Çinin Şanxay
şəhərində keçirilən EXPO-2010 beynəlxalq sərgisindən
təəssürat
Tarixi 1851-ci ildən başlayan beynəlxalq
sərgilər içərisində EXPO ən möhtəşəmidir.
1988-ci ildə Brisbendə keçirilən EXPO 1992-ci ildə
başlayan və bu günə qədər davam edən yeni mərhələnin
carçısı kimi tanındı. Bu mərhələnin
mahiyyəti hər bir dövlətin obrazının gücləndirilməsi
və populyarlaşdırılması idi. Məhz buna görə
də EXPO hər hansı bir ölkənin ticarət
markasının reklamı üçün ən parlaq məkandır.
Bu
cür nəhəng reklam kampaniyası yalnız EXPO-da
mümkündür. Təbii ki, XXI əsrin EXPO-su da bəşəriyyətə
xidmət edən idealların carçısı olaraq sərginin
konkret mövzusu çərçivəsində hər bir
ölkənin və millətin tarixini, mədəniyyətini,
ideallarını, arzularını və ümidlərini ehtiva
etmək, mədəni və texnoloji inteqrasiyaya xidmət
yolunda bütün dünyanın birlikdə göstərdiyi
növbəti güclü cəhddir.
Müstəqillik
qazanandan sonra Azərbaycan Respublikası EXPO sərgilərində
üçüncü dəfə iştirak edirdi. 2000-ci ildə
Hannoverdə, daha sonra 2005-ci ildə Yaponiyada və 2010-cu ildə
Şanxayda.
Budəfəki
görüş yeri son illər dünyanın ən
inkişaf etmiş şəhərlərindən biri
Şanxayda oldu. Son 30 ildə Çinin əldə etdiyi nailiyyətlərə
görə 2007-ci ildə Şanxay şəhəri "EXPO
-2010"un məkanı seçildi."EXPO -2010" sərgisi
üçün "Ən yaxşı şəhər - ən
yaxşı həyat" mövzusu seçilmişdi.
"EXPO
-2010"un açılış mərasimində bir neçə
ölkənin birinci simaları da iştirak etdilər. Azərbaycanı
da "EXPO -2010"un açılışında nüfuzlu
nümayəndə heyəti təmsil edib. Sərginin ərazisində,
Azərbaycan da daxil olmaqla, 192 ölkənin iqtisadi, sosial,
turizm potensialını əks etdirən pavilyonlar qurulub.
Bütün ölkələrin pavilyonlarının dizaynı
sərginin ümumi devizi "Ən yaxşı şəhər
- ən yaxşı həyat" konsepsiyasına xidmət
edir. Sərginin emblemində "EXPO-2010" yazılan bir
stend üzərində üç insan fiqurunun - "mən,
sən və o"nun sanki bütün bəşəriyyəti
qucaqlayaraq insanlığı ünsiyyət və vəhdətə
səsləyən əksi təsvir olunub.
Azərbaycan Respublikasının nümayəndə heyətinə baş nazirin müavini və Azərbaycan pavilyonunun baş komissarı Abid Şərifov rəhbərlik edirdi. Rəsmi nümayəndə heyətinin tərkibinə mədəniyyət və turizm nazirinin müavini, baş komissarın müavini Ədalət Vəliyev, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli daxil idilər.
Oktyabrın 15-də "EXPO -2010" Şanxay Çin Sərgisində Azərbaycanın Milli Günü keçirildi. Nümayəndə heyətinin rəhbərliyi və bir qrup artist EXPO Mərkəzinə rəsmi açılış mərasiminə, bir qrup isə EXPO-nun "Avropa" meydanına yollandılar. Həmin gün incəsənət ustalarımız üç konsertlə çıxış edirdi. Rəsmi mərasimdə və iki dəfə EXPO-nun ən böyük səhnəsi olan "Avropa" meydanında...
Rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və bayraqqaldırma mərasimi ilə başladı. Himnimiz Çin nəfəsli alətlər orkestri tərəfindən ifa olunurdu. Azərbaycan gününün davam etdiyi müddətdə sərginin doqquz girişində Azərbaycan bayrağı Çin bayrağı ilə yanaşı dalğalandı. Mərkəzin "yaşıl" zalında keçirilən tədbirdə çıxış edən Çinin insan resursları və sosial təhlükəsizlik nazirinin müavini Vanq Syaoku Azərbaycanın Şanxay sərgisində iştirakını yüksək qiymətləndirərək baş nazirin müavini Abid Şərifova söz verdi. Abid Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin mərasim iştirakçılarına təbrik məktubunu oxudu. O, Çin - Azərbaycan Əməkdaşlıq Komissiyasının həmsədri kimi iki ölkə əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirdi. Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin nümayəndəliyi ilə bərabər Çin pavilyonunu ziyarət etdi. Bu pavilyon da EXPO-nun konsepsiyasına uyğun qurulmuşdu. Daha sonra rəsmilər Azərbaycan pavilyonuna yollandılar. Burada qonaqlar xanəndələrimizin ifasında səslənən muğamlarla qarşılandı. Milli musiqimiz ziyarətçiləri sözün əsl mənasında valeh etdi. Ölkəmizin bütün infrastrukturu, iqtisadi inkişafı, sənayesi, tarixi və mədəniyyəti, turizm potensialı Azərbaycan pavilyonunda öz əksini tapmışdı. Qonaqlar Azərbaycanın tarixi, min illər boyu formalaşan mədəniyyəti, müasir iqtisadi inkişafı, neft strategiyası, müxtəlif sahələrdə əldə etdiyi uğurları əks etdirən stendlərlə tanış oldular. Pavilyonda respublikanın iqtisadi durumu, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti haqqında da çinli qonaqlara məlumat verildi. Bu günə qədər ölkəmizin bir parçası olan bu məkanı 3 milyona yaxın insan ziyarət edib. Daha sonra Türkiyənin və Gürcüstanın da pavilyonlarını gəzdik. Təbii ki, hər pavilyonda özünəməxsus yaradıcı məqamların şahidi olurduq.
Azərbaycan Milli Gününün sonunda isə milli xörəklərimizdən ibarət böyük bir ziyafət təşkil edildi. Tahir Əmiraslanovun rəhbərlik etdiyi kulinarlar heyətinin hazırladığı milli mətbəximizin ləziz təamları qonaqlara təqdim olundu.
Oktyabrın 16-sı axşamı şanxaylılarla birlikdə bizi də heyrətləndirən bir məqam yaşandı. İnsanların kütləvi şəkildə meydana axışdığını görüb ora yollandıq. Gördüyümüz mənzərə bizi çox qürurlandırdı. "Natiq" ritm qrupu hotel şəhərciyinin mərkəzində öz ifası ilə tamaşaçıları sanki ovsunlamışdı. Bizimkilər "EXPO-2010"da bir ənənənin olduğunu öyrənibmiş: hər nümayəndə heyəti milli günlərini məhz belə yekunlaşdırırmış.
Beləliklə, Azərbaycan musiqiçiləri Şanxayı heyran etdilər. İndi növbə 2015-ci ildə Milanda keçiriləcək EXPO-nundur.
Zöhrə ƏLİYEVA,
Mədəniyyət
və Turizm Nazirliyi
mətbuat xidmətinin əməkdaşı
Bakı-Şanxay-Bakı
Xalq qəzeti.- 2010.- 23 oktyabr.- S. 5.