Seçkilərdən seçkilərə

 

Ağdaş son 5 ildə böyük inkişaf yolu keçmişdir

 

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov təəccüb qarışıq bir təbəssümlə üzümə baxdı: "Son 5 ilin?" "Bəli" - dedim. - Son 5 ilin". Cavid müəllim əvvəlcə heç nə demədi. Fakt, rəqəm və göstəricilərin hazırlanmasını müvafiq orqanlardan xahiş etdi. Sonra isə "Ancaq ləngiməli olacaqsınız, - dedi". - Bilirsinizmi, son 5 ilin fakt və rəqəmlərini toplamaq və qaydaya salmaq nə qədər vaxt aparacaq?"

 

İcra hakimiyyəti başçısının birinci müavini haqlı imiş. Təkcə fakt və rəqəmləri əks etdirən sənəd və arayışları əks etdirən qovluqlar bunu bir daha təsdiq edirdi. Həqiqətən, son 5 il, bütövlükdə respublikamızın sosial, iqtisadi və mədəni həyatında olduğu kimi, Ağdaşda da misli görünməmiş inkişaf və yüksəliş illəri olmuşdur. Şəhər və kəndlər öz simasını əsaslı şəkildə dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. Yeni yollar, körpülər salınmış, onlarla emal müəssisəsi işə düşmüşdür. Ən başlıcası isə odur ki, bu müddətdə adamların əhval-ruhiyyəsi, mənəvi-psixoloji aləmi dəyişmiş, daha yetkin və zəngin olmuş, sabaha inam və ümid daha da artmışdır. Bütün bunlar isə, əlbəttə, heç də öz-özünə yaranmamışdır.

Hər şeydən əvvəl, inkişaf və yüksəliş ölkə Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi gündəlik diqqət və qayğının, bu istiqamətdə imzaladığı fərman və sərəncamların, qəbul edilmiş Dövlət Proqramların nəticəsidir. Ölkə rəhbərinin ayrı-ayrı regionlara tarixi səfərlərini, açılış və təməlqoyma mərasimlərində iştirakını, ağsaqqallarla, ziyalılarla, gənclərlə keçirdiyi görüşləri, verdiyi məsləhət və tövsiyyələri yada salmaq kifayətdir. Təkcə son 5 ildə ölkə Prezidenti 2 dəfə Ağdaşda olmuş, hazırda şəhərə xüsusi yaraşıq verən bir sıra obyektlərin açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə unudulmaz görüşlər keçirmişdir. Həmin tarixi səfərlər, keçirilmiş görüş və söhbətlər bu gün də ağdaşlıların qəlbində əziz bir xatirə kimi yaşamaqdadır.

Burada vacib olan daha bir cəhəti də qeyd etmək lazımdır. Bu da rayon icra hakimiyyətinin, onun yerli strukturularının iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibətidir, təşkilat-idarəetmə məsələlərində, iş üslub və metodlarında daha çox elmi münasibətə əsaslanmasıdır, adamların vacib sosial ehtiyaclarının diqqət mərkəzində saxlanmasıdır.

Ötən parlament seçkilərindən keçən 5 il bütün ölkəmizdə olduğu kimi, Ağdaş rayonunda da hərərəfli inkişaf, yeniləşmə dövrü olmuşdur. Qazanılmış iqtisadi-sosial uğurlar XXI əsrin ilk onilliyində qədim Ərəş torpağının yeni mənzərəsini formalaşdırmış, tərəqqini dönməz prosesə çevirmişdir. 2005-ci ildən bəri rayonda ümumi daxili məhsul istehsalı 4,1 dəfə artaraq 61 milyon manatlıqdan 2009-cu ildə 248 milyon manatlığa yüksəlmişdir. Bu rəqəmə 2010-cu ilin göstəriciləri də əlavə olunarsa, yüksəlişin miqyasını təsəvvür etmək çətin deyil.

Bu müddətdə sənaye istehsalı 4,8 dəfə artaraq 4,5 milyon manatlıqdan 21,4 milyon manatlığa çatmışdır. Kənd təsərrüfatı məhsulları isə 4 ildə 2,2 dəfə artaraq 90 milyon manatlığı ötmüşdür. Ötən 4 ildə tikintinin həcmi 23,7 dəfə yüksələrək 95 milyon manatı keçmişdir. Əhalinin gəlirləri 2005-ci ildən bəri 5 dəfə artaraq 35 milyon manatdan 140,6 milyon manata qalxmışdır. Adambaşına düşən gəlirlər 2005-ci ildəki 368 manatdan 2009-cu ildə 1780 manata, həmin dövrdə aylıq əmək haqqı 52 manatdan 232 manata yüksəlmişdir. Rayon büdcəsinin xərcləri 3,2 dəfə artaraq 14,6 milyon manat olmuşdur. Ötən 5 ildə 40 emal müəssisəsi işə salınmışdır. Bu müddətdə 11079 yeni iş yeri açılmışdır, onun 3826-sı daimidir.

2005-ci ildən bəri tikinti-quruculuq sahəsində, sosial-mədəni sferada əldə olunmuş uğurları qısa şəkildə nəzərdən keçirəndə bu dövrdə Ağdaş rayonunun simasını dəyişdirən irimiqyaslı işlərin mənzərəsi daha aydın olur.

 

2005-ci il

 

Ağdaş şəhərinin küçələrinə 13330 kvadratmetr asfalt vurulmuş, 29950 kvadratmetr sahəyə çınqıl tökülmüş, səkilərə 5303 kvadratmetr tamet döşənmişdir. Mərkəzi stadion əsaslı təmir olunmuşdur. Ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkında abadlaşma işləri davam etdirilmiş və dahi rəhbərin abidəsi ucaldılmışdır. Şəhərin Heydər Əliyev prospektinin giriş və çıxışında yerləşən Ağdaş - Qəsəbə üçyolu və Ağdaş - Ləki dördyolunda yenidənqurma və abadlıq işləri aparılmış, işıqlanma xətləri çəkilmişdir. Ağdaş şəhərində, Qəsil və Abad kəndlərində 5 artezian quyusu qazılmışdır.

Rayonda 2x16 MVA gücündə 110/35-10 kilovoltluq "Elektrik yarımstansiyası" tikilib istifadəyə verilmişdir. 24 kilometr uzunluğunda elektrik verilişi xətti yenisi ilə əvəz edilmiş, 2540 KVA-lıq 13 transformator yarımstansiyaları quraşdırılmışdır. 1600 metrlik yeraltı qaz xətti yenisi ilə əvəz olunmuşdur. 264 şagirdlik Kotavan kənd orta məktəb binası, Yuxarı Ləki kənd orta məktəbi üçün 100 yerlik 5 sinif otağı, Nehrəxəlil kənd əsas məktəbi üçün 100 yerlik 5 sinif otağı və Yenikənd kənd orta məktəbi üçün 40 yerlik 2 sinif otağı tikilib istifadəyə verilmişdir. Rayon Mərkəzi Xəstəxanasının travmotologiya və cərrahiyə şöbələri əsaslı təmir olunmuşdur.

"Kükəl kərpic" istehsalı müəssisəsi işə salınmışdır. "İdeal" mebel salonu, "Şirvan" və "Ruslan" ticarət mərkəzləri, "Şamir" şadlıq sarayı, "Olimp" istirahət mərkəzi, "Ərəş" regional ticarət mərkəzi daxil olmaqla 2005-ci ildə rayonda 38 obyekt istifadəyə verilmişdir.

 

2006-cı il

 

Ağdaş şəhərinin küçələrinə 1,5 kilometr asfalt vurulmuş və 14,9 min kvadratmetr tamet döşənmişdir. Kənd yaşayış məntəqələrinin yollarına 11,4 kubmetr çınqıl tökülmüş, 10,5 kilometr uzunluğunda Ağdaş - Pirkəkə yolu asfaltlaşdırılmışdır.

Yenikənd, Ağzıbir, Ağalı və Cardam kəndlərində ümumi gücü 520 KVA olan 4 yeni transformator quraşdırılmışdır. Ağdaş şəhərinin təbii qazla təminatında olan çətinliklərin aradan qaldırılması üçün 5,5 kilometr uzunluğunda boru xətti əsaslı təmir olunaraq "Şəmsabad qazpaylayıcı stansiyası"na qoşulmuşdur. 1400 metr yeni qaz xətti çəkilmişdir.

Pirkəkə kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına, 200 şagirdlik Kükəl kəndində 200 şagirdlik məktəb binası, Güvəkənd kəndində 160 şagirdlik 8 sinif otağı, Dəhnəxəlil kəndində 160 şagirdlik 8 sinif otağı tikilmişdir. Ağdaş şəhəri M.Şeyxzadə adına internat məktəb (Heydər Əliyev Fondunun vəsaiti hesabına), Ağdaş şəhər M.İsayev adına orta məktəb binası əsaslı təmir olunmuşdur.

2006-cı ildə rayonda "Aqrotexservis" müəssisəsi yaradılmışdır. Əlavə 14 obyekt istifadəyə verilmişdir.

 

2007-ci il

 

Ağdaş şəhərində, Qəsil, Kükəl, Abad və Xosrov kəndlərində ümumi gücü 1100 KVA-lıq olan 5 yeni tranmformator qoyulmuşdur. 136 metr müxtəlif diametrli yeni qaz xətləri çəkilmişdir. Ağdaş şəhərinin səkilərinə 2,4 min kvadratmetr tamet, Heydər Əliyev prospektinə 62 min kvadratmetr asfalt, Ləki qəsəbəsinin 2 mərkəzi küçəsinə 9,2 min kvadratmetr asfalt döşənmişdir.

Mürsəl kəndində 120 şagirdlik 6 sinif otağı tikilmişdir. Aşağı Ləki kəndində həkim ambulatoriyası istifadəyə verilmişdir. "Polad yol-yapı" AS-nin qum-çınqıl müəssisəsi istifadəyə verilmişdir. "Rodan" istirahət-sağlamlıq mərkəzi yaradılmışdır.

 

2008-ci il

 

Rayonda 8,9 kilometr uzunluğunda 10 KV-luq, 7,3 kilometr 0,4 KV-luq elektrik verilişi xətləri əsaslı təmir olunmuşdur. 2 kilometr uzunluğunda 0,4 KV-luq yeni elektrik verilişi xətti çəkilmişdir. 5,1 km uzunluğunda 0,4 KV-luq elektrik verilişi xətti kabellə əvəz edilmiş, 55 ədəd 10/0,4 KV-luq transformator təmir olunmuşdur. Ümumi gücü 510 KVA olan 3 yeni 10/0,4 KV-luq transformator qoyulmuşdur.

Gülbəndə, Gürcava, Nehrəxəlil, Qarağan-Sədi, Bulaqotağı, Qarağan - Şıxlar, Qəsil, Qumlax, Kotanarx, Şordəhnə, Ərəb, Birinci Aral, Şəmsabad, Aşağı Qəsil, Kükəl və Orta Ləki kəndlərində qaz kəmərlərinin təmiri başa çatdırılmışdır. Həmin kəndlərdə yaşayan abonentlərin mənzillərinə qaz verilmişdir.

Ağdaş şəhərinin mərkəzi hissəsində M.Ə.Rəsulzadə, M.İsayev, Vaqif, 20 Yanvar, Maşad və C.Cabbarlı küçələrinə 62,3 min kvadratmetr asfalt vurulmuşdur. Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə, M.İsayev, Vaqif, 20 Yanvar küçələrinə 600 müasir elektrik dirəkləri basdırılaraq işıqlanma sistemləri yeniləşdirilmişdir. Orta Ləki kəndində kəndarası 3,2 min kvadratmetr yol, Əmirarx - Güvəkənd - Ləki kəndlərarası 8 min kvadratmetr yol asfaltlaşdırılmışdır. Kükəl və Ərəb kəndlərinin kəndarası 3 kilometr yolu, Eymur - Ərəbşəki - Ağcaqovaq kəndlərinin 5 kilometr yolu və Şordəhnə kəndinin kəndarası 5,4 km yolu əsaslı təmir olunmuşdur. Bütün kənd yaşayış məntəqələrinin daxili yollarına 9,3 min kubmetr çınqıl tökülmüşdür. 2008-ci ildə Ucar - Yevlax yolunun rayon ərazisindən keçən hissəsində tikinti və yenidənqurma işləri davam etdirilmişdir.

Rayonda əlillər və şəhid ailələri üçün 48 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində 3 artezian quyusu qazılmış, idarə və anbar binalarının tikintisinə başlanılmışdır. Yuxarı Nemətabad kəndində modul tipli sutəmizləyici qurğu quraşdırılmış və supaylayıcı sistem tikilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən rayon Mərkəzi Xəstəxanasına əvəzsiz olaraq 371,9 min manatlıq 35 adda müxtəlif tibb avadanlıqları verilmiş, Ərəb kəndində həkim ambulatoriyası tikilmişdir.

Plastik materiallardan qapı-pəncərə istehsal edən yeni müəssisə yaradılmışdır. 320 şagirdlik Yuxarı Ləki kənd və 320 şagirdlik Qaradeyin kənd orta məktəb binalarının və Heydər Əliyev Fondunun vəsaiti hesabına Ağdaş şəhərində musiqi məktəbinin tikintisinə başlanılmışdır. İl ərzində Ağdaş şəhər 3 saylı və Ləki qəsəbə 6 saylı orta məktəbləri əsaslı təmir olunmuşdur.

 

2009-cu il

 

Elektrik enerjisi ilə təminatı yaxşılaşdırmaq məqsədilə 2009-cu ildə də təmir işləri davam etdirilmişdir. 0,4 kv-luq 2,8 kilometr elektrik verilişi xətti yenidən çəkilmiş, 10 kv-luq 8 kilometr xətti və 0,4 kv-luq 11,5 kilometr xətt əsaslı təmir olunmuşdur. 10 kv-luq 87,3 kilometr elektrik verilişi xətti və 0,4 kv-luq 104,5 kilometr xətt cari təmir olunmuşdur. 1,05 kilometr SİP kabeli çəkilmişdir. Təbii qazla təminatı yaxşılaşdırmaq məqsədilə təmir işləri davam etdirilmişdir. Dəhnəxəlil, İkinci Aral, Yeniarx, Binələr, Davudlu, Cardam və Xosrov kəndlərinə təbii qaz verilmişdir.

Heydər Əliyev adına Ağdaş Musiqi Məktəbi tikilmiş, inventar-avadanlıqlarla təchiz edilmiş və istifadəyə verilmişdir. Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır. Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihə çərçivəsində suqəbuledici qurğu, nasos stansiyası, su anbarları və xlorator qurğusunun tikintisi, şəbəkəyədək olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə də su kanal idarəsi üçün yeni inzibati binanın və istehsal bazasının tikintisi başa çatmışdır.

Ağdaş şəhərində, Yuxarı Qəsil və Aşağı Ləki kəndlərində poçt şöbələri tikilmişdir. 360 şagirdlik Yuxarı Ləki və 360 şagirdlik Qaradeyin kənd orta məktəb binaları istifadəyə verilmişdir.

 

2010-cu il

 

2010-cu il fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfər edərək Habil Əliyev adına Ağdaş Musiqi Məktəbinin açılışı, Ağdaş Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi və Ağdaş şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihə çərçivəsində şəhərə ilkin suyun verilməsi mərasimlərində iştirak etmişdir. Dövlət başçısının işirakı ilə Kükəl kəndi ərazisində 220/110 kv-luq 2x125 MVA gücündə Ağdaş Regional Elektrik Yarımstansiyasının və Ağdaş şəhərində 100 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının təməli qoyulmuşdur.

Ağdaş şəhərinin su-kanalizasiya sistemində qəbuledici qurğu, nasos stansiyası, su anbarları və xlorator qurğusunun tikintisi, şəbəkəyədək olan magistral boru xətlərinin dəyişdirilməsi, eləcə də Sukanal İdarəsi üçün yeni inzibati binanın və istehsal bazasının tikintisi başa çatmışdır. "Aqrotexservis" üçün yeni inzibati bina və baza fermerlərin istifadəsinə verilmişdir. Mərkəzi Avtomat Telefon Stansiyasının 4192 nömrəlik elektron ATS-lə (EATS-lə) əvəz edilməsi başa çatmışdır. Rayonun Aral kəndində 50 nömrəlik ATS 128 nömrəlik elektron ATS-lə əvəz olunmuşdur. Kotavan kəndində 48 nömrəlik və Qaradeyin kəndində 96 nömrəlik yeni elektron ATS-lər quraşdırılmışdır. Dəhnəxəlil, İkinci Aral, Yeniarx, Binələr, Davudlu, Cardam və Xosrov kəndlərinə təbii qaz yanacağının verilişi bərpa edilmişdir.

İl boyu rayonda sosial abadlıq sahəsində tədbirlərin həyata keçirilməsi davam etdirilmiş və əhalinin kommunal xidmətlərlə normal təmin olunması sahəsində məqsədyönlü işlər görülmüşdür. Ağdaş şəhərində 5,3 hektar torpaq sahəsində 100 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasın tikinti işləri davam edir. Təcili yardım şöbəsinə 2 avtomobil verilmişdir.

Rayonda birinci yarımildə 2 milyon 919 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sahibkarların şəxsi vəsaiti hesabına iki şadlıq sarayının, 2 çoxmərtəbəli yaşayış kompleksinin və bir istirahət mərkəzinin tikintisi hazırda davam edir. 35 sahibkara 500 min manat həcmində güzəştli kredit verilmişdir.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı da daim diqqət mərkəzində saxlanılmışdır. Rayonda 2010-cu ilin məhsulu üçün 40957 hektar, əvvəlki ildəkindən 1067 hektar çox sahədə payızlıq və yazlıq kənd təsərrüfatı bitkiləri əklimişdir. Heyvandarlığın inkişaf etdirilməsi üçün yem bitkilərinin, xüsusilə yonca, qarğıdalı, arpa əkini sahələrinin genişləndirilməsi və naxırın cins tərkibinin yaxşılaşdırılması ön plana çəkilmişdir. İri malın sayı bu il 1897 baş artaraq 74214, xırda malın sayı isə 2278 baş artaraq 89951 olmuşdur. 6 ayda ət istehsalı 415 ton artaraq 5274 ton, süd istehsalı 2117 ton artaraq 16493 ton, yumurta istehsalı 461 min ədəd artaraq 5 milyon 477 min ədəd, yun istehsalı 8,8 ton artaraq 150,3 ton olmuşdur.

Göründüyü kimi, Ağdaş rayonu ötən parlament seçkilərindən sonra sosial-iqtisadi sahədə çox sürətli inkişaf yolu keçmişdir. Ayrı-ayrı illər və beşillik dövr ərzində həyata keçirilmiş işlərin təkcə statistikası, quruculuq-abadlıq işlərinin siyahısı bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırlanıb reallaşdırılan mühüm dövlət proqramlarını ağdaşlılar təşəbbüskarlıqla, sabaha böyük inam hissi və güzəranın gündən-günə yaxşılaşmasından doğan yüksək əhval-ruhiyyə ilə yerinə yetirirlər. Rayon ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə olan Milli Məclisə növbəti seçkilərə bütün sahələrdə ciddi uğurlarla, yeni arzularla, quruculuq əzmi ilə gedir.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2010.- 17 oktyabr.- S. 4.