Vəhşi Təbiətin
Bərpası Mərkəzi və Reabilitasiya Klinikası
yaradılmışdır
Vaxt vardı, bir çoxları,
xüsusilə də uşaqlar kənddə, meşədə
bir yaralı quşu, heyvanı görəndə onu tez evə
gətirər, yarasını sarıyıb, sağalması
üçün ona həvəslə qulluq göstərərdi.
Ancaq artıq vəhşi təbiətdə yaralı və xəstə
olan heyvanların ev şəraitində müalicəsinə
ehtiyac qalmayıb. Çünki artıq onların
reabilitasiyası üçün ölkəmizdə
Altıağac Milli Parkının tərkibində Vəhşi
Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya
Klinikası fəaliyyət göstərir. Klinika Müstəqil
Dövlətlər Birliyi məkanında yaradılmış
ilk belə mərkəzdir. Təbiətdə rast gəlinən
xəstə və yaralı heyvanlara klinikanın əməkdaşları
qulluq göstərir, sağalandan sonra isə yenidən təbiətə
buraxırlar.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin "2010 Ekologiya
ili-Yaşıl dünya naminə" devizi altında jurnalistlər
üçün təşkil etdiyi tur zamanı klinikanın
iş qaydaları və heyvanların saxlanma şəraiti ilə
tanış olduq. Altıağac Milli Parkı Xızı və
Siyəzən rayonlarının inzibati ərazilərində
Prezident İlham Əliyevin 2004-cü il 31 avqust tarixli sərəncamı
ilə yaradılıb. Klinikanın fəaliyyəti isə
2006-cı ildən başlanıb. Altıağac Milli
Parkının mühafizə işləri üzrə direktor
müavini Paşa Məmmədov bildirdi ki, Reabilitasiya
Klinikasının yaradılmasında məqsəd təbiətdən,
eləcə də qanunsuz saxlanılan yerlərdən
müsadirə olunaraq götürülən halsız,
yaralı və xəstə heyvan və quşların
reabilitasiyasının təşkili, sağalandan sonra isə
onları adət etdikləri təbiətə qaytarmaqdır:
"Klinika fəaliyyətə başlayandan bəri 100-dən
artıq quş növü, müxtəlif növ heyvanlar
burada reabilitasiya olunub və təbiətə buraxılıb.
Hazırda klinikada iki ayı, iki canavar, bir yenot, bir
tülkü və qu quşu reabilitasiya keçir " - deyə
Milli Parkın nümayəndəsi bildirdi.
Klinikada
heyvanlar təbii mühitlərinə uyğun qəfəs
şəraitində saxlanılır. Artıq heyvanların
daha əlverişli şəraitdə saxlanılması
üçün isə həcmcə böyük qəfəslər
hazırlanıb.
Sərbəst
və azad həyata öyrəşmiş, indi isə ətrafı
hələlik qəfəsdən seyr edən bu heyvanların hər
birinin özünün maraqlı həyat hekayəti var. Milli
Parkın direktor müavini Paşa Məmmədov onların
klinikaya necə düşməsindən də bəhs etdi. Məlum
oldu ki, bir qəfəsi paylaşan iki canavar çobanlar qoyun
otararkən itlərə və sürüyə hücum edib.
İtlərin canavarları boğmasını görən
çobanlar isə onları tutaraq, Milli Parkdakı Klinikaya təhvil
veriblər. Qəfəsdən məzlum-məzlum ətrafı
seyr edən tülkü ayağından yaralı halda gətirilib.
Yanaşı qəfəslərdə saxlanılan ayılar isə
qəfəsdə arxayın-arxayın gəzişirdilər.
Jurnalistlərin uzatdıqları yeməyi götürən
ayılar hallarından məmnun görünürdü: "
Bu ayılardan biri Zaqatala rayonundan, digəri isə Qubanın
Xınalıq kəndindən qeyri-qanuni saxlandıqları yerdən
müsadirə edilib. Yaxın vaxtlarda biz reabilitasiya
keçmiş bu ayıları təbiətə buraxmağı
düşünürük"-deyə Milli Parkın direktor
müavini Paşa Məmmədov əlavə etdi. Qəfəsinə
yaxınlaşanları özünəməxsus səsi ilə
salamlayan bəyaz rəngli qu quşu isə dəniz kənarında
yaralı tapılıb və sonra müalicə
üçün buraya gətirilib.
P. Məmmədov
xüsusi mülkiyyətdə, ev şəraitində və
digər əyləncə məkanlarında saxlanılan vəhşi
heyvanların vəziyyətinə də münasibət
bildirdi. O qeyd etdi ki, vəhşi heyvanların o cür yerlərdə
saxlanılması qadağandır və bu əsasla yerli
insanlarda tapılan bu cür heyvanlar dərhal müsadirə olunur.
Altıağac Milli Parkı 11035 hektar ərazini əhatə
edir. Milli Parkın yaradılmasında əsas məqsəd
Böyük Qafqazın cənub-şərq yamaclarının
təbii landşaftının, flora və fauna növlərinin
qorunub saxlanılması, bərpası, təbii komplekslərin
mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata
keçirilməsi, eləcə də, tədqiqatlar, turizm və
istirahət üçün şəraitin yaradılması və
əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.
Milli
Parkın ərazisinin çox hissəsini meşələr əhatə
edir. Bu da parkın ərazisində müxtəlif növ vəhşi
heyvanın, nadir quşların yaşamasına şərait
yaradır. Burada məməlilərdən cüyür, qonur
ayı, çöl donuzu, vaşaq, yenot, dovşan,
tülkü, dələ, canavar, quşlardan qırqovul,
alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı,
kəklik, qaratoyuq kimi növlərə rast gəlinir.
Adları Azərbaycanın "Qırmızı
Kitab"ına daxil edilmiş qartalkimilərin müxtəlif
növləri nadir quşlardan hesab edilir. Qafqaz palıdı,
Qafqaz vələsi, Şərq fıstığı, adi
göyrüş, itiyarpaqlı ağcaqayın ağac növləri,
yemişan, böyürtkən, qaratikan, itburnu kimi kol bitkiləri
Altıağac Milli Parkının əsas meşə
örtüyünü təşkil edir.
Qeyd
edək ki, media nümayəndələrinin Altıağac
Milli Parkına səfəri Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin "2010 Ekologiya ili-Yaşıl dünya naminə"
devizi altında təşkil etdiyi ikinci səfər idi. Bundan əvvəl
yayda jurnalistlərin Hirkan Milli Parkına ekskursiyası da təşkil
edilmişdi.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 24 oktyabr.- S. 5.