"Ekologiya ili" çərçivəsində tədbirlər gələcəkdə də davam etdiriləcək

 

Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev ekologiya məsələlərinə dövlətimizin xüsusi önəm verdiyini bildirmişdir: "Ekologiya ili"nin elan edilməsi ilə bağlı bir məqsədi güdürdük ki, bu sahəyə həm ictimaiyyət, həm də dövlət qurumları tərəfindən diqqət daha da artsın və buna nail olduq. Biz bu təşəbbüsləri növbəti illərdə davam etdirməliyik".

 

Son illər, doğrudan da, ölkəmizdə ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər davamlı xarakter almışdır. Ümumiyyətlə, bütün dünyada bu məsələ xüsusi diqqət mərkəzindədir. Dünya dövlətləri, beynəlxalq təşkilatlar bu istiqamətdə əhəmiyyətli layihələr reallaşdırırlar.

Söz yox ki, Azərbaycan da bu problemlərdən kənarda qala bilməz. Ona görə də ekoloji problemlərin həlli ölkə rəhbərliyinin daim diqqətindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nı təsdiq etmişdir. Dövlət əhəmiyyətli bu mühüm sənəddə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Cənab Prezidentin ekoloji problemlərə bilavasitə aid olan "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair", "Hidrometeorologiyanın inkişaf proqramı", "Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair" proqramların qəbul edilməsi ilə bağlı verdiyi sərəncamlar ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Dövlət başçısının "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" sərəncamı isə Abşeronda ekoloji problemlərin həllinə əsaslı stimul yaratmışdır.

Azərbaycanda ətraf mühitin qorunması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Hətta, onlar ölkəmizdə 2010-cu ilin "Ekologiya ili" elan olunmasını "Ekologiya ili yaşıl dünya naminə" devizi altında qəbul edirlər. Bunu obyektiv yanaşma kimi qəbul etmək olar. Çünki son illər Azərbaycanda ətraf mühitin qorunması istiqamətində böyük işlər görülür və bu işlər, xüsusən də yeni yaşıllıqların salınması tək Azərbaycan üçün deyil, dünyada gedən yaşıl hərəkata böyük bir töhfədir. "Ekologiya ili" ilə bağlı çoxsaylı layihələr həyata keçirilir. 2010-2014-cü illər üçün əlavə tədbirlər planı hazırlanıb. Tədbirlər planı Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və ARDNŞ ilə birlikdə həyata keçirilir. Azərbaycanda irimiqyaslı yaşıllaşdırma işi həyata keçirilir. Qanunsuz meşə qırılmasının minimuma endirilməsi, meşə əkini işinin genişləndirilməsi, yaşıllıq ərazilərin bərpası istiqamətində görülən işlər nəticəsində son 10-12 ildə Azərbaycanda meşə örtüyü 0,4 faiz artıb. Bu günə qədər 72 min hektar yeni meşə sahəsi salınmışdır.

"Ekologiya ili"nin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, meşəsalma işləri tək meşələrin ənənəvi bitdiyi yerlərdə aparılmır. Yaşıllaşdırma işləri ağacların çətin bitdiyi ərazilərdə də aparılır. Abşeron yarımadası və onun ətrafında bu işə xüsusilə böyük diqqət yetirilir. Bu işin həyata keçirilməsində iki yanaşma var: Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün yaşıllıqların artırılması və yeni müasir yolların kənarlarında 10-15 cərgəlik meşə zolaqlarının yaradılması. Yeni ağaclara göstərilən qulluq və suvarma sisteminin yaradılması sayəsində yeni əkilən ağacların 80-85, bəzi yerlərdə isə 95 faizi inkişaf etməyə başlayıb.

Əvvəlki illərdə aeroport və Ələt-Astara yollarının, eləcə də Heydər Əliyev prospektinin ətrafında aparılan yaşıllaşdırma işinə əlavə olaraq 7-8 iri layihə həyata keçirilir. Binədəki ticarət mərkəzlərinin yeri 1,5 metr qalınlığında tullantılardan ibarət idi. 1 milyon kubmetrədək tullantı yığışdırılmışdır. Əvəzində ora daxili imkanlar hesabına 1 milyon kubmetrə qədər münbit torpaq və gübrə daşınıb. Hazırda həmin ərazidə çoxlu sayda ağac, o cümlədən zeytun ağacları əkilib. Suvarma sistemi qurulduğu üçün ora yaxşı qulluq göstərilir.

Bakının Bayıl yamacında aparılan yaşıllaşdırma işləri də diqqətəlayiqdir. Həmin ərazidə 60 hektarda yaşıllıq damcılı suvarma ilə suvarılır. Həmin ərazidə geoloqların nəzarəti altında suvarma sistemi qurulmuşdur. Bakı-Qazax magistral yolunda, Atbulaq-Hacıqabul ərazisində yüksək səviyyədə yaşıllaşdırma işləri aparılıb. Ələt-Atbulaq ərazisində xeyli iş görülüb. Bununla belə kanalizasiya sistemi olmadığından yaşıllıqların suvarılmasında müəyyən problemlər hələ də qalmaqdadır.

Bakı-Astara yolunda da işlər sürətlə aparılır. Burada təxminən 50 hektarlıq ərazidə yeni ağaclar əkilib, suvarma sistemi yaradılıb. Eyni zamanda Bakı-Quba yolunda da işlər davam etdirilir. Əlavə olaraq 80 hektarlıq ərazidə yaşıllıqlar salınacaq. İşlər Bakı-Şamaxı yolunda da davam etdirilir.

Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində sınaq işləri başlanmışdır. Uzun illər neftayırma zavodlarının tullantıları gölün ərazisinə atılıb. Buradakı göllərin və gölməçələrin bir çoxunun qurudulması, yerində isə yaşıllıqların salınması nəzərdə tutulub. Zooloji Parkın yaradılması istiqamətində görülən işlər də əhəmiyyətlidir. Ekologiya və təbii sərvətlər naziri H.Bağırov bununla bağlı müxtəlif rəylər səsləndirildiyini bildirir. O deyib ki, bizim mövqeyimiz belədir ki, mövcud zooloji park səviyyəsindəki park yaxşı hal deyil. Heyvanların qəfəslərin içərisində saxlanması arzuolunmazdır. Kənardan baxan insanlara da bu pis təsir bağışlayır. Dəfələrlə bununla bağlı xarici ölkələrdən məktublar almışıq. Bütün bunları nəzərə alaraq Güzdək kəndinin yaxınlığında 55 hektarlıq ərazidə yeni Zooloji Parkın yaradılması nəzərdə tutulub.

Dəniz suyunun duzsuzlaşdırılması layihəsi də reallaşmaq üzrədir.

Bizim su ehtiyatımız Qafqazın ümumi su ehtiyatlarının cəmi 10-15 faizini təşkil etməsinə baxmayaraq, onlara ehtiyatla və qənaətlə yanaşılsa uzun illər ölkəmizin inkişafını təmin edəcək. Biz çaylarımızı təmiz saxlamalı, yeraltı sularımızı çirklənmədən qorumalı, ümumiyyətlə, mövcud su ehtiyatlarımıza qayğı ilə yanaşmalıyıq. O cümlədən, Xəzər dənizi tükənməz su ehtiyatı olduğundan bu suyun şirinləşdirilərək istifadəsinə hazır olmalıyıq. Xəzərin suyundan içmək üçün deyil, təsərrüfat ehtiyaclarını ödəmək üçün istifadə etmək nəzərdə tutulur.

Ümumiyyətlə, "Ekologiya ili"nin bu sahədə problemlərin həllində əsaslı dönüş ili olacağı barədə verilən proqnozlar özünü doğrultmuşdur. Abşeronda əlverişli ekoloji mühitin yaradılması istiqamətində görülən işlər xüsusilə diqqətəlayiqdir. Bakı buxtasının təmizlənməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq buranın tamamilə yeniləşməsinə gətirib çıxarmışdır. Hələ bu sahədə ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Cənab Prezident müşavirədə demişdir ki, biz elə etməliyik ki, Bakı və Abşeron yarımadasının bütün ekoloji problemlərini tezliklə həll edək. Bu istiqamətdə görülən işlərin sürəti onu deməyə əsas verir ki, yaxın vaxtlarda problem əsaslı şəkildə həll olunacaq, Bakı və Abşeron yarımadası, eyni zamanda bütövlükdə ölkəmiz ekoloji cəhətdən təmiz diyara çevriləcək.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 26 oktyabr.- S. 4.