20 oktyabr - Energetiklər günüdür

 

"Bakıelektrikşəbəkə" ASC istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi üçün mühüm tədbirlər həyata keçirir

 

Ümummilli liderimiz Heydər Əliyev istər 1970-80-ci illərdə, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, ölkənin energetika sahəsinə, o cümlədən, Bakı şəhərinin elektrik təchizatı işinə xüsusi diqqət və qayğı göstərmişdir. Dahi rəhbər 2000-ci il oktyabrın 20-də 1 nömrəli Bakı İstilik Mərkəzinin birinci növbəsinin açılış mərasimində demişdir: "Bizim bugünkü toplantımız və bu nəhəng istilik-elektrik mərkəzinin açılışı tarixi bir hadisədir. Burada - həmin bu yerdə əsrin əvvəlində - 1902-ci ildə bax, orada gördüyünüz, artıq köhnəlmiş, çürümüş, qaralmış istilik elektrik mərkəzi tikilmişdir. Təbiidir ki, o zaman üçün bu, böyük hadisə idi. O vaxt Azərbaycanda neft sənayesi xarici şirkətlərin iştirakı ilə güclü inkişaf edirdi, neftayırma zavodları yaranmışdı, burada həm elektrik enerjisinə, həm də buxara ehtiyac var idi. Təbiidir ki, o vaxta görə həmin stansiyanın öz dəyəri vardı. Ancaq o vaxtdan 100 il keçibdir. Ona görə də mən deyirəm ki, bu, bizim həyatımızda tarixi hadisədir. 100 ildən sonra biz belə bir yeni elektrik stansiyası yaratdıq. Demək, XXI əsrə biz bax, belə gözəl, müasir texnologiyalı müəssisələrlə gedirik. Onlardan biri də budur".

 

Bu gün Bakı şəhərinin elektrik enerjisi ilə təminatı məsələləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, "Bakıelektrikşəbəkə" ASC tərəfindən paytaxtın elektrik şəbəkələrinin yenidən qurulması və istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi istiqamətində genişmiqyaslı tikinti və quraşdırma işləri uğurla davam etdirilir.

 

Məqsəd istehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisilə təmin etməkdir

 

Bakı şəhərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən genişmiqyaslı tikinti və quraşdırma işləri aparılır.

Elektrik şəbəkələrinin əsaslı şəkildə yenidən qurulması, istismar müddətini başa vurmuş şəbəkə infrastrukturunun müasir standartlara cavab verən səviyyəyə qaldırılması məqsədilə bu ilin yanvar- sentyabr ayları ərzində görülən işlərə qısaca nəzər salaq. Belə ki, hazırda şəhərin mərkəzi hissəsini, xüsusilə dövlət əhəmiyyyətli obyektləri elektrik enerjisi ilə təmin edən 110/35/6-10 kV-luq "Badamdar" yarımstansiyasında yenidənqurma işləri aparılır. Yarımstansiyada 2x10 MVA gücündə 35/6 kV-luq transformatorların əvəzinə 2x16 MVA gücündə transformatorlar quraşdırılmışdır. Köhnə, istismara yararsız 6 və 10 kV-luq PQ-nun əvəzinə yeni PQ inşa edilib istismara verilmişdir.

Yarımstansiyanın qidalandırılmasının etibarlığının artırılması üçün 110 kV-luq Açıq Paylayıcı Qurğuda genişləndirmə işləri aparılır. "Müşfiq" yarımstansiyasından 2 ədəd 110 kV-luq kabel xətlərinin quraşdırılması nəzərdə tutulmuşdur. Nəsimi və Yasamal rayonlarının böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 110/35/10 kV-luq 2x40 MVA gücündə "Dağlıq" yarımstansiyasında yenidənqurma işləri həyata keçirilir. Belə ki, bu obyektdə yeni 35 kv-luq paylayıcı qurğu inşa edilib istismara verilmiş, yeni kabel kanalları tikilmişdir.İki ədəd reaktor, yeni 10 kV-luq elektrik avadanlıqları quraşdırılmaqdadır, 2 ədəd 110 kV-luq eleqaz açarı Qapalı Paylayıcı Qurğuya köçürülmüşdür.

Bakı şəhərinin dairəvi 110 kV-luq şəbəkəsinə daxil olan 110/35/10 kV-luq "Liman" yarımstansiyasının binası inşa edilmiş, "İçərişəhər" yarımstansiyasından 110 kV-luq kabel xətlərinin çəkilməsi üçün müvafiq borular quraşdırılmış və kabel quyuları tikilmişdir.Yarımstansiyada hər birinin gücü 50 MVA olan 2 ədəd transformator quraşdırılmışdır.

"Binəqədi" və "Dərnəgül-2" yarımstansiyalarının yükünün azaldılması, Binəqədi və Qaradağ rayonlarında yerləşən mövcud və yeni obyektlərin elektrik təchizatı üçün 110/35/6 kV-luq 2x40 MVA gücündə "Xocasən" yarımstansiyası inşa edilmişdir. Yarımstansiyanın qidalandırılması üçün "Səngəçal" yarımstansiyasından uzunluğu 2x40,3 kilometr olan 110 kV-luq hava xətti çəkilmişdir. Yarımstansiyanın bu ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.

Yuxarıda göstərilənlərlə yanaşı, hazırda 110/6 kV-luq "ETK-4" yarımstansiyasında yenidənqurma işləri aparılır. Burada 35 kV-luq bölmənin yaradılması, 110/35/6 kV-luq 2x40 MVA gücündə transformatorun quraşdırılması nəzərdə tutulmuşdur. Bundan başqa, şəhərin böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən köhnə 110/35/6 kV-luq 227 saylı yarımstansiya tamamilə yenidən qurulmuş, müasir tipli elektrik avadanlıqları ilə təchiz edilmişdir. Yarımstansiyada yeni 6 və 35 kV-luq QPQ-lər və kabel kanalları inşa edilmiş, 110 kV-luq PQ-də yenidənqurma işləri aparılmış, gücü 40 MVA olan 110/35/6 kV-luq transformatorlar əsaslı təmir edilmişdir.

Suraxanı rayonunda yerləşən 110/10 kV-luq "Günəşli" yarımstansiyasında bütün avadanlıqlar təmir olunaraq, sınaqdan keçirilmişdir. Nərimanov rayonunda 110/6 kV-luq MKZ yarımstansiyasında transformatorlar təftiş, digər elektrik avadanlıqlarında isə əsaslı təmir işləri aparılmış, 2-ci transformatorun bölməsi yaradılmış, sxemə qoşulmuşdur.

110 kV-luq YBNZ-1, YBNZ-2, Günəşli, Bakıxanov, Radiozavod, Həzi Aslanov, MKZ yarımstansiyalarında əsaslı təmir və profilaktik işlər aparılmışdır. Həmin yarımstansiyalarda 110 kV-luq 18 ədəd elektrik avadanlığı əsaslı təmir olunmuşdur. Digər 10 kV-luq yarımstansiyada 20 ədəd açar, 30 ədəd ayırıcı və 7 ədəd transformator təmir edilmişdir. Onu da deyək ki, 110 kV-luq yarımstansiyalarda elektrik avadanlıqların texniki vəziyyətinin yoxlanılması və müəyyənləşdirilmiş nasazlıqların aradan qaldırılması, rele mühafizəsi və avtomatika vasitələrinin, nəzarət-ölçü cihazlarının profilaktik yoxlanılması, metal konstruksiyaların təmiri və rənglənməsi işləri yerinə yetirilmişdir. Ümumiyyətlə, ötən dövr ərzində 20 ədəd 110 kV-luq yarımstansiyada cari təmir və profilaktik işlər, 5 ədəd 110 kV-luq yarımstansiyada isə əsaslı təmir işləri aparılmış, 26 ədəd 110 kV-luq açar əsaslı təmir olunmuşdur.

35 və 0,4; 6 kV-luq, habelə və 10 kV-luq şəbəkə üzrə görülən işlərə də qısaca nəzər salaq. Sözügedən dövrdə paytaxtın 80 ədəd 35 kV-luq yarımstansiyasında cari təmir və profilaktik işləri , 15 ədəd 35 kV-luq yarımstansiyada isə əsaslı təmir işləri aparılmışdır. Həmin yarımstansiyalarda 75 ədəd yağ açarı əsaslı təmir edilmiş, transformatorların izolyasiyası yoxlanılmış, sınaq və sazlama işləri aparılmışdır.100 kilometr 35 kV-luq hava xətlərində də təmir işləri görülmüş, 8,1 ton yeni naqillər quraşdırılmışdır, 45 kilometrə yaxın yeni 35 kV-luq kabel xətləri çəkilmişdir.

6-10 kv-luq kabel şəbəkəsində 60 kilometr, 0,4 kV-luq kabel şəbəkəsində 85 kilometr kabel quraşdırılmışdır. 6-10 kV-luq hava xətlərinin təmirində 15 ton, 0,4 kV-luq hava xətlərinin təmirində 4,6 ton AS-50 və AS-70 markalı naqil istifadə olunmuşdur. Transformator məntəqələrində 0,4 kV-luq 600 ədəd ayırıcı və 1900 ədəd qoruyucu quraşdırılmışdır. Elektrik enerjisinə artan tələbatın ödənilməsi şəhər şəbəkəsində yenidənqurma və təmir işlərinin geniş miqyasda aparılmasını zəruri edir. Bunun üçün ilin sonunadək bir sıra obyektlərin tikintisinin başa çatdırılıb istismara verilməsi, mövcud şəbəkənin təmiri və gücləndirilməsi, istismar müddəti ötmüş şəbəkənin bərpası nəzərdə tutulur.

 

Qarşıda duran vəzifələr uğurla yerinə yetirilir

 

"Bakıelektrikşəbəkə" ASC-nin başlıca vəzifəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"na uyğun olaraq istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq, elektrik yük artımına müvafiq yeni güc mərkəzlərinin inşasını reallaşdırmaqla yanaşı, enerji itkilərinin və israfçılığın, habelə elektrik enerjisinin talan olunması hallarının qarşısını almaq, enerji haqlarının yığımının daha səmərəli təşkilini həyata keçirmək üçün cəmiyyət üzrə struktur dəyişikliyi və düzgün kadr siyasəti aparmaqdır.

Bakı şəhərinin elektrik şəbəkələrinin yenidən qurulması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinin icrası ilə əlaqədar "Bakıelektrikşəbəkə" ASC tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, Bakı şəhərini elektrik enerjisi ilə təmin edən ən vacib 110 kV-luq hava xətlərində əsaslı təmir işləri aparılmışdır. Belə ki, "Xırdalan" - 203, "Müşfiq" - "Bayıl", "Müşfiq" - "Dağlıq" və "Müşfiq" - "Yasamal-1" 110 kV-luq ikidövrəli hava xətlərində dayaqlar əsaslı təmir olunmuş, istismara yararsız naqillər yeni 300 kvadrat millimetr en kəsikli naqillərlə əvəz edilmişdir.

"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti dövründə müasir elektrik avadanlıqları ilə təchiz edilmiş 9 ədəd 110 kV-luq yarımstansiya tikilib istismara verilmişdir. Əzizbəyov rayonunda 110/35/10 kV 2x40 MVA gücündə "Buzovna", Nərimanov rayonunda 110/35/6 kV-luq 2x50 MVA gücündə 203 saylı, 110/35/10 kV-luq 2x40 MVA gücündə 215 saylı, Səbail rayonunda 110/35/10 kV-luq 2x40 MVA gücündə "Şıx" və 110/35/10 kV-luq 2x25 MVA gücündə "Hava limanı" yarımstansiyaları tikilib istismara verilmişdir. Bu yarımstansiyaları qidalandırmaq üçün ümumi uzunluğu 50 kilometrə yaxın ikidövrəli 110 kV-luq hava xətləri çəkilmişdir. Şəhərin böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən "Dağlıq" yarımstansiyasına hər birinin uzunluğu 3,2 kilometr olan 6 ədəd 110 kV-luq kabel xətləri çəkilmişdir.

Ötən dövr ərzində bir sıra 35 kV-luq yarımstansiyalar tikilib istismara verilmiş "Savalan", "Sabunçu", "Xaşa-Xuna", "Zirə bağlar", "Bilgəh", "Amburan", 430, 200, 431, 407, 226, 119 saylı, "Sahil", "Nərimanov"), 110 kV-luq "Yasamal-1", 35 kV-luq 117 və 99 saylı yarımstansiyalarda isə yenidənqurma işləri aparılmışdır. Yeni inşa edilmiş 35 kV-luq yarımstansiyaların qidalanması üçün 100 kilometrə yaxın 35 kV-luq kabel xətti, 40 kilometrdən çox 35 kV-luq hava xətləri quraşdırılmışdır.

"Bakıelektrikşəbəkə" ASC öz fəaliyyətini bərpa etdikdən sonra elektrik təchizatının fasiləsizliyinin və dayanıqlığının təmin edilməsi üçün İnvestisiya Proqramına uyğun olaraq perspektiv tələbləri ödəyəcək dairəvi 110 kV-luq elektrik şəbəkəsinin tikintisinə başlanmışdır. Bakı şəhəri kimi böyük meqapolislər üçün 110 kV-luq dairəvi elektrik təchizatı sxemi, sözsüz ki, ən etibarlı sxemdir.

Səbail rayonu ərazisində yerləşən, 1946-cı ildə inşa edilmiş 20/6 kV-luq 119 saylı yarımstansiya şəhərin mərkəzində əhalini, dövlət əhəmiyyətli obyektləri və sənaye müəssisələrini (gəmi təmiri zavodu, NQÇİ) elektrik enerjisi ilə təmin edirdi. Yarımstansiyada quraşdırılmış 7,5, 6,7 və 10 MVA gücündə üç ədəd transformator, 6 və 20 kV-luq elektrik avadanlıqları öz istismar müddətini başa vuraraq texniki parametrlərini itirmişdi. Bunu nəzərə alaraq, müasir avadanlıqlarla təchiz olunmuş yeni 119 saylı yarımstansiya inşa edilmişdir. Yarımstansiyada 20/6 kV-luq, hər birinin gücü 10 MVA olan iki ədəd transformator quraşdırılmış, 20 və 6 kV-luq qapalı paylayıcı qurğular tikilmişdir.

Ərazinin məhdudluğunu nəzərə alaraq, 110/35/10 kV-luq "İçərişəhər" yarımstansiyası qapalı tipli qəbul edilmişdir. Yarımstansiyanın kompakt olmasına 110 kV-luq eleqaz açarlardan istifadə ilə nail olunmuşdur. "İçərişəhər" Bakı şəhərində 110 kV eleqaz açarlarla təchiz olunmuş ilk qapalıtipli yarımstansiyadır. Yarımstansiyanın 1-ci mərtəbəsində 110, 35 və 10 kV-luq kabellər üçün konstruksiyalar, 2-ci mərtəbəsində 110 kV-luq paylayıcı qurğu və reaktorlar yerləşdirilmişdir. 2-ci mərtəbədə həmçinin Türkiyənin "BEST" firmasının istehsalı olan 110/35/10 kV-luq, hər birinin gücü 50 MVA olan iki ədəd transformator, 35 və 110 kV-luq paylayıcı qurğularda isə "Siemens" firmasının elektrik avadanlıqları quraşdırılmışdır. 35 kV-luq paylayıcı qurğusu 9 ədəd eleqaz açarlarla təchiz edilmiş 15 ədəd kameralardan ibarətdir. Yarımstansiyanın 10 kV-luq tərəfində Bakı şəhərində yığılmış 15 ədəd kamera quraşdırılmışdır. "İçərişəhər" yarımstansiyasının binası və hasarı şəhərin arxitekturasına uyğunlaşdırılmışdır. Bu da öz növbəsində şəhərin bu hissəsinə xüsusi gözəllik vermişdir.

Əhalini keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək, elektrik enerjisi haqlarının maksimum yığımına nail olmaq məqsədilə "Bakıelektrikşəbəkə" ASC tərəfindən 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması üçün özünüdaşıyan izolyasiyalı naqillərdən (ÖİN) istifadə olunmuşdur.

Bu ilin ötən aylarında isə dövlət büdcəsindən ayrılan vəsaitin hesabına 110/35/10 kV-luq "Liman" yarımstansiyası, 110/35/6 kV-luq "Xocasən" yarımstansiyası, 110 kV-luq "Xocasən-Səngəçal" EVX və 35/10 kV-luq "Dağüstü Park" yarımstansiyasının tikinti işləri aparılmışdır. Bundan başqa, "Badamdar" və "Dağüstü Park" yarımstansiyaları arasında ikidövrəli 35 kV-luq kabel xəttinin çəkilişi, 35/6 kV-luq 111 saylı, 110/35/10 kV-luq "Dağlıq", 110/35/10/6 kV-luq "Badamdar", 110/35/6 kV-luq 227 saylı yarımstansiyalar yenidən qurulmuşdur. Nəticədə şəbəkənin gücü 53 faiz artaraq hazırda 4808 MVA təşkil edir.

 

İsrafçılığın qarşısı alınır, yığımın səviyyəsi yüksəlir

 

Paylayıcı şəbəkədə aparılmış əsaslı yenidənqurma, təmir-tikinti işləri nəticəsində, xüsusilə istehlakçılarla elektrik enerjisinin uçotunun aparılmasında müasir texnologiyaların tətbiqi sayəsində israfçılığın qarşısı alınmış, elektrik enerjisinin realizə olunmasında, az itki ilə istehlakçılara çatdırılmasında, satılan elektrik enerjisinin dəyərinin ödənilməsində, o cümlədən alınan elektrik enerjisinin müqabilində "Azərenerji" ASC-yə ödənişin səviyyəsində əsaslı irəliləyişlərə nail olunmuşdur.

Elektrik enerjisi itkilərinin azaldılması, əsasən, tikinti və yenidənqurma işləri aparmaqla, elektrik şəbəkələrinin ötürücü qabiliyyətinin və dayanıqlığının artırılması, yəni kapital qoyuluşu tələb edən tədbirlərin həyata keçirilməsi nəticəsində əldə olunmuşdur.

"Bakıelektrikşəbəkə"nin qarşısında duran əsas vəzifələrdən biri fasiləsiz və keyfiyyətli enerjiyə nail olmaqdır. Paylayıcı şəbəkədə yenidənqurma işlərinin aparılması, bir sıra yerlərdə ən müasir texnologiyalı 0,4 kV-luq şəbəkənin qurulması, 600 mindən artıq istehlakçının uçot sisteminin yeniləşməsi sayəsində enerji israfçılığının qarşısı alınmış, alınan enerjinin həcmi azalmaqla yanaşı, texniki itkinin həcmi 4,1 faiz aşağı salınmış və yığım sayəsində əsaslı irəliləyişlərə nail olunmuşdur. Belə ki, 2010-cu ilin 9 ayında 2007-ci ilin müvafiq dövrü ilə nisbətdə 627,4 milyon kvts, 2008-ci ilin müvafiq dövrü ilə nisbətdə 382,7 milyon kvts, 2009-cu ilə nisbətən isə 35,8 milyon kvts az enerji alınmasına baxmayaraq 2007-ci illə müqayisədə 50,2 milyon manat, 2008-ci illə müqayisədə 25,0 milyon manat, 2009-cu illə müqayisədə isə 19,6 milyon manat dəyərində çox enerji haqqının yığımı reallaşdırılmışdır.

Aşağı gərginlikli şəbəkələrdə görülən tədbirlərin nəticəsidir ki, əhali abonentləri üzrə cari ilin 9 ayında 88,6 milyon manat yığım reallaşdırılmışdır ki, bu da 2007-ci illə müqayisədə 44,7 milyon manat, 2008-ci illə müqayisədə 27,5 milyon manat, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 9,2 milyon manat çoxdur.

 

Uçot təkmilləşir...

 

İtkilərin səviyyəsinin azaldılması istiqamətində görülən mühüm işlərdən biri də elektrik enerjisinin uçotunun təkmilləşdirilməsi üzrə aparılan tədbirlərdir. Belə ki, "Azərenerji" ASC-dən alınan elektrik enerjisinin uçotunun dəqiq aparılması məqsədilə yarımstansiyalardakı alış nöqtələrində uzaqdan oxunan "Elster Metronika" avtomatlaşdırılmış ölçü sistemi quraşdırılmış və istehlakçılarda olan köhnə elektrik sayğacları elektron sayğaclarla əvəz edilmişdir.

2007-ci ilin fevral ayından "Azərenerji" ASC ilə sərhəd nöqtəsindəki olan yarımstansiyalarda quraşdırılmış sayğaclara nəzarət olaraq Rusiyada istehsal edilmiş "Elster Metronika" şirkətinə məxsus A1800 tipli sayğaclar quraşdırılmışdır. Bu sayğaclar yüksək dəqiqlik sinfinə malik olmaqla yanaşı, geniş imkanlara da malikdir.

Belə ki, bu sayğaclarda RS 485 və RS 232 interfeys imkanlarının olması onların uzaq məsafədən oxunmasını və idarə edilməsini mümkün edir. Əlaqə "Azercell"in GSM sistemi vasitəsilə həyata keçirilir. İstənilən saatda sayğacların göstəricisini, gərginlik açılmalarını, ani, aktiv, reaktiv və tam gücü görmək mümkündür. Xüsusi ötürücü (RTU) qurğu vasitəsilə uçot komplektinə müdaxiləni qeydə alır və Baş İdarədə yaradılmış ALFA mərkəzə göndərir. Bu məlumatlar əməkdaşlar tərəfindən mütəmadi olaraq kompyuter vasitəsilə izlənilir və təhlil edilərək operativ şəkildə aradan qaldırılır. Bu sahədə biliklərini artırmaq üçün əməkdaşlar Moskva "Elestr Metronika" şirkətində seminar-kurslarda iştirak etmişlər.

1000-ə yaxın iritutumlu kommersiya obyektlərində müxtəlif tipli (Makel, İndiqo+, ABB) elektron sayğaclar quraşdırılıb və bu iş davam etdirilir. Bu sayğaclar yaddaşa malikdir və mütəxəssislər tərəfindən yerində kompyuterlə, xüsusi optik port vasitəsilə oxunaraq analiz edilir.

"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti bərpa olunduqdan sonra 0,4 kV-luq şəbəkələrdə əhali abonentləri üzrə 546.773 elektron tipli yeni elektrik sayğacı quraşdırılmışdır. Fərdi yaşayış massivlərində 166.565 abonent isə "SİP"ləşdirilməklə qidalandırıcı xətlərə kənar müdaxilələrin qarşısı alınmışdır.

Ümumiyyətlə, "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti dövründə 598405 ədədə yaxın elektrik sayğacı quraşdırılmışdır. İnduksion tipli sayğacların elektron sayğaclarla əvəz edilməsi göstərir ki, ötürülən faydalı elektrik enerjisinin miqdarı təqribən 10-12 faiz artmışdır.

Ölkə əhalisinin sosial vəziyyətinin ildən-ilə yaxşılaşdırılması, tikinti-quraşdırma işlərinin geniş vüsət alması, ticarət və xidmət sahələrinin sürətli inkişafı enerjidaşıyıcılarına, ilk növbədə, elektrik enerjisinə olan tələbatın xeyli artmasına səbəb olmuşdur. Bütün bunlar isə elektrik güclərinin artırılmasını və elektrik şəbəkələrinin genişləndirilməsini tələb edir.

"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti bərpa edildikdən sonra, Bakı şəhərini əhatə edən inzibati rayonlar üzrə enerji haqlarının əməkdaşlar tərəfindən yığılması dayandırılmış və xüsusən şəhərətrafı qəsəbələrdə enerji haqqının yığımının təşkilində yubanma hallarını aradan qaldırmaq məqsədilə müştəri xidmətləri məntəqələri istifadəyə verilmişdir. Həftənin bütün günləri fəaliyyət göstərən bu ödəniş məntəqələri abonentlərin vahid zaman ərzində (online) ödəniş aparması üçün bütün lazımi kompyuter avadanlıqları ilə təchiz edilmişdir. "Bakıelektrikşəbəkə" ASC MİLLİ BANK (APUS) ödəmə sisteminə birinci qoşulmuşdur.

 

Yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir

 

İnformasiya alma və ötürmə sistemlərinin təkmilləşdirilməsi nəticəsində "Bakıelektrikşəbəkə" ASC-nin rəsmi internet səhifəsindən borcun öyrənilməsi, eləcə də "online" olaraq "debet" və "kredit" kartlarla 24 saat ödəniş aparılmasının təhlükəsiz təminatı üçün "Golden Pay" beynəlxalq ödəmə portalına inteqrasiya edilmişdir. Əhalinin sıx olduğu yerlərdə, xüsusən də metro stansiyalarında, universitetlərdə və böyük yaşayış kompleksləri olan məkanlarda quraşdırılan aparatlar vasitəsilə abonentlərin müstəqil olaraq "online" işləmə rejimində ödəniş apara bilmələri üçün "Jomtex" şirkətinin quraşdırdığı səyyar ödəmə vasitələrindən ("Pay Point") istifadə olunur.

Qabaqcıl informasiya texnologiyalarından istifadə, kadrların hazırlanması və yeni texnologiyaların tətbiqi sahəsində "Bakıelektrikşəbəkə" ASC tərəfindən bir sıra tədbirlər görülmüşdür. Belə ki, informasiya bazaları müasir informasiya texnologiyası sayılan Oracle 10g sisteminə keçirilmiş, kooperativ şəbəkə sistemi qurularaq "Bakıelektrikşəbəkə" ASC-nin rayon enerji satışı idarələri ilə birbaşa 2 mb informasiya və telekommunikasiya əlaqəsi yaradılmışdır.

Sayğac göstəricilərinin müasir CASİO tipli əl terminalları ilə oxunması, göstəricilərin şəffaf şəkildə informasiya bazasına daxil edilməsi təmin olunmuş, elektrik enerjisi yığımının informasiyasını (CRM) idarə edən SİMS proqram təminatı qurulmuş, abunəçilərin istənilən vaxt sərfiyyatlar, ödəmələr haqqında lazım olan bütün informasiyaların alınmasına şərait yaradılmışdır.

"Bakıelektrikşəbəkə"də yeni müasir server avadanlıqları alınaraq informasiya təhlükəsizliyi təmin olunmuş, informasiya şəbəkəsində 500 ədəddən çox kompyuter və printer istifadəyə verilmiş, informasiya şəbəkəsi daxilində olan kompyuterlər mərkəzləşmiş elektron poçt və sürətli internet ilə təchiz edilmişdir.

Yeni texnologiyaların öyrənilməsi üçün kadrların hazırlanması işi də uğurla davam etdirilir. Bu məqsədlə 2007-ci ildən bu günə kimi yeni informasiya texnologiyalarının öyrənilməsi üçün cəmiyyətin əməkdaşları MDB ölkələrinin və Türkiyə Respublikasının qabaqcıl tədris mərkəzlərinə göndərilmişlər.

Bakı şəhərinin elektrik şəbəkəsinin İnkişaf Proqramında əhəmiyyətli yer almış kadr siyasəti ilə bağlı səhmdar cəmiyyətin rəhbərliyi tərəfindən xüsusi tədbirlər həyata keçirilir. Məsələn, şəbəkədə çalışan şəxsi heyətin peşə hazırlığının yoxlanılması üçün müsabiqə komissiyası yaradılmışdır. Həmin komissiya tərəfindən kadr siyasətinin istiqamətləri müəyyən olunmuş, cəmiyyətin tədris planı hazırlanmışdır.

Elektroenergetika sahəsində dünyanın aparıcı dövlətlərinin və şirkətlərinin təcrübəsini öyrənmək, bu istiqamətdə kadr hazırlığının həyata keçirilməsini təmin etmək məqsədi ilə səhmdar cəmiyyətin əməkdaşları xarici ölkələrdə müxtəlif treninqlərə göndərilmişdir.

Səhmdar Cəmiyyətdə işə qəbul müsabiqə üsulu ilə həyata keçirilir və bu məqsədlə "İşə Qəbul Komissiyası" yaradılmışdır. Müsabiqədən keçən namizədlər cəmiyyətin Tədris Mərkəzində təhlükəsizlik texnikası, istismar qaydaları və sayğacquraşdırma prosedurlarının öyrənilməsi ilə əlaqədar 10 günlük kurslara cəlb edilir və müvafiq təlimatlarla tanış olduqdan sonra işə buraxılırlar.

 

Əməkdaşların sosial vəziyyəti getdikcə yaxşılaşır

 

Cəmiyyətdə çalışan əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, təkcə bu ilin ötən aylarında 51 nəfərin müalicəsi, 9 nəfərin istirahəti üçün 60 putyovka verilmiş, 10 min manat yardım göstərilmiş, 250 nəfərin qısa müddətli dincəlməsi təmin edilmişdir.

Onu da xatırladaq ki, bu il üçün illik əmək haqqı fondu 18141,9 min manat, orta aylıq əmək haqqı fondu 450 manat nəzərdə tutulmuşdur. Cəmiyyət üzrə 7 yanvar 2008-ci il və 23 sentyabr 2010-cu il tarixli əmrlərə əsasən işçilərin aylıq əmək haqları orta hesabla 20 faiz artırılmışdır.

"Bakıelektrikşəbəkə"nin keçdiyi yol... tarix muzeyi

Azərbaycanda ilk dəfə olaraq "Bakıelektrikşəbəkə" ASC tərəfindən Binəqədi rayonu ərazisində yerləşən 90 saylı yarımstansiyada muzey yaradılmışdır. Muzeydə XIX əsrin sonlarından başlayaraq elektrik enerjisinin ötürülməsində istifadə olunan elektrik avadanlıqları, arxiv sənədləri və digər tarixi materiallar nümayiş etdirilir.

Ümummilli liderimiz Heydər Əliyevin 1969-82-ci illərdə və 1993-cü ildən sonra energetikanın inkişafı ilə bağlı imzaladığı qərarlar, elektrik stansiyalarının və yarımstansiyaların açılışından fotoşəkillər və digər arxiv sənədləri həmçinin Prezident İlham Əliyevin fərman və sərəncamları, fotoşəkillər, energetika obyektlərinin istifadəyə verilməsi mərasimlərində çıxışları öz əksini tapmışdır.

Son olaraq bildiririk ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi sabitliyin, düzgün siyasi xəttin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızın sosial-iqtisadi inkişafına və tərəqqisinə çox böyük təkan vermişdir. Ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, paytaxtın enerji təchizatının yüksək səviyyədə təmin olunması və enerji sektorunda intizamın gücləndirilməsi məqsədilə "Bakıelektrikşəbəkə" ASC-də əsaslı islahatların aparılması bundan sonra da davam etdiriləcəkdir.

 

 

 Baba RZAYEV,

"Bakıelektrikşəbəkə" ASC-nin

idarə heyətinin sədri

 

Xalq qəzeti.- 2010.- 20 oktyabr.- S. 4.