Texniki peşə təhsilinin
inkişafına qayğı artmaqdadır
Sentyabr ayında ilk peşə-ixtisas
təhsili müəssisələri rəhbərlərinin
konfransı keçirildi. Təhsil naziri Misir Mərdanovun təqdimat
məruzəsində bu sahədə qazanılmış
nailiyyətlər, mövcud problemlər təhlil olunmuş,
inkişafın gələcək perspektivləri nəzərə
çatdırılmışdır. Konfrans
iştirakçılarından 4 nömrəli Bakı Peşə
Liseyinin direktoru Alik Allahverdiyevlə texniki peşə təhsilinin
bu günü və gələcək perspektivləri ilə
bağlı söhbətimizi oxuculara təqdim edirik.
Alik
müəllim deyir ki, təhsil naziri Misir Mərdanovun konfransda
qarşıya qoyduğu vəziyələrin həyata
keçirilməsi istiqamətində bu gün peşə məktəblərində
əsaslı iş aparılır. Əlbəttə, peşə
təhsili işçiləri yaxşı bilirlər ki, əgər
cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi
qayğısı olmasaydı, inkişafdan danışmağa
dəyməzdi. Texniki peşə təhsili sahəsində
islahat proqramının qəbul edilməsi ölkədə bu
sahənin inkişafına yeni, əsaslı stimul verdi. Bu
gün ölkəmizdə peşə təhsili müəssisələrinin
sayı artırılır, yeni ixtisaslar yaradılır, bu məktəblərə
yeni texnologiyalar gətirilir və s.
- Siz
inkişafdan danışdınız. Ümumiyyətlə, son
illər daha hansı yeniliklərdən söz açmaq olar?
- Konfransda bu barədə ətraflı bəhs olundu. Bu gün ölkəmizdə Təhsil Nazirliyinin tabeliyində 47 peşə liseyi, 60 peşə məktəbi, 1 peşə tədris mərkəzi fəaliyyət göstərir. Dövlət Proqramının icrası ilə əlaqədar tərtib edilmiş Fəaliyyət Planına əsasən 2008-2010-cu illər ərzində 17 peşə təhsili müəssisəsinin əsaslı təmir edilməsi və 1 peşə mərkəzinin əsaslı təmir edilməsi, 1 peşə mərkəzinin tikintisi nəzərdə tutulurdu. Bu gün bizim lisey də daxil olmaqla 7, 11, 12, 17 nömrəli Bakı peşə liseyləri, 3 nömrəli Gəncə peşə liseyi artıq əsaslı təmir olunmuşdur.
Peşə məktəblərinə informasiya texnologiyalarının gətirilməsi sürətləndirilmişdir. 1 yanvar 2009-cu il tarixə olan məlumata görə, peşə məktəblərində kompyuter siniflərinin sayı 66 idisə, 2010-cu il yanvarın 1-də onların sayı 91-ə, kompyuterlərin sayı isə 2008-ci ildə 194 idisə, 2010-cu ildə bu göstərici 494-ə çatmışdır. Konfransda bildirildi ki, hazırda peşə məktəblərinin 1800 kompyuterə ehtiyacı var.
Təkcə, 2010-cu ildə Nazirlər Kabineti texniki peşə təhsili üzrə 3 mühüm qərar qəbul etmişdir. Onlar "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)", "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları", "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirməsi müddəti" adlı qərarlardır.
- Ölkəmizdə iqtisadiyyatın inkişafı yeni peşələrə ehtiyacı artırır. Son vaxtlar hansı yeni ixtisas sahələri üzrə kadr hazırlığı həyata keçirilir?
- Bu barədə də konfransda geniş məlumat verildi. Qeyd olundu ki,
ilk dəfə olaraq
2010-2011-ci dərs ilindən
başlayaraq "aşbaz",
"ofisiant", "barmen", "səyahət agenti" və "otel nəzarətçisi" ixtisasları
üzrə İsmayıllı
peşə məktəbi,
Qəbələ Turizm
və Otelçilik üzrə Peşə Tədris Mərkəzi, 11
və 12 nömrəli
Bakı peşə liseylərində modul proqram üzrə kadr hazırlığı
həyata keçiriləcək.
Bundan başqa,
biz kompyuter əsrində
yaşayırıq və
söz yox ki, informasiya texnologiyaları üzrə
kadrlara böyük ehtiyac var. İndi əksər peşə liseylərində bu ixtisasa üstünlük verilir.
Bizim üçün belə bir məlumat da sevindirici oldu ki, Azərbaycanda
ilk peşə-ixtisas təhsili
sahəsində həyata
keçirilən islahatlara
dəstək və bu islahatın Avropa Qonşuluq Siyasətinə uyğunluğu
nəzərə alınaraq
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov Avropa Təlim Fondunun İdarəetmə Şurasında
təmsil olunmaq hüququ qazanmışdır.
Demək istəyirəm ki, texniki peşə təhsili sahəsində ilbəil inkişaf aydın nəzərə çarpır. Təhsil Nazirliyi bu sahənin inkişafına
xüsusi diqqət yetirir. Xüsusilə, Dövlət Proqramının
icrasına yönəldilmiş
tədbirlər peşə
təhsilinə öz
müsbət təsirini
göstərmişdir.
- Rəhbərlik etdiyiniz 4 nömrəli Bakı Peşə liseyi ilə bağlı nələri demək istərdiniz?
- Dövlət Proqramına
uyğun olaraq bizim liseydə 2009-cu ilin oktyabr ayından
əsaslı təmirə
başlanmış, artıq
təmir başa çatmaq üzrədir. Məktəb əsaslı təmir olunmaqla yanaşı yeni avadanlıqlarla da təmin olunmuşdur.
Bu gün əsas təhsil bazasından aşağıdakı ixtisaslar
üzrə kadrlar hazırlanır: dülgər-xarrat,
mühasib-fərdi kompyuter
operatoru, radio-televiziya,
videotexnika təmiri və xidməti üzrə mexanik, təmirçi-çilingər, qaynaqçı. Orta təhsil bazasından
isə mühasib-fərdi
kompyuter operatoru ixtisası üzrə mütəxəssislər hazırlayırıq.
Bizim liseyin binasında Zəngilan rayonunun 13 nömrəli, Ağdam rayonunun isə 76 nömrəli məcburi köçkün
məktəbləri yerləşirdi. Artıq təmir
zamanı onlar köçürülmüş, siniflər əsaslı təmir olunmuş, burada müasir avadanlıqlarla təchiz olunmuş akt zalı yaradılmışdır.
Məktəbin həyətinə asfalt örtük vurulmuş,
dam örtüyü, istilik
və işıq sistemləri yeniləşdirilmişdir.
Məlumdur ki, artıq texniki peşə məktəblərində də
buraxılış imtahanları
test üsulu ilə aparılır. Bizim məktəbdə də ötən ilki imtahanların nəticələri sevindiricidir.
Məktəbimizdə informasiya texnologiyalarının
tətbiqinə xüsusi
diqqət yetirilir. İki kompyuter
sinfimiz var ki, burada da
şagirdlərimiz həm
kompyuter öyrənir,
həm də istədikləri informasiyanı
əldə edə bilirlər.
Təhsilin keyfiyyətinə xüsusi
diqqət yetirilir. Təcrübəli ustalarımız şagirdlərə
peşə öyrədilməsinin
müasir metodlarından
istifadə edirlər.
Bizim işimizə
Təhsil Nazirdiyinin Texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov tərəfindən
daim nəzarət olunur, şöbənin nümayəndələri tez-tez
məktəbimizdə olur,
metodiki yardım göstərirlər.
Peşə təhsili vacib sahələrdən biridir. Məhz ona
görə dövlətimiz
ölkədə bu sahənin inkişafının
davamlı olaraq həyata keçirilməsinə
xüsusi diqqət yetirir. Ölkə Prezidenti cənab
İlham Əliyev bu yaxınlarda imzaladığı sərəncamla
peşə məktəblərinin
təmiri üçün
əlavə vəsait
ayırmışdır. İstəyirəm ki, bu söhbətimizi hörmətli Prezidentimizin
peşə təhsili
ilə bağlı sözləri ilə yekunlaşdıraq: "Texniki
peşə məktəbləri
ölkəmizin inkişafı
üçün həmişə
lazımdır, insanlar
da bundan böyük fayda görəcəkdir".
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 17 oktyabr.- S. 7.