Turizmin sürətli
inkişafı geniş marketinq araşdırmalarının
aparılmasını tələb edir
Uğurla reallaşdırılan
Heydər Əliyev strategiyasının nəticəsi olaraq
artıq Azərbaycan dövləti müstəqilliyinin
möhkəmləndirilməsi, ölkədə tarazlı və
davamlı inkışafın təmin edilməsi,
regionların sosial-iqtisadi inkişafı, iqtisadi təhlükəsizliyin,
eləcə də onun ərzaq, enerji, nəqliyyat və s. kimi
istiqamətlərinin etibarlı təminatı məqsədilə
atılan addımlar, əldə edilən nəticələr
və uğurlu iqtisadi uğurları ilə beynəlxalq aləmdə
nüfuzlu söz sahibinə çevrilmişdir. Artıq
dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil
Azərbaycan Respublikasında bütün proseslər
xalqımızın milli mentalitetinə və dövlətçilik
prinsiplərinə uyğun olaraq, milli və dövlətçilik
maraqları rəhbər tutularaq beynəlxalq birliyin,
nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə
alınmaqla qloballaşma dövrünün tələbləri
səviyyəsində qurulur.
Ölkə
başçısı cənab İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə reallaşan iri yerli və regional
layihələr sayəsində Azərbaycan dövləti
öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər
sırasındadır. Məlumdur ki, davamlı inkişaf həm
regional və Global, həm də beynəlxalq miqyasda sabit
iqtisadi inkişafın təmin edilməsi və ətraf
mühitin qorunması istıqamətində həyata
keçirilən tədbirlərin başlıca strategiyası
kimi qəbul edilir. Eyni zamanda, davamlı inkişaf
anlayışı əksər ədəbiyyatlarda daha
çox ətraf mühitin qorunması və təbii
resurslardan səmərəli istifadə edilməsi ilə əlaqədar
olan bir inkişaf yolu kimi izah edilir. Təbii ki, burada ətraf
mühitin qorunması dedikdə cəmiyyət-təbiət
sistemində özü-özünü tənzim edən
davamlı, biri-digərini tamamlayan sabit inkişaf başa
düşülür. Bir anlayış kimi isə davamlı
inkişaf dedikdə, indiki nəslin tələbatının,
gələcək nəslin tələbatına toxunmadan, normal
ödənilməsi başa düşülür və
davamlı inkişaf, ilk növbədə, tarazlı
inkişafı tələb edir. Bazar münasibətlərinin
inkişaf etdiyi qloballaşma şəraitində milli
iqtisadiyyatın ayrı-ayrı sahələrinin tarazlı
inkişafına nail olmaq istər ümumi iqtisadi tərəqqi,
istərsə də ölkənin iqtisadi təhlükəsizliyi
baxımından xüsusi əhəmiyyət kəsb edir. Nəzərə
alsaq ki, müasir dünyada xidmət sahələrinin
inkişafı istehsal sferasının inkişaf tempini
qabaqlamışdır, onda beynəlxalq aləmə sürətlə
inteqrasiya edən Azərbaycan Respublikasında da xidmət sahələrinin
müxtəlif istiqamətlərinin inkişaf etdirilməsi
aktual problemlərdən biri kimi qəbul olunmalıdır.
Bütün bunlar, xidmət sahələrinin aparıcı
istiqamətlərindən biri olan turizm sənayesinin də
inkişaf etdirilməsini, bu məqsədlə geniş
araşdırmalar aparılmasını, elmi əsaslandırılmış
təklif və tövsiyələrin işlənib
hazırlanmasını zəruriləşdirir.
Digər
tərəfdən, məlumdur ki, Avropa və Asiya qitələri
arasında olduqca strateji mövqedə yerləşən Azərbaycan
Respublikası ümumilikdə turizm sənayesinin, o cümlədən
turizm xidmətlərinin ayrı-ayrı növlərinin
inkişaf etdirilməsi üçün zəngin potensiala
malikdir. Eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizlərinin
qovşağında yerləşməsi də ölkəmizdə
turizm xidmətlərinin inkişafı üçün
münbit şərait yaradır.
Məlumdur
ki, turizmin ayrı-ayrı növlərini əhatə edən
xidmətlər məcmusu kompleks şəkildə turizm sənayesini
formalaşdırır. Təbii ki, bu növlər bir-biri ilə
qarşılıqlı əlaqədə olub, biri-digərini
tamamlayır. Başqa sözlə desək, turizm sənayesinin
tərəqqisi dedikdə bu növlərin hər birinin
inkişafı nəzərdə tutulur. Bu da ondan irəli gəlir
ki, turizm sənayesinin strukturuna daxil olan subyektlər, o cümlədən
turizm münasibətlərinin iştirakçıları olan
turoperatorlar, turagentlər, turizm regionları və dövlət
bir-biri ilə qarşılıqlı əlaqəlidir. Eyni
zamanda, istər turizmin inkişafı, istərsə də
regional inkişaf ətraf mühitlə, ekoloji aləmlə
sıx bağlı olduğu üçün burada ətraf
mühit amili də mühüm rola malikdir. Aydındır ki,
tənzimlənən bir sistem kimi turizmə təsir edən ətraf
mühit özündə sosial-iqtisadi, siyasi və texnoloji
amilləri birləşdirir. Digər tərəfdən,
aydındır ki, turizm sənayesi dedikdə turistlər
üçün zəruri olan bütün xidmətləri və
əmtəələri istehsal və istehlak edən müəssisələrin
məcmusu başa düşülür. Müəyyən mənbələrdə
turizm sənayesinə turistlərin istifadə etdiyi nəqliyyat
və rabitə kimi xidmət sahələrini də əhatə
edən təsərrüfat kompleksi kimi yanaşılır. Nəzəri
və praktiki təcrübəyə əsasən turistlərə
göstərilən xidmətlərin ayrı-ayrı istiqamətlərini
aşağıdakı kimi təsvir etmək olar:
-turistlərin
rahatlığı məqsədilə müasir standartlara
uyğun formalaşdıran mehmanxana, otel, sanatoriya və s.
infrastruktur sahələrə aid xidmətlər. -
Müşahidələr göstərir ki, belə xidmətlər
icarəyə götürülən şəxsi mənzillərdə,
səyyar turist çadırlarında və s. göstərilə
bilər ki, bu da xidmətlərin mahiyyətinə təsir
etmir;
-turistlərin
səfər etdikləri ölkədə milli mətbəxlərinə
uyğun qidalanması və əylənməsi
üçün müasir standartlara uyğun restoran, kafe, bar və
s. infrastrukturların xidmətləri;
-turizm
regionunun coğrafi mövqeyindən, turist göndərən
ölkənin hansı məsafədə yerləşməsindən,
eyni zamanda, turistin sosial vəziyyətindən və maliyyə
imkanlarından asılı olaraq müxtəlif nəqliyyatın
xidmətləri;
-turistin
getdiyi ölkə haqqında zəruri ilkin informasiyanı əldə
edə bilməsi üçün müvafiq informasiya xidmətləri.
-
Müşahidə və beynəlxalq təcrübədən
aydın olur ki, informasiya xidmətləri qəzet, televiziya,
mobil operatorlar, xüsusi bukletlərin hazırlanması və
s. vasitəsilə həyata keçirilə bilər. Onu da
qeyd etmək lazımdır ki, əksər hallarda turizmin
inkişafı və turizm cəlbediciliyinin
artırılması məqsədilə informasiya xidmətlərini
reklam xidmətləri ilə birlikdə həyata keçirmək
daha səmərəli olur. Belə ki, burada həm ilkin informasiya,
həm turizm regionuna getmək üçün müvafiq
marşrutlar, həm də turizm regionunun potensialı
haqqında məlumatlar öz əksini tapır;
-turist
agentlikləri tərəfindən həyata keçirilən
xidmətlər.
- Bu xidmətlərə səyahət marşrutunun hazırlanması, mehmanxanada və nəqliyyat vasitələrində yerlərin bronlaşdırılması, yer kürəsinin hər hansı bölgəsinin turizm resursları haqqında bilgilər, turistin getdiyi bölgədə olan yerləşdirmə vasitələri, gömrük və sərhəd rəsmiyyəti, valyuta məzənnəsi və s. haqqında informasiya verilməsi aiddir. Eyni zamanda, gid-tərcüməçi, ekskursiya bələdçısi, qrup rəhbərləri ilə təminat və s. agentliklərin xidmətlərinə aiddir;
- turistlərin mənəvi tələbatlarının ödənilməsi, asudə vaxtlarının maraqlı keçirilməsi, öz növbəsində turisti qəbul edən ölkələrin tarixi və mədəni irsinin aşılanması məqsədilə göstərilən mədəni xidmətlər. Buraya teatr, muzey, sərgi, rəsm qalereyası və s. xidmətlər aid edilə bilər;
- turistlərin işgüzar və elmi maraqlarının təmin edilməsi xidmətləri. Bu xidmətlərə konqreslərdə iştirak, diplomatik turizm, siyasi tədbirlərdə iştirak və s. aiddir;
- turistlərin marağını cəlb edəcək ticarət və valyuta xidmətləri;
- dövlət turizm idarələrinin (komitə, departament, nazirlik və s.) göstərdikləri xidmətlər. Təbii ki, bu xidmətlər, ilk növbədə, turizm cəlbediciliyinin yüksəldilməsinə xidmət etməlidir.
Araşdırmalar göstərir ki, turizm sənayesində arzu edilən uğurların əldə edilməsi xüsusi marketinq araşdırmalarının aparılmasını tələb edir. Marketinq araşdırmalarının əsas vəzifələrindən biri beynəlxalq turizm bazarının tələblərinin öyrənilməsi və tətbiqi, turizm potensialından səmərəli istifadənin və optimal idarəetmənin stimullaşdırılmasıdır. Ümumiyyətlə, marketinq digər biznes fəaliyyətlərinə nisbətən fərqlidir, çünki marketinq araşdırmaları istehsalçılara nisbətən istehlakçıları daha çox əhatə edir. Belə ki, istehlakçıların istək və arzularını, onların tələbatını təmin edən xidmətlərin göstərilməsinə nail olmaq müasir marketinqin özəyidir. Marketinqin əsas məqsədlərindən biri də yeni müştərilər cəlb etmək üçün yüksək səviyyəli dəyərlər vəd etmək və qazanılmış müştəriləri məmnun etməklə onların sayının artmasını təmin etməkdir.
Beləliklə, marketinqin əsasını təşkil edən başlıca prinsiplərdən biri bazara təsir edə bilməkdir. Məlumdur ki, marketinq təkcə istehlakçıların tələbatını hərtərəfli şəkildə araşdırmağı qarşıya məqsəd qoymur, həm də eyni zamanda, tələbin formalaşması və satışın stimullaşdırılması üzrə vəzifələri yerinə yetirir. Satış həcminin artırılması, səmərəliliyin yüksəldilməsi və bazarda fəaliyyətin rentabelliyinə nail olmaq kimi məqsədlər marketinq kommunikasiyaları kompleksinin qarşısında duran başlıca vəzifələrdir. Müşahidələr göstərir ki, turizm sənayesində marketinqin əsas funksiyaları əlaqələrin yaradılması, turizm bazarının inkişafı və turizm xidmətlərinin keyfiyyətinə nəzarətdir.
Araşdırmalar göstərir ki, marketinq xidmətləri müxtəlif qurumlar tərəfindən həyata keçirilə bilər ki, bu qurumlara da marketinq vasitələri deyilir. Bu vasitələrə əsasən ticarət vasitəçiləri ( turist büroları, ekskursiya büroları, turist agentlikləri və s.), eyni zamanda, marketinq tədqiqatlarını həyata keçirən ayrı-ayrı fiziki və hüquqi şəxslər aiddir. Marketinq tədqiqatlarının özünəməxsusluğu ondadır ki, o, firmanın tələb və təklif auditoriyaları ilə əlaqəsində vasitəçi rolunu oynayır. Müşahidələr göstərir ki, dünyada əhali hərəkətliliyinin artması turizmi iqtisadiyyatın aparıcı sahəsinə çevirmişdir və bu da müvafiq marketinq araşdırmalarının aparılmasını zəruri edir.
Dünyanın iqtisadi inkişafının mühüm sahələrindən biri kimi çıxış edən beynəlxalq turizmin başlıca istiqamətlərindən biri də müxtəlif məqsədli ekskursiyalardır. Təbii ki, digər istiqamətlər kimi, ekskursiya fəaliyyətinin də əsas funksiyalarından biri gəlir əldə etməkdir. Məhz ekskursiya məqsədli turistlər əraziyə səyahət edərək, xarici valyutanın ölkəyə daxil olmasına şərait yaradırlar. Buna görə də ekskursiyaların mühüm iqtisadi funksiya yerinə yetirdiyini qeyd etmək olar. Ekskursiyaların digər mühüm funksiyaları kimi isə ideya, siyasi, ümumi-maarifləndirici, informasiya, tərbiyəedici, konkret məzmunlu istirahət, dünyagörüşün genişləndirilməsi, insanlarda yeni maraqların formalaşdırılması, kadr hazırlığı və təkmilləşdirilməsini göstərmək olar.
Beləliklə, göründüyü kimi, turizm dedikdə milli iqtisadiyyatın böyük bir sektoru başa düşülür. Qeyd edilənlərdən aydın olur ki, müasir dünya iqtisadiyyatında tutduğu yerinə görə turizm ağır sənaye sahələri ilə rəqabət aparan müstəqil bir "industriya" halına gəlmişdir.
Tədqiqatlardan aydın olur ki, ekskursiyalar turizmin baş verməsi üçün mühüm şərtlərdən biri hesab olunur. Əgər turizm motivinin yaranması səbəblərinə baxsaq görərik ki, turizm səfərləri zamanı əsas rol oynayan turizm infrastrukturu - yerləşdirmə, nəqliyyat, yemək, əyləncə və s. servislər ekskursiya xidməti olmadan ayrılıqda turistlərin əraziyə səyahət etmələri üçün əsas motiv ola bilməz. Çünki turistlər sadəcə yüksək komfortlu otellərdə qalmaq, rahat nəqliyyat vasitələrindən istifadə etmək və ya ləziz yeməklər məqsədilə səyahət etmirlər. Doğrudan da, müasir turistlərin əksəriyyəti iqtisadi cəhətdən kifayət qədər inkişaf etmiş, həyat səviyyəsi yüksək olan ölkələrin vətəndaşlarıdır. Ona görə də qeyd etdiyimiz lüks həyat şəraiti onların gündəlik məişətində də vardır və heç bir cəlbediciliyə malik deyildir. Bu şəraitin turistlərdə qeyri-adi mühit təəssüratı yarada biləcəyini düşünmək çətindir. Bu baxımdan turizm səfərlərinin əsas motivi kimi ekskursiyalarda iştirakın olmasını obyektiv qəbul etmək lazımdır.
Bütün bunlar ekskursiya işinin təşkili zamanı onun prinsiplərini, yerinə yetirdiyi funksiyaları və ekskursiyaların mərhələlərini elmi olaraq müəyyənləşdirmək zərurəti yaradır. Eyni zamanda, ekskursiyaların təşkil olunmasında aşağıdakı prinsipləri əsas götürmək məqsədəuyğundur:
- ekskursiyalar elmi, maarifləndirici xarakter daşımalıdır;
- ekskursiyalar faktların, hadisələrin, nəzəri mülahizələrin müvafiq elmi prizmadan işıqlandırılması, onlara obyektiv qiymət verilməsi üçün zəmin yaratmalıdır;
- ekskursiyalar turizmi təşkil edən ölkənin mənafeyinə uyğun olaraq ideyalılıq ifadə etməli, burada turistlərə çatdırılan informasiyalar həqiqətə uyğun olmalıdır;
- ekskursiya zamanı əldə edilən informasiyalar nəzəri və praktiki cəhətdən vəhdət təşkil etməli, ekskursantlara tez qavranılan, inandırıcı olmalıdır.
Müşahidələr göstərir ki, yalnız bu prinsiplərə əməl olunduğu halda ekskursiya fəaliyyətinin yerinə yetirəcəyi funksiyalardan müsbət nəticə gözləmək mümkündür.
Məlumdur ki, turist müəssisələrinin vəzifəsi ictimaiyyətin, mövcud olan və potensial müştəri ordusunun nəzərində təkcə təklif edilən məhsul nümunəsini deyil, həm də vahid bir təşkilat kimi özünün xüsusi surətini yaratmağa xidmət etməlidir. Yuxarıda qeyd edilən marketinq vasitəçiləri tərkibində reklam, qiymələrin aşağı salınması sistemi, müştərək reklamlar, müsabiqələr, təbliğat və s. vasitələr kimi çıxış etməklə bu surəti yaradırlar. Bu baxımdan marketinq tədbirlərinin həyata keçirilməsi zamanı qarşılıqlı yardım və anlaşma, eləcə də işgüzar əməkdaşlıq mühitinin formalaşdırılması zəruridir.
Araşdırmalardan aydın olur ki, turist müəssisələrinin fəaliyyətlərinin genişləndirilməsi və inkişafının təmin edilməsində marketinq tədqiqatları reklam tədbirləri kimi xüsusi yer tutur. Əksər hallarda reklama müstəqil istiqamət sahəsi kimi yanaşılır. Lakin dünya təcrübəsi sübut edir ki, reklam yalnız marketinq kompleksində maksimum səmərəlilik kəsb edir. Bəzi mütəxəssislərin fikrincə, reklam xidmətlərini əmtəə və xidmətlərin keyfiyyətini, habelə ideyaları istehlakçıların ehtiyac və tələbatlarına uyğunlaşdırmağı qarşısına məqsəd qoyan kommunikasiya forması kimi nəzərdən keçirmək olar.
Belə bir fakt mütləq nəzərə alınmalıdır ki, turizm bazarında sərt rəqabətə dözmək və fəaliyyət göstərmək üçün, hər bir firma marketinq tədqiqatına və reklam tədbirlərinə yüz minlərlə dollar xərcləmək məcburiyyətində qalır. Hətta müşahidələrdən aydın olur ki, bir neçə kiçik firma fəaliyyətlərini davam etdirmək məqsədilə belə iri həcmli məbləği ödəyə bilmədikləri üçün vəziyyətdən çıxış yolunu daha böyük turist müəssisələrinə birləşməkdə və ya koalisiya halında birgə fəaliyyət göstərməkdə tapırlar.
Təbii ki, bir neçə kiçik turist firmaları (adətən turagentlər) birləşərək ümumi qüvvə ilə marketinq və reklam tədbirləri üçün vəsait ayırmaq imkanı qazanırlar. Eyni zamanda, araşdırmalardan aydın olur ki, marketinq və reklam tədbirləri ilə sanballı firmalar bilavasitə özləri məşğul olmurlar. Bu xidmətlər üçün ixtisaslaşmış firmalara müraciət edirlər və onlarla qarşılıqlı surətdə fəaliyyət qururlar. Aparılan marketinq tədqiqatının nəticələri təşkilatın bütün üzvlərinin diqqətinə çatdırılır.
Tədqiqatlardan bu nəticəyə gəlirik ki, turizm biznesində olan çoxsaylı problemləri həll etmək ayrı-ayrı turagentlərin imkanı daxilində deyil. Yerləşdirmə, qidalanma, əyləncə, nəqliyyat müəssisələri, ekskursiya büroları və turistlərə xidmətlə məşğul olan digər fiziki və ya hüquqi şəxslər arasında əməkdaşlıq müqavilələrinin bağlanması da belə problemlərə aid edilir. Bu, ilk növbədə onunla əlaqədardır ki, turagentin potensial müştəriləri müxtəlif məqsəd və istiqamətlər üzrə səyahət etmək arzusunda ola bilər. Müştəriləri itirməmək üçün turagentin dünyanın istənilən guşəsində turizm biznesinin imkanları barədə yaxşı məlumatı olmalı, təklif olunan səyahət marşrutu üzrə etibarlı zəmanət verməyi bacarmalıdır. Kooperativə daxil olan turagentlər, nəqliyyat və yerləşdirmə vasitələrində, yerlərin bronlaşdırılmasında, müştəri mübadiləsində, turların satışı üzrə turoperatorlarla müqavilələrin bağlanmasında birgə fəaliyyət göstərə bilərlər.
Nəzərə almaq lazımdır ki, reklam işləri üçün vəsait ayırmazdan əvvəl marketinq şöbəsinin nümayəndələri bu və ya digər reklam daşıyıcısının, yəni turizm regionu haqqında ilkin məlumatları əks etdirən bukletin, plakatın və s. hansı təşkilatlara aid olduğunu bilməlidirlər. Araşdırmalar göstərir ki, reklamlar forma müxtəlifliyi ilə seçilir və müxtəlif məqsədlərə xidmət edir. Reklamın başlıca vəzifəsi reklam verən tərəfin gəlir götürməsi və məhsul satışının təmin edilməsindən ibarət olmaqla yanaşı, həm də ilkin məlumatların əks olunmasıdır.
Digər tərəfdən məlumdur ki, reklam özü də iqtisadi fəaliyyət növü kimi xüsusi funksiyaları yerinə yetirir. Bu baxımdan, tələbatı formalaşdırıb satışı stimullaşdıran, istehlakçıları müəyyən malları almağa sövq edən və alqı-satqı prosesini sürətləndirən, həm də son nəticədə kapitalın dövriyyəsini sürətləndirən reklam bazarda iqtisadi funksiyalar yerinə yetirir. Bu funksiya rəqabətin müdafiə edilməsi, həm də satış bazarlarının genişləndirilməsində üzə çıxır. Bütövlükdə isə milli iqtisadiyyata güclü təsir göstərməklə bərabər, reklam fəaliyyəti özlüyündə turizmin inkişafında da ən mühüm sahələrdən biridir.
Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, istehlakçıları istehsal və onun məhsulları haqqında məqsədyönlü informasiya ilə təmin edən reklam informasiya funksiyasını yerinə yetirir. Yalnız onu qeyd etmək lazımdır ki, reklam fəaliyyətinin öyrənilməsi prosesində istifadə olunan anket, sorğu, rəylərin toplanması, məhsulların reallaşdırılması prosesinin təhlili bazar və istehlakçılar arasında qarşılıqlı əlaqəni təmin edir.
Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası istiqamətində aparılan ardıcıl işlərdəndir. Bütün bunlar həm də qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Eyni zamanda, turizmə qoyulan sərmayə daha çox özünü daşınmaz əmlak, infrastruktur, müasir yollar, su, elektrik və s. təchizatında tapır ki, bu da etibarlı əməkdaşlıq baxımından biznesdə xarici investorları daha çox maraqlandırır. Əlbəttə, ümummilli lider Heydər Əliyevin söylədiyi kimi "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadir"dir. Eyni zamanda, arzu edilən güclü, hər şeyə qadir milli iqtisadiyyatın formalaşdırılması isə ilk növbədə, bütün sahələrin tarazlı inkişafını tələb edir. Bu baxımdan, qarşıda duran vacib məsələlərdən biri də turizm, nəqliyyat, rabitə və s. kimi xidmət sahələrinin inkişaf etdirilməsi, bu sahələrdə ciddi uğurların əldə olunması məqsədilə geniş əhatəli elmi araşdırmaların aparılması, elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələrin işlənib hazırlanmasıdır.
Azərbaycan ərazisinin şimaldan Böyük Qafqaz, qərbdən Kiçik Qafqaz, cənubdan Talış dağları, şərqdən isə Xəzər dənizi ilə əhatə olunması, qədim tarixi, mədəniyyəti və ümumiyyətlə, zəngin təbii sərvətləri turizm sənayesinin inkişafı üçün əlverişli şərait yaradır. Digər tərəfdən, Böyük İpək yolu Azərbaycan ərazisindən keçərək Avropa ilə Asiya qitələrini, eləcə də qərb və şərq sivilizasiyalarını birləşdirir. Eyni zamanda, Ümumdünya Turizm Təşkilatının UNESCO ilə əməkdaşlığı sayəsində bərpa edilən Böyük İpək yolu turist transkontinental marşrutuna Azərbaycan da daxil edilmişdir. Ona görə də iqtisadi, nəqliyyat və turizmin inkişafı baxımından bu yolun bərpasının böyük əhəmiyyəti vardır.
Müşahidələr göstərir ki, Böyük İpək yolunun bərpası üzrə aparılan işlər, həm də Azərbaycan Respublikasının dünya birliyi ölkələri ilə inteqrasiyasının daha da güclənməsinə təsir edir ki, bu da öz müsbət təsirlərini büruzə verir. İlk əvvəl, Azərbaycanın iqtisadi-siyasi əlaqələrinin dünya standartlarına uyğun olaraq yenidən qurulması, respublikada çoxlu sayda müxtəlif istiqamətləri əhatə edən istehsal sahələrinin müasir tələblərə uyğunlaşdırılması və genişləndirilməsi, habelə bu istiqamətdə yeni müəssisələrin yaradılması, müasir xidmətlərin təşkili zərurətini meydana çıxarır.
Böyük İpək yolu proqramı çərçivəsində nəqliyyat əlaqələrinin inkişafı nəticəsində respublika daxilində müxtəlif yolların kəsişdiyi nəqliyyat qovşaqları (Bakı, Şirvan, Yevlax, Lənkəran, Gəncə, Naxçıvan, Culfa) fəaliyyət göstərir ki, bütün bunlar da xarici iqtisadi və turizm əlaqələrinin formalaşmasında mühüm rol oynayır. Bu şəhərlərin nəqliyyat xətlərinin qovşağında yerləşməsi burada otellərin, kempinqlərin, xüsusi avtoparkı olan yeni motellərin tikintisini, mövcud olanların isə təkmilləşdirilməsini tələb edir. Bütün bunlarla yanaşı, dünyada Azərbaycanın neft ölkəsi olmaqla bərabər, həm də turizm ölkəsi kimi tanıdılması üçün və bu məqsədlə respublikamızda turizm və neft sənayesini inkişaf etdirmək üçün aşağıdakıların nəzərə alınması məqsədəuyğundur: respublikamızın rekreasiya potensialının neft sənayesinin inkişaf prosesində iştirak edən xarici sərmayədarlara tanıdılması və təbliği; neft sənayesinin və nəqliyyat daşınmalarının artması ilə əlaqədar cəlb olunmuş sərmayənin bir hissəsinin turizm sənayesinin inkişafına yönəldilməsi; fəaliyyət göstərən perespektivli rekreasiya müəssisələrində xidmətlərin səviyyəsinin yüksəldilməsi, turist qəbulu imkanlarının və turist cəlbediciliyinin artırılması üçün onlara güzəştli şərtlərlə kreditlərin verilməsi və s.
Ümumiyyətlə, Böyük İpək yolunun bərpası Azərbaycanda fəaliyyət göstərən iş adamlarının, o cümlədən xarici şirkətlərin fəaliyyətində yeni bir mərhələ, milli iqtisadiyyatın dirçəlişi üçün başlıca amil rolunu oynamaqdadır. Onu da qeyd etmək lazımdır ki, Böyük İpək yolunun bərpası həm də kompleks tədbirlərin həyata keçirilməsini də sürətləndirir. Azərbaycanın dünya ölkələri arasında əlverişli geosiyası vəziyyətdə olması dünya ölkələrinin iqtisadi marağına səbəb olur ki, bu da bir sıra amillərlə bağlıdır. Hələ yüz illər öncə Böyük İpək yolunun Azərbaycandan keçməsi, ən ucuz nəqliyyat növü olan və iqtisadi əlaqələrdə mühüm rol oynayan dəniz nəqliyyatının respublika ərazisində kəsişməsi, kiçik əraziyə malik olmasına baxmayaraq müxtəlif nəqliyyat növlərini əhatə edən beynəlxalq əhəmiyyətli dəhlizlərin qovşağında yerləşməsi və s. milli iqtisadiyyatın, eləcə də onun turizm, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrinin inkişafı üçün əlverişli şəraitin mövcudluğudur. Bütün bu göstərilən amilləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Böyük İpək yolunun bərpası, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması təkcə iqtisadi yox, həm də turizm əlaqələrin intensivləşdirilməsinə şərait yaradacaq, Qafqazda münaqişə ocaqlarının söndürülməsində əvəzsiz rol oynayacaq, Azərbaycan Respublikasının dünya miqyasında nüfuzunu, gücünü artıracaq və ən əsası, turizm ölkəsi kimi tanınmasını təmin edəcəkdir.
Beləliklə, Azərbaycan Respublikasının turizm potensialı, turizm sənayesinin inkişaf istiqamətləri və bu sahədə nəqliyyat sisteminin roluna dair aparılan araşdırmalardan belə nəticəyə gəlmək olar ki, kompleks dinamik inkişaf üçün müəyyən istiqamətlər üzrə tədqiqatlar davam etdirilməli, elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr işlənib hazırlanmalıdır. Beynəlxalq təcrübədən aydın olur ki, ayrı-ayrı dövlətlərdə turizm sənayesinin inkişafı üçün o qədər də əlverişli şərait olmadığı halda, Azərbaycan Respublikasında bu sahənin inkişafı üçün zəngin potensial mövcuddur. İstər mövcud rekreasiya ehtiyatları, istərsə də Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi turizmin inkişafı üçün əlverişli şərait yaradır. Bu baxımdan qarşıda duran mühüm vəzifələrdən biri milli iqtisadiyyatın turizm, nəqliyyat və digər sahələrinin mövcud potensialdan səmərəli istifadə edərək ölkənin davamlı inkişafına nail olmaqdır.
Aqil ƏSƏDOV,
AMEA
İqtisadiyyat İnstitutunun
şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2010.- 24 oktyabr.- S. 4.