Ağasəlim
Abdullayev-60
Su kimi ruhlara
çilənən nəğmələr
Tar musiqimizin
möcüzəsidir. Bu könül carçımız
indimizə tərəf gəldiyi yolun keşməkeşliyinə
görə də digər musiqi alətlərindən fərqlənir.
Hər dəfə efirdə Azərbaycan xalq çalğı
alətləri orkestrinin müşayiəti ilə bir musiqi
dinləyəndə Üzeyir Hacıbəyovu
xatırlayıram. Dahi bəstəkar bu orkestri yaradarkən alətləri
"böyükdən kiçiyə doğru" elə ədalətlə
sıralayıb ki, tar hamısından qabaqda yer tutub...
Əsl xanəndələr bu gün də tar olmayan məclisə ayaq basmırlar. İlk növbədə tarı-tarzəni arayıb-axtarırlar. Səsə cila verəcək "şah" aləti, sənətkarı ən mühüm məsələ kimi önə çəkirlər.
Musiqi mədəniyyəti aləmində xanəndə və tarzənlərin tərəfmüqabilliyi əksər hallarda şəxsi dostluğa qədər gedib çıxmışdır. Yazılı tarixdə, yaddaşlarda neçə-neçə bu cür ad qoşalığı var: Mirzə Ağa Hacı Ağabala oğlu-Mirzə Mansur, Cabbar Qaryağdıoğlu-Qurban Pirimov, Mirzəməhəmmədhəsən-Səlim,Mirzəhüseyn-Mirzə Ələsgər, Seyid Şuşinski-Bəhram Mansurov, Mirtağı Mirbabayev-Mirzə Fərəc Rzayev...
Ustad tarzənlərin adları elə tək çəkiləndə də əzəmətli görünür: Sadıq Əsəd, Bəylər, Əli Şirazı, Sadıqcan, Əhməd Bakıxanov, Baba Salahov, Hacı Məmmədov, Həbib Bayramov... Bu fədakar sənət adamları musiqimizin əbədiyaşarlığını təmin edən bir azman tar məktəbi yaradıblar. Nəticəsi göz qabağındadır: ulu tarımız, Mikayıl Müşfiqin təbirincə desək, bu gün hər yerdə oxuyur, bənzərsiz nəğmələrini su kimi milyonlarla insanın ruhuna çiləyir.
Böyük
tarzənlərin estafeti davam edir. Həmin tarzənlərdən
biri də Azərbaycan Televiziya və Radiosunun Baba Salahov
adına "Araz" xalq çalğı alətləri
ansanblının bədii rəhbəri, Milli
Konservatoriyanın dosenti, respublikanın xalq artisti Ağasəlim
Abdullayevdir. Musiqi mədəniyyətimizi ölkəmizdən
uzaqlarda da təmsil edən və sevdirən sənətkarlar
cərgəsiundə onun özünəməxsus yeri var.
Ağasəlim
Abdullayevin rəhbərlik etdiyi ansambl həmişə
seçilib. Dövlət tədbirlərindən
başlamış, ən ucqar kəndlərimizdə qurulan məclislərə
qədər, respublikamızı səhnə-səhnə gəzib
dolaşıb. Ardıcıl olaraq hərbi hissələrə
baş çəkir, əsgərlər qarşısında
konsertlər verir. Moskva, Sankt-Peterburq, Kiyev, Minsk və Tallin
şəhərlərində keçirilmiş musiqi
festifallarında, YUNESKO-nun təşəbbüsü ilə
1987-ci ildə Səmərqənddə təşkil edilmiş
Ümumdünya muğam simpoziumunda "Araz" xalq
çalğı alətləri ansamblı Azərbaycan
musiqisinin ən sürəkli alqışlara laqiq olduğunu
sübuta yetirib.
1982-ci ildən
Ağasəlim Abdullayevin rəhbərliyi altında fəaliyyət
göstərən ansambl yaxın dövrün dahi səs
sahiblərindən kimləri müşayiət etməyib ki!
Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə
Muradova, Əbülfət Əliyev, Yaqub Məmmədov,
Hacıbaba Hüseynov, Zeynəb Xanlarova, Səxavət Məmmədov,
Arif Babayev, Alim Qasımov, Ruzə İbişova, Qəndab
Quliyeva, Səkinə İsmayılova və
başqalarını...
"Araz"
ansamblının kollektivi dalğa-dalğa nəsil dəyişkənliyinə
uğrasa da, həmişə Baba Salahov ənənələrinə
sadiq qalır, repertuarını zənginləşdirir,
püxtələşir və bunun sayəsində dinləyici
auditoriyasını genişləndirir. Hazırda onun qastrol səfərlərinin
dairəsi təkcə ölkələrin sərhədlərini
aşmır, qitələri əhatəsinə alır:
Türkiyə, İsveç, Hollandiya, Danimarka, Belçika,
İslandiya, Almaniya, İspaniya, İngiltərə, Fransa,
İran, İraq, Yaponiya, ABŞ, Kanada... Təranələrindən
yaraqlanaraq ürəkləri fəth eləyir "Araz"
ansamblı...
Ansamblın
bədii rəhbəri Ağasəlim Abdullayevin solo
çıxışları da dinləyicilər tərəfindən
həmişə hərarətlə qarşılanır.
Çünki ifası zamanı musiqi dilində obraz
yaratmağa önəm verir, hissin-düşüncənin təsvirinə
və dərkinə çalışır, axıra qədər
yumşaq tempdən kənara çıxmır. Amma simləri
öz hökmünə tabe etdirməklə bərabər, incə
çalğı texnikası hesabına həm də tar
ifaçılığının qayım-qədim ənənələrini
qoruyub saxlaya bilir.
Yorulmaq
bilməyən, altmışıncı ilini yola
saldığı ömrünün üçdə-iki hissəsini
sevimli alətini sinəsindən, mizrabı əlindən
üzdürməyən bu mahir tarzən daim yüksəlişdə
olan dolğun sənət yolu keçmişdir. Eyni zamanda,
qırx ildir ki, fasiləsiz olaraq pedaqoji iş aparır, gənclərə
musiqinin, tar ifaçılığının sirlərini
öyrədir. Bir şəxsiyyət kimi uğurlarının
səbəbi isə ondadır ki, fəaliyyətinin
bünövrəsində fitri istedadla yanaşı, professional
dönəmlərdən keçmiş mükəmməl təhsil
dayanıb: 5 saylı musiqi məktəbi, Asəf Zeynallı
adına Orta İxtisas Musiqi Texnikumunun tar sinfi, Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyası... Birini
bitirən kimi digərinə daxil olub, sonra o birisinə.
Texnikumun axırıncı kursunda oxuya-oxuya Azərbaycan
Televiziya və Radiosunun Səid Rüstəmov adına xalq
çalğı alətləri orkestrinin solisti, az sonra
hazırda rəhbərlik etdiyi ansamblın konsertmeysteri olub.
Musiqi ilə
qaynayıb-qarışan günlərinin bəhrəsi, məntiqi
nəticəsidir ki, bu gün tarzən, müəllim və təşkilatçı
kimi işinin, daha doğrusu, işlərinin öhdəsindən
layiqincə gələ bilir. Sənətkarlar onunla tərəf-müqabil
kimi çalışmaqdan məmnunluq duyur.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin muğam sənəti kafedrasının müəllimi,
xanəndə Ruzə İbişova:
"İstər
muğam dəstgahlarının lentə yazılması olsun,
istərsə də hər hansı canlı ifa, Ağasəlim
müəllim xanəndə üçün səhnədə
elə rahat mühit yaradır ki, oxumağa həvəsin
ikiqat artır.Ağasəlim Abdullayev sözün həqiqi mənasında
sənətkardır".
Respublikanın
xalq artisti, xanəndə Səkinə İsmayılova:
"Ağasəlim Abdullayev təkcə tarzənlərin yox,
həm də xanəndələrin dostudur..."
Respublikanın
xalq artisti, kaman ustası Fəxrəddin Dadaşov: "Bənzərsiz
sənəti kimi, qayğıkeşliyi, diqqətcilliyi,
mehribanlığı onun bir insan kimi hörmətini də
yüksəklərə qaldırmışdır.
Çaldığı tarın həzinliyi sinəsindən
ürəyinə keçib elə bil..."
Tarzən
Ağasəlim Abdullayevin musiqi mədəniyyətimizin
inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir.
O, 2005-ci ildə əməkdar artist, 2007-ci ildə isə xalq
artisti fəxri adlarına layiq görülmüşdür.
Sənət
yollarında çıraq yandırmış
ustadlarını həmişə minnətdarlıqla
xatırlayır. İlk dəfə ona mizrab tutmağı
öyrətmiş yaxın qohumu, həvəskar tarzən
Cavadı, Hacı Məmmədovu, Baba Salahovu... Bir müəllim
kimi, yetişdirdiyi tarzənlərin respublikanın müxtəlif
musiqi ocaqlarında çalışmalarına, Azərbaycan mədəniyyətini
irəli aparmalarına ürək dolusu sevinir, onlarla fəxr
edir. Ramiz Əzizov, Ümid İbrahimov, Elçin
Haşımov, Sahib Paşazadə, Elçin Abbasov... İndi
bu adların əvvəlində titulları olanı da var.
Yetirməsi Xalıq Dadaşov onunla çiyin-çiyinə
çalışır, "Araz" xalq çalğı alətləri
ansamblının konsertmeysteridir. Müəlliminin insani keyfiyyətlərindən
ağızdolusu danışır: "Ustadımız bizə
sənətlə bağlı olmayan məsələlərdə
də daim kömək edir. Böyük qardaş kimi, hər
qayğımıza qatlaşır, şəxsi problemlərimizin
həllinə çalışır. Çətinliyə
düşəndə, darılmağa-darıxmağa
qoymur".
Ağasəlim
müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik
edir, ona yeni-yeni sənət uğurları arzulayırıq.
Ayıq SƏMƏDOV
Xalq qəzeti.- 2010.- 23 oktyabr.- S. 8.