Qürbətdə
yazılan hünər dastanı
"Vətən
təkcə dünyaya göz
açdığın, böyüyüb
boya-başa çatdığın, yaşamaq haqqı aldığın məkan yox, həm də ruhən doğulduğun,
cisminə yaşamaq eşqi
verən, səni mənən qidalandıran, dili
dilindən, dini dinindən, ruhu ruhundan olan
xalqının qərar
tutduğu, min illərlə
xarakterinin, mədəniyyətinin, adət-ənənəsinin
formalaşdığı müqəddəs məkandır. Ona görə
də xalqının, Vətəninin taleyini
taleyində yaşaya bilirsənsə, dərdini
dərd edirsənsə, düşmənini dühmən, dostunu dost sayırsansa, sevincini bölürsənsə, uğuruna fərəhlənirsənsə demək
içində şölələnən Vətən məhəbbəti,
xalqına sevgindir".
Bu,
Belarus Respublikasında yaşayan soydaşımız, Minsk Azərbaycanlıları
Konqresinin sədr müavini, "Qobustan" Cəmiyyətinin
sədri Baxşı Akif oğlu Qənbərovun düşüncələri
və baxışıdır. 1967-ci ildə Azərbaycanın
dilbər guşələrindən olan Astara rayonunun Türkoba
kəndində anadan olan Baxşı orta təhsilini başa
vurub Minsk şəhərinə, qardaşının yanına
işləməyə gələndə, ağlına da gətirmirdi
ki, bir gün Vətəndən uzaqlarda xalqının
övladlarını başına toplayıb Azərbaycan həqiqətlərini
Belarusda yaşayan xalqlara çatdıracaq, bu qərib ölkədə
doğulan azərbaycanlı balalarının mənsub
olduqları xalqın ruhunda böyüməsi
üçün vətənpərvər oğullarla əl-ələ
verib canı-dildən iş görəcək.
Amma buna qədər Baxşının özü söz sahibi olmaq, necə deyərlər, cəmiyyət içinə çıxmaq üçün öz karyerası üzərində çox işləməli oldu. Texniki peşə təhsili, Minsk traktor zavodunda əmək fəaliyyəti, iki illik hərbi xidmət bu gənc azərbaycanlının həyat haqqında təsəvvürlərini də dəyişdi. Müasir cəmiyyətdə təhsilin insan həyatında mühüm əhəmiyyət kəsb etdiyini görən Baxşını qətiyyəti və əzmkarlığı əvvəlcə Minsk İnşaat Memarlıq Texnikumuna, daha sonra Belarusiya Dövlət Politexnik Akademiyasına gətirir. Təhsillə yanaşı əmək fəaliyyətini də davam etdirən Baxşı az bir zamanda zəhmətsevərliyi ilə kollektivdə böyük hörmət qazanır və 1989-cu ildə bacarıqlı mütəxəssis kimi "MOPİD" tikinti şirkətinə usta vəzifəsinə irəli çəkilir.
Sovet İttifaqı dağılandan sonra bir çox respublikalarda olduğu kimi, Belarus Respublikasında da sahibkarlığa geniş imkanlar açılanda Baxşı da özünü kommersiya sahəsində sınamaq qərarına gəlir. 1993-cü ildə "FED və Ab" şirkətini yaradan Baxşı üç illik uğurlu fəaliyyətdən sonra Azərbaycan mətbəxini təbliğ etmək məqsədilə "Astara" kafesini açır.
Kommersiya fəaliyyəti Baxşını bu istiqamətdə yeni ali təhsil almağa sövq edir. O, eyni zamanda, Belarus Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasıünın dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər, eləcə də Belarus Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsində qiyabi təhsil almağa başlayır. 2000-ci ildə Akademiyanı, 2004-cü ildə isə Universiteti müvəffəqiyyətlə başa vuran Baxşı artıq Minskdə Azərbaycan diasporunun yaradılmasında böyük fəallıq nümayiş etdirirdi.
- Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi və hər xarici ölkəyə səfərində azərbaycanlıları birliyə, diaspor quruculuğuna və bu yolla müstəqil ölkəmizin haqq işini müdafiə etməyə çağırışı sanki bizi qəflət yuxusundan oyatdı, - deyə Baxşı söhbətə başlayır. - Ona qədər, başqa ölkələrdə olduğu kimi, Belarusda da azərbaycanlıların heç bir mədəni təşkilatı yox idi...
Baxşının milli mətbəximizin üstünlük təşkil etdiyi "Astara" kafesini açmaqda əsas məqsədlərindən biri də məhz Minskdəki azərbaycanlıları bura cəlb etmək və onlarla görüş zamanı gələcəkdə təşkilatlanmağı müzakirə etmək idi. 2000-ci ildə Minsk şəhərinin mərkəzi küçələrindən birində artıq "Astara" restoranı fəaliyyətə başlayır. Az bir zamanda təşkilatçılığı və cəmiyyət arasındakı nüfuzlu Baxşını Minskdə yaşayan azərbaycanlıların da sevimlisinə, hörmət bəslədikləri və inandıqları bir şəxsiyyətə çevirir. Məhz ona görə də 2003-cü ildə ona məxsus "Astara" restoranında Minsk Azərbaycanlıları Birliyi Konqresinin ilk təsis yığıncağı keçirilir. Minskdə şöhrətli idmançı kimi tanınan Natiq Bağırov konqresin sədri, Baxşı Qənbərov isə onun müavini seçilir.
Bu, Minsk şəhərində yaşayan azərbaycanlıların diaspor yaradıcılığı sahəsində ilk böyük uğur idi. Artıq Vətən, Azərbaycan naminə işləməyən vaxtı çatmışdı. 2005-ci ildə isə Baxşının yüksək təşkilatçılıq və rəhbərlik bacarığını görən bu şəhərdəki azərbaycanlıların "Qobustan" Cəmiyyətinin üzvləri onu özlərinə sədr seçirlər.
Minskdə bu gün hamı yaxşı bilir ki, Baxşı Vətəni və xalqının tanınması üçün az iş görmür. Məsələn, hər il keçirilən "Şərq şirniyyatı" rəqs festivalının təşəbbüskarı və təşkilatçısı məhz Baxşıdır. Qrodnı şəhərində keçirilən musiqi festivalında Azərbaycanı da təmsil etmək üçün Astarada milli musiqi ansambılını da məhz Baxşı Qənbərov şəxsi vəsaiti ilə dəvət edir. Azərbaycanın elə bir milli bayramı yoxdur ki, istər Konqres, istər "Qobustan" cəmiyyəti onu birgə keçirməsin. Baxşı yaxşı başa düşür ki, əsl vətənpərvərlik özünü milli ləyaqətin bütün səviyyələrdə təsdiqində göstərməlidir. Bütöv azərbaycanlı xarakteri də məhz belə formalaşır. Bəlkə elə bu səbəbdəndir ki, Minskdə onların keçirdiyi bütün tədbirlərdə ümummilli lider Heydər Əliyevin bütün vücudumuzu silkələyən bu lent yazısı səsləndirilir: "Hər bir kəsin milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".
Baxşını düşündürən bir məsələ də bu gün xarici ölkələrdə dünyaya göz açan yüzlərlə azəri balalarıdır. Onların azərbaycanlı vətənpərvər kimi böyüməsində valideynlər mühüm rol oynayır. Burada sadə çağırışlar heç bir rol oynamır. Baxşının dediyi kimi, tədricən və ciddi şəkildə mənəvi bünövrə qoyulmalıdır. Minskdə vaxtaşırı keçirilən kütləvi tədbirlərin mahiyyətində duran əsas ideya da məhz ondan ibarətdir ki, yad ölkədə doğulub böyüyən azəri balaları öz ata yurdlarını tanıyıb sevsinlər, özlərini bu torpağın sahibi, bu Vətənin övladları bilsinlər.
Bəlkə elə buna görədir ki, Baxşı Azərbaycanla əlaqələrin müntəzəmliyinə xüsusi diqqət yetirir və onun rəhbəri olduğu "Qobustan" Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri tez-tez Minskə dəvət olunurlar. "Qobustan" Cəmiyyətinin bir təşəbbüsü isə sözün əsl mənasında alqışa layiqdir. 2009-cu ildə cəmiyyət öz üzvlərinin vəsaiti ilə Belarusun Bleyka şəhərinin görkəmli yerində Azərbaycan xalqının igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun Belorusiya Rəssamlar İttifaqının üzvü Kamil Kamal Hacıyevin sənət əsəri olan əzəmətli heykəli ucaldılmışdır. Abidənin açılış mərasimində iştirak edən qəhrəmanın nəvəsi, eləcə də xalq artisti Canəli Əkbərov və digər qonaqlar Cəmiyyətin bu xidmətini çox yüksək qiymətləndirmişlər. Bu xidmətinə görə elə həmin il Cəmiyyətin sədri Baxşı Qənbərov "El atası" döş nişanı ilə təltif edilmişdir.
Bütün bunlarla yanaşı, Baxşı Qənbərov Belarusun, xüsusilə Minsk şəhərinin ictimai həyatında da fəal iştirak edir, təşəbbüs və təklifləri ilə şəhər rəhbərliyinin diqqətini və hörmətini qazanıb. Onun xidməti və fəaliyyəti bir neçə dəfə yüksək qiymətləndirilib. İlk dəfə 2003 və 2004-cü illərdə "Minsk şəhərinin qabaqcıl iş adamı" adına layiq görülən Baxşı 2005-ci ildə artıq Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko tərəfindən "Qələbənin 60 illiyi mürasimində fəal iştirakına görə" fəxri döş nişanı ilə təltif edilib.
"Biz ölkədən kənarda özümüzü əsl azərbaycanlının sahib olduğu bütün ali keyfiyyətlərlə göstərməliyik ki, xalqımızın mədəni, mənəvi və əxlaqi dəyərlərini tanıda bilək", - deyən Baxşı sahibkarlıq fəaliyyətilə də bunu sübut edə bilib. 2006-cı ildə Belarusun Ticarət Nazirliyi onu "Ticarət əlaçısı" döş nişanı ilə təltif elib, 2007-ci ildə isə "İlin iş adamı" müsabiqəsinin qalibi elan edilib.
Beləcə Azərbaycanın ucqar bir guşəsində dünyaya göz açan Baxşı Qənbərov yaşının bu gənc vaxtında yad bir ölkədə həm mənsub olduğu xalqı, övladı olduğu ölkəni - Azərbaycanı şərəflə təmsil edir, onu sevə-sevə tanıdır, həm də öz Vətəninə olan sonsuz sevgiyə görə işləyib çalışdığı, yaşadığı ölkəyə hörmət və xidmət edir. Nə deyək, Vətəni uca tutan, adın uca olsun.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2010.- 17 oktyabr.- S. 7.