"Bu gün Azərbaycan
ordusu Cənubi Qafqazda ən qüdrətli ordudur"
Ordu quruculuğu
prosesinin, müasir dövrün tələblərinə cavab
verə biləcək Silahlı Qüvvələrin
formalaşmasının bünövrəsi məhz
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulub və ildən-ilə möhkəmlənib. Bu kurs Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
ardıcıllıqla həyata keçirilməkdədir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində planlı, elmi əsaslarla aparılan ordu quruculuğu sahəsində xeyli uğurlar qazanılıb. Artıq xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. Atəşkəsi mütəmadi olaraq pozan düşmənə verilən layiqli cavablar sübut edir ki, Silahlı Qüvvələrimiz döyüşə yüksək hazırlığı ilə yanaşı, mənəvi ruhun sarsılmazlığına da nail olub.Ermənistan isə hərbi düşərgələrdə öz əsgərlərinə qarşı zorakılığa, orduda intiharların sayına görə ən yüksək göstəriciləri olan ölkələr sırasındadır. Erməni qəzetləri Ermənistandakı və Qarabağdakı kazarmalarda hər an dəhşətli bir cinayətin şahidi olacağını gözləyərək böyük stress içərisində yaşayan hərbçilər barədə məqalələr də dərc edirlər. Həmin yazılarda bildirilir ki, erməni ordusunda intihar adı altında işgəncələrlə öldürülən gənclərin sayı-hesabı yoxdur. Təxminən altı ay əvvəl intihar etdiyi bildirilən erməni hərbçisinin ailəsinin dedikləri bu baxımdan maraqlıdır: "Ermənistanın müdafiə naziri Seyran Ohanyan hərbi hissədə intihar edən 18 yaşlı Valeri Muradyanın valideynlərini qəbul edərək cinayətkarların 6 ay içərisində cəzalandırılacağına söz vermişdi. Artıq həmin müddət başa çatıb, amma günahkarlar yoxdur ki, yoxdur. Hətta intihar həddinə çatdırma ilə bağlı həbs olunan da yoxdur. Valideynlərinin müraciətinə cavab verən istintaq orqanları və hərbi prokurorluq işin gedişində hər hansı irəliləyişin olmadığını bildiriblər. Əsgərliyə çağırışdan 3 ay sonra Valeri Muradyan kazarmanın həyətində 149 santimetr hündürlüyü olan turnikdən özünü asıb. Halbuki əsgərin boyu 180 sm, olub. Əsgərin yaxınları onun intihar etməsi barədə yaxınlarının rəsmi versiyalarını rədd edirlər və onun öldürüldüyünü iddia edirlər. Valideynləri oğullarının meyiti üzərində zorakılıq əlamətləri aşkarlayıblar, baxmayaraq ki, məhkəmə-tibbi ekspertiza onun üzərində zorakılıq əlamətinin olmadığını bildirmişdi. Amma valideynlər oğullarının əvvəlcə döyüldüyünü, sonra isə asıldığını bildiriblər".
"Daşnaksütyun" partiyasından olan deputat Hrayr Karapetyan isə bildirib ki, Ermənistan ordusunda baş verən son ölüm faktları diqqətlə araşdırılmalı və səbəblər üzə çıxarılmalıdır. O, parlamentdə rəhbərlik etdiyi milli təhlükəsizlik, müdafiə və daxili işlər komissiyasının orduda baş verənləri diqqətdə saxladığını, bu məsələ ilə bağlı parlament dinləmələri təşkil etməyə hazır olduqlarını söyləyib.
Ermənistanın hakim koalisiyasına daxil olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Surakyan isə Ermənistan ordusunda baş verənləri çox pis qiymətləndirdiyini açıqlayıb. O, ordudakı vəziyyəti öyrənmək üçün xüsusi komissiyanın yaradılmasını vacib sayır: "Orduda qanun və nizam-intizam olmalıdır. Araşdırma aparılmalı, günahkarlar cəzalandırılmalıdır". Xatırladaq ki, son zamanlar Ermənistan ordusunda bir-birini əvəz edən silahlı insidentlər nəticəsində bir neçə hərbçi həlak olub. Üstəlik, hərbi hissələrdən birində dəhşətli "dedovşina" faktını sübut edən videogörüntülər internetdə yayılıb.
Azərbaycanda isə vəziyyət tamam əksinədir. Ordumuzun güclənməsi və işğalda olan torpaqlarımızın azad edilməsinə hazır olması üçün böyük işlər görülür və müvafiq tədbirlər həyata keçirilir.
İsa
İSMAYILOV
Xalq qəzeti.- 2010.- 23 oktyabr.- S. 4.