Ağsu: payız-qış
mövsümünə hazırlıq yüksək səviyyədədir
Bu istiqamətdə tədbirlər
hələ ilin ikinci rübündən start
götürmüşdü
Təxminən iki ay əvvəl
dünyanın aparıcı kütləvi informasiya vasitələri
belə bir xəbər yaymışdılar ki, guya, builki
qış son min ilin ən soyuq və ən yağmurlu
qışı olacaq. Ona görə "guya" deyirəm
ki, sonradan dünyanın ən mötəbər elmi təşkilatları
həmin xəbəri əsassız saydılar. Amma buna
baxmayaraq Avrasiyada builki qışın ötən illərə
nisbətən daha soyuq keçəcəyini də inkar edən
olmadı. Yəni cəmi bir aydan sonra bizi son min ilin olmasa da,
son beş-altı ilin ən soyuq qışı gözləyir.
Qar qapını alacaq, küləklər öz
simfoniyasını çalacaq və qışa vaxtında
hazırlaşmayanların problemləri üzə
çıxacaq. Ona görə də fikirləşdik ki,
rayonlarda payız-qış mövsümünə
hazırlığın vəziyyəti ilə bağlı qəzet
materialı hazırlayaq. Elə Ağsuya
gəlişimizin əsas səbəbi də bu
idi.
- Əvvəla,
hansı ilin hansı fəslinin necə keçəcəyi
tanrının işidir. İnsanların o barədə proqnoz
verməsindənsə, hərənin öz vəzifəsini
layiqincə yerinə yetirməsi daha yaxşı olardı.
İkinci, qış öz qarıyla gözəllik,
soyuğuyla təmizlik gətirir. Əlbəttə, bu gözəl
fəsilə vaxtında hazırlaşanlar üçün. Yəni
biz bu ilki qışın ötən illərə nisbətən
sərt və ya mülayim keçməsi barədə xəbərlərdən
o qədər də narahat deyilik - bu sözləri Ağsu
rayon icra hakimiyyəti başçısının
sosial-iqtisadi məsələlər üzrə müavini
İqbal Mikayılov dedi. Həmsöhbətim əlavə etdi
ki, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı
dünya ölkələrinin hamısında yüksək səviyyədə
qiymətləndirilirsə, beynəlxalq təşkilatlar
dövri olaraq öz hesabatlarında Azərbaycanın
hansısa nümunəsini və ya rekordunu qeyd edirlərsə,
biz nə üçün öz fəaliyyətimizi həmin səviyyəyə
uyğun qurmayaq? Üstəlik, bu gün Azərbaycan elə
bir tərəqqi və inkişaf dövrü yaşayır ki,
bu tendensiyanın fonunda hansısa rayonun qışa
hazırlığında problem olması inandırıcı
görünməz.
İcra
başçısının müavini Nazirlər Kabinetinin
oktyabrın 20-də keçirilmiş geniş
toplantısını yada salaraq qeyd etdi ki, 2010-cu ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasda Prezident İlham Əliyev ölkəmizin son
illərdə və son aylarda əldə etdiyi
çoxsaylı faktlardan söz açdı:
-
Dövlət başçımız qeyd etdi ki, Azərbaycanda
iqtisadi sahədə aparılan
düşünülmüş siyasət yüksək
göstəricilərə nail olmaq üçün şərait
yaradıb. Ölkədə son doqquz ayda 56 min, 2003-cü ildən
sonra isə 900 minə yaxın iş yeri yaradılıb. Azərbaycanın
ümumi valyuta ehtiyatları 28 milyard dollardan çoxdur və
sairə. Yəni, dövlət başçımız
xalqın rifahının, ölkənin inkişafının,
dövlətin qüdrətləndirilməsinin təsdiqi olan
çoxsaylı faktlar söylədi. Deməli, biz də
öz fəaliyyətimizi elə qurmalıyıq ki, bu ənənəvi
uğurlar salnaməsinə öz töhfəmizi vermiş
olaq. Elə rayonun payız-qış mövsümünə
hazırlığını dövlətin tələb etdiyi
səviyyədə təşkil etməyimiz də həmin
töhfələrimizdəndir.
Payız-qış
mövsümünə hazırlıqla bağlı məlumat
verərkən ilk növbədə təhsil müəssisələrinin
bu mövsümə hazırlığının səviyyəsini
yada salaq. Bu da təsadüfi deyil. Çünki bu gün
Prezident İlham Əliyevin ən böyük önəm
verdiyi sahə təhsil sektorudur. Bu faktı əsas
götürən Ağsu rayon rəhbərliyi 2010-2011-ci dərs
ilinin payız-qış mövsümündə rayonun təhsil
müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin
olunması üçün bir sıra tədbirlər həyata
keçirmişdir. Yeni dərs ilinə hazırlıq
dövründə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə "Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi çərçivəsində Qaraqoyunlu kəndində
220, dövlət vəsaiti hesabına Kalva kəndində 220
şagird yerlik orta məktəb binasının tikintisi
başa çatdırılıb. Şəhər 2 və 5
saylı orta məktəb binası isə cari təmir olunub.
Digər tədris müəssisələrində də zəruri
xırda təmir işləri aparılıb. Rayonun 13 məktəbində
istilik sistemi müasir tələblərə uyğun qurulub.
Qalan bütün ümumtəhsil məktəblərinin
payız-qış mövsümündə istiliklə təchizatı
odun yanacağı ilə həyata keçirilir. Məktəblər
odun peçi ilə tam təmin olunub və odun yanacağı
ilə fasiləsiz olaraq təmin edilməsi istiqamətində
lazımi tədbirlər görülüb. Tədris müəssisələrində
bina və qurğuların elektrik şəbəkəsində
olan nasazlıqlar əsasən aradan qaldırılıb, cihaz
və avadanlıqların təhlükəsiz
istismarının təmin edilməsi üçün
müvafiq tədbirlər görülüb.
Qış
mövsümünə hazırlıqla əlaqədar Mədəniyyət
və Turizm şöbəsində və onun struktur bölmələrində
müəyyən işlər görülüb. Belə ki,
cari ildə Mədəniyyət və Turizm şöbəsi,
Mərkəzləşdirilmiş kitabxana sistemi, Mədəniyyət
evi, Tarix-diyarşünaslıq muzeyi və Uşaq Musiqi Məktəbində
əsaslı və cari təmir işləri həyata
keçirilib. Rayon əhalisinin qarşıdan gələn
qış mövsümündə enerji
daşıyıcıları ilə fasiləsiz təminatını
təşkil etmək məqsədiylə Şəbəkə
Rayonunun balansında olan 10/04 kilovoltluq enerji verilişi xəttinin
17 kilometrdən çox hissəsində əsaslı və
cari təmir işləri aparılıb, 10 ədəd
yüksək güclü, 37 ədəd isə nisbətən
aşağı güclü transformator yarımstansiyası təmir
olunub, 393 ədəd elektron sayğac
quraşdırılıb.
Şəhərin
yaşayış massivlərinin qaz təchizatının
yaxşılaşdırılması və rayonun kənd
yaşayış məntəqələrinin qaz təminatının
bərpası və yenidən qurulması, eləcə də,
növbəti payız-qış mövsümündə
abonentlərin təbii qaz təminatının
yaxşılaşdırılması istiqamətində
işlər davam etdirilib. Şəhərin Heydər Əliyev
küçəsində 1400 metrlik aşağı təzyiqli
qaz kəməri təmir olunub, M.Müşfiq, M.Əliyev,
H.Tağızadə, T.İsmayılov, M.F.Axundov, S.Rzayev, D.Bünyadzadə
və Nizami küçələrində 2 min 700 metrə
yaxın yeni qaz kəməri çəkilib. Cari ildə və
gələn il qazlaşdırılması nəzərdə
tutulmuş kənd yaşayış məntəqələrinin
qazlaşdırılması üçün Ağsu-Göydəlləkli
və Ağsu-Bəyimli kəndləri istiqamətində - 41
kilometrdən çox məsafədə polietilen borularla orta təzyiqli
qaz kəmərinin tikintisi başa çatdırılmaq
üzrədir. Ərəbsarvan, Hacıqədirli, Göydəlləkli,
Bəyimli və Ərəbmehdibəy kəndlərində qaz
çəkilişi davam etdirilir. Çiyni, Növcü,
Axundlu və Məliksoltanlı kəndlərinin qaz təsərrüfatı
yenidən qurularaq təbii qazın qəbulu üçün
tam hazır vəziyyətə gətirilib. Lap yaxın
vaxtlarda həmin kəndlərə qaz verilməsi təmin ediləcəkdir.
Eləcə də rayondakı bütün Qaz Tənzimləyici
Şkaflar və digər avadanlıqlar təmir olunaraq istismara
yararlı vəziyyətə gətirilib, qaz itkisinə yol
verməmək üçün şəhərdə 409
abonentə məxsus sayğac həyətlərdən
küçəyə çıxarılıb.
Payız-qış
mövsümünə hazırlıqla əlaqədar Mənzil-İstismar
İdarəsinin balansında olan ictimai yaşayış
binalarının dam örtüyünün dəyişdirilməsi,
təmiri, binalarda məişət-kanalizasiya xətlərinin
və digər avadanlıqların təmiri, çirkabdan təmizlənməsi
işləri aparılıb. Şəhərin əksər
küçələrini əhatə edən su xətlərinin
1260 metri, mərkəzi su anbarına gələn xəttin isə
150 metri cari təmir edilib.
2010-2011-ci
illər qış mövsümündə rayonun səhiyyə
müəssisələrinin əhaliyə lazımi tibbi xidmət
göstərməsini təmin etmək məqsədiylə həmin
müəssisələrin istilik və elektrik enerjisi ilə təchizatı
yaxşılaşdırılıb. Bu müəssisələrin
ekstremal vəziyyətdə fasiləsiz işləməsi
rayon rəhbərliyinin daimi diqqət mərkəzindədir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar
rayonun Telekommunikasiya Qovşağı tərəfindən
müvafiq tədbirlər həyata keçirilib. Rabitə
obyektlərinin elektrik qida qurğularında müvafiq
hazırlıq işləri aparılıb və dizel generator
qurğularının, eləcə də akkumlyator
batareyalarının daimi işlək və saz vəziyyətdə
saxlanılması, həmçinin dizel-generatorlarının
yanacaq ehtiyatı təmin edilib.
Rayon
rəhbərliyi Ağsu ərazisində məskunlaşmış
qaçqın və məcburi köçkün ailələrinin
payız-qış mövsümündə mənzil-məişət
şəraitinin yaxşılaşdırılması,
onların elektrik enerjisi, təbii qaz və istilik enerjisi ilə
təchizatı sahəsində bir sıra tədbirlər həyata
keçirib. Şəhərdə yaşayan 34 qaçqın
ailəsinin (142 nəfər) mənzilləri təbii qazla və
elektrik enerjisi ilə təchiz olunub, kəndlərdə
yaşayan 48 qaçqın (260 nəfər) və 340 məcburi
köçkün ailələrinin (1345 nəfər) elektrik
enerjisi ilə dayanıqlı təminatı təşkil
edilibdir. Bundan başqa, təbii qazla təmin olunmayan 307 məcburi
köçkün ailəsinin hər birinə beş ay
müddətinə ayda 40 litr soba yanacağı verilməsi
üçün tədarük görülüb.
Qaçqın və məcburi köçkünlərin daha
sıx məskunlaşdığı Gürcüvan kəndi ərazisində
elektrik verilişi xətləri və transformator
yarımstansiyaları təmir edilib, həmin kənddə
fasiləsiz rabitə xidməti yaradılıbdır.
...İcra
başçısının müavini ilə bu məzmunlu
söhbətimizi davam etdirə-etdirə şəhərin bir
neçə küçəsini gəzdik. Həmsöhbətim
payız-qış mövsümünə
hazırlığın nəticələri barədə daha ətraflı
danışmağa, daha konkret faktlar üzərində
dayanmağa çalışırdı. Hətta, onun qeyd
etdiyi bəzi faktlarla əyani şəkildə, birlikdə
tanış olurduq. Mənim diqqətim onda olsa da bəzi
küçələrin adları nəzərimdən
yayınmırdı. Heydər Əliyev, Nizami, Mirzə Fətəli
Axundov kimi tarixi şəxsiyyətlərin adını
daşıyan küçələrlə yanaşı iki
görkəmli sənət adamının adını
daşıyan küçədən də keçdik - Mirzə
Ağa Əliyev və Səməndər Rzayev küçələrindən.
Birinin sənət nurunun çoxmilyonlu vurğunlarından
olduğuma görə fəxr edirdim, digərinin isə
müasiri olmaqdan iftixar hissi keçirirdim. Səməndər
Rzayevlə bağlı necə xatirələrimiz var...
Başçının müavini payız-qış
mövsümünə hazırlıqdan danışdıqca mənim
ürəyimdən başqa bir hiss keçirdi: Kaş Səməndər
də öz ömrünün payız-qış
mövsümünə hazırlaşmış olaydı.
Çünki payız onun qarşısına çox erkən
çıxmışdı.
Elə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə söhbətimizin sonunda da Səməndər Rzayev yada düşdü. Ənvər müəllim dedi ki, Səməndər Rzayev Ağsu camaatının ümumiləşdirilmiş bir nümunəsi idi. Sadəcə, o, sənətdə öz sözünü dedi, qalan ağsulular isə ölkənin ictimai-siyasi həyatında öz sözlərini deyirlər. Özü də uğurla.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2010.- 26 oktyabr.- S. 5.