Ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet vəzifədir

 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar getdikcə möhkəmləndirilir, makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənir. Bütün bunlarla yanaşı strateji valyuta ehtiyatlarının səmərəli istifadəsinə xüsusi önəm verilir, milli valyutanın sabitliyi qorunur, bank sisteminin etibarlılığı getdikcə artırılır, sahibkarlığa dövlət dəstəyi gücləndirilir, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşdırılır.

 

Bu məqsədlərə nail olmaq üçün regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və bir sıra sahəvi dövlət proqramları qəbul edilmişdir və hazırda uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" buna konkret misal olaraq göstərilə bilər.

Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olmuşdur. Regionların iqtisadi inkişafına dair ilk proqramın uğurla başa çatmasından sonra qəbul olunmuş ikinci Dövlət Proqramının 2009-cu ildə icrasına başlanılması qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan vermiş, bu istiqamətdə geniş imkanlar açmışdır. Bu kontekstdə xüsusi diqqət cəlb edən məqamlardan biri isə Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərləri, burada əhali ilə keçirilən görüşləri, eləcə də yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsidir. Bu isə dövlət başçısının regionların inkişafına xüsusi diqqət və qayğısının, dövlət proqramlarının icrasına birbaşa nəzarətinin daha bir göstəricisidir.

Ölkə iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə subsidiyaların verilməsi, vergi güzəştlərinin tətbiqi, lizinq xidmətlərinin genişləndirilməsi kimi kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi aqrar sektorun inkişafına müsbət təsir göstərmiş və əsas məhsullar üzrə ərzaq təhlükəsizliyi təmin edilmişdir. Bu sahədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaqmotor yağlarının, mineral gübrələrin fermerlərə güzəştlə satılması, onların güzəştli şərtlərlə texnikatexnoloci avadanlıqlarla təmin edilməsi, damazlıq heyvandarlığın inkişafı üçün lizinq xidmətləri, 2014-cü ilə qədər kənd təsərrüfatı mülkiyyətçilərinin vergilərdən (torpaq vergisi istisna olmaqla) azad edilməsi də bu sahənin inkişafında mühüm rol oynayır.

Ərzaq təhlükəsizliyinə xüsusi önəm verilməsinin nəticəsidir ki, bu gün özəl bölmə tərəqqi dövrünü yaşayır. Bunu belə bir fakt da təsdiqləyir: Sahibkarlığın davamlı inkişafı, biznesinvestisiya mühitinin yaxşılaşdırılması, daxilixarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı 80 faizdən çox olmuşdur. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmışdır.

Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tədbiqi, sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.

Sahibkarlığın inkişafına yaradılan şəraitlə bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: ...Azərbaycan dövləti tərəfindən sahibkarlığın inkişafına həm kreditlər hesabına böyük dəstək verilir, həm başqa imtiyazlar göstərilir, əlbəttə, bu amillər də işsizliyin aradan qaldırılması üçün öz rolunu oynayacaqdır. Çünki bu gün məşğulluq məsələlərinin həlli üçün özəl sektor artıq ön plana çıxıbdır. Bu da, ilk növbədə, dövlətin özəl sektora olan diqqəti və dəstəyinin nəticəsidir. İş yerlərinin 70 faizi özəl sektorda yaranmışdır. Əgər dövlət tərəfindən kreditlər verilməsəydi, sahibkarlığa qayğı göstərilməsəydi, 2004-cü ildə regional inkişaf proqramı qəbul edilməsəydi, əlbəttə ki, bu gün özəl sektor bu səviyyədə inkişaf edə bilməzdi. Biz həm iri özəl müəssisələri dəstəkləyirik, həm də ki, kiçik müəssisələri dəstəkləməliyik. Çünki həm dünya praktikası, həm keçən ilin iqtisadi və maliyyə böhranı göstərdi ki, kiçik bizneslə zəngin olan, yəni kiçik biznesin inkişaf etdiyi ölkələrin iqtisadiyyatı daha da dayanıqlı olur. Əlbəttə ki, biz həm kiçik sahibkarlığı dəstəkləyəcəyik, eyni zamanda, iri, böyük beynəlxalq, transmilli şirkətlərin, özəl şirkətlərin yaradılması üçün Azərbaycan dövləti səylərini göstərəcəkdir.

Ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmiş, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair ötən ildə qanunvericiliyə dəyişikliklər edilmişdir.

2009-cu ildə Azərbaycanın bazar iqtisadiyyatına keçid prosesini müvəffəqiyyətlə başa çatdırması təbii olaraq ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirir ki, burada mühüm xüsusiyyətlərdən biri iqtisadiyyatda sahibkarlıq fəaliyyətinin rolunun daha da güclənməsidir. Sahibkarlığa hərtərəfli dövlət dəstəyinin göstərilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu, makroiqtisadi sabitliyin qorunub saxlanılması baxımından zəruri əhəmiyyət kəsb etməklə yanaşı, sahibkarların uzunmüddətli və ucuz kreditlərin alınmasına çıxış imkanlarının artırılması, qeyri-strateji dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi kontekstində özəl bölmənin inkişafına əlavə impuls verir. Sahibkarlığın ölkənin iqtisadi həyatında əsas qüvvəyə çevrildiyi bir vaxtda "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi yeni, rəqabət qabiliyyətli istehsal sahələrinin yaranmasında, qeyri-neft məhsullarının ixracının artmasında, ümumilikdə isə özəl bölmənin inkişafının daha da sürətlənməsində əhəmiyyətli rol oynayacaqdır.

Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 80 milyard dollardan çoxdur ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Adambaşına düşən xarici investisiyaların həcminə görə MDB məkanında və Şərqi Avropada aparıcı dövlətlərdən olan Azərbaycan, artıq xaricə investisiya yatıran ölkəyə çevrilmişdir.

Azərbaycanın iqtisadi inkişafında hər zaman sosialyönümlüyün gözlənilməsi ilə əlaqədar olaraq ötən illər ərzində görülən məqsədyönlü tədbirlər hesabına ölkəmizdə beynəlxalq standartlara uyğun sosial müdafiə modeli təşəkkül tapmışdır. 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 6,8 dəfə artmışdır. Yoxsulluq səviyyəsi 4 dəfədən çox azalaraq 11 faizə enmişdir.

Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət bütövlükdə insan kapitalının inkişafına, ölkədə yoxsulluğun azaldılmasına və işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin daha da artırılmasına, sosial infrastrukturun inkişafına, nəticə etibarilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə, ərzaq təhlükəsizliyinin davamlı şəkildə təmin olunmasına imkan verəcəkdir.

Qarşıdakı illərin sosial-iqtisadi proqnozları da ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir. Belə ki, ÜDM-in həcminin 2011-ci ildə 40,2 milyard manat, 2014-cü ildə isə 53 milyard manatdan çox olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 7,2 faizlik artım nəzərdə tutulur. Əhalinin gəlirləri artacaq, sosial rifah halı daha da yaxşılaşacaqdır. 2011-ci ildə orta aylıq əməkhaqqı 379 manat, 2014-cü ildə 551 manat olacaq. Ümumiyyətlə, 2011-ci ildə əhalinin gəlirləri 29,8 milyard manat, 2014-cü ildə isə 44,5 milyard manat səviyyəsində proqnozlaşdırılır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 23 oktyabr.- S. 3.