Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası dəniz nəqliyyatının tənzimlənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir

 

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının əsası 21 aprel 2001-ci il tarixdə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu müdrik siyasətin məntiqi davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiqlənmiş "Əsasnamə"yə müvafiq olaraq Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərməkdədir.

 

Məlumat üçün bildirmək istərdim ki, dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar bütün dünya dövlətləri tərəfindən qəbul olunan və riayət edilən, dənizçilik münasibətlərini tənzimləyən tələblərə və normalara daim ehtiyac duyulmuşdur. Bu normaların effektiv fəaliyyət göstərən bir təşkilatda müzakirə və qəbul edilməsinin vacibliyi nəzərə alınaraq 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının strukturuna daxil olan Beynəlxalq Dəniz Təşkilatı yaradılmışdır. Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ilin may ayında Beynəlxalq Dəniz Təşkilatına tam səlahiyyətli üzv qəbul olunmuşdur.

Respublikamız dünyanın 182 dövlətinin üzv olduğu BDT-nin dənizçilik sahəsində 20-dən artıq beynəlxalq dəniz konvensiyasına qoşulmuşdur. Bu konvensiyaların tələblərinin gəmiçilik sahəsində fəaliyyət göstərən müəssisələr, təşkilatlar və Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilər tərəfindən yerinə yetirilməsinə nəzarəti Dövlət Dəniz Administrasiyası həyata keçirir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, dəniz nəqliyyatı kompleksinin inkişafı sahəsində də müstəsna rolunu qeyd etmək istərdim. Dəniz donanmasına malik keçmiş sovet respublikalarının bir çoxunda donanmalar qayğısızlıq və nəzarətsizlik üzündən, demək olar ki, dağılmışdır. Bizim ölkəmizdə isə iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahəsindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanmışdır və bu gün də qeyd edilən sahəyə diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda donanmada sərnişin bərələri, "ro-ro" tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan, həmçinin analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur ki, bu da ölkəmizi həqiqətən qüdrətli dəniz dövləti hesab etməyə əsas verir. Ümumiyyətlə, hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin əməyinin nəticəsi kimi qiymətləndirilməlidir.

Dövlət başçısının müvafiq sərəncamına əsasən yeni, müasir standartlara cavab verən, daha çox yükdaşınmasını təmin edə biləcək yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikiləcəyini də nəzərə alsaq, onda tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının dəniz nəqliyyatı infrastrukturu digər nəqliyyat infrastrukturları ilə yanaşı respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm məntəqəsi olaraq oynadığı əhəmiyyətli rolun daha da artmasına şərait yaradacaqdır.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq paytaxtın müxtəlif növ nəqliyyat vasitələri ilə yüklənməsinin qarşısının alınması və şəhərin ekoloji vəziyyətinin sağlamlaşdırılması mühüm vəzifələrdən biridir. Dövlət başçısı tərəfindən verilmiş tapşırıq əsasında Böyük İpək yolunun üstündə yerləşən Ələt qəsəbəsində müasir tələblərə cavab verən və Xəzəryanı dövlətlər arasında analoqu olmayan yeni liman kompleksinin tikilməsi üçün bir neçə xarici dövlətlərin mütəxəssisləri ilə birgə ciddi hazırlıq tədbirləri həyata keçirilmişdir. Yeni liman bu günün tələblərinə cavab verən texniki avadanlıqlarla təchiz olunmuş və bütün beynəlxalq standartlara cavab verən müasir kompleks olacaqdır.

Məlumat üçün bildirmək istərdim ki, Dövlət Dəniz Administrasiyası öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və tətbiqi məsələlərinə xüsusi diqqət yetirir. Administrasiya çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqının Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq qurumlarla da inkişaf etdirməkdədir.

2009-cu ilin fevral ayında Avropa İttifaqının Dəniz Təhlükəsizliyi Agentliyinin ekspertlər qrupu Azərbaycan Respublikasında dənizçilik sahəsində beynəlxalq konvensiyaların tələblərinə əməl edilməsi səviyyəsinin yoxlanılması məqsədi ilə Bakı şəhərində olmuş və səfərin yekununda Dövlət Dəniz Administrasiyasının fəaliyyətini, Azərbaycan Respublikasında dənizçi kadrların hazırlanması işini yüksək qiymətləndirmişdir.

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlər fəaliyyətimizdə mühüm yer tutur. 2009-cu ilin aprelində Bakı şəhərində Dəniz Administrasiyasının və Beynəlxalq Dəniz Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq ballast sularının idarə edilməsinə dair beynəlxalq seminar keçirilmişdir. Seminarda Beynəlxalq Dəniz Təşkilatının ekspertləri ilə yanaşı, Xəzəryanı dövlətlər olan Qazaxıstan, Türkmənistan, İran İslam Respublikası və Rusiya Federasiyasından nümayəndələr iştirak etmişlər. Beynəlxalq dəniz daşımaları zamanı dəniz ətraf mühitinin mühafizəsinə, gəmilər tərəfindən dənizin çirkləndirilməsinin qarşısının alınmasına, dəniz bioloji mühitinin qorunub saxlanılması üzrə təcrübə mübadiləsi aparılmasına həsr olunmuş bu seminara Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər Dəniz Neft Donanmasından, eləcə də yerli və xarici şirkətlərdən nümayəndələr də dəvət edilmişdi. Qeyd edilən tədbirin sonunda bütün iştirakçılara beynəlxalq sertifikatlar verilmiş, iştirakçılara ballast sularının idarə edilməsinə dair zəruri materiallar paylanmış, göstərilən sahədə çatışmazlıqların aradan qaldırılması üsulları iştirakçıların nəzərinə çatdırılmış və qabaqcıl təcrübənin yayılması, geniş istifadə olunması tövsiyə edilmişdir. Qeyd etmək istərdim ki, tədbirin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Beynəlxalq Dəniz Təşkilatı 30 aprel 2009-cu il tarixli məktubla Dövlət Dəniz Administrasiyasına müraciət etmiş və məktubda Azərbaycan Respublikası hökumətinə tədbirin keçirilməsində ev sahibliyi etdiyinə, yüksək təşkilatçılıq və əlaqələndirmə işlərinə, ekspertlərə və iştirakçılara göstərilmiş qonaqpərvərliyə görə təşəkkür etmişdir. 2010-cu ildə "Dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və növbə çəkmələri haqqında" Beynəlxalq Konvensiyanın tələblərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dənizçilərə 1239 ədəd ixtisas diplomu və 4663 ədəd xüsusi hazırlıq sertifikatları, habelə 1678 ədəd Dənizçinin Şəxsiyyət Sənədi və müvafiq olaraq, eyni sayda Dənizçinin Qeyd Kitabçası verilmişdir.

Dövlət Dəniz Administrasiyası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, habelə, gəmi sənədlərinin verilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, 101 gəmiyə Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ haqqında, 81 gəmiyə Mülkiyyət hüququ haqqında, 39 gəmiyə Minimum heyət tərkibi haqqında, 112 gəmiyə Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamə verilmişdir.

Müxtəlif təyinatlı 6 gəmi Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində qeydiyyata alınaraq onlara müvafiq şəhadətnamələr təqdim olunmuşdur. Həmçinin 18 gəmiyə və 2 liman məntəqəsinə Gəmi və Liman Vasitələrinin Mühafizəsinə dair Beynəlxalq Məcəlləyə müvafiq olaraq şəhadətnamə, 115 gəmiyə və 4 gəmiçilik şirkətinə "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"yə uyğun şəhadətnamə, 5 gəmiyə bunker yanacağından vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatına dair beynəlxalq şəhadətnamə verilmişdir.

Dövlət Dəniz Administrasiyasının müfəttişləri 2010-cu ilin ötən dövrü ərzində xarici dövlətlərin bayrağı altında üzən 38 gəmi də daxil olmaqla ümumilikdə 85 gəmidə yoxlamalar aparmışlar. Yoxlanılan gəmilər, əsasən, Rusiya Federasiyası, Azərbaycan, Qazaxıstan, Türkmənistan respublikalarının və İran İslam Respublikasının bayrağı altında üzən gəmilərdir.

Dövlət Dəniz Administrasiyası 2010-cu il üçün nəzərdə tutulmuş proqram və layihələrin ilin sonunadək həyata keçirilməsini təmin etmək məqsədilə bütün zəruri tədbirləri görəcək.

 

 

Qüdrət QURBANOV,

Dövlət Dəniz Administrasiyasının rəisi 

 

Xalq qəzeti.- 2010.- 26 oktyabr.- S. 4.