Prezident İlham Əliyev:
Bu ilin doqquz ayında sosial sahə ilə bağlı
bütün məsələlər həllini tapıb
Bütün dünya
üçün qlobal böhran ili kimi tarixə
düşmüş 2009-cu ildə Azərbaycan iqtisadiyyatı
9,1 faiz artmışdır. Bu, olduqca böyük nailiyyətdir.
Ona görə ki, ölkənin iqtisadiyyatının
inkişaf edib möhkəmlənməsi əhalinin xeyrinədir.
Dövlətimizin iqtisadi qüdrəti yüksəldikcə,
pul gəlirlərimiz artdıqca, valyuta ehtiyatımız
çoxaldıqca hökumət bunun çox hissəsini vətəndaşların
həyat səviyyəsinin
yaxşılaşdırılmasına sərf edir.
Azərbaycanda əldə olunan vəsaitlərin böyük hissəsi isə respublikamızın şəhərlərinin, rayonlarının, qəsəbə və kəndlərinin abadlaşdırılmasına, infrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldilir. Bu mənada 2010-cu il də istisna deyil. Cari ildə ölkəmizin iqtisadi potensialı daha da artmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu məsələlər ətraflı təhlil edilmişdir. Dövlətimizin rəhbəri İlham Əliyev giriş nitqində fəxrlə qeyd etmişdir ki, Azərbaycanda güclü sosial siyasət aparılır. Bu da həmişə olduğu kimi, siyasətimizin əsas istiqamətlərindən biridir. Bu il əhalinin pul gəlirləri 11 faiz artmışdır. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu il və xüsusilə keçən rübdə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi 75 manatdan 85 manata qaldırılmışdır. Bu meyillər Azərbaycanda keçən illərdə də müşahidə olunurdu, gələcək illərdə də əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən bütün addımlar atılacaqdır. Onu da qeyd etmək istəyirəm ki, pensiya və əməkhaqqının indiki minimum səviyyəsi bizi hələ də qane etmir. Amma əgər MDB məkanı ilə özümüzü müqayisə etsək görərik ki, bu göstərici Azərbaycanda ən yüksək səviyyədədir. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu proqram, təxminən 600 min insanı əhatə edir. 128 min ailə hər ay dövlətdən orta hesabla 108 manat yardım alır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial siyasət, sözün əsl mənasında, prioritet məsələdir.
Bu ilin doqquz ayında sosial sahə ilə bağlı bütün məsələlər həllini tapıb. Sosial infrastrukturun yaradılmasına böyük investisiyalar qoyulubdur. Bu il 23 səhiyyə müəssisəsi təmir olunubdur, 59 məktəb və əlavə korpus, 3 regional olimpiya idman mərkəzi tikilib və "Kür" Olimpiya Tədris-İdman Mərkəzi bu yaxınlarda istifadəyə verilibdir. Bu proses davam etdirilir və gələn ilin büdcəsində, əlbəttə ki, sosial infrastrukturun möhkəmlənməsi üçün əlavə tədbirlər görüləcəkdir.
Son yeddi ildə respublikamızın bütün regionları, demək olar ki, öz simasını tamamilə dəyişmişdir. Bütün ölkədə abadlıq-quruculuq işləri ildən-ilə genişlənir, yeni sənaye mərkəzləri yaradılır, kənd təsərrüfatının, emal sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bütün bunlar işsizlik problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir.
Bu il də Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam edir. İlin əvvəlindən bəri Azərbaycanda 56 min yeni iş yeri açılmışdır. 2003-cü ildən sonra Azərbaycanda 900 minə yaxın iş yeri açılmışdır. Bu da özlüyündə onu göstərir ki, işsizlik kimi çox çətin və ağır problem tədricən öz həllini tapır. Belə getsə növbəti illərdə Azərbaycanda işsizlik problemi qalmayacaqdır. Bu gün Azərbaycanda işləmək istəyən vətəndaşlar əksər hallarda işlə təmin oluna bilərlər.
Nəzərə alsaq ki, Azərbaycanda böyük tikinti layihələri icra edilir, dövlət tərəfindən sahibkarlığın inkişafına həm kreditlər hesabına böyük dəstək verilir, həm başqa imtiyazlar göstərilir, əlbəttə, bu amillər də işsizliyin aradan qaldırılması üçün öz rolunu oynayacaqdır. Çünki bu gün məşğulluq məsələlərinin həlli üçün özəl sektor artıq ön plana çıxıbdır. Bu da, ilk növbədə, dövlətin özəl sektora olan diqqəti və dəstəyinin nəticəsidir. İş yerlərinin 70 faizi özəl sektorda yaranmışdır. Əgər dövlət tərəfindən kreditlər verilməsəydi, sahibkarlığa qayğı göstərilməsəydi, 2004-cü ildə regional inkişaf proqramı qəbul edilməsəydi, əlbəttə ki, bu gün özəl sektor bu səviyyədə inkişaf edə bilməzdi. Ölkə rəhbərliyi həm iri özəl müəssisələri, həm də kiçik müəssisələri dəstəkləyir. Çünki həm dünya praktikası, həm keçən ilin iqtisadi və maliyyə böhranı göstərdi ki, kiçik bizneslə zəngin olan, yəni kiçik biznesin inkişaf etdiyi ölkələrin iqtisadiyyatı daha da dayanıqlı olur. Bu gün Azərbaycan şirkətləri xarici bazarlarda uğurla fəaliyyət göstərir.
Bir sözlə, regionlarda işlər müsbət istiqamətdə gedir. Bütün şəhərlərimiz abadlaşır, gözəlləşir, müasirləşir və bu, çox sevindirici haldır. Əlbəttə ki, Bakı - bizim paytaxtımız, sevimli şəhərimiz dünyanın ən gözəl şəhərləri sırasındadır. Bunu təkcə biz yox, Bakıya gələn hər bir insan görür və qeyd edir. Ancaq biz istəyirik ki, bütün şəhərlərimiz gözəl, abad olsun və orada yaşamaq üçün hər cür şərait yaradılsın. Regional inkişaf proqramı da məhz bu məqsədlə qəbul olunmuşdur. Bu gün regionlarda həm təhsil, həm səhiyyə, həm infrastruktur, həm də bütün başqa sahələrdə işlər yüksək səviyyədə aparılır.
Nazirlər Kabinetinin iclasında çıxış edən maliyyə naziri Samir Şərifov ölkənin büdcə xərclərinin vəziyyətini geniş təhlil etdi. Dedi ki, hesabat dövründə icra olunmuş dövlət büdcəsi xərclərinin 2 milyard 65 milyon manatı və ya 30,2 faizi sosialyönümlü tədbirlərin, yəni təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrinin maliyyə təminatına sərf edilmişdir ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 124 milyon manat və ya 6,4 faiz çoxdur. Yəni, cari ildə də ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət mərkəzində olmuşdur.
Qeyd olunmalıdır ki, 2010-cu il bu baxımdan digər illərdən fərqlənir. Belə ki, 2008-2009-cu illərdə dünyanın üzləşdiyi qlobal maliyyə-iqtisadi böhran və onun yaratdığı tənəzzül başa çatsa da, onun təsirləri hələ ki, bu gün də bir çox ölkələrdə hiss olunmaqdadır. Böhranın ağır nəticələrini aradan qaldırmaq üçün bir sıra ölkələr, o cümlədən də inkişaf etmiş dövlətlər büdcə xərclərinin, əmək haqlarının, sosial müavinətlər və digər ödənişlərin ixtisarını həyata keçirmək məcburiyyəti ilə üzləşirlər. Bəzi ölkələrdə hətta kütləvi surətdə iş yerlərinin bağlanması və əhalinin sosial müdafiəsinə ünvanlanmış mühüm layihələrin icrasının dayandırılması, pensiya yaşının kəskin surətdə artırılması kimi tədbirlər də müşahidə olunur.
Azərbaycanda isə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, ölkədə yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların, ilk növbədə, qaçqınların və məcburi köçkünlərin sosial və həyat şəraitinin yaxşılaşdırılması üzrə görülən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində 2010-cu ildə ölkə əhalisinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti əhəmiyyətli addımlar atılmışdır. Belə ki, cari ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, habelə hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılmışdır. 394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmışdır. 14 minə yaxın şəhid ailəsi üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinə 50 faiz, 87 min nəfərdən artıq doktorant, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir. Artımların tətbiqi təxminən 3 milyon nəfərin güzəranının daha da yaxşılaşmasına imkan verəcəkdir. Qeyd etmək lazımdır ki, artıq sentyabr ayından bu artımların tətbiqi ilə bağlı maliyyələşməyə başlanılmışdır.
İclası yekunlaşdıran ölkə rəhbəri İlham Əliyev ilin sonuna kimi və gələn il qarşıda duran vəzifələri müəyyənləşdirdi, Azərbaycanın regionda lider dövlət kimi möhkəmlənməsi üçün təxirəsalınmaz vəzifələrdən danışaraq dedi:
- Mən istəyirəm ki, hər şey tez həll olunsun, vaxt itirməyək.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2010.- 24 oktyabr.- S. 1.