Azərbaycanda yeni generasiya gücləri
yaradılır
Xalqımızın
ümumilli lideri Heydər
Əliyevin təşəbbüsü ilə 1981-ci il oktyabrın 20-də Azərbaycan İstilik Elektrik
Stansiyasının birinci blokunun
istismara verilməsi ilə müstəqil
respublikamızın energetika təhlükəsizliyinin
əsası qoyulmuşdur.
Ötən
illər ərzində Azərbaycanda dayanıqlı elektrik
energetikası sistemi yaradılmış, energetika sahəsinin
inkişafına xüsusi qayğı və diqqət göstərilmişdir.
Prezident İlham Əliyev Azərbaycan energetiklərinin ölkə
iqtisadiyyatının inkişafındakı xidmətlərini
nəzərə alaraq hər il oktyabr ayının 20-sinin
"Energetiklər Günü" peşə bayramı kimi
qeyd olunması ilə bağlı 2004-cü il oktyabrın 13-də
xüsusi sərəncam imzalamışdır. Azərbaycanın
iqtisadi həyatına mühüm töhfələr verən
ölkə energetikləri, hər il olduğu kimi, bu dəfə
də peşə bayramlarını yüksək nailiyyətlərlə,
xoş ovqatla qeyd edirlər.
Dünən
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətində
ölkə energetiklərinin peşə bayramı münasibətilə
mətbuat konfransı keçirildi. "Azərenerji"
ASC-nin prezidenti Etibar Pirverdiyev son illər elektroenergetika sahəsində
dövlət siyasətinin uğurla həyata keçirilməsi
istiqamətində görülən işlər barədə
ətraflı məlumat verdi. Azərbaycanın energetika sənayesinin
inkişafı üçün ölkəmizdə
görülən işlərin əhəmiyyətini diqqətə
çatdıran "Azərenerji" ASC-nin prezidenti
E.Pirverdiyev bildirdi ki, ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi strategiya dövlətimizin
başçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Son illərdə elektrik enerjisi sistemində
bir sıra vacib və əhəmiyyətli layihələr həyata
keçirilmişdir.
"Azərenerji"
ASC-nin prezidenti gücü 780 meqavat olan "Cənub"
Elektrik Stansiyasının tikintisinin generasiya sahəsində ən
vacib layihələrdən biri olduğunu diqqətə
çatdırdı. Qeyd olundu ki, enerji istehsalı zamanı
qaz, mazut və dizel yanacağından istifadə ediləcək
stanisiyada 4 qaz və 2 buxar turbininin quraşdırılması
nəzərdə tutulur. Stansiya istifadəyə verildikdən
sonra bir kilovat-saat elektrik enerjisi istehsalına sərf olunan
şərti yanacağın miqdarı 250 qram təşkil edəcək
və ildə 700 min ton yanacağa qənaət ediləcəkdir.
Layihə dəyəri 600 milyon manat təşkil edəcək
stansiyasının tikintisinin gələn ilin sonlarında
başa çatdırılması nəzərdə tutulur.
E.Pirverdiyev həmçinin qeyd etdi ki, yaxın zamanlarda
gücü 400 MVt olan Tovuz su elektrik stansiyasının
tikintisinə başlanacaqdır. Stansiyasının tikintisi su
resurslarından daha səmərəli və çevik istifadə
olunmasına imkan yaradacaqdır. Cari ilin sonunadək
gücü 400 MVt olan "Şimal-2" buxar-qaz elektrik
stansiyasının tikintisinin başlanması
planlaşdırılır.
Generasiya
sahəsində görülən işlər barədə məlumat
verən E.Pirverdiyev bildirdi ki, Azərbaycan nəinki öz
enerji tələbatını tam təmin etmiş, hətta
güclü ixrac potensialı yaratmışdır. Əldə
olunmuş ixrac potensialını reallaşdırmaq
üçün Azərbaycan-Gürcüstan-Türkiyə
enerji dəhlizi layihəsinin icrasına
başlanılmışdır. Layihə çərçivəsində
bu ilin sonunadək Azərbaycanla Gürcüstanı birləşdirən
500 kilovoltluq xəttin Mingəçevir-Samux hissəsi, 2011-ci
ilin sonuna kimi Gürcüstan sərhədinədək hissəsi
tam hazır olacaqdır. Bununla yanaşı, son illər Azərbaycan
qonşu İran, Rusiya və Türkiyəyə elektrik enerjisi
ixrac edir. Yaxın illərdə isə ölkəmizin ixrac
potensialının xeyli artırılması nəzərdə
tutulur.
2010-cu
ilin sonunadək elektrik enerjisi sisteminin idarə olunması sahəsində
çox vacib layihə başa çatdırılmaqdadır.
Bu, dispetçer mərkəzində MDB məkanında
oxşarı olmayan SCADA sisteminin tətbiqidir. Layihə çərçivəsində
dispetçer mərkəzi və bütün sistemi təşkil
edən yarımstansiyalar, elektrik stansiyaları arasında 1200
kilometr uzunluğunda fibrooptik kabelin çəkilməsi idarəetmə
məlumatlarının təhlükəsizliyini təmin edəcəkdir.
Mətbuat
konfransında bildirildi ki, alternativ və bərpa olunan enerji mənbələrindən
geniş istifadə edilməsi hazırda bütün
dünyanın diqqət mərkəzindədir. Bu məsələ
qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf
mühitin qorunması baxımından xüsusilə
aktualdır. Bu sırada günəş kollektorlarının
respublikamızda istehsalı və tətbiqi ilə
bağlı ardıcıl işlər həyata keçirilir.
Artıq yaxın vaxtlarda bu istiqamətdə istehsal sahəsi fəaliyyətə
başlayacaqdır.
"Azərenerji"
ASC-nin prezidenti Etibar Priverdiyev ölkə ərazisində
sayğaclaşdırma işinin də intensiv xarakter
aldığını diqqətə çatdırdı. Qeyd
olundu ki, yeni sayğacların quraşdırılması
istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsinə
də müsbət təsir göstərmişdir. Elə
hazırda ölkə ərazisində yığımın səviyyəsinin
92 faizdən yüksək olması da bunu sübut edir.
Mətbuat
konfransında kütləvi informasiya vasitələri nümayəndələrinin
çoxsaylı sualları da ətraflı
cavablandırıldı. Sonda bu il ali məktəblərin
energetika ixtisası üzrə qəbul imtahanlarında 500-dən
artıq bal toplamış gənclərə, eləcə də
jurnalistlərə "Azərenerji" ASC tərəfindən
xüsusi mükafatlar təqdim olundu.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 21 oktyabr.- S. 4.