Cəlilabad: arzular reallığa çevrilir

 

Mən hər dəfə Cəlilabada ezamiyyətə böyük həvəslə gedirəm. Çünki orada çoxlu dostlarım var. Bir də ona görə ki, hər səfərimdə Cəlilabadda ürək açan bir yeniliyin, təzə yaranan bir gözəlliyin şahidi oluram. Bu dəfə də elə oldu. Şəhərə xüsusi yaraşıq verən Müalicə Diaqnostika Mərkəzini, Tarix-diyarşünaslıq muzeyini, əsl zövqlə ucaldılmış Şahmat məktəbini, siması təzələnmiş neçə-neçə obyekti gördüm və uzun illər mədəniyyət şöbəsinin müdiri işləmiş mərhum dostum Adil müəllimin oğlu Surxaydan qəzetimiz üçün yeni fotogörüntülər çəkməyi xahiş elədim. Həmin şəkillər indi qəzetimizdə dərc olunur.

 

Cəlilabadda yolların əsaslı təmirinə, təzələnməsinə böyük diqqət yetirilir. Bununla əlaqədar görülən işlər arayışlarda əksini qısaca tapsa da, mahiyyət etibarı ilə çox genişdir. M.Ə.Sabir, Əhməd Cavad, Tomris, Təbriz, Babək, Füzuli, M.Hadi, H.Məmmədov küçələrində və "Azərbaycan" prospektində bu ilin əvvəlindən xeyli asfalt işi görülüb. Mərkəzi küçə sayılan Heydər Əliyev prospektindəki divarların hər iki səki boyunca Daşkəsən rayonundan gətirilmiş mozaik plitələrlə üzlənməsi şəhərin görünüşünə xüsusi təravət verir.

Sentyabr ayında Cavadxan, Mehdi Hüseyn və Şah İsmayıl Xətai küçələrində yollara asfalt örtük döşənib. "Qurtuluş" prospektindəki üstüaçıq kanalizasiya xəttinin çəkilişi aparılır. İlin sonuna qədər daha bir neçə küçədə abadlıq tədbirləri həyata keçiriləcək.

 

Yolların abadlaşdırılması təkcə rayon mərkəzini əhatə eləmir. Bu il Cəngan kənd yolunun 20 kilometri təmir olunub. Allar, Günəşli kəndlərində də yollar təzələnib: 24 kilometrdə təmir işləri görülüb. İki kəndə təzə yol çəkilir.

Azərbaycan Prezidenti İlham Əliyev regionların inkişafında təmizləyici qurğuların tikilməsinə, içməli su ilə təchizatı və kanalizasiyaların qurulmasına xüsusi önəm verir: "Hələ ki, içməli su, kanalizasiya məsələləri bizim üçün ən ağır sahədir. Hesab edirəm ki, qısa müddət ərzində bu sahədə də ciddi tədbirlər görülməlidir. Birinci addımlar atılır və artıq təklif verilmişdir ki, rayon icra hakimiyyətləri bu işlərə qoşulsunlar. Azərbaycan dövləti vəsait ayıracaqdır ki, yerlərdə onlar bu işləri görsünlər. Bu məsələ öz həllini təcili surətdə tapmalıdır və qısa müddət ərzində bütün rayon mərkəzlərində su, kanalizasiya sistemi yaradılmalıdır". Dövlət başçısının tapşırığına əsasən, su və kanalizasiya sistemlərinin yenidən qurulmasının nəzərdə tutulduğu rayonlar sırasına Cəlilabad da daxil edilib. Dünya Bankının vəsaiti hesabına Almaniya, Türkiyə və Azərbaycan mütəxəssislərinin həyata keçirəcəyi bu mühüm tədbir nəticəsində 2013-cü ilədək Cəlilabad şəhərində yeni su və kanalizasiya sistemi yaradılacaq, bütün çirkab suları yeraltı borular vasitəsilə təmizləyici qurğuya axıdılacaq, hər bir evə mərkəzləşdirilmiş anbardan Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su veriləcək. Artıq mütəxəssislər şəhərin relyefi ilə tanış olub və texniki şərtlərin hazırlanmasına başlayıblar. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyi ilə həyata keçirilən bu işin nə qədər mühüm əhəmiyyət kəsb etdiyi rayonda hamıya aydındır. Bu, ilk növbədə şəhərdə ətraf mühitin təmizliyi, ekoloji mədəniyyətin yüksəlməsi deməkdir.

Son iki ildə həyata keçirilən tədbirlər əhalinin təbii qazla təchizatında böyük rol oynayıb. Həmin işləri görmək məqsədilə "Azəriqaz" İstehsalat Birliyi Regional Qaz İstismar İdarəsinin Cəlilabad sahəsi yaradılıb və yeni qurum rayona mavi yanacaq verilişini sürətləndirib. Cəlilabadın mərkəzində 10 kilometrlik daşıyıcı qaz kəməri dəyişdirilərək polietilen borularla əvəz olunub. Rayon mərkəzində və Göytəpə şəhərində bir çox küçələrin qaz xətləri təmir edilib. Kazımabad kəndində yüksək təmir-bərpa işləri görülməklə qaz verilişi yaxşılaşdırılıb, mənzilərdə 200-ə qədər qaz sayğacı quraşdırılıb. Allar və Günəşli kəndlərinin qazlaşdırılmasından ötrü Günəşlidə yeni paylayıcı stansiya tikilir, borular yeniləşdirilir. Rüb ərzində 1059 abonentin evində sayğac yenisi ilə əvəz olunub. Əgər ilin əvvəlində rayonda qaz istehlak edən işlək abonentlərin sayı 7540 idisə, hazırda artıq 9000-ə çatmaqdadır. Əvvəllər qazdan istifadə edən bütün kəndlərə yaxın illərdə mavi yanacağın verilməsi bərpa ediləcək.

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatından ötrü tədbirlər görülür. Cəlilabad şəhərinin yeni yaşayış massivində yüksək gərginlikli elektrik hava xətlərinin və yarımstansiyanın tikintisi son tamamlama mərhələsindədir. Qışa hazırlıqla əlaqədar 17 transformator təmir edilib, naqil və dirəklər dəyişdirilib. Şəhərdə yaşayan minədək abonentin evində "Smart" tipli sayğac qoyulub.

Cəlilabadda dövlətin və Heydər Əliyev Fondunun vəsaitləri ilə məktəb tikintisinin sürətlənməsi aşkar uğurdur. Əgər 1980-2003-cü illərdə rayonda cəmi 8 məktəb inşa olunmuşdusa, sonrakı altı il ərzində 4728 şagirdlik 18 yeni məktəb tikilib, 7 orta məktəbdə 630 şagirdlik əlavə sinif otaqları tikilib. Təkcə Fondun hesabına 6 məktəbin inşa olunması rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb. Bu il Qarazəncir, Ocaqlı kənd 2 saylı, Privolnoye kənd 1 saylı, Sabirabad kənd 2 saylı və Ağdaş kənd orta məktəbləri əsaslı təmir edilib. Ümumilikdə məktəblərin təmirinə yerli büdcədən 72734 manat vəsait xərclənib.Rayonun məktəbləri 750 dəst kompyuterlə təmin olunub. Ötən dərs ilində Cəlilabad məktəbliləri Bakıda keçirilən spartakiadada 49 şəhər və rayon komandaları arasında 1-ci yerə layiq görülüblər. Fənn olimpiadalarının respublika mərhələsində isə bu rayonu təmsil edən səkkiz şagird yüksək nəticə göstərərək 1-3-cü yerləri tutub. Bu uğurlar Təhsil Nazirliyində xüsusi qeyd edilib.

Rayonun səhiyyə işçiləri il ərzində ana və uşaq ölümünə yol verməyiblər. Bir sıra yoluxucu xəstəliklərin, o cümlədən vərəm xəstəliyinin aşkarlanıb ixtisaslı müalicəyə cəlb olunması üçün zəruri tədbirlər həyata keçirilib. Yeri gəlmişkən, Cəlilabadın səhiyyə müəssisələrində on minlərlə manatlıq əsaslı və cari təmir işləri yerinə yetirilib.

Uzuntəpə kəndində Gənclər mərkəzinin tikilib istifadəyə verilməsi fərəhli hadisədir. Rayonda əlil və şəhid ailələri üçün inşa olunmuş 4 mərtəbəli, 36 mənzilli yaşayış evi "Qurtuluş" prospektinə xüsusi yaraşıq verir. Bu bina ilə üzbəüzdə ucaldılmış Müalicə Diaqnostika Mərkəzi isə sözün əsl mənasında memarlıq incisi sayıla bilər.

Hazırda Olimpiya İdman Kompleksinin, hər birinin ümumi tutumu 10 min ton olan 2 taxıl anbarının, 2 min tonluq 2 soyuducu kameranın və tərəzi qurğusunun, regional gübrə bazasının, meşə zolağında istirahət kompleksinin tikintisi davam etdirilir.

Cari ilin 3-cü rübündə Cəlilabadın kənd təsərrüfatı istehsalçıları tərəfindən 87780 ton taxıl, 79093 ton kartof, 1364 ton meyvə, 2520 ton üzüm, 354 ton günəbaxan, 334 ton qarğıdalı, 4092 ton tərəvəz və 564 ton bostan bitkiləri istehsal olunub. Taxılçılığın inkişaf etdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün istehsalçılara hər cür kömək göstərilib, rayonda payızlıq əkin üçün 59478 hektar sahədə şum aparılıb, 12819 ton toxum fondu ayrılıb. "Aqrolizinq" Səhmdar Cəmiyyətinin rayondakı aqroservis və təchizat bazası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 3275 ton azot gübrəsi satılıb. Əkin sahələrinin suvarılmasını lazımi səviyyədə təşkil etməkdən ötrü rayon ərazisindəki kanalların 75 min kubmetri lildən təmizlənib, 9637 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib.

Rayon icra hakimiyyəti tərəfindən heyvandarlığın inkişafına diqqət artırılıb. Təsərrüfatlarda iribuynuzlu mal-qaranın və davarın sayı xeyli çoxalıb. Bu ilin 9 ayında rayonda 8419 ton ət, 38419 ton süd, 303 ton yun və 14 milyon 981 min ədəd yumurta istehsal edilib ki, bu da keçən ilin müvafiq dövründəkindən çoxdur.

Cəlilabadda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları 3-cü rübdə 2477 nəfər fiziki və hüquqi şəxsə 5 milyon 323 min manat məbləğində kredit veriblər. Kreditin əsas hissəsini kənd təsərrüfatı və kommersiya ilə məşğul olan şəxslər götürüblər.

Poçt və rabitə sistemində də irəliləyiş hiss olunur, proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilir. Təkcə 3-cü rübdə 23 evə telefon xətti çəkilib. Cəngan və Əliqasımlı kəndlərindəki ATS-lər yenidən qurularaq elektronlaşdırılıb. Göytəpə şəhəri-Privolnoye, Sərhədabad-Şiləvəngə arasında 14 kilometrə qədər keyfiyyətli kabel çəkilib. Yeni xidmət sahəsinin yaradılması ilə əlaqədar rayon poçt idarəsində xəzinə otağı tikilib.

Bəli, Cəlilabadda iqtisadiyyatın inkişafı, yaşayış yerlərinin abadlaşdırılması, yeni iş yerlərinin yaradılması və əhalinin rifahının daha da yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 19 oktyabr.- S. 6.