Prezident İlham ƏLİYEV:
Mən istəyirəm ki, hər bir şəhərimiz öz
gözəlliyi ilə seçilsin
Azərbaycan Prezidenti İlham Əliyev
dövlətimizə rəhbərlik etdiyi ilk gündən
regionların inkişafına xüsusi diqqət və
qayğı göstərmiş, bir sıra mühüm sənədlər
imzalamışdır. Bunun nəticəsində ölkənin
davamlı iqtisadi inkişafı təmin edilmiş, bölgələr
arasında regional tarazlıq bərpa olunmuş, yerlərdə
sosial-mədəni infrastruktur obyektləri yenidən
qurulmuş, əmək tutumlu və rəqabət qabiliyyətli
yeni istehsal, habelə xidmət müəssisələri istifadəyə
verilmiş, yeni iş yerlərinin açılması və əhalinin
həyat səviyyəsinin yüksəldilməsi istiqamətində
mühüm uğurlar qazanılmışdır. Dövlət
başçısı İlham Əliyevin Mingəçevir və
Yevlax şəhərlərinə səfərlərində də
bunun bir daha şahidi olduq.
Bu gün Mingəçevir şəhəri özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində burada iqtisadiyyat daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, quruculuq işləri geniş vüsət almışdır. Cari ilin birinci yarısında Mingəçevir şəhərinin istehsal müəssisələrində 55 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş, tikinti-quraşdırma işlərinə 20 milyon manat vəsait xərclənmiş, əsas kapitala 22 milyon manat investisiya yönəldilmiş, istehlak bazarında 73 milyon manatlıq mal satılmış və xidmətlər göstərilmişdir. Təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və yenidən qurulması diqqət mərkəzində saxlanılmışdır. Mingəçevirdə aparılan abadlıq və quruculuq işləri bu gün də davam edir, yeni parklar və istirahət ocaqları salınır.
Prezident İlham Əliyev oktyabrın 14-də Mingəçevirə səfəri çərçivəsində "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak etmişdir. Xatırladaq ki, dövlət başçısı 2004-cü ildə Mingəçevirə səfəri zamanı keçmiş "Kür" avarçəkmə bazasında da olmuş, onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra, 2007-ci ildə tikinti işlərinə başlanmışdır. Layihəyə əsasən kompleksə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxana, döşəməsi NBA standartlarına uyğun olan 391 tamaşaçı yerlik idman zalı, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir. Bazanın ərazisində abadlıq işləri aparılmış və istirahət guşələri yaradılmışdır. Bazadan istifadə etmək barədə xarici ölkələrdən müraciətlər daxil olur. Artıq üç ildir ki, bazanın yardımçı hissəsində avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatası keçirilir. "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə adı çəkilən bazanın yaranması ilə bağlı demişdir: "Bu bazanın çox böyük tarixi vardır. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə burada çox böyük quruculuq-abadlıq işləri aparılmışdır. Mingəçevir Sovet İttifaqının avarçəkmə mərkəzinə çevrilmişdi. Mingəçevirlilər o illəri yaxşı xatırlayırlar ki, burada müxtəlif yarışlar keçirilmişdir. Demək olar ki, bütün müttəfiq respublikalardan avarçəkənlər gəlmişlər, yəni şəhərin inkişafı üçün bu bazanın çox böyük əhəmiyyəti var idi.
Amma 1980-ci illərin sonlarından başlayaraq ta 1990-cı illərin sonlarına qədər biz, demək olar ki, buradan səmərəli şəkildə istifadə edə bilməmişdik. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində öz torpaqlarını itirmiş vətəndaşlarımız burada məskunlaşmışdılar. Mən 1990-cı illərdə buraya dəfələrlə gəlmiş, vəziyyətlə tanış olmuşdum. O vaxt Milli Olimpiya Komitəsinin prezidenti kimi çox istəyirdim ki, biz buranı yenidən bərpa edək və yüksək səviyyədə baza yaradaq. Ancaq o vaxt imkanlarımız məhdud idi. Biz, ilk növbədə o vaxt burada məskunlaşmış soydaşlarımızı köçürməli idik. Biz buna nail olduq, onları yaxşı şəraitlə təmin etdik. Ondan sonra layihələndirmə işləri aparılmışdır.
Nəhayət, üç il bundan əvvəl bazanın yenidən tikilməsinə başlanmışdır və bu gün həm dünya səviyyəli idman, həm də turizm mərkəzidir. Mən burada yaradılmış bütün obyektlərlə bu gün yaxından tanış oldum. Baxmayaraq burada dəfələrlə olmuşam, bir daha görürəm ki, bu bazada ən yüksək standartlar tətbiq edilib. Gözəl mehmanxana, trenajor zalları, üzgüçülük hovuzu yaradılıb, avarçəkmə üçün lazım olan bütün avadanlıq quraşdırılıb. Bura artıq həm idman, həm də turizm mərkəzidir. Ümid edirəm ki, idmançılarımız, ilk növbədə bu imkanlardan səmərəli istifadə edəcəklər və biz xaricdən də qonaqlar gözləyirik. Mingəçevir beynəlxalq turizm mərkəzinə çevrilməlidir. Buna nail olmaq üçün bütün imkanlar - gözəl təbiət, təmiz hava, iqlim, təbii şərait vardır. İndi yollar da çəkilir. Bakını Mingəçevirlə birləşdirən avtomobil yolu tikilir. Gəncə aeroportu fəaliyyətdədir. Yəni Mingəçevir bir turizm mərkəzi olmalıdır..."
Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində həmçinin M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının binasında aparılan əsaslı yenidənqurma və bərpa işləri ilə də tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verilmişdir ki, teatrın binası 1951-ci ildə tikilmişdir və 1953-cü ildən istifadədədir. 1968-ci ildən Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir. Həmin vaxtdan bəri şəhərin bu mədəniyyət ocağında indiki səviyyədə əsaslı bərpa və yenidənqurma işləri aparılmamışdır. 2008-ci ildə başlanan yenidənqurma işləri isə ən yüksək səviyyədə, müasir standartlara uyğun aparılır. Ümumi sahəsi 2300 kvadratmetr olan ikimərtəbəli binada 32 otaq vardır. Qrim, məşq və rəssamlar üçün otaqlar, yeməkxana birinci mərtəbədə olacaqdır. İkinci mərtəbədə 160 yerlik kiçik zal fəaliyyət göstərəcəkdir. İnzibati otaqlar da bu mərtəbədə yerləşəcəkdir. Teatrın əsas zalı 510 tamaşaçı üçün nəzərdə tutulmuşdur. Binada yenidənqurma işləri 2011-ci ilin martında başa çatdırılacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun açılışında da iştirak etmişlər. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat vermişdir ki, yolun yenidən qurulması işləri bu il həyata keçirilmişdir. Uzunluğu 21 kilometr olan yol üçüncü dərəcəlidir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 7 metrdir. Torpaq yatağı ilə birlikdə yolun eni 12 metrə bərabərdir. Bu yolun region üçün strateji əhəmiyyəti böyükdür. Çünki bu yol Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 263-cü kilometri ilə Mingəçevir şəhərini birləşdirir. Bundan əlavə, Mingəçevir şəhərinin paytaxtla, həmçinin respublikanın şimal-qərb bölgəsi ilə nəqliyyat əlaqəsini təmin edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan Gəncə-Qazax regionuna və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri bu yoldan istifadə edir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva eyni zamanda Mingəçevir şəhərinin "Günəşli" yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak etmişlər. Dövlətimizin başçısına məlumat verən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, "Günəşli" yaşayış massivinə qaz xəttinin çəkilişinə 2008-ci ilin ortalarından başlanmışdır. Magistral qaz xəttinin uzunluğu 7290 poqonmetrdir. Massivdaxili xətlərin uzunluğu isə 30 kilometr təşkil edir. "Günəşli" yaşayış massivində ümumilikdə 2 min ev vardır və onların hamısının "mavi yanacaq"la təmin olunması nəzərdə tutulur. Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi bütün evləri sayğacla təmin etmişdir. Əgər 2009-cu ildə Mingəçevir şəhərində əhali kateqoriyasından olan yeni abunəçilərin sayı 680 idisə, 2010-cu ilin 9 ayında bu rəqəm 1655-ə çatmışdır. Bu ilin 9 ayında şəhər üzrə təbii qazdan istifadə edən əhali abunəçilərinin sayı isə 21 min 413 nəfər təşkil etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirə səfərini başa çatdırdıqdan sonra Yevlax şəhərinə gəlmişdir. Dövlət başçısı burada tikinti-quruculuq işlərilə tanış olmuşdur. Xatırladılmışdır ki, Yevlax şəhəri son altı ildə tamamilə simasını dəyişmişdir. Hazırda Yevlax rayonu Azərbaycanın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. Ötən il rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 6,5 dəfə, sənaye məhsulunun həcmi 11,4 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,4 dəfə artmışdır. İstehsal olunan sənaye məhsullarının 47 faizi xarici ölkələrə, o cümlədən İtaliya, İspaniya, Türkiyə, İran, Ukrayna, Rusiya Federasiyası və Gürcüstana ixrac olunur. Rayonda əsas kapitala yönəldilən investisiyalar 971 dəfə artaraq 136,1 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi isə 372 dəfə artaraq 181,6 milyon manat təşkil etmişdir. 2004-cü ildən 2010-cu ilin oktyabrınadək Yevlaxda 7893-ü daimi olmaqla 14 min 700 yeni iş yeri yaradılmışdır.
Prezident İlham Əliyev Yevlax şəhərində
1 nömrəli orta məktəbin yeni binasının
açılışı zamanı şəhər ictimaiyyətinin
nümayəndələrini və məktəbin pedaqoji
kollektivini təbrik edərək demişdir: "Müəllimlər
böyük işlər görürlər. Bu yaxınlarda Azərbaycanda
müəllimlər günü qeyd olunmuşdur. Bu münasibətlə
sizi bir daha təbrik edirəm. Müəllimlərin cəmiyyətdə
rolu çox böyükdür və vacibdir. Gənc nəslin
tərbiyə olunmasında, uşaqların yüksək bilik
almasında müəllimlərin rolu birincidir. Biz
elə etməliyik ki, bütün uşaqlarımız
yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar.
Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş
üçün, həm də ölkələr
üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə
nəzər salsaq görərik ki, onların uğurları
təhsilin səviyyəsi ilə bağlıdır. Nə təbii
ehtiyatlar, nə mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad və
bilik əsasdır. Çünki
dünyanın inkişafı elmi-texniki tərəqqi ilə
bağlıdır. Bunu əldə etmək
üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu
insanlar ilk addımlarını məktəblərdə
atırlar".
Azərbaycan
Prezidenti İlham Əliyev Yevlaxa səfəri çərçivəsində
"Azərtoxum" MMC toxumçuluq müəssisəsinin
açılışında da iştirak etmişdir. "Azərtoxum"
MMC-də yaradılmış şəraitlə tanış
olan Prezident İlham Əliyevə məlumat verilmişdir ki,
toxumçuluq müəssisəsinin tikintisi üçün
7 hektar torpaq sahəsi ayrılmışdır.
İnşasına 2009-cu ilin iyununda başlanmış müəssisə
80 tonluq qapandan, tutumları 1000, 1500 və 2500 ton olan 12
anbardan, toxum laboratoriyasından, təmir sexindən,
yanacaqdoldurma məntəqəsindən və evlərdən
ibarətdir.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva
oktyabrın 14-də Yevlax şəhərinə səfəri
çərçivəsində Kür çayının sahilində
bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə
tanış olmuşlar. Dövlət başçısına
məlumat verilmişdir ki, bulvar-hotel kompleksi üçün
10 hektar torpaq sahəsi ayrılmışdır. Hotelin
tikintialtı sahəsi 2156 kvadratmetrdir. Beşmərtəbəli
hoteldə 44 nömrə, restoran, bar, idman zalı, mətbəx,
hovuz, ofis otaqları və digər yardımçı otaqlar
olacaqdır. Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyeva hotelin maketi, otaqların dizayn elementlərinin
fotoeskizləri və işçi layihə ilə
tanış olmuşlar.Bildirilmişdir ki, Kür
çayının sahilində 1,5 kilometrlik bulvarın
uzunluğunun 4 kilometrə çatdırılması, burada
istirahət və əyləncə üçün hər
cür şəraitin yaradılması nəzərdə
tutulur. Hazırda ərazidə yaşıllıq işləri
aparılır.
Prezident
İlham Əliyevin bu səfəri bir daha göstərdi ki,
regionlarımız dinamik inkişaf edir, insanların həyat səviyyəsi
getdikcə yaxşılaşır, yoxsulluq şəraitində
yaşayanların sayı azalır. Şübhəsiz ki, belə
vəziyyət düzgün sosial-iqtisadi siyasətin,
islahatların uğurla həyata keçirilməsinin məntiqi
nəticəsidir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 17 oktyabr.- S. 2.