Elm olan yerdə cəhalətə yer yoxdur

 

Elə ilk tanışlığımızdan anladım ki, o, elmə nə şöhrət, nə var-dövlət, nə ad-san, nə də səlahiyyət sahibi olmaq üçün gəlib. Sanki dünya ilə tanışlığının ilk günündən bəşəri hisslər düşüncələrinə hakim kəsilib. Yaşadığı dünyanın sakinlərini ağrıdan, narahat edən, ömürlərini yarımçıq qoyan nə dərd-bəla varsa onu düşündürməyə başlayıb, onların sirrini açmağa çalışıb. Bir-birini tamamlayan ilk addımlardan sonra bu sirlərin açarının elmdə olacağına zərrə qədər də şübhə etməyib və o sərhədsiz aləmə yol alıb. Düşüncələr, araşdırmalar, elmi uğurlar, nəticələr zaman-zaman onun həyat tarixçəsinin səhifələrini zənginləşdirməyə, ömür yolunu müəyyənləşdirməyə başlayıb. Beləcə 1941-ci ildə Qərbi Azərbaycanın qədim yurd yerlərindən olan Dilican rayonunda dünyanın işığına göz açıb ata-babasından Zakir adını alan Ömər kişinin oğlu 70 il sonra müstəqil Azərbaycanın əməkdar elm xadimi olub. Amma buna qədər təhsildə, elmdə və təbabətdə nə qədər yol qət etmişdi - Zakir Ömər oğlu Qarayev...

 

Bakıya 1956-cı ildə gəlmişdi. Sonra arzularının ünvanına - N.Nərimanov adına Tibb İnstitutuna qəbul olunur və 1962-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib Göyçə mahalının bir sıra kəndlərinə xidmət göstərən Şorca xəstəxanasında çalışır, 1964-cü ilin noyabr ayında Leninqradda aspiranturaya daxil olur. Tibb elminə sonsuz maraq və böyük istedadı sayəsində az bir vaxtda namizədlik dissertasiyası müdafiə edib alimlik dərəcəsi alır. Lakin xalqına xidmət etmək arzusu onu yenidən Vətənə qaytarır.

- İlk vaxtlar doğma institutda mikrobiologiya kafedrasında işləməyə başladım - deyir Zakir müəllim. Həmin günləri yenidən yaşayırmış kimi çöhrəsinə xoş bir təbəssüm qonur. - Bir müddətdən sonra elə bu institutun mərkəzi elmi tədqiqat laboratoriayasında əvvəlcə immunologiya şöbəsinə, sonra isə bütün laboratoriyaya rəhbərlik etməyə başladım. Təbii ki, bu işlərlə paralel olaraq doktorluq dissertasiyası üzərində də ciddi səylə işləyirdim.

Lakin gənc alimə bu institutda doktorluq dissertasiyası müdafiə etmək müyəssər olmur. Bürokratik əngəllər, qısqanclıqlar gənc və istedadlı alimin Bakıdan üz döndərməsinə və yenidən Leninqrada getməsinə səbəb olur.

Zakir müəllim həyatının məhz bu dövrünü elmi fəaliyyətində yeni mərhələ hesab edir. Çünki Leninqrada gəlişindən dərhal sonra istedadını, bacarığını nəzərə alıb onu şəhərin Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdindəki immunologiya laboratoriyasına rəhbər təyin edirlər. Bir müddətdən sonra - 1978-ci ildə Neva sahilindəki bu şəhərdə Ümumittifaq Dərin Mikozlar və Allergiya Mərkəzi açılır və azərbaycanlı alim Z.Qarayev bura direktor təyin olunur. Bu vəzifə ilə yanaşı, o, həm də kliniki immunologiya laboratoriyasına rəhbərlik edirdi.

Bakıdan və doğmalarından uzaqda yaşamaq nə qədər darıxdırıcı və çətin olsa da elmi axtarışlar, beynəlxalq elmi konfranslar və simpoziumlar, vəzifə səlahiyyətlərinin vicdanla icrası onu tədricən bu mühitə alışdırırdı.

- Təşkilati işlər bəzən o qədər çox olurdu ki, elmi araşdırmalara vaxt belə qalmırdı. Keçmiş İttifaqın bütün səhiyyə orqanlarında mikologiya xidmətlərinin yaradılması asan iş deyildi. Ölkənin elə bir regionu olmurdu ki, ora şəxsən gedib görülən işlərlə tanış olmayım. Azərbaycana da gəlirdim. Ancaq bütün cəhdlərimə baxmayaraq, o zaman Bakıda Respublika Mikoloji Patologiya Mərkəzi yaratmaq mümkün olmadı.

1982 -1992-ci illərdə Ümumittifaq Dərin Mikozlar və Allergik Xəstəliklər Mərkəzinin direktoru işlədiyi müddətdə tibb elmləri doktoru, professor Zakir Qarayev öz sahəsində dünyanın tanınmış və söz sahibi olan nüfuzlu alimlərindən biri idi. Həmin dövrdə 300 nəfərlik kollektivə, 200 çarpayılıq klinikaya və immunologiya laboratoriyasına rəhbərlik edən azərbaycanlı alim ABŞ, İngiltərə, Fransa, Almaniya, Kanada, Braziliya, Yaponiya, Yuqoslaviya, Misir, Macarıstan, Polşa, İtaliya və sair ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq edir, bu ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda, qurultaylarda və simpoziumlarda təkcə Sovet İttifaqının nümayəndə heyətinin rəhbəri kimi deyil, həm də yüksək səviyyəli alim, peşəkar mütəxəssis kimi ingilis dilində məruzələrlə çıxış edir, mühazirələr oxuyurdu. Bir sözlə, təkcə Leninqradın deyil, SSRİ kimi nəhəng bir bir ölkənin baş mütəxəssisi olan bu azərbaycanlı balasının fikri ilə hər yerdə hesablaşırdılar.

Şübhəsiz, belə olmasa, professor Zakir Qarayev Fransa, İngiltərə, İtaliya, Almaniya, Polşa və Yaponiyanın immunoloji və mikoloji elmi cəmiyyətlərinin fəxri üzvü, Almaniya və İtaliyada çıxan immunologiya və mikologiya üzrə elmi jurnalların redaksiya heyətinin üzvü olmazdı.

İlk baxışdan hər şey yaxşı idi. Çoxlarının bəlkə ömür boyunca nail ola bilmədiklərinə professor Zakir Qarayev halal zəhməti və ağlının gücü ilə sahib olmuşdu. Bəşəri düşüncələrlə yaşayan alimin qəlbinə yaşa dolduqca bir arzu hakim kəsilirdi. Vətənə, Azərəbaycana, doğma xalqa xidmət etmək. Vətənə qürbətdən başıuca qayıtmağa nə var ki... Əslində yüksək səviyyədə təkliflər də gəlirdi.

- Bakıya gəlişlərimin birində 1989-cu ildə o zaman səhiyyə naziri olan Tələt Qasımov mənə Azərbaycana qayıdıb işləməyi təklif etmişdi. Razılaşmamışdım, hələ orada görəcəyim işlər, başa çatdırmalı olduğum elmi tədqiqatlar vardı...

Sonra belə təkliflər Zakir Qarayevin Bakıya hər gəlişində səslənirdi. Artıq elə bir məqam yetişmişdi ki, azərbaycanlı alim Vətən, Azərbaycan təəssübünün hər şeydən uca olduğunu, ona xidmətin müqəddəs bir borc olduğunu qətiləşdirmişdi. İmperiya dağıldıqca keçmiş postsovet məkanında milli münasibətlərə də yeni baxış formalaşmağa başlamışdı.

- 20 Yanvar hadisələrində, Qarabağ münaqişəsində Moskvanın ədalətsiz mövqe tutmasından İttifaqın mərkəzi mətbuat orqanlarının qərəzli çıxışlarından hiddətlənirdim, bunlar mənim milli mənliyimə toxunurdu, tədricən belə qərara gəlirdim ki, bu ağır məqamlarda xalqımın yanında olmalıyam...

1992-ci ildə keçmiş səhiyyə naziri Rahim Hüseynovun rəsmi dəvət məktubunu aldıqdan sonra Zakir Qarayev Bakıya gəlir. Müəyyən məsələlərə aydınlıq gətirəndən və bir çox vədlər alandan sonra professor Leninqradda yüksək vəzifəsindən əl çəkib böyük amallar və arzular naminə Bakıya köçür. İlk baxışdan hər şey yaxşı başlayır.

Əslində istər həkim, istər alim kimi professor Zakir Qarayev çox sanballı, müasir səhiyyənin çox aktual sahələrindən birinin beynəlxalq səviyyədə tanınmış simalarından biri idi. Ona hər yerdə bu gün də böyük ehtiyac var. Bir sıra yoluxucu xəstəliklərə qarşı mübarizə, tibbi ekologiya, insanın immunoloji müqavimətinin zəifləməsi və çatışmazlığı, bununla əlaqədar müxtəlif yoluxucu, allergik və onkoloji xəstəliklərin baş verməsi səbəblərinin öyrənilməsi, yeni diaqnostika və müalicə üsullarının axtarılması, profilaktik tədbirlərin hazırlanması yüksək səviyyəli, təcrübəli kadrlara ehtiyac doğurmuşdu. Bütün bu sahələrdə həmin illərdə çox ciddi problemlər var idi. Digər tərəfdən, respublikada yaranmış gərgin ictimai-siyasi vəziyyət bir çox peşəkarları sadəcə dolanışıq naminə ölkəni tərk etməyə məcbur edirdi.

Professor Z.Qarayev Leninqradda böyük bir elmi mərkəzin direktoru vəzifəsindən imtina edib, Bakıya məhz bu işlərin təşkili, kadr axınının qarşısını almaq üçün dəvət alıb gəlmişdi. 1992-ci ilin sonunda onu Elmi-Tədqiqat Epidemiologiya, Gigiyena və Peşə Xəstəlikləri İnstitutuna direktor təyin edirlər. Vətənin ağır günlərində rəhbərlik etdiyi müəssisəyə nə qədər böyük ehtiyac olduğunu dərk edən professor Zakir Qarayev çox böyük həvəslə işə başlayır. Hər yerdə olduğu kimi, bu sahədə də vəziyyət heç də ürəkaçan deyildi.

Həmin ərəfədə respublikanın mətbuat orqanlarına müsahibə verən institutun yeni direktoru isə real vəziyyəti olduğu kimi göstərməkdən çəkinmirdi: "Çox təəssüf olsun ki, respublikamızda immunologiya sahəsində vəziyyət yaxşı deyildir. İnstitutun dünya standartlarına uyğun qurulması, inkişafı üçün çalışmaq lazımdır. Mənim elmi-praktik təcrübəm deməyə əsas verir ki, ölkəmizdə müasir elmin səviyyəsinə uyğun elmi-tədqiqat institutu təşkil etmək və dəyərli elmi işlər aparmaq olar".

Lakin arzu, istək heç də həmişə reallıqla üst-üstə düşmür. Professor Zakir Qarayevin bir neçə rəsmi tədbirdə əhalinin sağlamlığı ilə bağlı aparılan müzakirələrdə elmi dəlillərə söykənən sərt çıxışları keçmiş səhiyyə nazirini bərk qəzəbələndirir. Bu qəzəbin hökmündən verilən əmrlə Zakir Qarayevin Azərbaycan səhiyyəsinin inkişafına, təbabət elminin müasir standartlar səviyyəsinə qalxmasına yönələn planları yarımçıq qalır...

Təbii ki, bunları yada salmaq bu gün də Z.Qarayev üçün çox ağırdır. Lakin uzun çəkişmələrdən, hətta bir müddət xarici ölkələrdən gələn təklifi belə rədd edib işsiz qalandan sonra onu ümidləndirən nəhayət ki, haqqın nazilib üzülmədiyi və nahaqqa qalib gəlməyi oldu...

Artıq on ilə yaxındır ki, professor Zakir Qarayev Azərbaycan Tibb Universitetində mikrobiologiya və immunologiya kafedrasına rəhbərlik edir. 12 elmi ixtiranın, 450-500-dən çox elmi əsərin və məqalənin, 4 monoqrafiya və 3 dərsliyin müəllifi olan tibb elmləri doktoru Zakir Qarayev, tibb elmi və səhiyyəsi üçün hazırladığı kadrlara arzu və istəklərini həyata keçirəcək çevik və bacarıqlı mütəxəssislər kimi baxır. Onlar isə bu gün də az deyil. 40 elmlər doktoru və 27 elmlər namizədinin hər birinin düşüncəsində professor Zakir Qarayevin bəxş etdiyi elm ziyası var. Elmə və səhiyyəyə məhz bu yüksək ali xidmətlərinə görə də elə bu günlərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hörmətli tibb elmləri doktoru, professor Zakir Qarayevə "Əməkdar elm xadimi" adı verilib. Bu da insanların, elə Zakir müəllimin də daim qovuşmağa can atdığı ədalətin, haqqın təntənəsinin bir nümunəsidir.

İnsanlığına, səmimiyyətinə, mehribanlığına çox böyük dəyər verdiyim Zakir müəllim haqqında çoxdan yazmaq istədiyim yazını məhz indi tamamlamağıma da səbəb elə bu oldu. Halal haqqını verdilər, onu da, bizi də sevindirdilər. Sağ olsunlar. Halal haqqın mübarək, professor...

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2010.- 19 oktyabr.- S. 6.