxşamasa da, yaxından müşahidə zamanı qaymaların bir birinə sığınması, qucaqlaşması və bir-biri ilə burulması aydın görünür. Bunu daha çox köç yanında yatmış minik heyvanları adlandırmaq olardı.

Yerli əhali arasında "Qız qalası" kompleksi ilə bağlı Fərhadın başqa bir dağdan bu qalaya su çəkməsi, bu qalanın uzun müddət varlı bir tayfaya məxsus olması və s. müxtəlif rəvayətlər söylənilir.

Ərazi özünün qeyri adi forması, gözəl bir ünvanda yerləşməsi, suyu, havası, mənzərəsi ilə diqqəti cəzb edən təbii geoloji nadir obyektlərdən biridir. Elə buna görə də bu obyekt turizm nöqteyi-nəzərdən birya bir neçə günlük ekskursiya üçün məqsədəuyğundur.

Yuxarıda adıçəkilən obyektlər onu turizm diyarına çevrilə bilər ki, bu da Yardımlı rayonunun həm respublikamız daxilində, həm də dünya miqyasında tanınmasına, yerli əhalinin isə maddi-rifah halının daha da yaxşılaşdırılmasına imkan yaradar.

 

 

Fəxrəddin ABDULLAYEV,

geoloq

 

Xalq qəzeti.- 2010.- 17 oktyabr.- S. 7.