Hər bina ömrünün bir nişanəsi
Peşəkar və
bacarıqlı inşaatçı-mühəndis, "Azərkəndtikinti"
Səhmdar Cəmiyyətinin sədr müavini Rauf Məmmədzadə
haqqında düşüncələrimi toplayıb yazıya
başlayanda respublikanın tanınmış
inşaatçılarından biri, prezident təqaüdçüsü
Dadaş Asanovla olan bir söhbəti xatırladım. Onun Rauf Məmmədzadə
haqqında dedikləri yaxşı yadımdadır:
- Biz
yaşlı nəsildən qiymətli təcrübə
öyrənməyə səy edən Rauf Məmmədzadə
indi Səhmdar Cəmiyyətin sədr müavini vəzifəsində
işləyir. Deməli, Rauf Məmmədzadə Məmmədəli
Abbasov, Əlimuxtar Hüseynzadə, Litvin Abbasov, Şair Həsənov,
Ənvər Qasımov və məndən aldığı həyat
dərsini yaxşı mənimsəyib və indi uğur
qazanır. Bu mənim üçün də, Raufun digər həyat
müəllimləri, ustadları üçün də
böyük hədiyyədir. Ulu Tanrı Raufa çox şey
bəxş edib. Güc, ağıl, cürət, səxavət,
xeyirxahlıq və bacarıq. O, sənətinin qədrini
bilir, onu sevir. Böyük kürsülərdən həmişə
obyektiv fikirlər və təkliflər irəli sürür.
Rauf İbadulla oğlu Məmmədzadə 1950-ci ildə Cəlilabadda ziyalı ailəsində dünyaya göz açıb. Uşaqlıq illəri Cəlilabadda keçən Rauf orta məktəbi əla qiymətlərlə bitirir. İnşaatçı sənətini seçir və 1967-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə daxil olur. 1972-ci ildə sənaye və mülki tikintilərin konstruktoru ixtisası üzrə müvəffəqiyyətlə institutu başa vuran Rauf hələ təhsil aldığı illərdən tanınırdı. Politexnik İnstitutunda o vaxt mülki və sənaye tikinti ixtisası üzrə 6 qrup yaradılmışdı. İkinci kursdan sonra bu 6 qrupun əlaçı tələbələrini seçib konstruktor qrupu yaratmışdılar və Rauf bütün tədris illərində qrup nümayəndəsi seçilmişdi.
Rauf Məmmədzadə tələbəlik illərinin xatirələrini heç zaman unutmur və xəyallarında təkrar-təkrar o illərə boylanır:
- Tələbəlik illərini özümün ən əziz ömür tarixçəm hesab edirəm. O illəri mənim yaddaşıma həkk etdirmiş, bütün vücuduma və varlığıma hopdurmuş müəllimlərimə və tələbə yoldaşlarıma həmişə borcluyam.
İnstitutu bitirəndə Rauf zabit olaraq ordu sıralarına göndərilib. Tikinti batalyonunda rota komandirinin müavini vəzifəsində çalışıb. İki il orduda xidmətdən sonra - 1974-cü ilin noyabr ayında keçmiş Kənd Tikinti Nazirliyinin aparatında işə başlayıb. Əvvəlcə böyük mühəndis, şöbə müdiri, sənaye tikinti materialları trestində baş mühəndis, 1989-cu ildən "Azərkəndtikinti" İstehsalat Birliyində rəis müavini işləmişdir. Birlik Dövlət Şirkətinə çevrildikdən sonra orada vitse-prezident, 1997-ci ildə Dövlət Şirkəti ləğv olunub "Azərkəndtikinti" SC yaradılandan isə Səhmdar Cəmiyyətin sədr müavini olmuşdur.
Rauf müəllim yaşadığı bu illərdə öz qabiliyyəti, istedadı və halal zəhməti ilə layiq olduğu mövqeyə yüksəlmişdir.
Onun üçün ərsəyə gətirdiyi hər tikinti bir sənət əsəridir. Respublikanın bir çox bölgələrində - Ağdamda, Şabranda, Kürdəmirdə dəyirman kombinatları, Şabran, Lənkəran, Beyləqan, Xaçmaz, Göyçay, Qazax rayonlarında ət kombinatları, süd və konserv emalı müəssisələri, Cəlilabad, Sabirabad, Lənkəran, Şabran və digər şəhərlərdə inzibati binalar, yaşayış evləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər Rauf müəllimin tərcümeyi-halına, ömür-gün yoluna şərh verən, onu dəyərləndirən tikililərdir.
Rauf Məmmədzadə son illərdə əsaslı yenidənqurma işləri apardıqları M.F.Axundov adına Dövlət Kitabxanasının və Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binalarının, Milli Təhlükəsizlik Akademiyasının tədris korpusunun, Mərkəzi Uroloji Xəstəxananın tikintisindəki xidmətlərini peşəkar inşaatçı vəzifəsi hesab edirsə, Ağdam və digər rayonların ərazisində qaçqın və məcburi köçkünlər üçün tikdikləri evləri ömrünə bir rahatlıq gətirən vətəndaşlıq borcunun icrası kimi baxır. Tikdiyi hər binanı, evi də ömrünün nişanəsi hesab edir.
Rauf müəllimin ömrünün yarıdan çoxu "Azərkəndtikinti" SC ilə bağlıdır. O, bu kollektivə elə bağlanıb ki, bura onun üçün doğma ünvana çevrilib. Özünün dediyi kimi əgər bir kollektivdə mehribançılıq varsa, böyüyün böyük, kiçiyin kiçik yeri gözlənirsə, hər kəsdə işə həvəs güclüdürsə, bu kollektivdə işləmək qədər şərəfli nə ola bilər axı? Bütün bunlar kollektivə rəhbərlik edən şəxslərdən çox asılıdır.
Rauf Məmmədzadə vəzifə pillələri ilə yüksəldikcə hörmət-izzət sahibi olub, özünə etibarlı dostlar qazanıb. O, bu dostları özünün ən böyük var-dövləti hesab edir. Rauf Məmmədzadənin həyat və fəaliyyətindən bəhs edən "Nəcabət ucaldır insanı" kitabı onun ömür-gün yolunun tərcümanıdır.
"Azərkəndtikinti" Səhmdar Cəmiyyətinin sədri Litvin Abasov deyir: "Mən çox şadam ki, Rauf Məmmədzadənin sözü ilə işi bir-birini tamamlayır. Bu isə o deməkdir ki, onun valideynləri İbadulla müəllimin zəhməti, Narınc xanımın tərbiyəsi öz müsbət işini görmüş, yaxşı bir Azərbaycan vətəndaşı yetişmişdir. Rauf peşəkar inşaatçı-mühəndisdir. O, tikintini, iqtisadiyyatı, işin təşkili, təchizatı məsələlərini dəqiqliyinə qədər bilir və bu istiqamətdə kollektivimizə öz imkanı səviyyəsində kömək edir".
Respublika tikinti kompleksinin görkəmli nümayəndələrindən biri, uzun müddət rəhbər vəzifələrdə çalışmış, tanınmış inşaatçı - mühəndis Şair Həsənov isə onun haqqında ürək sözlərini belə bildirir:
- Mən Raufu ürəyi geniş, mərhəmətli bir insan kimi tanıyıram. Ürəyi geniş olanın isə bir dünya dost-tanışı olur. Paxıllıq, boşboğazlıq ona yaddır. Raufla yaxından tanış olan hər kəs hiss edir ki, bu şəxs gözəl insan, şəxsiyyətini, ləyaqətini uca tutan kamil mütəxəssisdir. O, öz peşəsini dərindən sevir. Tapşırılan işə ciddi yanaşır və həmişə də uğur qazanır.
Rauf Məmmədzadə əsl
Azərbaycan vətəndaşıdır. Qarabağ dərdi onun da dərdidir. Torpaqlarımızın azad olunması isə millətini sevən hər bir azərbaycanlı kimi onun da
böyük arzusudur və bu arzuya
çatmaq üçün
hər bir çətinliyə sinə
gərməyə hazır
olan insandır.
Rauf müəllim
qayğıkeş, mehriban
ailə başçısıdır. Həm zahiri, həm də mənəvi keyfiyyətlərinə görə
60 yaşlı Rauf müəllimin yaşadığı
ömrün dəyəri
bir də ondadır ki, cəmiyyətin, dostların,
kollektivin və ailənin hörmətinə
layiq bir vətəndaş, şəxsiyyət
nümunəsinə çevrilə
bilib.
Əjdər AŞUROĞLU
Xalq qəzeti.- 2010.- 23 oktyabr.- S. 7.