"Karmen" operasının tamaşası sənət
bayramına çevrildi
Opera və Balet Teatrının mətbuat
xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında C.Bizenin
"Karmen" operasının tamaşası
keçirilmişdir. Məlum olduğu kimi, bu əsər
dünya opera sənətinin ən dəyərli nümunələrindən
biri olub, operasevərlər arasında çox populyardır və
hər dəfə nümayiş olunarkən böyük
marağa səbəb olur. Elə bu dəfə də
tamaşa anşlaqla baş tutmuşdur.
Opera
və Balet Teatrı rəhbərliyinin xarici ölkələrin
opera teatrlarında çalışan həmyerlilərimizlə
yaradıcılıq əlaqələri qurması çərçivəsində
keçirilən bu tamaşada baş rolu - Karmen
partiyasını ifa etmək üçün Sankt-Peterburqun
Marinski adına Dövlət Akademik Opera və Balet
Teatrının gənc solisti Reqina Rüstəmova dəvət
olunmuşdu.
Tamaşanı
Rusiyanın əməkdar incəsənət xadimi,
Sankt-Peterburq hökümətinin incəsənət və mədəniyyət
xadimləri üçün təsis etdiyi mükafatın
laureatı, professor Andrey Anixanov idarə etmişdir.
Tamaşa
çox böyük uğurla baş tutmuşdur.
Tamaşaçılar səhnədəki
ifaçıların çıxışlarını hərarət
və emosionallıqla qarşılamış, sürəkli
alqışlar və "bravo" sədaları ilə
müşayiət etmişlər. Orkestrin parlaq və
ilhamlı ifası, gözəl və zəngin dekorasiya və
kostyumlar tamaşanı daha da baxımlı edirdi.
Respublikanın əməkdar artistləri Həsən Enami
(Xoze) və Əvəz Abdullayev (Eskamilio) və
vokalçıların Bülbül adına beynəlxalq
müsabiqəsinin qalibi Fəridə Məmmədova (Mikaella)
öz rollarını parlaq şəkildə ifa etmişlər.
Reqina Rüstəmova da Karmen obrazını yüksək
professionallıqla ifa edərək,
tamaşaçıların rəğbətini
qazanmışdır.
Tamaşadan
sonra dirijor Andrey Anixanov aşağıdakıları söyləmişdir:
"Biz bu gün çox gözəl bir tamaşa
keçirdik. Solistlərin və orkestrin professional səviyyəsindən
razıyam. Sizin teatrın yaradıcı fəaliyyətində
iştirak etməyi özüm üçün böyük
şərəf hesab edirəm. Məlum olduğu kimi, mən
sizin teatrın rəhbərliyi ilə birillik müqavilə
imzalamışam və bu müqavilə çərçivəsində
simfonik orkestrlə çalışmalı və bir sıra
klassik tamaşaları idarə etməliyəm. İlk dəfə
deyildir ki, sizin teatrda tamaşanı idarə edirəm. Tam səmimiyyətimlə
demək istəyirəm ki, sizin sənətçilərlə
çalışmaqdan və ünsiyyətdən hər zaman
böyük zövq alıram. Teatrda çoxlu sayda
istedadlı və perspektivli gənclər var, gözəl
yaradıcılıq ab-havası hökm sürür.
Yaradıcılıq və inzibati rəhbərlik nöqteyi-nəzərindən
hər şey çox dəqiqliklə qurulmuşdur. Bu, əlbəttə,
şübhəsiz ki, teatr rəhbərliyinin böyük xidmətidir.
Mən onu çox güclü menecer və öz işinin
yüksək peşəkarı hesab edirəm.
Sonda
şəhəriniz haqqında bir neçə söz söyləmək
istərdim. O, fantastik dərəcədə gözəldir və
burada gördüklərim məndə unudulmaz təəssüratlar
oyadır. Bütün bunlar mənim sizin ölkənizə və
insanlarınıza məhəbbət və hörmətimi
daha da artırır".
A.ÜLVİ
Xalq qəzeti.- 2010.- 26 oktyabr.- S. 7.