İqtisadiyyatımız gücləndikcə əhalinin həyat səviyyəsi də yüksəlir

 

Son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı özünü bütün sahələr üzrə daha geniş miqyasda göstərir. Respublikamızın regionlarında aparılan tikinti-quruculuq, abadlıq, parklarda, istirahət mərkəzlərindəki yenidənqurma işləri ölkə iqtisadiyyatının qüdrətlənməsindən xəbər verir. Keçən il pensiyaların sığorta, bu il isə baza hissəsinin, üstəlik, minimum əmək haqqının artırılması Azərbaycanda iqtisadiyyatın inkişaf tempinin artmasından xəbər verir.

 

Mən ömrümün 55 ilini pedaqoji sahəyə həsr etmişəm. Peşəmlə əlaqədar olaraq Azərbaycanın bütün sahələr üzrə inkişafını daim izləmişəm. Ancaq qətiyyətlə deyə bilərəm ki, son illər istər siyasi, istər sosial, istərsə də iqtisadi sahədə indiki kimi inkişaf tempi olmayıb. Azərbaycan beynəlxalq aləmdə də hazırda söz sahibi olan dövlətlərdəndir. Bütün bunların əsası ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi əsasında qoyulub.

1993-2003-cü illərdə Azərbaycanın keçdiyi inkişaf yolu, dövlətçiliyimizin, müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi hər birimizin gözləri qarşısındadır. Mən həmin hadisələrin, ondan da bir neçə il əvvəllərin şahidi kimi deyirəm ki, əgər xalqın xahişi ilə ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır olacaqdı. Kim bilir, bəlkə də Azərbaycan kiçik xanlıqlara bölünüb bir dövlət kimi məhv olacaqdı. Lakin ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində bütün bunların qarşısı alındı və Azərbaycan müstəqillik yolunda inamla irəlilədi.

Ümummilli lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün sahələrin inkişafına ciddi diqqət yetirdi. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində bir-birindən dəyərli qərarlar qəbul etdi. Ulu öndərin düşünülmüş siyasi kursu əhalinin də həyat səviyyəsini getdikcə yaxşılaşdırdı. Sevinirik, fəxr edirik ki, bu gün müdrik şəxsiyyət Heydər Əliyevin siyasi kursu yaşayır. Bu kürsu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də əhalinin rifah halının yaxşılaşdırılmasını prioritet vəzifə kimi qarşıya qoyub. Son 7 ildə 800 mindən artıq yeni iş yerlərinin açılması xüsusi qeyd olunmalıdır. Çünki insanları ən çox narahat edən məsələlərdən biri işsizlik problemi idi. Ölkəmizdə beynəlxalq standartlar səviyyəsində fəaliyyətə başlayan istehsal və sənaye müəssisələri hesabına çoxlu sayda yeni iş yerləri açıldı. Bir vaxtlar iş axtarmaq üçün Rusiyanın müxtəlif şəhərlərinə üz tutan gənclərimizin hamısı geri qayıtdı. İndi elə bir vəziyyət yaranıb ki, xarici ölkələrdən Azərbaycana işləməyə gəlirlər.

İmkansız əhalinin və pensiyaçıların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində dövlət başçımızın qəbul etdiyi qərarlar yüksək qiymətə layiqdir. Pensiyaların hər il, bəzən də ildə iki dəfə artırılması artıq ənənə halını alıb. Son 7 ildə minimum əmək haqqı dəfələrlə artırılıb. Dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycanda minimum əmək haqqı və pensiyalar artırılır. Deməli, böhran Azərbaycanın iqtisadiyyatını sarsıda bilmədi.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə verdiyi vədlərin hamısını, demək olar ki, yerinə yetirib. Ötən il maliyyə və iqtisadi böhran dünyanı lərzəyə gətirəndə möhtərəm Prezidentimiz əhali ilə görüşlərinin birində dedi ki, yaxın günlərdə minimum əmək haqqı və pensiyalar artırılacaq. Bəlkə buna şübhə edənlər də oldu. Axı bütün dünya böhranın acı fəsadlarını yaşamaqda idi. Belə bir şəraitdə Azərbaycanda pensiya və minimum əmək haqqının artırılması bir qədər inandırıcı görünmürdü. Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yarımillik yekunlarına həsr olunmuş yığıncağında dövlətimizin başçısı qəti olaraq bildirdi ki, bu il minimum əmək haqqı və pensiyalar artırılacaq. Xalq neçə illərdir ki, dövlət başçısının verdiyi vədlərin yerinə yetirilməsinin şahididir. Bu vədin də yerinə yetiriləcəyinə böyük ümid bəsləyirdi. Bu ümid itmədi. Möhətərəm Prezidentimiz bu il avqustun 31-də imzaladığı sərəncamla əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində verdiyi vədə bir daha sadiqliyini nümayiş etdirdi. Həmin sərəncamla 2010-cu il sentyabrın 1-dən pensiyaların baza hissəsi 75 manatdan 85 manata qaldırıldı. Minimum əmək haqqı da 85 manat müəyyənləşdirildi. Bu da 10 manat artım demək idi. Göründyü kimi, dünyanın çətin və ağır bir vaxtında Azərbaycanda əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması bir an da olsun dövlət başçısının diqqətindən yayınmadı.

Azərbaycanda həyata keçirilən iri layihələr bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması indiki vəziyyətindən daha parlaq olacaq. Bir vaxtlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılması istiqamətində addımlar atılanda çoxları buna şübhə ilə yanaşır, bu layihələrin reallaşdırılmasını qeyri-mümkün hesab edirdilər. Lakin möhtərəm Prezidentimizin düşünülmüş siyasəti, praqmatik düşüncə sahibi olması şübhələrə son qoydu. Xatirələrdə əfsanə kimi canlanan bu layihələr reallaşdıqdan sonra ölkəmizin beynəlxalq aləmdəki nüfuzu xeyli artdı. Azərbaycan öz təbii sərvətlərini heç bir ölkənin vasitəçiliyi olmadan Avropaya, oradan isə dünya bazarlarına çıxarmaq imkanı qazandı. Bu imkan ölkəmizin iqtisadi qüdrətini daha da artırdı, bütün sahələr üzrə sürətli inkşaf qeydə alındı, əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşdı. İmkansız ailələrə ünvanlı sosial yardım təyin olundu. Əmək haqları, pensiyalar hər il artırıldı. Şəhid ailələrinə, müharibə veteranlarına yüksək məbləğdə tədaüdlər təyin edildi. Mən də belə təqaüdləri alanlardan biriyəm.

Ümid edirik ki, gələcəkdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində daha qətiyyətli addımlar atılacaq. Çünki dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biri əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasıdır.

 

 

Mirzəxan HÜSEYNOV,

Böyük Vətən müharibəsi veteranı,

II qrup əlil, qabaqcıl maarif xadimi,

SSRİ maarif əlaçısı

 

Xalq qəzeti.- 2010.- 21 oktyabr.- S. 5.