Hərb tarixini canlandıran rəssam
"Qəfildən
qılıncların səsini və atların kişnərtisini
eşitdim"
Bakıda Axundov bağının
yaxınlığında kiçik bir emalatxana var. Bura, bəlkə
də yeganə yerdir ki, Qaraqoyunlu hökmdarı Qara Yusifi, Eldəgizlər
hökmdarı Şəmsəddin Eldəgizi, Avropanı fəth
etmiş Hun sərkərdəsi Atillanı və
Göytürk sərkərdələrini bir arada görmək
olar. İçəri girəndə özünü sanki
döyüş meydanında, türk imperatorluqlarının
dövründə hiss edirsən. Ağacdan yonulmuş
şaman heykəlləri isə qədim türklərin etiqadını
özündə əks etdirir. Girəcəkdə Azərbaycan
Xalq Cümhuriyyətinə həsr edilmiş İstiqlal abidəsinin
layihəsi diqqətimdən yayınmır.
" Əsərlərimin sadəcə
bir hissəsi buradadır. Elə əsərlərim var ki, İstiqlal
Muzeyində, Hərb Tarixi Muzeyində, eləcə də şəxsi kolleksiyalarda saxlanılır. İşimi sevirəm,
indi də bir sıra əsərlər
üzərində işləyirəm."-
deyə emalatxana sahibi, Hərb Tarixi Muzeyinin əməkdaşı,
rəssam-heykəltəraş Natiq Camal Əfşar
söylədi. Onun uşaqlıqdan
tarixə, xüsusilə
hərb tarixinə böyük həvəsi olub. Odur ki, elə o
vaxtdan arzulayıb ki, oxuduğu tarix kitablarında təsvir olunan döyüş səhnələrini,
Azərbaycan və türk dünyasının
böyük sərkərdələrini
əsərlərində canlandırsın.
Rəssam özü etiraf
edir ki, nə yadından çıxsa da, təsəvvüründəki döyüş
səhnələri heç
vaxt yaddaşından silinmir.
Natiq Camal Əfşar 1961-ci ildə
Bakıda anadan olub. Ə. Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq
məktəbini bitirib.
1986-1992-ci illərdə Azərbaycan İncəsənət
İnstitutunda təhsil
alıb. Bakı ilə
yanaşı, Rusiyada və Türkiyənin İstanbul şəhərində
fərdi sərgiləri
keçirilib. Bir sıra
əsərləri Azərbaycan,
Türkiyə, İran,
Almaniya, Amerika və Ukraynada rəsm kolleksiyalarında saxlanılır. Əsasən
yağlı və sulu boya,
heykəltaraşlıq və
teatr dekorları sahəsində çalışır.
Hazırda Müdafiə Nazirliyinin
tərkibində Azərbaycan
Hərb Tarixi Muzeyinin işçisidir.
Sovet Ordusunda
xidmət etdiyi illərdə də Natiq bəy imkan olduqca şəkillər
çəkib, Moskva hərbi dairəsində rəssam kimi fəaliyyət göstərib,
1982-ci ildə həmin
dairə üzrə hərbçi rəssamlar
arasında müsabiqənin
qalibi olub. Moskvada qalıb
işləmək təklifi
alsa da, razı olmayıb.
Azərbaycanın müstəqilliyə qovuşması
onun yaradıcılığında
yeni mərhələ
açdı. Rəssam üçün dahi sərkərdələri,
hərb tariximizin vacib məqamlarını canlandırmaq imkanı yarandı. Müdafiə Nazirliyinin Hərb
Tarixi Muzeyinin əməkdaşı Natiq
Camalın fikrincə,
Azərbaycanın qəhrəmanlıqlarla
zəngin hərb tarixi var və
bu da onun
əsərlərinə müxtəlif
mövzu seçməkdə
yardımçı olur.
"Mükəmməl hərb
tariximiz var. Ancaq bu tarixin qəhrmanlıqlarla
zəngin, hələ
öyrənilməmiş çox
məqamları var. " İrəvan
xanı Hüseynqulu xanın, Gəncə hökmdarı Cavad xanın rus ordusuna qarşı mübarizəsi, Alban hökmdarı
Cavanşir, Midiya hökmdarı Kiaksarın
döyüşünə, Şah İsmayıla həsr etdiyi tablolar seçilən əsərlərdəndir. Hər
bir əsərdə təsvir olunan dövrün geyim tərzindən tutmuş istifadə edilən silahlaracan hər bir detal nəzərə
alınır: "Personajların
bir-birlərinə münasibətlərini
dəqiq vermək çətindir. Əsərdə qəhrəmanın yaşadığı dövrə
aid geyimləri, silahları
dəqiqliklə vermək
üçün əvvəlcə
həmin dövr ətraflı öyrənilməlidir.
Bütün bu xırda,
ancaq vacib detalları mənbələr
əsasında dəqiqləşdirirəm.
İndiyə kimi kutilərin,
turukki tayfalarının
hərbi geyimlərini,
tunc dövrünə
aid silahları işləmişəm.
"-deyir rəssam.
Onun əsərləri
arasında Osmanlı hərb tarixinə aid rəsmləri də diqqət çəkir. Atatürkün döyüş meydanında
olması, Anadolu cəbhəsi, İstanbulun
fəthi kimi əsərlər bu qəbildəndir. "İstanbulun fəthi" əsəri hazırda Türkiyədə qorunub saxlanılır. Bundan
başqa, onun İstiqlal marşına həsr etdiyi rəsm əsəri də bu gün
Türkiyədə çox
məşhurdur, əsər
öz məzmununa və Mehmet Akif Ərsoyun yazdığı marşın
ideyasını əks
etdirdiyinə görə
bir çox ziyalılar, xüsusilə
də tanınmış
türk ziyalısı
Turan Yazqan tərəfindən bəyənilib.
" Bu əsəri İstiqlal marşından
təsirlənərək çəkmişəm.
Əsərdə arxadan minarələr
görünür, yerdən
qan fışqırır.
Əlində türk bayrağı
olan əsgər təsvir olunur. Ətrafda isə şəhidlərin
ruhları var, onlar sanki həmin
türk əsgərinə
dəstək olur.
Əsər Turan Yazqanın çox xoşuna gəldi, mənə dedi ki, sən tək
adamsan ki, İstiqlal marşına əsər həsr eləmisən. Sonra qalxıb məni
qucaqladı. Hazırda həmin
əsər Türkiyədə
saxlanılır."-rəssam
Natiq Camal bildirdi. Rəssamın Midiya hökmdarı
Kiaksarın Assuriya üzərində qələbəsinə
həsr etdiyi Zəfər tağının
maketi isə öz möhtəşəmliyinə
görə seçilir.
Müəllifin sözlərinə görə, dünya tarixində bir sıra hökmdarların qələbələrinin şərəfinə
bu cür tağlar hazırlanıb.
Natiq Camal əsasən hərb tarixinə aid əsərlər
çəksə də,
onun yaradıcılığında
miniatür, avanqard, mifik və inqilabi
mövzularda əsərlər
də görmək mümkündür. Onlar arasında Azərbaycanın
yaxın keçmişində
baş vermiş qanlı-qadalı olaylar-Qarabağ
müharibəsi, ermənilər
tərəfindən Azərbaycan
türklərinə qarşı
törədilən qətliamlar,
Xocalı soyqırımı
kimi hadisələr də yer alır.
Qeyri-adi
məqamlar
Yaradıcı insanlar, o cümlədən
rəssamlar həmişə
öz qeyri-adilikləri
ilə seçilirlər. Natiq Camal
da qeyri-adi olayları yaşamış
və onları əsərində çəkmiş
yüzlərlə rəssamdan
biridir. Onun sözlərinə görə,
Xocalıya həsr etdiyi əsərlərindən
birinin təsvirini yuxuda görüb: " 1992-ci il idi, yuxuda gördüm
ki, göydən insanların üzərinə
iri xaçlar yağır, onlar insanların başına düşür. Bu yuxudan bir neçə
gün sonra Xocalıda ermənilər
dəhşətli qətliam
törətdi. Bir neçə
dəfə yuxularımı
çəkmişəm. Yuxunu əsərdə canlandırmaq
olduqca çətindir."
Digər
maraqlı məqamı
isə rəssam "İstanbulun fəthi"ni işləyərkən
yaşayıb. " Birdən əsərdə
çəkdiyim atların
kişnərtisini, qılıncların
səsini eşitdim. İnana bilmədim, təsvir gözlərimdə canlanmışdı.
Qələmim əlimdən yerə
düşdü. Sonralar bildim
ki, yaradıcı insanlar bu cür
məqamlarla tez-tez rastlaşırlar."
Natiq Camalın
çəkdiyi hər
bir əsər ona xalqımızın tarixi və Silahlı Qüvvələri
qədər əzizdir. Bu əsərlərin bir hissəsi Azərbaycan Hərb Tarixi Muzeyində saxlanılır.
Rəssamın yaratmaq istədiyi
əsərlər isə
hələ çoxdur.
Odur ki, nə işdə,
nə də evdə fırçası
əlindən düşür.
Hazırda rəssam Qara
Yusiflə bağlı
əsər üzərində
işləyir.
Təvazökar olsa da, rəssam fitri istedadın gücünə
inanır: "Sənətkar
dünyanın harasında
olursa olsun, onun istedadı gec-tez ortaya çıxacaq. " Rəssama bundan sonrakı yaradıcılığında uğurlar arzulayırıq.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 20 oktyabr.- S. 7.