Türkmənistanda
Əhməd Yəsəviyə həsr olunmuş
beynəlxalq konfrans
Əhməd Yəsəvi
Türküstan elinin, türk dünyasının görkəmli
hikmət sahiblərindən biri olmuşdur. O, İslam dininin
incəliklərini, sufiliyin bütün dərinliklərini
bilmiş və bunu müridlərinə öyrətmişdir.
Əhməd
Yəsəvi Daşkənd və Sırdərya ərazisində,
Seyhunun qarşısındakı çöllərdə
yaşayan köçəri türklər arasında
güclü nüfuz sahibi olmuşdur. O, öz ətrafında
olanlara İslam dininin əsaslarını, şəriəti,
təriqəti, ədəb və ərkanı öyrətmişdir.
Əhməd Yəsəvi öz təriqətini öyrətmək
üçün sadə bir dillə heca vəznində mənzumələr
- şeirlər söyləmiş və həmin mənzumələrə
- şeirlərə "hikmət" adını
vermişdir. Onun hikmətləri türklər arasında
düşüncə birliyinin təşəkkül
tapmasına xeyli dərəcədə xidmət göstərmişdir.
Əhməd Yəsəvinin şöhrəti bütün
türk ölkələrinə, ellərinə
yayıldıqca onun yaratdığı Yəsəvilik də
bir təriqət halına gəlmişdir.
Əhməd Yəsəvi özü də qeyd etdiyi kimi, hikmətlərini sözü gözəllik bilənlər üçün, Allahın üzünü, çöhrəsini görmək istəyənlər üçün, qəriblərin, fağırların, yetimlərin könlünü ovlamaq üçün yazmışdır.
Belə hesab olunur ki, Əhməd Yəsəvi XII əsrin əvvəllərində (1103 və ya 1105-ci illərdə) Yəsi şəhərində dünyaya gəlmişdir. O da rəvayət olunur ki, Əhməd Yəsəvi 63 yaşına çatdıqda Həzrəti - Peyğəmbərin(s.) yoluna sədaqət və bağlılıq əlaməti olaraq müridlərinə pilləkənlə enilə bilən quyu qazdırmışdır. Quyunun dibində bir adamın girə biləcəyi hücrə tikdirmişdir. Ölənə qədər buradan çıxmadığı və onun bu hücrədə vəfat etdiyi təxmin olunur.
Türk dünyasının mütəfəkkirlərindən, idrak sahiblərindən biri olan Xoca Əhməd Yəsəvinin irsinin öyrənilməsi həmişə türkoloqların, şərqşünasların diqqət mərkəzində olmuşdur. Odur ki, Türkmənistanda Əhməd Yəsəviyə həsr olunmuş beynəlxalq konfrans da növbəti dəfə türk dünyasının mütəfəkkirinə, idrak sahibinə olan qayğı və diqqəti idi.
Xoca Əhməd Yəsəvinin
şərəfinə həsr olunmuş
beynəlxalq elmi konfrans
22-23 sentyabr 2010-cu il
tarixdə Türkmənistanın paytaxtı Aşğabad
şəhərində keçirildi. Beynəlxalq
konfransa dünyanın müxtəlif
ölkələrindən - Azərbaycandan, Türkiyədən,
İrandan, Pakistandan, Rusiyadan, Ukraynadan,
Qazaxıstandan, Hindistandan, Amerika
Birləşmiş Ştatlarından, Özbəkistandan, Koreyadan, Çindən, Tacikistandan
otuz altı elm
adamı - türkoloq, şərqşünas
dəvət olunmuşdu. Yeri
gəlmişkən qeyd edək ki, Azərbaycandan bu konfransda iki nəfər elm adamı iştirak edirdi. Onlardan biri bu sətirlərin
müəllifi, digəri
isə professor Elman Quliyev
idi.
Beynəlxalq konfransa yüksək səviyyədə hazırlıq
işləri aparılmışdı. Bunu elə Türkmənistana
- Saparmurad Niyazov adına hava
limanına endiyimiz andan hiss etdik. Aşğabad şəhərində Xoca Əhməd Yəsəviyə həsr
olunmuş beynəlxalq
konfransın keçiriləcəyi
barədə prospekt və küçələrdə
şüarlar, plakatlar
hər tərəfi bəzəyirdi. Aşğabad
şəhəri beynəlxalq
konfransa hazır olduğu bir ovqatda olduğunu hiss etdirirdi.
Onu da qeyd edək ki, beynəlxalq konfrans iştirakçıları
Aşğabad şəhərinin
"Ak altun" otelində yerləşdirilmişdi. Otelin dəhlizi,
həyəti və ətrafı çox gözəl, konfrans iştirakçılarının hər birində xoş ovqat yaradan bir şəkildə
bəzənmişdi.
Beynəlxalq konfransın ilk günü
(sentyabrın 22-si) Türkmənistanın
Baş müzeyinə,
Xalı müzeyinə
gəzinti oldu. Günorta
naharından sonra xarici ölkələrdən
gəlmiş elm adamları
ilə Türkmənistanın
ali məktəb
tələbələrinin görüşü
başladı. Bu görüş Dünya türkmənlərinin insanpərvər
birliyinin "Məkan"
sarayında həyata keçdi. Sonra "Məkan" sarayında Türkmənistanın
Prezidenti Qurbanqulu Berdimuhamedovun beynəlxalq konfrans iştirakçılarına
təbriki oxundu.
Daha sonra Türkmənistan Elmlər Akademiyasının
Prezidenti və Türkmənistan Əlyazmalar
İnstitutunun direktoru
çıxış etdi,
beynəlxalq konfrans iştirakçılarının işinə uğurlar dilədilər.
Beynəlxalq konfransda beş bölmə üzrə 128 məruzə
dinlənildi. Birinci bölmə
öz işinə Türkmənistan Elmlər
Akademiyasının Arxeologiya
və Etnoqrafiya İnstitutunda başladı.
Bu bölmə "Xoca Əhməd Yəsəvinin yaradıcılığının
öyrənilməsində yazılı mənbələrin
rolu" adlanırdı.
Burada iyirmi səkkiz məruzə dinlənildi.
İkinci
bölmə öz işinə Məhtumqulu adına Türkmənistan
Dövlət Universitetində
başladı. "XII əsr şərq tarixi və Xoca Əhməd Yəsəvi" adlanan bu bölmədə otuz yeddi məruzə
dinlənildi. Konfransın
üçüncü bölməsinin
fəaliyyəti Dövlətməmməd
Azadi adına
Türkmən Milli Dünya Dilləri İnstitutunda öz işinə başladı.
İyirmi məruzədən ibarət bu bölmə "Türkmən
klassik ədəbiyyatı
və Xoca Əhməd Yəsəvi yaradıcılığı" adlanırdı. Beynəlxalq konfransın
dördüncü bölməsi
"Səlcuqlar dövründə
türk xalqları ədəbiyyatı və
Xoca Əhməd Yəsəvi yaradıcılığı"
adlanırdı. Burada iyirmi
bir mövzuda məruzə dinlənildi.
Dördüncü bölmənin fəaliyyəti
Türkmənistan Milli
Elmlər Akademiyasının
Əlyazmalar İnstitutunda
oldu. Beşinci bölmə "Xoca Əhməd Yəsəvinin ədəbi
irsi və türkmən dili" adlanırdı. Bu bölmə öz işini Türkmənistan
Elmlər Akademiyasında
apardı. Beşinci bölmədə
iyirmi iki məruzə dinlənildi.
Yeri gəlmişkən qeyd edək ki, bu
sətirlərin müəllifi
"Xoca Əhməd Yəsəvinin hikmətlərində
qədim türk sözləri" mövzusunda
çıxış etdi.
Çıxış çox rəğbətlə
qarşılandı. Qeyd etmək
yerinə düşər
ki, qədim türk sözləri həm də Əhməd Yəsəvi yaradıcılığı - hikmətləri
vasitəsilə türk
xalqlarını birləşdirir.
Hal - hazırda ortaq türk dili məsələsi bütün türkoloqları
düşündürür. Odur ki, hazırda bütün türk xalqları ortaq türk sözlərinin işləkliyini daha da fəallaşdırmalıdırlar.
Bu mənada Əhməd
Yəsəvi hikmətlərində
olan qədim türk sözləri ortaq leksik vahidlər
kimi ən dəyərli mənbələrdən
biridir. Məsələyə bu baxımdan
yanaşan bu sətirlərin müəllifinin
mövqeyi məruzəni
dinləyənlərdə xoş
ovqat yaratdı. Ona görə də bu sətirlərin müəllifinin məruzəsi
beynəlxalq konfransın
yekun iclasında elmi dəyəri və aktuallığı
ilə fərqlənən
bir məruzə kimi qiymətləndirildi.
Sentyabr ayının
23-də beynəlxalq konfrans
öz işini Dünya türkmənlərinin
insanpərvər birliyinin
"Məkan" sarayında
yekunlaşdırdı. Beynəlxalq konfransın
iştirakçılarının Türkmənistan Prezidentinə
müraciəti qəbul
olundu. Bu müraciətdə türk
xalqları ilə bağlı bir sıra məsələlərlə
yanaşı, o da qeyd olundu ki,
belə konfranslar gələcəkdə müntəzəm
olaraq türk cümhuriyyətlərinin hər
birində keçirilsin.
Doğrudan da, türk xalqlarının
bir - birinə yaxınlaşması, ortaq
dəyərlər ətrafında
birləşməsi, onlar
arasında siyasi, iqtisadi, mədəni birliyin yaranması naminə belə konfranslara çox ehtiyac vardır.
Buludxan XƏLİLOV,
filologiya elmləri doktoru,
professor.
Xalq qəzeti.- 2010.-
19 oktyabr.- S. 7.