Məktəbəqədər
təhsilin inkişafına böyük
qayğı
Ötən
ayın sonunda Moskvada YUNESKO-nun və Rusiya Federasiyası
hökumətinin təşkilatçılığı ilə
kiçikyaşlı uşaqların tərbiyəsi və təhsili
məsələlərinə həsr edilmiş "Millətlərin
sərvətinin yaranması" mövzusunda keçirilən
Ümumdünya konfransında Azərbaycanın birinci
xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
bildirmişdir ki, "tibb, pedaqogika, psixologiya və sosiologiya
elmlərinin kəsişmə nöqtəsində aparılan
araşdırmalar göstərir ki, əgər uşağa
kiçik yaşlarında kifayət qədər qulluq göstərilməzsə,
yaşlılar tərəfindən, ilk növbədə,
öz valideynləri tərəfindən diqqət və məhəbbət
göstərilməzsə, əldən verilmiş fürsətin
əvəzini sonralar hətta ən əlverişli şəraitdə
belə çıxmaq və bu proseslərin nəticələrini
aradan qaldırmaq çox çətin olur".
Ölkəmizdə
məktəbəqədər təhsil sisteminin müasir tələblər
səviyyəsində qurulması, məktəbəqədər
yaşlı uşaqların intellektual, fiziki və psixoloji
inkişafı üçün lazımi şərait
yaradılması, onların şəxsiyyətinin
formalaşması və məktəbə hazırlanması
işinin beynəlxalq standartlara uyğun təmin edilməsi məqsədi
ilə Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildə
"Azərbaycan Respublikasında məktəbəqədər
təhsilin yeniləşdirilməsi Proqramını (2007-2010-cu
illər)" təsdiq etdi və bu sahədə uğurlu irəliləyişə
start verildi. Bu gün məktəbəqədər tərbiyə
müəssisələrində uşaqların yaşına,
fərdi xüsusiyyətlərinə uyğun olaraq yeni
texnologiyalardan, təlimin təşkili formaları və
yollarından istifadə orada çalışan hər bir
pedaqoji kadrdan xüsusi bacarıq, məharət tələb
edir.
Binəqədi
rayonundakı 266 saylı uşaq bağçasında məhz
günün tələblərinə uyğun iş
qurulduğundan burada təlim və tərbiyə alan
uşaqlar orta məktəbin birinci sinfinə tam hazır gedirlər.
Bağçanın müdiri Dilbər Səmədova bildirir
ki, məktəbəqədər təhsilin məzmununun yeniləşməsi
bu gün aktual problem kimi qarşıda durur və bu sahədə
lazımi işlər görülür. Pedaqoji prosesin yüksək
səviyyədə təşkili, təlim prosesinə yeni
metod və priyomların, pedaqoji texnologiyaların tətbiqi və
ənənəvi metodların yenidən qurulması təlimin
keyfiyyətinin yüksəlməsinə xidmət edir. Məktəbəqədər
tərbiyə müəssisələrimiz təhsil və təlim
aparılmasında lazım və vacib olan təlim vəsaitləri
ilə, uşaqların fəaliyyətlərini daha rəngarəng
və maraqlı etmək məqsədilə həm savad təliminə,
həm də ictimai həyat hadisələrinə aid test
nümunələri ilə təmin edilirlər.
Bağçada
müxtəlif yaş dövrlərini əhatə edən 11
qrup və bu qruplarda 350 uşaq təlim və tərbiyə
alır. Bu təlim zamanı uşaqlar test kitabları, oyunlar,
plakat dəstləri, metodik vəsaitlər, səsli
nağıllar, oyun diskləri, "özün rənglə",
plakat nağıllar, nağıllar kimi vəsaitlərdən
istifadə edirlər. Yaş xüsusiyyətləri nəzərə
alınmaqla uşaqları düşünməyə vadar edən,
onların nitq və təfəkkürünü inkişaf
etdirməyə, lüğət ehtiyatını zənginləşdirməyə
xidmət edən savad təlimi, ətraf aləm, ictimai həyat
hadisələri ilə əlaqədar testlər, bundan
başqa inkişafetdirici tapşırıqlar- məşğələlər,
oyunlar, sanamalar, təfəkkürü inkişaf etdirən mərhələli,
bal sistemi ilə qiymətləndirilən 15
tapşırıq, diqqəti cəmləmək və onun həcmini
artırmaq üçün, yaddaşın, nitqin
inkişafına kömək edən, dünyanı dərk etmək
üçün müxtəlif test tapşırıqları
ayrı- ayrı qruplarda məşğələlər
zamanı keçirilir. Ən maraqlısı isə müxtəlif
riyazi anlayışları əhatə edən interaktiv oyunlar
yazılmış audivizual oyun disklərindən
uşaqların bacarıqla istifadə etmələridir.Bağçaya
verilmiş üç kompyuter dəsti körpə
balaların zehni inkişafına və yaddaşının
möhkəmlənməsinə kömək edəcək.
Uşaqlar bu kompyuterlər vasitəsi ilə müxtəlif
düşündürücü nağıllarla tanış
olurlar. Daha bir yenilik -şahmat dərnəyinin
açılması burada tərbiyə alan fidanların
mükəmməl yetişməsinə kömək edir.
Bağçada fəaliyyət göstərən "Dilbərim"
rəqs studiyasının üzvləri hər il Azərbaycan
Dövlət Filarmoniyasında keçirilən "23 Nisan -
çocuq bayramı"nda bir neçə milli rəqslə
öz bacarıqlarını nümayiş etdirirlər.
Tək
bircə bağçada gördüklərimiz onu deməyə
əsas verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
"Millətlərin sərvətinin yaranması"
mövzusunda keçirilən konfransda haqlı olaraq
demişdir: "Uşaqlığın ilk dövrü
insanın həm mental, həm də fiziki
inkişafının mühüm dövrüdür. Onun gələcəyinin
təməli məhz bu dövrdə qoyulur..."
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2010.- 22 oktyabr.- S. 6.